Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Urmiya: Quruyur, yoxsa qurudulur?

Urmiya: Quruyur, yoxsa qurudulur?

08.12.2022 [11:48]

İran rejimi soydaşlarımızı yurdlarından didərgin salmağa çalışır

Hazırda İranda əhalinin rejimə qarşı etirazları fonunda ictimai-siyasi böhran davam edir. Bu etirazların kökü daha dərindir. İran hakimiyyəti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir.

İnsan hüquqlarının kobud surətdə pozulması, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbir kasasını daşırıb.

Soydaşlarımız ekoloji fəlakətlə üz-üzədir İran rejiminin qəddar münasibətilə daha çox bu ölkədə yaşayan azərbaycanlılar üzləşir. Öz milli haqlarını, ana dilində təhsil hüquqlarını verməməklə yanaşı, rejim azərbaycanlıların yaşadıqları ərazilərdə də ekoloji fəlakətlərə şərait yaratmaqla soydaşlarımızı öz tarixi yurdlarını tərk etməyə məcbur edir. Belə ekoloji fəlakətlərdən biri də Urmiya gölünün qurudulmasıdır. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edir. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. İran hakimiyyəti isə Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü siyasət nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tuturdu.

Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladılar, BMT-yə qədər müraciət edildi. Amma təəssüflər olsun ki, nə bu qurum, nə də İranın Ekologiya Departamenti tərəfindən buna reaksiya verilmədi. Yeri gəlmişkən, İran hakimiyyəti BMT-nin mütəxəssislərini faktlarla yerində tanış olmaq üçün 10 ildən artıqdır Tehrana buraxmır.

İran hakimiyyətinin məsələyə laqeyd yanaşması Urmiya gölünün böyük hissəsinin quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Gölün qurumaması üçün ildə ən azı 6,000,000 kub.metr suya ehtiyac duyulur. Bu qədər su illərdir bu gölə tökülmür. Urmiya Universitetinin professoru Nasir Ağ mətbuata açıqlamasında deyib ki, bu gedişlə Urmiya gölü gələn il tam quruyacaq. Mütəxəssisin bildirdiyinə görə, artıq gölün tam şəkildə bərpası heç vaxt mümkün olmayacaq və ən yaxşı halda onun kiçik bir hissəsi xilas edilə bilər. Başqa bir iranlı mütəxəssis Şahin Rəcayi isə regionun kənd təsərrüfatında su məsrəfini 40 faiz azaltmaqla Urmiya gölünü xilas etməyin mümkünlüyünü vurğulayıb, bu da, əslində mövcud şəraitdə baş tutması real olmayan bir məsələdir. Fakt budur ki, artıq Urmiya gölünün 95 faizi quruyub və son aylar İran mətbuatında “Urmiya gölü son nəfəsdə”, “Urmiya gölü ölümün bir addımlığında” başlıqları ilə məqalələr, foto və video reportajlar dərc olunur.

Quruyan göl və İran rejiminin siyasi məqsədləri

Yaranmış vəziyyətlə əlaqədar insanlar həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Cənubi Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. Bu cinayət təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına mənfi təsir göstərir, yaşayış yerini tərk etməsinə səbəb olur. Bütün bunlar isə hakimiyyətin gölün qurudulmasının siyasi məqsədlər üçün istifadə etdiyini təsdiqləyir. Bu, Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib. Daha doğrusu, hakimiyyət Urmiya gölünün qurumasının qarşısını məqsədli şəkildə almamaqla azərbaycanlıları öz tarixi torpaqlarından köçmək məcburiyyəti ilə üz-üzə qoyur. Uzun illərdir ki, cənublu soydaşlarımız gölün qurudulmasına qarşı etirazlar edir, hakimiyyət isə problemi həll etmək əvəzinə etirazçılara qarşı zor tətbiq edir. İran rejimi bütün etiraz aksiyalarını, fərqli fikri düşməncəsinə qarşılayır. Hər dəfə rejim həmin insanları həbs edir, separatçılıqda ittiham edir.

Yeri gəlmişkən, bugünlərdə Bakıda “Urmiya gölünün harayı” mövzusunda keçirilən dəyirmi masada çıxış edən ekspertlər gölün qurudulmasının İran rejimi tərəfindən məqsədli şəkildə həyata keçirildiyini vurğulayıblar. Politoloq İlyas Hüseynov bildirib ki, Urmiya gölünün qurudulması siyasi bir prosesdir. Çünki İranda məqsədli şəkildə anti-Azərbaycan siyasəti aparılır. Politoloq qeyd edib ki, İran cənubda azərbaycanlıların ana dilində təhsil almalarına mane olmaqla bərabər, ölkəmizə qarşı müxtəlif formada təhdidlər də törədir. Bu ölkə narkotik alverindən Yaxın Şərqdəki terrorçuların saxlanılması üçün istifadə edirdi. “İranda olan azərbaycanlıların təhlükəsizliyi bizim üçün çox önəmlidir. Həmçinin Urmiya gölü ilə bağlı ekoloji problemlərin də həlli vacib əhəmiyyətə malikdir”, - deyə İlyasov Hüseynov vurğulayıb.

Urmiya gölünün varlığı soydaşlarımız üçün mənəvi məsələdir

Tədbirdə çıxış edən güneyli soydaşlarımızdan Əjdər Tağızadə, Babək Azəroğlu və digərləri də çıxışlarında deyiblər ki, İran rejimi azərbaycanlılara, türkçülüyə qarşı siyasət həyata keçirir. İran çalışır ki, türklərə mümkün qədər çox zərər versin. Ona görə də, Urmiya gölünün qurudulması bir növ soyqırımıdır. Bütün bunlar onu göstərir ki, Urmiya gölü azərbaycanlılar üçün mənəvi bir məsələdir. Çünki həmin ərazidə soydaşlarımız kompakt şəraitdə yaşayır və bu fakt tarixi əhəmiyyət kəsb edir. İran rejimi isə bu amili nəzərə alaraq həyata keçirdiyi siyasətlə soydaşlarımız yurdlarından didərgin salmağa çalışır. Lakin Urmiya gölü cənublu soydaşlarımız üçün mənəvi məna kəsb etdiyindən davamlı olaraq gölün qurudulmasına qarşı etiraz səslərini ucaldırlar. Onlar heç bir təqibdən, həbsdən çəkinməyərək öz haqlarını tələb edirlər. Ümid edək ki, bu mübarizə nə vaxtsa məntiqi sonluqla yekunlaşacaq.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31