Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyanın ən böyük və ən ucuz torpaq alqı-satqısı

Dünyanın ən böyük və ən ucuz torpaq alqı-satqısı

20.12.2022 [10:27]

ABŞ hektarı 11 sentə 2,1 milyon kvadrat kilometr torpaq aldı

Fransızlar ispan Luizianasını ABŞ-a niyə və necə satdı?

Bu gün - dekabrın 20-si ABŞ üçün olduqca xüsusi əlamətdar bir gündür. Belə ki, 1803-cü ilin deka­brın 20-si tarixə Luiziana ştatının satın alınması məsələsinin Nyu Orleanda keçirilən mərasimdə tamamlanmasının 219-cu ildönümü kimi yazılıb. Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətləndi, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərdi. Ümumiyyətlə, XVIII əsrin sonunda bərqərar olan Amerika Birləşmiş Ştatları yarandığı dövrdən sonrakı 100 il ərzində “təşkilatlanma” işinə səfərbər oldu. Belə ki, daxilindəki parçalanmalara son qoymaq, vətəndaş müharibəsini bitirmək, bütöv, monolit bir dövlət yaratmaq üçün amerikalılara düz 100 il lazım olmuşdu?. XIX əsr ABŞ-ın təkmilləşmə dövrü olmaqla yanaşı, həm də birləşmə dövrü sayılır. Məhz iki əsr öncə ABŞ bir sıra torpaqları güclə, bir sıra yerləri “yumşaq güc” - pulla ələ keçirərək öz dövlətinin sərhədlərini genişləndirdi. Buna misal, Alyaska və Luizianadır...

İspaniya güzəşt etdi, Fransa SATDI...

İndiki Luiziana ştatından fərqli olaraq 19-cu əsrin əvvəlində Luiziananın sahəsi Meksikadan Kanadayadək uzanaraq ABŞ-ın bütün mərkəzi ərazisini tuturdu. 1762-ci ildə İspaniya koloniyasına çevrilən Luiziana ərazisindəki Yeni Orlean şəhəri öz uğurlu mövqeyi sayəsində Missisipi çayını - Amerikanın əsas ticarət yolunu nəzarətdə saxlayırdı. Yəni, ABŞ-ın qurulmasından az müddət əvvələ qədər Şimali Amerikanın əsas ticarət kanallarına ispanlar nəzarət edirdilər.

1795-ci ildə ABŞ-la İspaniya arasında bağlanan müqaviləyə görə, İspaniya amerikanlara Yeni Orlean limanı vasitəsilə ticarət etməyə, eləcə də Missisipi ilə yük daşımalarına icazə verdi. Amma cəmi 3 il sonra - 1798-ci ildə İspaniya həmin müqaviləni birtərəfli qaydada dayandırdı və ABŞ vətəndaşları Yeni Orleandan ticarət etmək hüququndan məhrum edildilər. Bu artıq ABŞ hökumətini narahat etdi və rəsmi Vaşinqton vəziyyətdən çıxış yolu axtarmağa başladı.

Həmin dövrdə isə Fransada Napoleonun başçılığı ilə Avropaya qarşı demarş hökm sürürdü. Napaleondan çəkinən İspaniya isə özünün Amerikadakı torpaqlarını - Luiziananı Fransaya vermək məcburiyyətində qalmışdı. Bununla bağlı

1800-cü ilin oktyabrın 1-də İspaniyanın San İldefonso şəhərində İspaniya ilə Fransa arasında imzalanan məxfi müqaviləyə əsasən Luiziana Fransanın nəzarətinə keçmişdi. Müqavilə isə məxfi idi - başqaları üçün bu ərazi İspaniya ərazisi sayılırdı.

Özü üçün ticarət yolu axtaran ABŞ rəhbərliyi isə Yeni Orlean limanını və Missisipinin şərq sahilini pulla almaq niyyətində idi. Məhz belə bir vaxtda Vaşinqton İspaniya ilə Fransa arasında məxfi müqavilənin bağlanmasından xəbər tutdu. Artıq əraziləri üzrə sövdələşmə Fransa ilə müzakirə olunacaqdı. ABŞ-ın Fransadakı o vaxtkı səfiri Robert Livinqston və əvvəlki səfir Ceyms Monro Parisə göndərildi. Fransa tərəfi amerikanların bu təklifini ilkin mərhələdə rədd etdi. ABŞ isə güclü Napoleon Fransası ilə nə mübahisə, nə də müharibə etmək iqtidarında deyildi. Təzyiq yalnız diplomatik sahə üzrə davam etdirilirdi.

Luiziananın satış səbəbi - müharibə

ABŞ-ın 3-cü prezidenti Tomas Ceffersonun yaxın dostu olan Pyer Samuel Düpon 1802-ci ildə bu məsələyə cəlb edilir. Düpon Fransa rəhbərliyi ilə də yaxşı əlaqələrə malik idi. Bu səbəbdən də Düpon Ceffersonun adından Napoleonla danışıqlara başladı. Fransanın güzəştə getmədiyini görən diplomat ABŞ-a Fransanı müharibə ilə hədələməyi məsləhət gördü, amma Vaşinqtondan buna cürət etmirdi. Bu dəfə də bəxt amili ABŞ-ın üzünə güldü - həmin vaxt Fransanın Amerikadakı koloniyası olan San-Dominikedə qulların üsyanı başladı. Napoleonun yaxın qohumu olan general Şarl Leklerkin rəhbərlik etdiyi qoşunlar isə üsyanı yatırmaqda aciz idi. Üsyanın böyüməsi nəticəsində bəzi fransız zabitləri də qulların tərəfinə keçdi. General Leklerk vəfat etdi. Nəticədə Fransanın Luiziananı bütünlüklə itirmək təhlükəsi yarandı. Başı Avropaya qarışan Napoleon anlayırdı ki, ABŞ və ya Böyük Britaniya hər an Luiziananı işğal edə bilər???. Avropada böyük müharibələrə hazırlaşan Napaleon Amerikaya əsgər göndərəcək halda deyildi. Və qarşıdakı müharibə üçün Napoleona böyük məbləğdə pul lazım idi.

Luiziana üçün 15 milyon...

Rəsmi Paris ABŞ-ın təklifini yenidən “gözdən keçirmək” məcburiyyətində qalmışdı. 1803-cü ilin aprelində Fransanın maliyyə naziri Fransua de Barbe-Marbua rəsmi olaraq ABŞ-ı məlumatlandırır ki, Fransa tərəfi Luiziananı satmağa hazırdır. Amerika nümayəndələri Fransanın təkcə Yeni Orleanı yox, bütün Luiziananı satmaq istədiyini bildikdə isə Vaşinqton heyrətə gəlir - məsələ onda idi ki, amerikanlar Yeni Orleana görə Fransaya 10 milyon dollar təklif edirdilər. Fransa isə cəmi 5 milyon dollar artıq məbləğə, yəni 15 milyona bütün Luiziananı təklif edirdi. ABŞ dərhal təklifi qəbul etdi. Luiziananın alqı-satqısı müqaviləsi aprelin 30-da hazırlandı və mayın 2-də Parisdə imzalandı. Müqaviləyə ABŞ tərəfindən R.Livinqston və C.Monro, Fransa tərəfindən isə maliyyə naziri Barbe-Marbua imza atır. ABŞ prezidenti bu müqavilə ilə bağlı ölkə vətəndaşlarına iyulun 4-də məlumat verdi, iyulun 14-də isə müqavilə Vaşinqtona gətirildi.

ABŞ Senatı Luiziana müqaviləsini oktyabrın 20-də təsdiqləyir. Senatorların 24-ü müqavilənin lehinə, 7-si əleyhinə səs verdi. Növbəti gün ABŞ prezidentinə alınmış ərazini nəzarətə götürmək və burada müvəqqəti hərbi hökumət yaratmaq və lazım gələrsə, hərbi qüvvədən istifadə etmək səlahiyyəti verildi. Senatın qəbul etdiyi digər qanunla bu ərazidəki orqanlar üçün müvəqqəti qaydalar müəyyən edildi. Qanuna görə, hələlik ərazidə Fransa və İspaniya qanunlarına əməl edilməli idi. Eləcə də alınmış ərazilərin xəritələnməsi üçün işlər başlandı.

1803-cü ilin dekabrın 20-də Fransanın dövlət idarələri Yeni Orleanı tərk etdi, 1804-cü ilin martın 10-da isə Sent-Luis şəhərində Luiziana üzərində hüquqların Fransadan ABŞ-a keçməsinə həsr edilmiş mərasim təşkil olundu.

Hektarı 11 sentə...

Amerika hökuməti Luizianaya görə Fransaya pulu istiqraz formasında ödədi. Doğrudur, Böyük Britaniya ilə müharibə aparan Fransa əvvəlcə istiqrazları nə almaq, nə də dəyişdirmək istəyirdi. Amma ABŞ diplomatları vəziyyətdən çıxış yolu tapdılar. Onlar Fransaya məsləhət gördülər ki, həmin istiqrazları Bratinyadakı Barinq bank evi və Amasterdamdakı Houp bankında dəyişdirsin. ABŞ tərəfi həmin bankların bu məsələ ilə bağlı razılığını da aldı. Fransa tərəfi təkliflə razılaşdı və ABŞ-dan gətirilən istiqrazlar dərhal həmin banklarda nağd pula çevrilərək Fransaya aparıldı. Alqı-satqı müqaviləsində 15 milyon ABŞ dolları göstərilsə də, bu pulun kreditlə alındığını və kredit faizlərini də nəzərə alanda Luiziananın alınması ABŞ-a 23 milyon 213 min 568 ABŞ dollarına başa gəlib. Alınan məbləğin 60 milyon frankı və ya təqribən 15 milyon dollar Fransa ilə ABŞ arasında hesablaşmalarda istifadə edildi. Bütün xərclər çıxıldıqdan sonra Fransa tərəfi 8 831 250 ABŞ dolları aldı. Bu isə o demək idi ki, Luiziananın hektarı ABŞ-a cəmisi 11 sentə başa gəldi. Belə ki, ABŞ hökuməti 530 milyon akr və ya 2,1 milyon kvadrat kilometr torpaq aldı. Alınmış ərazinin nə qədər böyük olduğunu göstərmək üçün bircə onu demək kifayətdir ki, bu müqavilə ilə alınan ərazinin sahəsi ABŞ-ın o vaxtkı rəsmi ərazisindən 2 dəfə böyük idi. Vaxtilə pulla alınmış ərazidə indi ABŞ-ın 15 ştatı - Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, Minnesota ştatının cənubu, Şimali Dakotanın böyük hissəsi, Cənubi Dakota, Nyu-Meksikanın şimal-şərqi, Montananın böyük hissəsi, Vayominq ştatının bir hissəsi, Texasın şimalı, Kolorado ştatının şərq yarısı, nəhayət Luiziana ştatının bir hissəsi daxildir. ABŞ-ın bu torpaqlara 23,2 milyon dollar ödədiyini və alınan torpağın sahəsini nəzərə alanda Luiziananın hər hektarı ABŞ-a cəmi 11 sentə başa gəlib.

SADİQ

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28