Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Vatikan əlaqələri

Azərbaycan-Vatikan əlaqələri

17.01.2023 [10:42]

Müqəddəs Taxt-Tacın dövlət katibinin ölkəmizə gözlənilən səfəri...

Tərəflər arasında münasibətlərin uğurlu inkişafından xəbər verir

Nardar BAYRAMLI

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə görüşüb. Görüşdə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Səfir kardinal Pietro Parolinin ölkəmizə səfərə dəvət olunduğunu xatırladıb. Müqəddəs Taxt-Tacın dövlət katibi isə səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.

Ötən il diplomatik əlaqələrin qurulmasının 30 ili tamam oldu

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini mümkün və təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il  diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd etdiyimiz  Müqəddəs Taxt-Tac da Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Papa Fransiskə göndərdiyi məktubda “Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram”, - deyə qeyd edilib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Vurğulanıb ki, Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər görülüb.

Dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir. Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur.

Qarşılıqlı səfərlərin əhəmiyyəti

Xüsusi vurğulamaq gərəkdir ki, ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Buna nümunə kimi, 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını göstərmək olar. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Qeyd edək ki, bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Səfər zamanı Prezident  İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular.

2020-ci ildə Prezident İlham Əliyev İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir. Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub. Prezident İlham Əliyev isə deyib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir

Qeyd edildiyi kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Fond tərəfindən Vatikanda bir sıra layihələrin həyata keçirilməsi də ayrıca qeyd edilməlidir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Bu isə kritik - taleyüklü anlarda və məqamlarda strateji amilə çevrilir. Konkret bir məqama nəzər salaq: məlumdur ki, Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə dini don geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta onlar Roma Papası tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilməsinə cəhd göstərsələr də, buna nail olmadılar. Bu fakt yuxarıda bəhs olunan sistemli, məqsədyönlü işlərin tarixi və strateji əhəmiyyətini, uğurlu nəticələrini əks etdirir. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə səfəri isə qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət