Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev yolunun uğurları

Heydər Əliyev yolunun uğurları

02.12.2023 [10:30]

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin  adı ilə bağlı olan 2023-cü il ötən dövrə nəzər salıb qarşıdakı illərin hədəflərinin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Bu tarixi hadisə Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların və bu fonda qarşıdakı illərin aydın mənzərəsini yaradır.

Bu mühüm reallıq daim önə çəkilir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Milli quruculuğun lideri kimi xalqın böyük əzm və etimadına layiq olmaq siyasətçinin, dövlət xadiminin fədakar əməyini, böyük dühasını tələb edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətlər kimi, dövlət başçıları da çoxdur və hər birinə siyasi lider olmaq nəsib olmur. Siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir.

Müstəqil dövlətimizin ən müasir tarixi belə liderin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz Onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsi olmaqla yanaşı, Vətən, dövlət, xalq sevgisinin Liderin ölkəsi üçün ölçüyə gəlməsi mümkün olmayan addımlarında roluna işıq salır. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini müstəqil görərək bu istiqamətdə bir-birindən mühüm addımlar atdı. 1969-82-ci illərdə görülən işlər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etdi, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ümummilli lider  özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

O illərdə Azərbaycanda hakimiyyətə gələn  yeni rəhbərin ilk addımı respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda  yaranmış tənəzzülün  qarşısını almaqdan ibarət oldu. Bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü dəyişikliklər aparılmalı idi. Ümummilli Lider Heydər Əliyev bilirdi ki, dövlətin siyasi müstəqiliyinin  özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

Bu gün iqtisadi möcüzələr ölkəsi, islahatçı və xoşbəxt respublika kimi tanınan Azərbaycanın mövcud potensial imkanları məhz Ulu öndər  Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılıb. Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1969-1982-ci illərdə görülən işləri belə xarakterizə etmişdir: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.”

O illərdə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ən geridə qalanlar sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmirdi. Məhz Ümummilli liderin fəaliyyəti nəticəsində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxdı.  Əgər o zaman iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan olmuşdur.

Qeyd etdiyimiz kimi, azərbaycançılığın ən parlaq səhifələri 1969-82-ci illərdə yazılmışdır. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Dahi şəxsiyyət Heydər

Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.  Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı bir-birindən önəmli addımları ilə təsdiqləyən Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” çağırışı bütün dövrlərdə hər bir azərbaycanlının həyat amalına çevrildi.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük mənbədir. İllər keçdikcə dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu görür və böyük qürur hissi ilə qeyd edirik ki, fəaliyyətinin hər bir istiqaməti tədqiqat mövzusudur. Ümummilli liderin xidmətləri barədə neçə-neçə kitablar, elmi məqalələr yazılsa da yeni nəşrlərə böyük zərurətin duyulması fəaliyyətinin çoxşaxəliliyini, gördüyü işlərin zamana sığmadığını təsdiqləyir. Ulu öndər Heydər Əliyev “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam” fikirləri ilə doğma Azərbaycanına, xalqına nə qədər bağlı olduğunu, hər zaman zirvələri fəth etməsini görmək istəyini nümayiş etdirmişdir.  

Azərbaycanın dövlət quruculuğu Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başladı. Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları hər kəsə məlumdur. O illər Azərbaycanın çoxəsrlik tarixinin qara səhifəsi kimi vərəqlənir.  

1993-cü il 15 iyun əbəs yerə  müstəqilliyi əbədiləşdirən uğurlu  yolun başlanğıcı kimi dəyərləndirilmir. Xalq Azərbaycanın müstəqiliyinin bərpasının ilk illərində yaşadığı ən ağır vəziyyətdən, faciələrdən xilasını Ümummilli liderin hakimiyyətə qayıdışında gördü və ayağa qalxdı. Çünki o illərdə Azərbaycana rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyimizi itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi yaşanırdı. Azərbaycanın bu günündən dünəninə diqqət yetirəndə Ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Ulu öndər Heydər Əliyevin “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlirdi. Ümummilli lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan qısa müddətdə sabitlik və böyük investisiyalar məkanına çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu.

Adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, zəngin inkişaf yolu keçərək cəmiyyətin avanqard qüvvəsinə çevrilən, ən əsası yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olan   Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II qurultayında Ümummilli lider Heydər Əliyev  “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi... biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanılmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır” fikirləri ilə müstəqilliyinin bərpasının 10 illiyini yaşayan Azərbaycanın uğurlarını ilk illərdə yaşanan vəziyyətlə müqayisə edərək onların miqyasının böyüklüyünü təqdim etmişdir. Bu gün isə Azərbaycan müstəqilliyinin bərpasının 32-ci ilini arxada qoydu. Hər günü Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazan Heydər Əliyev yolunun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin  gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə Ermənistanla  atəşkəs sazişinin imzalanması hər sahədə uğurlu addımlara geniş yol açdı. Həmin ilin sentyabrın 20-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 310 milyard dollara bərabərdir. Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu mühüm çağırış da edilmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ulu öndərin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Toplanan vəsait ölkəmizin hərtərəfli inkişafına yönələn mühüm sosial-iqtisadi layihələrin icrasını şərtləndirir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycan hazırda etibarlı, arzuolunan tərəfdaş kimi tanınır və nüfuz qazanır. Azərbaycanın tərəfdaş ölkələrlə həyata keçirdiyi layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxaq münasibətlər sistemində möhkəmlənən mövqeyinin təqdimatı oldu. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır, etibarlı tərəfdaş kimi nüfuzunu artırır, ən əsası təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdır. Azərbaycanın dövlət müstəqiliiyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. İqtisadi müstəqilliyimizin təmin edilməsi siyasi müstəqilliyə stimul oldu.

Ulu öndər Heydər Əliyev belə bir mühüm məqamı da diqqətə çatdırmışdır ki, müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri varlığını təsdiqləmək, beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirməkdir. Bir dövlətin xaricdə varlığı kimi diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın birliyinə nail olduqdan sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Məhz Ümummilli liderin təşəbbüsü ilə 2001-ci ilin noyabrında ölkəmizdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın

çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli liderin  mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dahi şəxsiyyət  Heydər

Əliyevin xidmətləri sırasında bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya kimi xarakterizə edilir. Yarandığı gündən tutduğu yola sadiqliyini nümayiş etdirən, sözlə əməl birliyi ilə diqqətdə olan YAP ilk gündən xalqın partiyası kimi nüfuz qazandı. Bütün kateqoriyadan olan insanları öz ətrafında sıx birləşdirərək Azərbaycanın uğurlu gələcəyi naminə inamla irəliləyir. Partiya hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandıraraq milyonların sevgisini qazanıb. Ümummilli liderin dünənin, bu günün və gələcəyin partiyası kimi təqdim etdiyi YAP-a inam böyükdür. Son 20 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ildə keçirilən VII qurultayında belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, qalibiyyəti ilə dünyaya səs salan  Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir. Partiyanın təsdiqlənən yeni Proqramında müasir dövrün bütün çağırışları öz əksini tapıb. Əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır.

Ümummilli liderin xidmətlərinin ən mühüm tərkib hissəsi 2003-cü ildə xalqa tarixi müraciəti oldu. 2003-cü ildən başlanan yol yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirdi. Belə ki, Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun davamı oldu.  Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün tarixi Zəfərə imza atıb, 30 il işğal altında qalan torpaqlarını azad, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bundan böyük xoşbəxtlik ola bilərmi? Cənab İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Üç il bundan öncə isə  44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi ilə  malik olduğu imkanları təqdim etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və buna nail olmaq üçün səylər, böyük qətiyyət, prinsipiallıq göstərmək gərəkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu vəzifələrin hamısının uğurla icra edildiyini böyük qürur hissi ilə qeyd edir. Cənab İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Eyni xoşbəxtlik hissini Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaldanda, Xankəndi şəhərində keçirilən hərbi paradda iştirak edəndə yaşadı.

Bu gün  füzulililər də həmin xoşbəxtliyi yaşayanlar sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci ildə Füzuli rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu çağırışı etmişdir: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk.”

Bu gün qürurla digər işğaldan azad edilmiş ərazilərimiz kimi,  Füzulidə  də həyata keçirilən  genişmiqyaslı bərpa-quruculuq işlərindən  bəhs edirik.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk səfəri məhz 16 noyabr 2020-ci il tarixdə  azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. İlk olaraq Zəfər yolunun inşası ilə bağlı tapşırıq verildi və bu yol qısa zamanda istifadəyə verildi. Zəfər yolunun rəmzi mənası vardır. Bu yol canları, qanları ilə tarix yazan qəhrəmanlarımızı Qarabağın tacı Şuşaya aparmışdır.

Qarabağın hava qapısı Füzulidən dünyaya açıldı. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Füzulidə yaradılan şərait soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını təmin edir. Artıq mərhələli şəkildə soydaşlarımız Füzuliyə qovuşurlar. Azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Füzulidə görülən işlərin miqyası o qədər genişdir ki, onların xronologiyasını belə tam şəkildə diqqətə çatdırmaq mümkün deyil. Torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün sevinclidir, qürurludur. Tezliklə Böyük Qayıdış Proqramının icrası tam şəkildə uğurla başa çatacaq, bu ərazilərdə yeni həyat başlayacaq.

Qazanılan hər bir uğur, zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli lider Heydər Əliyevə müraciətində söylədiyi “Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik” vədini reallıqda təsdiqlədi və bu gün tarixi Zəfərimizin yaratdığı gercəkliklər əsasında daha möhtəşəm uğurlara doğru inamla addımlayır.  Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Nazimə Şamıyeva,

YAP Füzuli rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31