Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarının inkişafı bu ilin birinci yarısında da davam edib

Azərbaycanın regionlarının inkişafı bu ilin birinci yarısında da davam edib

01.08.2017 [09:28]

Qərb bölgəsinə daxil olan ayrı-ayrı rayonlarda əldə edilən uğurlar da bunu təsdiqləyir
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda quruculuq-abadlıq işləri uğurla davam etdirilir, həmçinin sosial infrastruktur layihələri reallaşdırılır. Heç şübhəsiz, bu genişmiqyaslı işlərin görülməsinə təkan verən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Daha dəqiq desək, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən bu proqramlar çərçivəsində həyata keçirilən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Məlumat üçün bildirək ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən uğurlar da bunu təsdiqləyir. Hər halda Qərb bölgəsinə daxil olan ayrı-ayrı rayonların timsalında bu ilin birinci rübünün yekunlarına dair əldə edilən uğurlar, həmçinin hazırda görülən işlər də belə deməyə əsas verir.
İlin ilk yarısını uğurla başa vuran rayonlar sırasında Ağstafa da var. Həmin uğurlara keçməzdən öncə bildirək ki, ötən illərdə Ağstafa rayonunda bir sıra müəssisələr yaradılıb. “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il oktyabrın 19-da Ağstafa rayonuna səfəri çərçivəsində “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib, ümumi sahəsi 5048 kvadratmetr olan hazır məhsullar anbarına baxıb. Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirib.
Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast fud” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast fud” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.
Bundan əlavə, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi qərara alınıb. Tikinti üçün rayon İcra Hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.38 ha torpaq sahəsi ayrılıb. Layihə üzrə birmərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda sona çatmaq üzrədir. Burada 465,60 kv. metr sahə toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. O cümlədən son illər Ağstafa rayonunun da yol infrastrukturunun əsaslı yenidən qurulması tədbirləri uğurla icra olunmaqdadır. Belə ki, hazırda əsaslı şəkildə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri sürətlə davam edir. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatı salınıb və hazırda ikinci qat asfalt örtüyünün qoyulması işləri davam etdirilir.
Görülən işlər bununla da bitmir. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası son mərhələdədir. Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və 29,5 kilometr, Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.
Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Dövlətimiz ölkədə aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalinin gündəlik qida rasionuna daxil olan çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Yaradılan aqrar islahatlar sistemi kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsulu istehsalçılarının bu sahəyə marağı artmağa başladı. Bu il Ağstafa rayonunda 10595 hektar ərazidə taxıl becərilib.
Ağstafada yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi rayonun ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Taxılçılıqla bağlı əkin sahələri ötən illə müqayisədə bir neçə dəfə artırılıb.
Respublikamızın Qərb qapısı olan Qazax rayonu da günbəgün öz simasını dəyişir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayona investisiya qoyuluşları üçün iş adamlarının cəlb olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, aqrar sahənin və sənayenin inkişafı, eyni zamanda turizm sektorunun müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində durmadan məqsədyönlü işlər həyata keçirilir. Qazaxda iqtisadi və sosial sahələrin inkişafı, yeni iş yerlərinin açılması, vətəndaş-məmur münasibətlərindəki bürokratik əngəllərin aradan qaldırılması, rayondakı hərtərəfli yenidənqurma və quruculuq hər bir qazaxlının ürəyincədir. Hər bir sakin göstərilən dövlət qayğısından olduqca məmnundur. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Qazaxa tamamilə yeni görkəm bəxş edir.
Küçə və parklarda, xiyabanlarda quruculuq işləri milli ornamentlər qorunmaqla, müasir üslubda sürətlə davam etdirilir. Gürcüstanla sərhəddə Sınıq Körpü sərhəd buraxılış məntəqəsi önündəki yolun ətrafında aparılan irimiqyaslı abadlıq işləri də bu sıradandır. Hər kəsə məlumdur ki, ölkəmizə Qərb qapısından daxil olan və ya yola düşən hər bir insan buradan keçməli olur. Buraxılış məntəqəsi önündəki yaşıllaşdırma və abadlıq işləri həmin insanlarda xoş təəssürat yaradır. Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Belə ki, təxminən 6 min kvadratmetr ərazini əhatə edən yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında 380 metr dekorativ tor çəkilib, 200-dən çox həmişəyaşıl kol əkilib. Bundan başqa, ərazinin 400 kvadratmetrdən çox hissəsinə tamet döşənib, sərnişinlər üçün dayanacaq düzəldilib. Ölçüsü təxminən 75 kvadratmetr olan çardaqda dam örtüyü yenilənərək polikarbonat materialdan hazırlanmış örtüklə əvəzlənib. 290 kvadratmetr əraziyə asfalt vurulub. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb.
Rayonun girişində geniş ərazidə tez bir müddətdə yüksək peşəkarlıqla yenidənqurma və abadlıq işləri başa çatdırılıb. Giriş hissədəki hasarlar müasir görkəmdə bəzədilib, səkilərin kənarlarına qazon otu və bəzəkli həmişəyaşıl ağaclar, gül kolları əkilib. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Qazax şəhərində təmir-bərpa işləri nəzərdə tutulub, 24 ədəd çoxmənzilli binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatıb. Bundan başqa, vətəndaşların müraciəti nəzərə alınaraq əlavə 15 çoxmənzilli binanın təmiri işləri davam etdirilir.
Mərkəzi Rayon Xəstəxanasının 145 çarpayılıq binasının tikintisinə bir neçə il öncə başlanmasına baxmayaraq, inşaat işləri dayandırılmışdı. Hazırda xəstəxananın tikintisi sürətlə davam etdirilir. Qazax şəhəri Heydər Əliyev prospektində və başqa küçələrdə 6990 paqonmetr yeni bardür düzülüb, 4272 kvadratmetr əraziyə tamet döşənib, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü döşənib və bu istiqamətdə işlər durmadan davam etdirilir.
Şəhərdəki Ədəbiyyat muzeyində təmir, Məhəmmədəli Pəhləvan adına güləş zalında isə əsaslı təmir işləri müasir standartlara cavab verən formada başa çatdırılaraq istifadəyə verilib. Azərbaycanın Xalq şairi Səməd Vurğun adına parkda da yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilib. Parkın 1922 kvadratmetr sahəsinə yeni tamet döşənib, 119 paqonmetr yeni bardürlər düzülüb, yaşıllıqlar salınıb və yeni işıqlandırma sistemi quraşdırılıb.
Hazırda Qazax şəhərində 3 mərtəbə və 1 mansarddan ibarət ümumi sahəsi 1800 kvadratmetr olan 100 uşaq yerlik müasir standartlara cavab verən 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi sürətlə davam etdirilərək yaxın zamanlarda istifadəyə veriləcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31