Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ştrasserin acınacaqlı məğlubiyyəti

Ştrasserin acınacaqlı məğlubiyyəti

29.01.2013 [01:07]

Nadir Azəri

Və ya müxtəlif maraqlı xarici dairələrin Azərbaycana təzyiq göstərmək cəhdləri birmənalı şəkildə nəticəsiz qalacaq
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasında Azərbaycanla bağlı iki hesabat müzakirə olunub. Bunlardan biri ölkəmizin sözügedən təşkilat qarşısında götürdüyü öhdəliklər, digəri isə “siyasi məhbusların vəziyyətinə dair” hesabatdır. Müzakirələrin nəticəsi olaraq öhdəliklərlə bağlı hesabat qəbul olunsa da, AŞ PA-nın parlamentariləri Kristofer Ştrasserin “siyasi məhbuslar” üzrə hesabatını rədd ediblər. Parlamentarilərin əksəriyyəti haqlı olaraq müzakirələrdə K.Ştrasserin hesabatının subyektiv mülahizələr əsasında hazırlandığını bildiriblər. Çıxış edən avropalı parlamentarilər Ştrasserin hazırladığı siyahının şəxsi mülahizələrə əsaslandığını bildiriblər. Çıxışlarda Ştrasserin Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi də vurğulanıb. Beləliklə, bütün bunları nəzərə alan parlamentarilər onun hazırladığı hesabatı rədd ediblər.
Əksər ekspertlərin vurğuladıqları kimi, K.Ştrasserin hazırladığı hesabatın qəbul olunmaması, əslində anti-Azərbaycan ünsürlərin niyyətlərini növbəti dəfə puça çıxardı. Azərbaycan dövlətinin bu ədalətsizliyə qarşı qətiyyətli mübarizəsi öz nəticəsini verdi. Təsadüfi deyil ki, K.Ştrasser səsvermədən sonra keçirdiyi mətbuat konfransında “mənim missiyam bitdi, mən məğlub oldum” deyib. O, keçirilən səsverməni insan hüquqlarının “qara günü” adlandırıb. Əslində isə, AŞ PA-nın sessiyasında “Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair” hesabatın qəbul olunmaması K.Ştrasserin və Azərbaycandakı radikal müxalifətin “qara günü” kimi səciyyələndirilməlidir. Çünki müstəqil Azərbaycanın güclənməsini istəməyən bəzi xarici qüvvələr və onların əlində alət olan daxilimizdəki dairələr “siyasi məhbus” məsələsindən daim ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Dövlətimiz, AŞ PA-dakı nümayəndə heyətimiz, eləcə də, cəmiyyətimizin sağlam qüvvələri isə bu ədalətsizliyə qarşı daim mübarizə aparıblar. Və məhz bu baxımdan yanvarın 23-də keçirilən səsvermə anti-azərbaycançı dairələrin növbəti acınacaqlı məğlubiyyətidir.
Digər tərəfdən, bu, anti-azərbaycançı dairələrin məğlubiyyəti olmaqla yanaşı, Kristofer Ştrasser və ona yaxın bir qrup parlamentarinin iflası, siyasi uğursuzluğu kimi dəyərləndirilə bilər. Çünki son hadisə onların Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli mövqe nümayiş etdirməsini təsdiqlədi ki, bu da Avropanın elan etdiyi dəyərlərə tamamilə ziddir. Kristofer Ştrasser əgər azacıq da olsa Avropa dəyərlərinə hörmət edirsə, o zaman onun bir yolu var. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da bəyan etdiyi kimi, AŞ PA-dakı iflasdan sonra Kristofer Ştrasser ya Azərbaycan xalqından üzr istəməli, ya da ki, böyük Avropa siyasətindən çəkilməlidir.
Yeri gəlmişkən, Əli Həsənovun qeyd etdiyi kimi, həddən artıq emosional insan və subyektiv mülahizəli siyasətçi təəssüratı yaradan almaniyalı deputat K.Ştrasser bir ildən çoxdur ki, alman seçicilərini, bəzi AŞ PA üzvlərini və hakimiyyət ehtiraslarının reallaşdırılması istiqamətində ona böyük ümidlər bəsləyən bir çox Azərbaycan müxalifətçilərini aldadaraq anti-Azərbaycan ovqatına kökləyib və sonda da məyus edib. Ştrasser, həmçinin, konkret sifarişli missiya həyata keçirib və onun Azərbaycana qarşı hücumlarının arxasında Almaniyanın müəyyən siyasi dairələri, bu ölkənin İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq və “Amnesty İnternational” təşkilatı durub. Məsələn, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan ictimaiyyəti dəfələrlə onların Azərbaycana qarşı vahid mərkəzdən istiqamətləndirilən eyni məzmunlu bəyanatları və açıqlamalarının şahidi oldu: “Buna görə də, AŞ PA-nın sağlam düşüncəli əksər deputatları onun və həmin anti-Azərbaycan dairələrin hazırladığı, heç bir real əsası olmayan, sifarişli və qondarma qətnaməyə “yox” deməklə həm cənab Ştrasserə və onun havadarlarına ciddi siyasi dərs verdi və onlara layiq olduqları yeri göstərdi, həm də bu çılğın deputatın çiyinlərindən məsuliyyətsiz və ağır yükü götürdü. Qoy bir də nə Ştrasser, nə də onun kimi düşünən digər subyektiv mülahizəli AŞ PA üzvləri öz şəxsi mülahizələrindən çıxış edərək ayrı-ayrı dövlətlərə və xalqlara əsassız böhtan atmasınlar, milyonlarla seçicisi olan parlament üzvlərini aldatmasınlar. Belə hallar onların siyasətçi karyerasının sonu ola bilər”.
Əli Həsənovun sözlərinə görə, bu məğlubiyyət təkcə cənab K.Ştrasserin məğlubiyyəti deyil, həm də ona Avropada, Almaniyada və bizim ölkəmizdə dəstək verən, mövcud reallıqları öz maraqlarına uyğun təhrif edərək AŞ PA-da və digər beynəlxalq qurumlarda Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizə təzyiq göstərmək istəyən bəzi anti-Azərbaycan ünsürlərin, yerli və xarici qondarma hüquq-müdafiə təşkilatlarının və hüquq müdafiəçilərinin, habelə digər “qrantyeyənlərin” acı məğlubiyyətidir.
Yeri gəlmişkən, xarici qondarma hüquq-müdafiə təşkilatlarından danışarkən biz tərəddüd etmədən “Amnesty İnternational”, “Human Rights Watch”, “Article XlX” və onun koordinatoru olduğu “Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu” adlı təşkilatları bu sıraya aid edə bilərik. Məlum olduğu kimi, adıçəkilən qurumlar və digər xarici hüquq-müdafiə təşkilatları AŞ PA-da müzakirələr ərəfəsində və plenar iclasın gedişində Almaniya və Ermənistan nümayəndə heyətləri ilə paralel şəkildə Azərbaycana qarşı ciddi təbliğat aparıb, avropalı parlamentarilərə təzyiq göstərərək, onları Ştrasserin hesabatına səs verməyə məcbur etmək istəyiblər. Lakin Ştrasserin uğursuz missiyası kimi, onların da anti-Azərbaycan fəaliyyəti tamamilə iflasa uğrayıb.
Son olaraq xüsusilə vurğulamaq yerinə düşər ki, hazırda dünya birliyinin suveren aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq məsələlərində, o cümlədən, nüfuzlu beynəlxalq qurumlarla münasibətlərində dövlətimizin və xalqımızın maraqlarını rəhbər tutur. Eyni zamanda, beynəlxalq təşkilatların, müxtəlif xarici qurumların təklif və təşəbbüsləri də məhz Azərbaycan xalqının maraqları prizmasından qiymətləndirilir. Yəni, ölkəmiz, hakimiyyət dairələri bu əlaqələr zamanı xalqımızın mənafeyinə zidd olan hər hansı bir sənədi qəbul etmir, hər hansı bir addım atmır. Daha doğrusu, Əli Həsənovun bildirdiyi kimi, Azərbaycan iqtidarı heç vaxt xalqın iradəsinin əleyhinə addım atmayıb və bundan sonra da atmayacaq. Buna görə də, müxtəlif maraqlı xarici dairələrin Azərbaycana təzyiq göstərmək cəhdləri birmənalı şəkildə nəticəsiz qalacaq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1491 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Oktyabr 11:43  

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31