Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilib

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilib

17.12.2014 [10:13]

Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri bir sıra beynəlxalq və ikitərəfli sazişləri də təsdiqləyiblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə, spiker Oqtay Əsədov iclasın gündəliyini səsverməyə çıxarıb və millət vəkilləri gündəliyi təsdiq ediblər. Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Asəf Hacıyevi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi seçilməsi münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu hadisə dövlətimizin həyata keçirdiyi xarici siyasətin, parlamentin fəal beynəlxalq əməkdaşlığının uğurudur: “Həmin iclasda başqa namizədlər də var idi. Amma 12 dövlətdən 10-u Azərbaycanın nümayəndəsinə səs verdi. Bu, bizim böyük uğurumuzdur ki, Azərbaycan nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatın rəhbərliyinə seçilib”.
Millət vəkili bildirib ki, Milli Məclisin nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli münasibətlər müstəvisində fəallıq göstərirlər. “Bu fəaliyyətdə başlıca məqam Azərbaycandakı proseslərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsidir. Bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdir və parlamentarilər bu yöndə fəaliyyətlərini uğurla davam etdirəcəklər”, - deyə M.Quliyev vurğulayıb. Deputat beynəlxalq təşkilatların tədbirlərində nümayəndələrimizin Azərbaycan dilində çıxış etmələri üçün zəruri tədbirlərin görülməsini təklif edib. Onun fikrincə, bu reallaşarsa, Azərbaycanın təbliği baxımından ciddi addım ola bilər.
Millət vəkili Zahid Oruc isə Avropa Birliyinin Krıma qarşı sanksiyalar tətbiq etdiyini bildirib. O qeyd edib ki, Avropa Birliyi işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə də bu sanksiyaları tətbiq etməlidir: “ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana isə 23 milyon dollar yardım ayırıb. Bu illər ərzində isə Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub”.
Deputat bildirib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: “Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun”.
Z.Orucun sözlərinə görə, Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin işğal altında olan Azərbaycan ərazilərinə səfərlərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir.
Spiker Oqtay Əsədov isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib. O.Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində də bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: “Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə də tətbiq olunmasını tələb edirik”.
“Hazırda ölkəmiz seçki dövrünü yaşayır. Seçkilər demokratiyanın, insanların öz siyasi iradəsinin göstəricisidir. Bu mənada bələdiyyə seçkiləri böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri isə millət vəkili Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müəyyən səbəblərdən bələdiyyə seçkilərində iştirak edə bilmir. Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bələdiyyələr yaratmaq mümkün olmayıb.
“Ona görə də, məcburi köçkünlərimiz bələdiyyə seçkilərində iştirak etməkdən məhrumdurlar. AŞPA-nın 2005-ci ildə qəbul olunmuş qətnaməsində qeyd olunur ki, Dağlıq Qarabağdakı rejim separatçı rejimdir. Heç bir dövlətdə separatçı rejimin nümayəndələri qəbul olunmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri isə etimaddan tez-tez danışırlar. Amma onlar Dağlıq Qarabağa Ermənistanın ərazisindən səfər edirlər. Halbuki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Əgər həmsədrlər etimad mühiti yaratmaq istəyirlərsə, Azərbaycan tərəfindən öz ərazimiz olan Dağlıq Qarabağa getməlidirlər”, - deyə B.Əliyev qeyd edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Millət vəkilləri bir sıra beynəlxalq və ikitərəfli sazişləri təsdiqləyiblər. İclasda həmçinin, “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişikliklər məsələsi də müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir: “Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar”.
Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur. Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: “Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?”
Millət vəkili deyib ki, qanunları pozanlar cəzalandırılmalıdırlar və nəzərdə tutulan dəyişiklikliklər də bu məqsədə xidmət edir. Onun sözlərinə görə, fəaliyyətində qanunvericiliyə əməl edənlər dəyişikliklərdən narahat olmamalıdırlar.
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, mətbuatın əsas işi informasiyanı almaq, ötürmək, təhlil, analiz və başqa istiqamətli fəaliyyətlər həyata keçirməkdir. O qeyd edib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: “Ona görə də, KİV nümayəndələri Azərbaycanı tək ölkə içində yox, həm də ölkədən kənarda müdafiə etməlidirlər”.
B. Muradova qeyd edib ki, KİV sahəsində məsuliyyətin artırılması digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün cəmiyyəti yerindən oynada bilir. Eyni zamanda, bir söz ordunu döyüşə ruhlandıra bilər. Ona görə də hər sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Bu məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil. “Cəzalar o şəxslərə, o orqanlara tətbiq olunacaq ki, onlar qanunda nəzərdə tutulan müddəaları pozmuş olacaqlar”, - deyən Milli Məclis sədrinin müavini vurğulayıb ki, digərlərinin narahatlığına heç bir əsas yoxdur. Qanunun tələblərini pozmayanlara cəza tətbiq olunmur, olunmayacaq. Vitse-spiker diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər həqiqi mənada məsuliyyətin daha da ciddiləşməsi və cəmiyyətdə qanunun aliliyi prinsipinin daha ciddi tətbiqinə aparan yollar açır: “Ona görə də kənar maliyyələrlə Azərbaycan daxilindəki mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən şəxslərin, o şəxslərin cəmləşdiyi qurumların məsuliyyətləri ciddi olmalıdır. Odur ki, dəyişikliklər mütərəqqidir və qəbul edilməlidir”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda, həmçinin, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31