Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycanı savaşa çəkmək, “Qafqaz dağlarını” aşmaq istəyənlərə “Düşənbə duşu”

Azərbaycanı savaşa çəkmək, “Qafqaz dağlarını” aşmaq istəyənlərə “Düşənbə duşu”

12.10.2025 [19:05]

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüş, səslənən tarixi etiraflar, üzrxahlıqlar elə Rusiya dövlət başçısının vaxtilə söylədiyi həmin fikrin təsdiqi oldu: “Hər məsələdə İlham Əliyevi razı salmaq asan deyil”.

Həm də Azərbaycan Prezidenti həmin dünyaca məşhur “Qarabağ Azərbaycandır və Nida”, qətiyyətini elə Putinin iştirakı ilə keçirilən “Valday” Diskussiya Klubunun iclasında bəyanlamışdı və rusiyalı həmkarı onun nə qədər prinsipial olduğunu 44 günlük Vətən müharibəsində də, “Şuşasız işimiz yarımçıq qalar” vədinə sadiq olanda da, bir günlük antiterror əməliyyatını keçirəndə də, konkret təlimatlarla Qarabağa göndərilən milyarder daxil, separatçıların qandallanması və ədalət məhkəməsi qarşısında saxlanmasına nail olunanda da təkrar-təkrar görmüşdü. Odur ki, təyyarə olayı son müzakirələrin təməlində dayanırdı...

OOOOOOOOOOO.jpg (171 KB)

Ötən ilin 25 dekabrında Rusiya səmasında Azərbaycan təyyarəsinin vurulmasından sonra Azərbaycan Prezidenti münasibətlərin perspektivinin asılı olduğu şərtləri qətiyyətli şəkildə ifadə etmişdi. Hadisədən 10 ay keçdikdən sonra reallaşan görüşdə dövlət başçımızı razı salan mövqenin ortaya qoyulması sıradan bir məsələ sayıla bilməz. Rusiya 4-cü ildir ki, Ukraynada müharibə aparır, itkilərin, dağıntıların, dəhşətli hadisələrin sayı-hesabı dəqiq bilinmir, bir neçə istisna olmaqla, faktiki olaraq dünyaya qarşıdır Kreml. Amma indiyədək prezident, yaxud digər şəxslər səviyyəsində baş verənlərə görə üzrxahlıq olubmu? Kreml hətta Polşa prezidenti daxil, 90-dan artıq şəxsin həlak olduğu təyyarə ilə bağlı 15 il əvvəlki hadisəyə görə də üzrxahlıq etməyib. Amma Vladimir Putin AZAL təyyarəsi ilə əlaqədar iki dəfə üzrxahlıq etdi, Düşənbədəki görüşdə isə konpensasiya veriləcəyini, məsuliyyət daşıyanların cəzalandırılacağını söylədi. Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərə əməl olunacağı barədə mövqe yüksək səviyyədə ifadə olundu. Özü də media qarşısında keçirilən görüş zamanı Rusiya prezidenti bundan əvvəl Pekində qısa da olsa, təmasda olmalarını, buna qədər bir neçə dəfə telefonla danışdıqlarını qeyd etdikdən dərhal sonra “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim”, söylədi. Bu, həm də o deməkdir ki, Putin Azərbaycan Prezidentinin bu hadisə ilə bağlı həqiqətlərin ortaya çıxarılmasına, ədalətin bərqərar olmasına nə qədər böyük önəm verdiyini kifayət qədər yaxşı bilirdi.

V.Putinin bu məsələdən danışarkən hətta “Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olması”nı vurğulaması da kifayət qədər ciddi məqam idi. Rusiya rəhbərliyi son illərdə Ukraynada apardığı müharibə ilə bağlı bir dəfə də olsun özünün hərbi cəhətdən zəifliyini etiraf edən ifadə işlətməyib, hətta ötən ilin Kursk döyüşlərində belə.

AZAL SON.jpg (163 KB)

Amma Azərbaycan təyyarəsinin vurulması faktına münasibət bildirilərkən birinci şəxs səviyyəsində Rusiya Silahlı Qüvvələrində “axsayan yer”in olmasından bəhs edildi.

Təbii ki, qeyd olunanlar birmənalı qəbul oluna bilməz, yekun sözü istintaq deyəcək. Amma istənilən halda sərnişin təyyarəmizlə bağlı məsələyə xüsusi önəm verilməsi Azərbaycan Prezidentinə və Dövlətinə münasibətin göstəricisi sayıla bilər. Görünən budur ki, Azərbaycan Rusiya ilə münasibətləri pozmaq niyyətində olmadığı kimi, şimal qonşumuz da ölkəmizə münasibətdə sonadək gərginliyi davam etdirməyin tərəflərə fayda verməyəcəyini qəbul edir. Heç şübhəsiz, müsbət istiqamətdə geridönüşün baş verməsində Azərbaycan Liderinin qətiyyətli, prinsipial, beynəlxalq hüquqa və xalqımızın, dövlətimizin maraqlarına əsaslanan mövqeyi ilə yanaşı, onun təmkinli siyasəti, körpülərin yandırılmaması üçün çox usta yanaşmaları öz sözünü dedi.

Prezident İlham Əliyevin həmkarına dediyi bu fikirlər onun mövcud mənzərədən razılığını nümayiş etdirir:

“Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.

Yeri gəlmişkən, ötən 10 aylıq gərgin dövr boyunca birinci şəxslər heç zaman bir-birinə qarşı kəskin ifadələr, dövlətlərarası gərginliyi artıra biləcək bəyanatlar səsləndirməmişdilər. Bu faktın özü Düşənbədəki körpülərin bərpasına hədəflənmiş görüşə zəmin yaratdı. Xüsusilə də Azərbaycan Prezidentinin avqust ayında ABŞ mətbuatına müsahibəsində “təyyarənin qəsdən vurulduğunu iddia etmirik”, uzaqgörən yanaşması çox vacib məqam sayılmalıdır.

Bir sıra mərkəzlər Azərbaycanı Rusiyaya qarşı ikinci cəbhə açan ölkə statusunda görməyi elə həsrətlə gözləyirdilər ki...Azərbaycan ərazilərinin 30 il işğalda qalmasından zərrəcə narahat olmayanlar, işğalı legitimləşdirməyə səy göstərənlər, hətta ölkəmizə qarşı sanksiya qərarları verənlər, qələbəmizi uzun müddət həzm etməyənlər bizi Rusiya ilə konfrontasiyaya məmnuniyyətlə sövq etmək istəyirdilər. Ələlxüsus Qərbdəki bəzi qüvvələrin, həmçinin Rusiya daxilindəki ermənipərəst qruplaşmaların da arzuları puç oldu, ikinci cəbhə açmaq arzusu suya düşdü, qurduqları planlar iflasa uğradı, istəkləri çin olmadı. Sirr deyil ki, Rusiyada Azərbaycana qarşı düşmən mövqedə olan kifayət qədər qüvvələr var: rəsmi şəxslərdən tutmuş, ekspertlərə, media təmsilçilərinə qədər. Hətta Əliyev-Putin görüşündən, Rusiya prezidentinin etiraflarından və üzrxahlıqlarından sonra da onların bəziləri kirimir, Azərbaycanı düşmən gözündə görənlərin başında sözsüz ki, imperiya maraqlarını reallaşdırmağa çalışanlar və ermənipərəst qüvvələr dayanır.

Rusiyadakı erməni milyarderlərin pulları ilə bəslənənlər üzərinə götürdükləri öhdəliklərə əməl etmək, “çirkli pulları yumaq”dan ötrü bədxah missiyalarını davam etdirirlər. “Qafqaz dağlarını aşıb”, Azərbaycanı işğal etməyə çağıran bir sıra Duma üzvləri kirisə də, onların gerçək mahiyyəti dəyişməyib. Bu mənada Azərbaycanla münasibətlərə önəm verdiyini bəyan edən prezident Putinin həmin qüvvələri və katalizatorları da susdurması iki ölkə arasındakı əlaqələrin perspektivləri baxımından çox vacibdir. Azərbaycanın xoş məramı ortada, dövlətimizin başçısı münasibətlərin qorunub-saxlanmasına önəm verdiyini əməli addımları və mövqeyi ilə bir daha nümayiş etdirdi, həmçinin həbsdə olan Rusiya vətəndaşları ilə bağlı humanist qərarlar verildi.

Anti-Azərbaycan ritorikasının dayandırılmasından tutmuş, azərbaycanlı miqrantlara qarşı hücum dalğasının dayandırılmasına, son 10 ayda soydaşlarımıza və həmvətənlərimizə qarşı törədilən qanunsuzluqlara, cinayətlərə son qoyulmasına, törədilən cinayətlərin obyektiv araşdırılmasına, xüsusilə də prezident Putinin vəd etdiyi kimi, AZAL təyyarəsi ilə bağlı baş vermiş hadisə ilə əlaqədar həqiqətlərin ortaya çıxarılmasına, məsuliyyət daşıyan məmurların, hərbçilərin cəzalandırılmasına qədər bütün bu kimi məsələlərdə nöqtə və nidaların qoyulması iki ölkə arasında gələcək münasibətlər baxımından olduqca vacibdir. Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlılara qarşı təqiblərin dayandırılması bu məsələdən sui-istifadə edib, düşmənçilik toxumu səpməyə çalışan, azərbaycanlıların canına və əmlakına qəsd edən qüvvələrin də “tərk-silah” edilməsi, dayandırılmasıdır.

Yəqin ki, prezidentlərin görüşündən sonra aidiyyəti təşkilatlar, xüsusilə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları prezidentlərin görüşündən və mesajlarından lazımi impulslar aldı. Azərbaycan-Rusiya münasibətlərinin normallaşması hər iki tərəfin uduşudur, iki qonşu ölkə arasındakı münasibətlərin əvvəlki məcraya qaytarılmasından ötrü ən yüksək səviyyədə siyasi iradə ortaya qoyuldu, bu görüşün ardınca görüləsi işlər, atılası addımlar var...Xüsusilə də emosiyadan kənar iki ölkə arasında aparılmış sakit təmaslar davam etdirilməlidir. Xüsusilə də münasibətlərin bərpası beynəlxalq səviyyədə sanksiyalara məruz qalmış şimal qonşumuz üçün olduqca vacibdir, Şimal-Cənub dəhlizindən başlamış, Zəngəzur dəhlizinə, digər vacib mövzulara qədər bir çox məsələlərlə əlaqədar...

DAHLİZ.jpg (240 KB)

Rusiya prezidenti Vladimir Putin təyyarə faciəsindən bəhs etdikdən sonra bildirdi ki, bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır.

“Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”, - Putin vurğulayıb.

Həmkarına xitabən onu da qeyd edib ki, Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub:

“Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub saxlanılsın. Təbii ki, bizim XİN-lər regionda vəziyyətlə bağlı, ümumilikdə beynəlxalq arenada şəraitlə əlaqədar həmişə bir-biri ilə çox sıx fəaliyyət göstərib. Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin”.

Beləliklə, Rusiya prezidenti Azərbaycanın dövlət başçısı ilə imzaladığı məlum, müttəfiqlik haqqında sazişə xələl gətirənlərə mesajını verib. Bu, həmin qüvvələrə “Dur!” komandası verilməsidir.

Azərbaycan Prezidenti də təsdiqləyib ki, cari il ərzində təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. “Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir”, deyən ölkəmizin rəhbəri bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçirilməsini də xatırladıb, təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrinin ətraflı müzakirə edildiyini xatırladıb.

Beləliklə, hər iki ölkə başçısının bəyanatları Azərbaycanı savaşa çəkmək istəyən destruktiv qərblilər, “Qafqaz dağlarını” aşmaq istəyən ermənipərəst qüvvələr üçün soyuq “Düşənbə duşu” oldu. Qarşıda isə Rusiya hökumət üzvlərinin Azərbaycana səfəri və aktual mövzuların müzakirələri gözlənilir. Körpüləri yandırmaq çox asandır, çətini körpüləri qurmaq və bərpa etməkdir, növbəti tarixi təşəbbüs qarşılıqlı şəkildə 9 oktyabrda göstərildi. Zənnimizcə, bundan kimsə incimədi. Söhbət milyonlarla azərbaycanlının yaşadığı, Azərbaycanın tarixi qonşusu ilə münasibətlərdən gedirsə, daha anlayışla qarşılanması lazımdır. Həm də Azərbaycan Liderinin bütün məsələlərdə obyektiv, qətiyyətli, prinsipial baxışı var. Azərbaycan Prezidenti 9 avqustda Vaşinqtonda müstəqil, sülhpərvər olduğu qədər 9 oktyabr Düşənbə görüşündə də eyni mövqedə idi. Ondan əvvəl Kopenhagendə, həmçinin Qəbələ Zirvəsində də bütün müsbət keyfiyyətlərin məcmusuna şahidlik etmişdik. Yurdda, regionda, dünyada sülh və barış amalı daşıyan siyasət var ortada. Eyni zamanda Onun işğalla barışmamaqla bağlı tövsiyəsini də unutmamışıq...Kim bilir, bəlkə günün birində Rusiya-Ukrayna barışı elə İlham Əliyevin şahidliyi, moderatorluğu ilə Bakıda əldə olunacaq…

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir ailəyik

11 Oktyabr 13:12

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

11 Oktyabr 09:15  

Sosial

Baxışların gücü...

11 Oktyabr 08:51

Sosial

Hər qız bir ümiddir!

11 Oktyabr 08:27

Xəbər lenti

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31