Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 5 milyard dollar...

5 milyard dollar...

17.02.2026 [09:35]

Qəzza necə bərpa ediləcək?

Yaxın günlərdə Vaşinqtonda Şülh Şurasının üzvlərinin toplantısı keçiriləcək. ABŞ Prezidenti Donald Trampın “Truth Social”da yazdığına görə, Sülh Şurasına üzv ölkələr fevralın 19-da keçiriləcək ilk iclasda Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını bəyan edəcəklər. Trampın sözlərinə görə, üzv dövlətlər, həmçinin Qəzza sakinlərinin təhlükəsizliyini və sülhü qorumaq üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə və yerli polisə minlərlə işçi heyəti göndərməlidir.

Sülh planının ikinci mərhələsi önəmlidir

Qeyd edək ki, Fələstində vəziyyət, xüsusilə Qəzza problemi BMT Təhlükəsizlik Şurasının son iclasında da əsas müzakirə mövzusu olmuşdu. İclasda mövcud vəziyyət “Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edilib. Yanvarın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan Fələstin radikallarının tərk-silah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və sektorun idarə olunması üçün strukturların fəaliyyətə başlamasını nəzərdə tutur. Donald Trampın 20 bənddən ibarət sülh planının ikinci mərhələsinin başlanması və Sülh Şurasının yardımçı strukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə Milli Komitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılması sektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addımdır.

Bununla belə, bölgədə  hələ də qeyri-müəyyənlik çoxdur. Bir müddət əvvəl BMT rəsmiləri Qahirədə Qəzzanın idarə olunması üzrə Milli Komitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə, humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığa BMT-nin necə dəstək göstərə biləcəklərini müzakirə ediblər. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrə ağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır.

Qəzzanın demilitarizasiyası və etibarlı təhlükəsizlik mexanizmləri isə Milli Komitənin fəaliyyəti üçün əsas şərtlərdir. Əhalinin demək olar ki, hamısı hələ də yardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvat yaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkünün vəziyyətini daha da ağırlaşdırıb. Təhlükəsizlik şəraitinin qeyri-sabitliyi, yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrində gecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitar təşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərə bilmirlər.

Atəşkəs rejiminə baxmayaraq...

Qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalar davam edir, ərazidə  mülki şəxslər həlak olur. Ona görə də, Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi həlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir. Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsiz gələcəyin əsaslarını qoymaq üçün real imkandır.

Xatırladaq ki, Donald Tramp Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib. ABŞ Prezidenti yeni yaradılmış Fələstin texnokratik hökumətini dəstəklədiyini də vurğulayıb. Yanvarın 22-də isə Davosda bir sıra ölkələr “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar. Sülh Şurası dünyada sabitliyin təşviqi, münaqişə zonalarında dayanıqlı sülhün dəstəklənməsi və beynəlxalq təhlükəsizliyin legitimlik, ədalət əsasında bərpası üçün çevik, işlək mexanizm yaratmaq məqsədi daşıyır. ABŞ tərəfindən BMT-nin boşluqlarını doldurmaq üçün təsis edilən bu struktur, konkret sülh modelləri və regional əməkdaşlıq mexanizmlərini reallaşdırmağa xidmət edir.

Sülh Şurasının yaradılmasının əhəmiyyəti aşağıdakı əsas istiqamətlərlə şərtlənir. 

-Beynəlxalq Təhlükəsizliyin Yeni Modeli: Təhlükəsizliyin yalnız güc balansı ilə deyil, legitimlik və ədalət üzərində qurulmasını təmin edir.

-Dayanıqlı Sülh və Reinteqrasiya: Münaqişədən təsirlənən ərazilərdə infrastrukturun sülh alətinə çevrilməsi və praktiki reinteqrasiya modellərinin tətbiqinə kömək edir.

-Funksional Əməkdaşlıq: Çevik qərar qəbuletmə mexanizmi ilə mövcud beynəlxalq təşkilatların çatışmazlıqlarını dolduraraq, regional və qlobal aktorlar arasında səmərəli əməkdaşlığı artırır.

-Etibarlı idarəetmə: Böhran bölgələrində hüquqi və etibarlı idarəetmənin bərpasına dəstək verir.

Sülh Şurasının fəaliyyətinin hansı nəticələr verəcəyini isə zaman göstərəcək. Çünki bu təsisata müxtəlif ölkələr tərəfindən münasibət birmənalı deyil. Lakin Prezident Tramp Sülh Şurasının öz hədəflərinə çatması üçün prinsipial mövqe nümayiş etdirir. Şuranın fevralın 19-da keçirilməsi nəzərdə tutulan ilk iclasında hansı qərarların qəbul olunacağı diqqət mərkəzindədir. Çünki bu qərarlar dolayısı ilə Sülh Şurasının hansı effekt verəcəyinə dair ilkin təsəvvürlər yaradacaq.

Martda HƏMAS tərk-silah edilə bilər

Artıq HƏMAS hərəkatının tərk-silah prosesinə mart ayında başlanacağı barədə məlumatlar yayılmaqdadır. İsrailin “Kan” dövlət televiziyasının Sülh Şurasındakı mənbələrə istinadla yaydığı məlumata görə, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.

HƏMAS hərəkatının siyasi bürosunun üzvü və Qəzza sektorundakı rəhbəri Xəlil əl-Heyya isə Qahirədə Sülh Şurasının anklav üzrə nümayəndəsi Nikolay Mladenovla görüşərək danışıqlar aparıb. Lakin danışıqlardan sonra Xəlil əl-Heyya mediaya bildirib ki, tərəflər hərəkatı tərk-silah etmək üçün Sülh Şurasından və ABŞ-dan hələlik heç bir təklif almayıblar. O, görüşdə digər mövzuların da müzakirə olunduğunu deyib.

Belə ziddiyyətli vəziyyət fonunda beynəlxalq ictimaiyyət Şülh Şurasının praktiki fəaliyyət gözləyir. Çünki bütün dünya bu münaqişənin başa çatmasını arzulayır.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28