Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Nyu-Yorkda ABŞ-İran müzakirələri...

Nyu-Yorkda ABŞ-İran müzakirələri...

26.09.2026 [09:17]

ABŞ və İran arasında münaqişənin danışıqlar yolu ilə həlli üçün təşəbbüslər davam edir. Belə ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində tərəflər arasında danışıqlar baş tutub. Donald Trampın xüsusi elçisi Stiv Uitkoff “X” sosial platformasında bildirib ki, Vaşinqton iki tərəf arasında vasitəçilərin iştirakı ilə uzun danışıqlar aparıb. O, öz paylaşımında əlavə edib: “Onlar konstruktiv və perspektivli olacağına ümid etdiyimiz bir sıra müzakirələri uğurla başa çatdırıblar. Vasitəçilər işlərini davam etdirəcəklər”.

Tramp: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəm

Nyu-Yorkda ABŞ və İran prezidentləri arasında görüşün keçirilə biləcəyi bildirilsə də, bu, baş tutmayıb.  ABŞ Dövlət katibi Marko Rubio deyib ki, Prezident Donald Tramp İran Prezidenti ilə görüşə açıqdır.  “Prezident problemlərin həlli üçün dialoqun vacibliyinə inanır. Bu, qarşı tərəflə razılaşacağınız demək deyil. Hazırda hər hansı görüşün planlaşdırıldığını düşünmürəm, lakin müsbət nəticəyə gətirib çıxara biləcək belə bir görüşə açığıq”, - deyə Rubio qeyd edib. Dövlət katibi vurğulayıb ki, mümkün danışıqların əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. “İran heç vaxt nüvə silahına malik ola bilməz”, - deyə o söyləyib. Rubionun fikrincə, İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır. “Dünyada terrorizmin aparıcı sponsorunun nüvə silahına sahib olması qəbuledilməzdir”, - deyən dövlət katibi əlavə edib ki, ABŞ Prezidentinin İranın nüvə imkanlarını məhdudlaşdırmaq istiqamətində səyləri ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrlə yekunlaşmır. O bildirib ki, Tramp bu məsələdə növbəti nəsli düşünür. Rubio, həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazının bir hissəsinin kommersiya neft tankerlərinin hərəkəti üçün açıq qalmasını təmin etdiyini diqqətə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp da BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyini bəyan edib: “Onlar Yaxın Şərqin zorakı qüvvəsi idilər, amma artıq belə deyillər. Siyasi arenaya qədəm qoyduğum ilk gündən mövqeyim dəyişməz olub: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm. İrana təzyiqi davam etdirmək üçün birlik nümayiş etdirməliyik”. O, Nyu-Yorkda tərəflər arasında keçirilən görüşə də münasibət bildirib. “İranla görüş çox yaxşı keçdi” - deyən Tramp əlavə edib ki, görüş təxminən üç saat davam edib. Tramp tərəflər arasında yaxın zamanda daha bir görüşün keçirilməsinin planlaşdırıldığını da qeyd edib.

Pezeşkian: İran hücumlara cavab olaraq özünü müdafiə edir

İran Prezidenti Məsud Pezeşkian isə BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında bəyan edib ki, İran heç vaxt təcavüzkar olmayıb və müharibəyə başlamayıb. Onun sözlərinə görə, ölkəsinin hərbi imkanları hücum məqsədi daşımır və İran hücumlara cavab olaraq özünü müdafiə edir. Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib. “İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, - deyən İran Prezidentinin sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı, üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.

Pezeşkian əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”. O, ölkəsinin regionda güclü qonşuların olmasını istədiyini və öz təhlükəsizliyini digər dövlətlərin təhlükəsizliyi hesabına təmin etməyə çalışmadığını bildirib.  “Biz hegemonluğa can atmırıq və təhlükəsizliyimizi başqalarının təhlükəsizliyinin pozulmasında görmürük. İran güclü olmalıdır ki, təhdid edilməsin və gələcəyi təhlükə altında qalmasın”, - deyən İran Prezidenti regional problemlərin bölgədəki dövlətlər tərəfindən həll edilməsinin vacibliyini vurğulayıb: “Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir”. Pezeşkian əlavə edib ki, region ölkələrinin təhlükəsizliyi bir-biri ilə bağlıdır: “Heç kim təkbaşına təhlükəsiz ola bilməz. Ya təhlükəsizliyi birlikdə quracağıq, ya da birlikdə təhlükəsizlikdən məhrum şəraitdə yaşamalı olacağıq”.

Pezeşkian vurğulayıb ki, ölkəsi ABŞ ilə danışıqlara hazırdır, amma güc dilini qəbul etmir. İranın danışıqlar masasına sadiq qaldığını bildirən Prezidentin sözlərinə görə, Tehran münaqişənin diplomatik yolla həllinə inanır, lakin bunu təhdid və hərbi təzyiq şəraitində qəbul etmir.

Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində də deyib ki, İran ABŞ ilə razılaşmaya hazırdır və tələblərini yalnız beynəlxalq hüquq çərçivəsində irəli sürür. O bildirib ki, Tehran beynəlxalq hüquqa əsaslanan razılaşma əldə etməyə çalışır və indiyədək bundan artıq heç nə tələb etməyib. Pezeşkianın sözlərinə görə, ABŞ tərəfi də bu yanaşmanı qəbul edərsə, İran razılaşma əldə etmək üçün danışıqlara hazırdır.

Tehran şərtlərini Vaşinqtona çatdırıb

Qeyd edək ki, İran ABŞ-a danışıqları bərpa etmək və Hörmüz boğazını yenidən açmaq təklifini çatdırıb. İranın xarici işlər naziri Abbas Əraqçi “The Washington Post” qəzetinə bildirib ki, Tehran ABŞ administrasiyasına tammiqyaslı münaqişəyə son qoymaq üçün danışıqların yeddi gün ərzində bərpa edilməsini təklif edib. Təklifin iyunda tərəflər arasında əldə olunmuş anlaşma memorandumuna bənzədiyi qeyd olunur. Əraqçi Vaşinqtonun cavabını gözlədiklərini bildirib. Onun sözlərinə görə, Tehran tələsmir, lakin danışıqların ABŞ-da noyabrda keçiriləcək Konqres seçkilərindən əvvəl bərpa olunmasını məqsədəuyğun hesab edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Nyu-Yorkda Qətərin vasitəçiliyi ilə ABŞ nümayəndələrilə əlaqə saxlayıb və bütün cəbhələrdə müharibənin dayandırılması daxil olmaqla Tehranın şərtlərini çatdırıb. Bu barədə İsmayıl Bəqai İranın dövlət xəbər agentliyi IRNA-ya bildirib. O qeyd edib ki, Tehranın şərtlərinə dəniz blokadasına və iqtisadi müharibəyə son qoyulması, İran aktivlərinin azad edilməsi də daxildir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30