Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / Bayram, yoxsa matəm?

Bayram, yoxsa matəm?

28.01.2023 [10:27]

Ermənistanın “ordusuz günü”

Mübariz ABDULLAYEV

Ordu yoxdursa və yaxud zəifdirsə, döyüş qabiliyyəti aşağıdırsa, müstəqil dövlətin mövcudluğundan, onun gücündən, özünəinamından danışmaq da absurddur. Bunu 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanın timsalında aydın şəkildə izləmək mümkündür. 28 yanvar Ermənistanda ordu günüdür. Əslində, burada “silahlı qüvvələr”, “ordu” sözlərini işlətmək belə lüzumsuz görünür.  Çünki Ermənistanın özü forpost, daim yardımlar, ianələr hesabına yaşayan dövlətdir. Ölkənin silahlı qüvvələri də məhz belə bir dövlətin quyunun dibində olan statusuna uyğun səviyyədədir.

44 günlük müharibədən əvvəl və sonra

Dünyanın əksər ölkələrində silahlı qüvvələr gününün təntənə ilə qeyd olunması ənənə halını alıb. Bu əlamətdar tarixdə adətən atəşfəşanlıq təşkil olunur, paradlar keçirilir, ordu öz gücünü nümayiş etdirir. Yaşadığı, vətəndaşı olduğu ölkənin ordusunun yüksək döyüş hazırlığını görən insanlar isə bundan qürur duyurlar və özlərini təhlükəsiz, qorunmuş sayırlar. Bu sevinc və qürur hissini yaşamağa vətəndaşların tam mənəvi haqları var. Çünki hər bir dövlətin ordusu vətəndaşların vəsaitləri hesabına formalaşan büdcə hesabına qurulur.

Bəs Ermənistanda ordu günü necə qeyd olunur? Ölkə iqtidarının, cəmiyyətin bu günü bayram etməyə mənəvi haqqı varmı? Sualın cavabı birmənalıdır: Nə Ermənistan iqtidarının, nə də cəmiyyətinin ordu gününü bayram kimi fərqləndirməyə mənəvi haqqı çatmır, eyni zamanda, indi ölkə sevinc ovqatında deyil. Məğlub, tar-mar edilmiş, pərən-pərən düşmüş ordunun yaranma gününə necə sevinsinlər?

Xatırladaq ki, bir vaxtlar ermənilər də yanvarın 28-də fərəhlənirdilər, kameralar qarşısına çıxıb silahlı qüvvələri ilə qürur duyduqlarını nümayiş etdirməyə çalışırdılar. Ermənilərin bu şadyanlıq dövrü

2020-ci ilin sentyabrınadək çəkdi. Düz üç onillik ərzində Ermənistan cəmiyyəti eyforiya içində idi. Ermənilər Azərbaycan ərazilərinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın nəzarəti altına keçməsini bu ölkənin silahlı qüvvələrinin zəfəri kimi təqdim edirdilər. Halbuki bu “qələbələr” Ermənistan ordusunun hünəri deyildi, burada kənar güclər daha böyük rol oynamışdılar. Ermənistanda güclü ordu eyforiyası o həddə çatmışdı ki, ölkə rəsmiləri hətta ruhlanaraq Ermənistan silahlı qüvvələrinin yeni ərazilər tutmasını səbirsizliklə gözlədiklərini açıq mətinlə ifadə edirdilər. Xam xəyallar Ermənistan cəmiyyətini çox-çox uzaqlara aparırdı.

Elə bu xəyallarla da Ermənistan

2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti genişmiqyaslı təxribatlara əl atdı. Azərbaycan bu təxribatlara qətiyyətlə və ləyaqətlə cavab verdi. Cəmi 44 gün ərzində düşmənin güclü ordu mifi tar-mar oldu və nağıllar bitdi. Müharibə günlərində Ermənistan ordusunun döyüş qabiliyyətinin, manevr imkanlarının olmadığı üzə çıxdı. Döyüş meydanında hansısa bir uğur qazana bilməyən Ermənistan ordusu məğlubiyyətin əvəzini dinc insanlara, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə atəş açmaqla, mülki infrastrukturu dağıtmaqla çıxmağa çalışırdı. 2020-ci il noyabrın 10-da məğlub duruma düşən Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

44 günlük müharibədən sonra məğlub Ermənistanda ordu günü bir növ matəm günü kimi qeyd olunur. 2022-ci il yanvarın 28-də Ermənistan ordusunun yaranmasının 30 ili tamam oldu. Ancaq silahlı qüvvələrin yubileyinin qeyd olunması heç yada da düşmədi. Həmin günlərdə sosial şəbəkələrin Ermənistan seqmentində dərin hüzn yaşanırdı. Bir neçə sitata diqqət yetirək. Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan “Facebook” səhifəsində bildirib ki, ordunun 30-cu ildönümü günü Ermənistan hakimiyyətinin nümayəndələri hər hansı təntənəli bayram tədbiri keçirməkdən imtina edərək Yerablura gəliblər. “Bu, çox simvolikdir, çünki Nikol Paşinyanın rəhbərliyi ilə onlar Ermənistan ordusunu tamamilə məhv etdilər, ordunun zabitlərini sözün əsl mənasında öldürdülər, torpaqları təhvil verdilər və indi də kinayə ilə qəbri, məzarı ziyarət edirlər”, - deyə E.Qazaryan vurğulayıb.

Siyasi-ictimai xadim Avetik Çalabyan “Facebook” səhifəsində qeyd edib ki, bu gün Ermənistan ordusu yenidən yaradılmasının 30 illiyini qeyd edir: “Əvvəllər bu gün ilin ən mühüm bayramı idi.

2020-ci ilin Qarabağ müharibəsindən sonra ordumuz çox təəssüf ki, vurulub, yaralıdır və ordu günü təzadlı hisslər gətirir. Ötən müharibədə ordumuz rəqibin əsas zərbəsini aldı”.

Bu paylaşımlar Ermənistan cəmiyyətinin ordu günündə yaşadıqlarını əks etdirir. Aydın şəkildə görünür ki, 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətinin orduya güvəni tamam qırılıb.

Ermənistan ordusunda fərarilik

Bəli, arsenalda olan texnikanın kəmiyyəti və keyfiyyəti hər bir ordu üçün önəmli faktordur. Ancaq tarix boyunca təsdiqlənmiş həqiqətdir ki, silahlı qüvvələrin əsas güc mənbəyi onun şəxsi heyətidir. Əsgər və zabitlərində vətənpərvərliyin, peşəkarlığın, döyüş hazırlığının yüksək səviyyədə olmadığı ordu heç vaxt müharibəni qazana bilməz. Bu sınanmış həqiqəti 44 günlük müharibədə Azərbaycan Ordusunun şəxsi heyəti bir daha təsdiqlədi. Müharibənin hər günündə ordumuz irəli getdi, bütün döyüşlərdə zəfər qazandı. Nəyin hesabına? İlk növbədə əsgər və zabitlərin vətənpərvərliyi və peşəkarlığı sayəsində. Onlar “arxada Vətəndir” deyib daim irəli getməyə, işğal altında qalan torpaqlarımızı son qarışınadək azad etməyə can atırdılar. Bu motivasiya Ermənistan ordusunun şəxsi heyətinə yad idi. Çünki Ermənistan ordusunun əsgərləri özgə torpaqlarda müharibə aparırdılar. Ermənistanın hərbi-siyasi rəhbərliyi bunun fərqində idi. Buna görə də müharibənin elə ilk günlərində bu ölkədə ordunun əsgər və zabitlərini döyüş mövqelərinə, necə deyərlər, daha möhkəm bağlamaq məqsədilə bir sıra sərt qərarlar verildi. Parlamentdə Cinayət Məcəlləsinə dəyişikliklər təsdiqləndi. Həmin dəyişikliklərə əsasən, hərbi xidmətdən yayınma və fərariliyə görə cəzalar sərtləşdirilib. Beləliklə,  müharibə dövründə hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınmaya görə 6 ildən 12 ilədək müddətinə azadlıqdan məhrumetmə  cəzası müəyyənləşdirilib (Əvvəllər 4 ildən 8 ilədək). Müharibə dövründə vəzifə borcunu yerinə yetirməkdən və ya vergi ödəməkdən yayınan şəxslər üçün cəzanın ən yüksək həddi 4 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmədən bir ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Müharibə dövründə əmrə tabe olmamağa görə cəza 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmədən 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib.

Fərariliyə, orduda xidmətdən yayınmaya görə nəzərdə tutulan yeni qaydaların siyahısı kifayət qədər uzundur. Ancaq cəzaların sərtləşdirilməsi bir işə yaramadı. 44 günlük müharibə Ermənistan ordusunun ən zəif halqasını üzə çıxartdı. Elə ilk günlərdən bəlli oldu ki, bu ordunun şəxsi heyəti qorxaqdır, səngərdən başını çıxartmaq istəmir və dabanına tüpürüb qaçmağa məqam gözləyir. Bakıda hərbi qənimətlər parkı yaradılıb. Burada düşmən ordusunun döyüş medanında qoyub qaçdığı çox sayda texnika nümayiş etdirilir. Silah-sursatın döyüş meydanında atılması hər bir ordu üçün başıaşağılıq, utanc gətirən bir faktdır ki, bunu da erməni əsgər və zabitləri ediblər. Prezident İlham Əliyev 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan və Ermənistan ordularını müqayisə edərək ölkəmizdə Ali Baş Komandan-Ordu-Xalq birliyinin qələbəmiz üçün başlıca şərt olduğunu vurğulayıb. Dövlətimizin başçısı ilk dəfə həmin müraciətində Ermənistan ordusunda mənəvi-psixoloji vəziyyəti müəyyənləşdirən məqamlar üzərində geniş dayanıb, bu ordunun məğlubiyyətini qaçılmaz edən faktorlardan danışıb: “Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz”.

Siyasətçilərin əlində alətə çevrilən ordu

Ermənistan üçün xarakterik cəhətlərdən biri də bu ölkədə ordunun zaman-zaman siyasi proseslərə cəlb edilməsidir. Belə deyə bilərik ki, bu ölkədə silahlı qüvvələrin siyasətçilərin əlində alətə çevrilməsi adi hal alıb. Bir sıra hallarda ordu rəhbərliyi ayrı-ayrı siyasi qüvvələrlə gizli ittifaqa girərək rəqib düşərgələrə, hətta iqtidara belə güc nümayiş etdirir. Ermənistanın sabiq prezidentləri S.Sarkisyan və R.Köçəryan bir neçə dəfə N.Paşinyan iqtidarını məhz bu ssenari ilə devirməyə cəhd göstəriblər. 2021-ci ilin əvvəlində Ermənistanda siyasi hakimiyyətlə generallar arasında yaşanan gərginlik hər kəsin yadındadır. Bəzi siyasətçilərin təhriki ilə ordu N.Paşinyan iqtidarını devirməyə hazırlaşırdı. Fevralın 25-də silahlı qüvvələrinin baş qərargahı baş nazirin istefasını tələb etdi. Bu barədə baş qərargah rəisi Onik Qasparyanın, onun bütün müavinlərinin, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilirdi. Hərbçilər  baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini əsas gətirirdilər. “Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə atılan məsuliyyətsiz addımdır”, - deyə bəyanatda bildirilirdi.

Yarıtmaz ordunun mövqeləri zəif olan N.Paşinyan iqtidarının devrilməsini hədəfləyən çevriliş ssenarisi də uğursuzluğa düçür oldu. N.Paşinyan buna cavab olaraq Ermənistan ordusunun baş qərargahının bəyanatını hərbi çevrilişə cəhd kimi dəyərləndirdi. Bundan sora Onik Qasparyan və digərləri istefaya göndərildi. Sonradan ordunun bəhs olunan daxili çevriliş planı Ermənistan cəmiyyətinin özündə də istehza obyektinə çevrildi. Müzakirələrdə ironiya ilə vurğulanırdı ki, N.Paşinyan kimi zəif bir fiqura qalib gələ bilməyən ordu cəbhədə güclü düşmənə necə müqavimət göstərə bilər?

Orduda başıpozuqluq, anarxiya

Ermənistan ordusunu bərbad olmaqla yanaşı, həm də dünyanın ən başıpozuq silahlı qüvvələri kimi səciyyələndirmək mümkündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistan ordusu barədə söylədiyi fikirlər diqqətçəkəndir: “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”.

Ermənistan ordusunda “dedovşina”, hərbçilərdən rüşvət alınması, onların qeyri-qanuni işlərə cəlb olunmaları adi hala çevrilib.  Erməni polkovnik, “Qarabağ müharibəsinin iştirakçısı olan qadınlar” ictimai təşkilatının təsisçisi Aida Serobyan deyib ki, Ermənistanda bəzi məmurlar döyüşçülərə qarışqa kimi baxırlar. Hər gün belə alçaldıcı münasibətlə üz-üzə qalan hərbçilər çıxış yolunu intiharda, hərbi hissələri özbaşına tərk etməkdə görürlər. Hərbi hissələrində hərbçilər arasında münaqişə və bu münaqişələrin nəticəsi kimi, həlak olanlar və yaralananlar haqda məlumatlar yayılır. Beynəlxalq təşkilatlar tərəfindən də Ermənistan ordusunda anarxiyanın baş alıb getməsi ilə bağlı hesabatlar dərc edilir. Ermənistan KİV-ində yayılan məlumatlara görə, müharibədən əvvəl - 2010-2019- cu illər arasında Ermənistan ordusunda 381 hərbçi daxili münaqişə zəmnində vəfat edib, onlardan 88-i özünəqəsd nəticəsində ölüb.

Bir neçə gün bundan əvvəl Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrin birində baş verən dəhşətli yanğın bütün Ermənistanı silkələdi. 15 hərbçinin ölmünə səbəb olan yanğın Ermənistan ordusundakı vəziyyəti göz önündə canlandırır. Bu yanğınla bağlı bir sıra müəmmalar yaranıb. Yanğın zamanı həlak olan Volodya Nersisyanın anası Ani Tadevosyan Ermənistan KİV-nə açıqlamasında diqqət çəkən fikirlər səsləndirib. O da digər valideynlər kimi əsgərlərin təsadüf nəticəsində yanıb ölməsinə inanmadığını deyib: “Bu cür yanğın mümkün deyildi. Bu yalandır. Qoy izahat versinlər ki, həmin saatda kapitanın kazarmada nə işi olub. Əvvəllər gecənin bu vaxtında bir dəfə də olsun rəhbərlikdən heç kim əsgərlərin yanında olmamışdı”.

Bu qəbildən olan suallar çox, onların cavabı isə yoxdur. Belə çıxır ki, bu gün Ermənistanda olmayan bir ordunun günüdür.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31