Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya və Ukrayna liderləri görüşəcəkmi?

Rusiya və Ukrayna liderləri görüşəcəkmi?

03.02.2026 [09:54]

Putin Zelenskini Moskvaya, Zelenski isə onu Kiyevə dəvət edir...

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib. “Bizim hazırda başa çatmaq üzrə olan təhlükəsizlik protokolu və rifah sazişlərimiz var. Düşünürəm ki, Ukrayna xalqı indi ümidlidir və tezliklə sülh sazişi imzalayacağımızı gözləyir”, - deyə Uitkof əlavə edib.

Tramp Putindən xahiş edib

ABŞ Prezidenti Donald Tramp isə Rusiya Prezidenti Vladimir Putindən Ukraynanın paytaxtı Kiyevi 1 həftə ərzində hədəfə almamağı xahiş etdiyini açıqlayıb. O, belə bir xahişi bölgədəki soyuq hava şəraiti əlaqədar etdiyini bildirib. “Mən şəxsən Prezident Putindən bu kəskin soyuqlar zamanı Kiyevə, şəhər və qəsəbələrə 1 həftə atəş açmamağı xahiş etdim”, - deyə Tramp Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında bildirib. Dövlət başçısı əlavə edib ki, Putin buna razıdır. Ukrayna Prezidenti Zelenski isə buna görə Trampa təşəkkür edib.

“Danışıqlar qrupumuz demək olar hər saat ünsiyyətdədir. Biz tərəfdaşlarımızla - Amerika tərəfi ilə - həqiqətən effektiv formatlar və həqiqətən ehtiyac duyduğumuz nəticələr barədə ünsiyyət qururuq”, - deyən Zelenski əlavə edib ki, Ukrayna görüşlərə, həll yollarına hazırdır və tərəfdaşların mümkün qədər effektiv olmasını gözləyir. “Avropada, Amerikada, hər yerdə. Davamlı sülh üçün məhz bu lazımdır. Sülhə nail olmaq və təhlükəsizliyi təmin etmək üçün hər fürsəti qiymətləndiririk. Bu müddət ərzində enerji sektoruna hücumları dayandırmaq səylərinə görə, Amerika tərəfinə təşəkkür edirəm və ümid edirəm ki, Amerika bunu təmin edə biləcək” - deyə Zelenski əlavə edib.

“Ukrayna bu halda cavab tədbirləri görməyəcək”

Dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynaya zərbə endirməsə, Ukrayna da cavab tədbirləri görməyəcək: “Vəssalam, biz bu prinsipi əvvəllər müzakirə etmişik. Bu, bir fürsətdir, razılaşma deyil”. Zelenski əlavə edib ki, hələlik rəsmi atəşkəs razılaşması yoxdur. O, iddia edib ki, əgər Rusiya Amerikanın “siqnalını” Ukraynanın etdiyi kimi eşidibsə, onda müəyyən bir nəticə ortaya çıxacaq və bu, nəzərəçarpan olacaq. “Burada heç bir sirr yoxdur. Bu məsələ ilə bağlı bizimlə Rusiya arasında birbaşa dialoq və ya birbaşa razılaşmalar olmayıb”, - deyə Ukrayna Prezidenti əlavə edib. Zelenski daha sonra bildirib: “Əgər Rusiya enerji sektorumuzu, istər istehsal, istərsə də başqa şəkildə hədəfə almasa, biz onların müvafiq sektoruna zərbə endirməyəcəyik. Düşünürəm ki, danışıqların vasitəçisi olan ABŞ-ın ümid etdiyi cavab budur. Biz həmişə Amerikanın bütün rasional təşəbbüslərinə, gərginliyin azaldılması üçün hər hansı real təkliflərə və sairə məsələlərə dəstəyimizi nümayiş etdiririk”.

Ukrayna lideri hesab edir ki, üçtərəfli dialoq da gərginliyin azaldılmasına aparan yoldur, lakin bu cür addımların nəticəsi başqa bir məsələdir: “Bu, bir ildən bir az əvvəl seçdiyimiz siyasətdir. Biz gərginliyin azaldılması üzrə bütün real addımları dəstəkləyirik və bunu ardıcıl olaraq nümayiş etdirmişik ki, heç kim Ukraynanı sülhə doğru irəliləyişi ləngitməkdə ittiham edə bilməsin. Lakin o vaxt Rusiyadan mənfi cavablar var idi. İndi necə olacağını görəcəyik”.

Lavrov: Yalnız real təklifləri nəzərdən keçirməyə hazırıq

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin TGRT kanalına və “Türkiye” qəzetinə müsahibəsində deyib ki, Moskva Ukrayna üzrə nizamlanma çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır, ictimai bəyanatlara və siyasi oyunlara əsaslanmaq niyyətində deyil. Lavrov xatırladıb ki, təhlükəsizlik zəmanətləri 2022-ci ilin aprelində İstanbulda artıq razılaşdırılmışdı. Həmin razılaşmalar təhlükəsizliyin “kollektiv və bölünməz xarakterini”, o cümlədən həm Rusiya Federasiyasının, həm də Ukraynanın yerləşdiyi bütün regionun təhlükəsizliyini nəzərdə tutur.

Nəzərə alaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələləri və Zaporojye AES ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır. Ukrayna xarici işlər naziri Andrey Sibiqa sülh prosesində ən problemli 2 məsələnin qaldığını xatırladıb: ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət. “Prezidentimiz Putinlə görüşməyə və bu məsələləri dəqiq həll etmək üçün onları müzakirə etməyə hazırdır. Paralel yollar yaratmamalıyıq. Xarici İşlər Nazirliyinin nümayəndələri də daxil olmaqla danışıqlar qrupu yaradılıb. Əlavə yolların yaradılması doğru vaxt deyil və lazım deyil”, - deyə ukraynalı nazir qeyd edib. Onun sözlərinə görə, danışıqlar qrupu artıq atəşkəs parametrlərini, monitorinqi və atəşkəsin yoxlanılmasını müzakirə ediblər.

Moskva Zelenskinin təhlükəsizliyini təmin edəcəyini bildirir

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bəyan edib ki, bu cür potensial görüşlər diqqətlə hazırlanmalı və praktik nəticəyə yönəlməlidir. O xatırladıb ki, Rusiya Prezidenti əvvəllər dəfələrlə dialoqa hazır olduğunu bəyan edib: “Əgər Zelenski doğrudan da görüşə hazırdırsa, Rusiya tərəfi onu Moskvaya dəvət edir. Bununla yanaşı, onun təhlükəsizliyini və işləmək üçün zəruri şəraiti təmin edəcəyik”.

Lakin Volodimir Zelenski Vladimir Putinlə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib. Lakin o, Kreml rəhbərini Kiyevə dəvət edib. Ukrayna lideri bildirib: “Əlbəttə, mənim Moskvada Putin ilə görüşməyim mümkün deyil. Bu, Putin ilə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm - qoy gəlsin. Sözsüz ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edirəm”. O, Ukraynanın müharibənin sona çatması üçün real konstruktiv danışıqlar aparmaq, eləcə də məhsuldar ola biləcək görüş keçirmək istədiyini vurğulayıb: “Amma kimsə görüşmək istəmirsə və nədənsə bunu birbaşa deyə bilmirsə, onda Moskvaya bu dəvətnamələr göndərilir”.

Zelenski Ukraynanın müharibənin sona çatmasına ciddi yanaşdığını bir daha təkrarlayıb. Buna görə də liderlər səviyyəsində görüş üçün istənilən real format uyğundur. “Bunun hansı nəticə verəcəyini bilmirəm. Amma şübhəsiz ki, bu gün baş verənlərdən daha böyük hadisə olacaq”, - deyə o əlavə edib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28