Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ərazisinin 13 faizi mina ilə çirkləndirilib

Azərbaycan ərazisinin 13 faizi mina ilə çirkləndirilib

07.04.2026 [10:18]

Hər il aprelin 4-də dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü qeyd edilir. 2005-ci il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu günün elan olunması haqqında qətnamə qəbul edib. Baş Assambleya BMT-nin və müvafiq strukturların dəstəyi ilə minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə törətdiyi və ya milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə minatəmizləmə fəaliyyətini həyata keçirmək üçün milli potensialın yaradılmasına və inkişafına kömək göstərməyə davam etməyə çağırıb. Artıq 20 ildən çoxdur ki, BMT-nin Minatəmizləmə Xidməti mülki şəxslər, sülhməramlılar və humanitar işçilər də daxil olmaqla, partlayıcı qurğulardan zərər çəkmiş insanların ehtiyacları ilə bağlı məsələlərə reaksiya verir.

160-dan artıq ölkənin ratifikasiya etdiyi Konvensiya...

BMT-nin Minatəmizləmə Xidməti təşkilatın missiyalarının yerləşdirilməsini asanlaşdırmaqla, humanitar yardım çatdırmaqla, mülki insanları qorumaqla, məcburi köçkünlərin və qaçqınların könüllü qayıtmasını dəstəkləməklə insanların həyatını xilas edir. Xidmətin əməkdaşları beynəlxalq humanitar hüququn və insan hüquqlarının təşviqinə yönəlmiş icmaların yenidən qurulması fəaliyyətlərində və kampaniyalarda iştirak edirlər.

2026-cı ildə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü “Sülhə sərmayə qoyun, mina fəaliyyətinə sərmayə qoyun” mövzusunda qeyd olunur. Bu ilin qlobal mövzusu əsas bir həqiqəti vurğulayır: mülki şəxsləri təhlükəyə atan, humanitar və inkişaf səylərini əngəlləyən piyadaəleyhinə minalar, klaster sursatlarının qalıqları və digər partlayıcı sursatlar mövcud olduğu müddətdə sülh davamlı ola bilməz. BMT-nin minalarla mübarizə iştirakçıları münaqişələrdən təsirlənən əlilliyi olan insanlara dəstək olmaq üçün mikrolayihələrin və əməliyyat təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyini vurğulayırlar. Bu, mülki şəxslərin müdafiəsi və inkişaf etməkdə olan ölkələrdə texnoloji və innovativ potensialın yaradılması üzrə qlobal öhdəliyi gücləndirir. 1997-ci ildən “Piyada əleyhinə minaların istifadəsi, ehtiyatı, istehsalı və təhvilinin qadağan edilməsi və onların məhvi haqqında” Konvensiyanın imzalanmaya açıldığı vaxtdan bəri 160-dan artıq ölkə onu ratifikasiya edib və ya bu sənədə qoşulub. Bu sənəd piyada əleyhinə minaların mülki şəxslərə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırıb və ümumi qadağan olunma tədbirləri üçün qlobal dəstəyi səfərbər edib.

XİN: Beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətini dəstəkləməyə çağırırıq

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir. Ermənistan işğalçılıq siyasəti dövründə ərazilərimizə yüzminlərlə mina basdırıb. Respublikamız mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadrat kilometr sahə mina və digər partlayıcı qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1 milyondan çox minanın mövcud olduğu bildirilir.

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı “X” sosial media hesabında etdiyi paylaşımda qeyd olunub ki, Azərbaycan minaların ağır humanitar fəsadlarının aradan qaldırılmasına sadiq olduğunu bir daha təsdiqləyir: “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda, yenidənqurma işlərinə mane olmaqda və köçkünlərin təhlükəsiz qayıdışına əngəl törətməkdə davam edir”. Vurğulanıb ki, Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasında qalmaqdadır: “Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və mina qurbanlarına göstərilən yardıma dəstəyi gücləndirməyə çağırırıq. Minasız gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün zəruridir”.

30 il ərzində 3400-dən çox insan minaların qurbanı olub

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi isə Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan müharibənin partlayıcı qalıqları və kustar üsulla hazırlanmış partlayıcı qurğular səbəbindən yaralanma, ölüm və ya əsas xidmətlərə çıxışın məhdudlaşdırılması riski ilə üzləşən milyonlarla insanın qarşılaşdığı təhlükələrdən ən çox əziyyət çəkən ölkələr sırasındadır və ərazisinin 13 faizindən çoxu mina ilə çirklənib. Diqqətə çatdırılıb ki, son 30 il ərzində 3 400-dən çox insan minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Təkcə 2020-ci ilin noyabr ayından bəri aralarında qadın və uşaqların da olduğu 421 mülki şəxs mina partlayışlarının qurbanı olub, onlardan 72-si həlak olub, 349-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bu rəqəm artmağa davam edir.

Qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi digər fəsadlarla yanaşı, iqtisadi dirçəliş, yenidənqurma və reabilitasiya səylərinə mane olur, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tam icrası üçün ciddi maneə törədir: “Azərbaycan mina təmizləmə fəaliyyətini dayanıqlı inkişafın mühüm amili kimi təşviq və icra edir, yenidənqurmanı dəstəkləyir, icmaların dayanıqlılığı üçün kritik olan torpaqlara və resurslara çıxışı bərpa edir. Mina təmizləmə səylərinin davamlı və qalıcı inkişafla bağlılığını, eləcə də təmizlənmiş ərazilərin əhalinin rifahına, ölkənin tərəqqisinə və inkişafına mühüm təsirini nəzərə alaraq Azərbaycan humanitar mina təmizləməni rəsmən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib”.

Bəyanatda, həmçinin Azərbaycanın BMT-nin mina aksiyasını prioritet məsələ kimi irəli sürməyə və beynəlxalq konfranslar keçirməyə davam etdiyi vurğulanıb: “Azərbaycan mina təmizləmə fəaliyyətinin gender ölçüsünə də xüsusi önəm verir. Bu baxımdan, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) beynəlxalq tərəfdaşları ilə birgə layihəsi çərçivəsində ölkədə ilk qadın minatəmizləmə komandaları yaradılıb. Bu təşəbbüs nəinki milli minatəmizləmə potensialının gücləndirilməsinə, həm də həyati əhəmiyyət kəsb edən bu humanitar sahədə qadınların mənalı iştirakının təşviqinə töhfə verib”. Bəyanatın sonunda qlobal mina təhlükəsi ilə mübarizədə beynəlxalq yardımın önəmi qeyd edilib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30