Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 27.09.2020-ci il saat 06.00...

27.09.2020-ci il saat 06.00...

26.09.2026 [08:14]

Böyük Zəfər Yolunun ilk günü

Düşmən cəzalandırılmalı idi və cəzalandırıldı!

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. Düz altı il bundan əvvəl - 2020-ci il 27 sentyabr tarixində xalqımız sübhü  müharibə xəbəri ilə açdı. Səhər saat 6:00-da Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əvvəlcə “Dəmir yumruq” adlandırılan, sonra isə Vətən müharibəsi kimi davam etdirilən genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdı.

Müharibə uzun çəkmədi - cəmi 44 gün ərzində düşmənin bütün hərbi birləşmələri tar-mar edildi və 2020-ci il noyabrın 10-da Ermənistan onun üçün tam kapitulyasiya anlamına gələn üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Vətən müharibəsi qısa zaman kəsiyində başa çatsa da, qazanılan Qələbə  böyük məna daşıyır. Müharibənin nəticələrinə uyğun olaraq Azərbaycan otuz ildən sonra ərazi bütövlüyünə nail oldu. Bu, son 200 illik tariximizin ən böyük Zəfəri idi. Bundan başqa, Vətən müharibəsində qazanılan Zəfər sonrakı qələbələrimizə yol açdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatında daha bir böyük Zəfərə imza atdıq - Xankəndidə və digər yaxın yaşayış məntəqələrində  nəzarəti ələ keçirməklə, separatizmə son qoymaqla ölkəmizin suverenliyinə nail olduq. Hazırda aylı-ulduzlu Azərbaycan Bayrağı Xankəndi, Şuşa, Xocalı da daxil olmaqla suveren Azərbaycanın bütün ərazilərində əzəmətlə dalğalanaraq dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşadır.

Bu böyük qələbələr şəhidlərimizin canı-qanı hesabına əldə olunub. Onlar heç vaxt unudulmayacaq, ruhları hər zaman azad Vətənin göylərində dolaşacaq. Biz əziz şəhidlərimizin xatirəsini daim minnətdarlıq hissi ilə anacağıq. Xatırladaq ki, Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Müharibə nə üçün başladı?

Bu müharibə bizim üçün ədalətli müharibə idi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi və respublikamızdakı çətin vəziyyətdən sui-istifadə etməklə torpaqlarımızın 20 faizini işğal altına almışdı və burada separatçı rejim qurmuşdu. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı doğma ev-eşiyini tərk etmək və ağır məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. Onlar, çadırlara, qəzalı tikililərə sığınmışdılar. Bu, əsl humanitar fəlakət idi.

Ərzilərinin zəbt olunmasına, bir milyondan artıq vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən, Azərbaycan üç onillik ərzində münaqişənin sülh yolu iilə həllinə nail olmaq istədi və bu məqsədlə də ATƏT-in Minsk formatında aparılan danışıqlarda yüksək fəallıq ortaya qoydu. 

İşğalçı Ermənistanın davranışları isə adekvat deyildi və  müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində  danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirmələri, cəzasızlıq mühiti işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara  və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “DQR”ə aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bu ölkənin baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurmuş və onu mənasız etmişdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərdi. Bundan başqa, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma “DQR”in parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulurdu, işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşma aparılırdı...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilirdi ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Müharibənin birinci günü - Azərbaycan dövləti mühüm qərarlar verdi

Müharibənin birinci günündə Azərbaycan dövləti tərəfindən yaranmış vəziyyətə adekvat olan mühüm qərarlar verilib. Belə ki, sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. Çıxışında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının başlamasına aydınlıq gətirən dövlətimizin başçısı bizim mübarizəmizin haqq mübarizəsi olduğunu və xalqın Ordunu dəstəklədiyini diqqətə çatdırıb.

Müharibənin ilk günündə Prezident İlham Əliyev ölkədə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb. Elə həmin gün Milli Məclisin iclası keçirilib. İclasda Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edib.

Müharibənin birinci günündə Prezident İlham Əliyev xalqa müraciət ünvanlayıb. Müraciətində keçmiş təmas xətti boyunca törədilən təxribatları erməni faşizminin növbəti təzahürü kimi dəyərləndirən dövlətimizin başçısı qarşı tərəfə sərt mesajlarını çatdırıb. Təxribatların düşmən üçün ağır nəticələr vercəyini bəyan edən dövlətimizin başçısı vurğulayıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Müharibənin birinci günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısına zəng etməsi də böyük mənəvi-siyasi önəm daşıyır. Bu zəng bir daha təsdiqlədi ki, haqq-ədalət müharibəsinə başlayan Azərbaycan tək deyil, onun arxasında Türkiyə kimi güclü dövlət dayanır. Bu, bizim özümüzə inam hissimizi daha da gücləndirdi.

Xalqın dövlətlə sıx həmrəyliyi

Müharibə ölüm-itim, qan-qada, göz yaşları, nisgil, ana fəryadı, talelərin pozulması, puça çıxan ümidlər deməkdir. Ancaq təzada bir baxın. Altı il bundan əvvəl sübh tezdən gələn müharibə xəbərini eşidən hər bir azərbaycanlı göz yaşlarını saxlaya bilməyərək “o gün gəldi, nəhayət, başladı” deyə öz-özünə pıçıldadı. Bu, ümummilli bir əhval-ruhiyyə idi. Əlinə silah alıb döyüşlərə gedəcək gənc də, oğlunu cəbhəyə yola salacaq ana-ata da, barmağında nişan üzüyü daşıyan, sevgi həsrəti çəkəcək qızlar da eyni hissləri keçirirdilər. Yaşanacaq fəsadlara, ağrı-acılara rəğmən, cəmiyyətimizin müharibə ovqatına köklənməsi isə təsadüfi deyildi. Bu, qəfil başlayan yox, gözlənilən bir müharibə idi. Hər bir azərbaycanlı otuz il idi ki, düşmən tapdağında qalan torpaqların nisgilini qəlbinin başında daşımışdı, Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Ağdam xəyalları bir an da olsun bizləri tərk etməmişdi. Qanadlanan ruhumuz daim o yerlərdə gəzib dolaşırdı. Buna görə də müharibənin başlaması xəbəri heç kəsi sarsıtmadı, əksinə bizləri cəsarətləndirdi, hər birimizi daxilən ön xəttə, Ordumuza yardıma səfərbər etdi. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərliyinin bariz ifadəsi idi.

Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri  Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda,  500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. TŞ-nın iclasındakı çıxışında cəmiyyətimizdəki yüksək həmrəyliyə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Qtiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Ön xətdən gələn ilk qələbə müjdələri

Otuz il ərzində Azərbaycan sülh danışıqlarında fəal iştirak etməklə yanaşı, həm də güclü, müasir ordu quruculuğunu daim diqqət mərkəzində saxlamışdı. Bunun nəticəsi olaraq respublikamızda istənilən vəzifəni yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimiz formalaşmışdı.

Ordumuzun üstünlüyü, şəxsi heyətin peşəkarlığı və yüksək vətənpərvərliyi elə ilk gündən özünü göstərdi. Belə ki, ön xətdən qələbə müjdələri müharibənin birinci günündən gəlməyə başladı. Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə bildirib ki, əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının videogörüntüləri ictimaiyyətə təqdim olunub.

Müharibənin birinci günüdə Ordumuzun cəbhənin Goranboy rayonu istiqamətində keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması ilə Azərbaycanın işğal altındakı ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verib.

Eyni zamanda, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Ölkənin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa edildi

Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində bir yeniliyə imza atdı. İgid əsgər və zabitlərimiz “Arxada Vətəndir!” deyib hər gün irəli getdilər. Ön xətdən daim qələbə soraqları gəlirdi, hər gün yeni şəhərlərimiz, kəndlərimiz işğaldan azad olunurdu. Rəsmi İrəvanın təsdiqlədiyi statistikaya əsasən müharibədə Ermənistan tərəfində təxminən 12 min fərari qeydə alınıb. Erməni əsgərlərinin, zabitlərinin döyüş meydanına atılmaları üçün motivasiyaları yox idi. Çünki onlar özgə torpaqlarında döyüşlərə cəlb edilmişdilər. Buna görə də mövqelərini, sursatlarını qoyub qaçırdılar. Azərbaycan hərbiçilərinin isə amalı düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmək idi. Onlar Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları keçirilərkən bizim 3200-dən çox qəhrəman övladımız şəhadət zirvəsinə ucalıb. Bütövlükdə, Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı könüllü iştirak edib.

Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikəri və daha 5 adsız yüksəklik azad olundu. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Şübhəsiz ki, Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbəmizin əsas şərtidir. Tarixi Qələbəmizi yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”.

Tarixi Qələbədən Böyük Qayıdışa

Otuz illik işğal dövrü torpaqlarımızda kədərli izlər qoyub. Bir vaxtlar çiçəklənən şəhərlər, kəndlər dağıdılıb, hər şey talan edilib, hətta santexnika avadanlıqları belə Ermənistana daşınıb. Dağıntıların miqyası o dərəcədə böyükdür ki, sanki buradan sivilizasiya görməmiş vəhşi tayfalar gəlib keçiblər və öz yollarında qarşılarına çıxan hər şeyi məhv ediblər. Budur erməni xalqının “mədəni” siması!

Azərbaycan xalqı isə qurub-yaradan xalqdır. Müharibədən sonra Ermənistan mətbuatında iddia olunurdu ki, Azərbaycanın işğaldan azad olunan əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud buna onilliklər lazım gələcək. Ancaq güclü və məsuliyyətli Azərbaycan dövləti belə təsəvvürləri alt-üst etdi. Prezident İlham Əliyevin göstərişləri əsasında azad ərazilərin bərpasına İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra start verildi. Tarixi qələbədən sonra ölkəmiz Böyük Qayıdışa hədəfləndi.

Qalib Azərbaycan azad ərazilərin bərpasında da dünyaya nümunə göstərir. Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla tamalanmaq üzrədir və yeni belə proqram da artıq hazırdır. Son altı ildə bu ərazilərdə otuz illik işğalın kədərli nəticələrinin aradan qaldırılması, infrastruktur quruculiuğu, yaşayış məntəqələrinin bərpası və məskunlaşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Qarabağ yenidən dirçəlir. Artıq 40 mindən çox keçmiş azərbaycanlı məcburi köçkün Qarabağa qayıdıb və daha çoxu da qayıdacaq. Bu, böyük qürurdur. 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Qarabağda təxminən 93 min mülki şəxs yaşayır, işləyir və təhsil alır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30