Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Səfirlər konfransı” - perspektivlər, gözləntilər...

“Səfirlər konfransı” - perspektivlər, gözləntilər...

10.08.2022 [10:04]

Türkiyə yeni dövrün qlobal güc mərkəzi rolunda

Pərviz SADAYOĞLU

Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazın inkişaf formuludur

Mühüm strateji bölgələrdən olan Cənubi Qafqazın əsas iqtisadi, hərbi və siyasi güc mərkəzinə çevrilməyi bacarmış Azərbaycan - Türkiyə birliyi bütün parametrlər üzrə beynəlxalq aləmə uğurla inteqrasiya etməkdədir. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə özünün hərbi qüdrətini dünyaya nümayiş etdirən bu birlik qarşıdakı mərhələdə təşəbbüskarı olduğu iqtisadi layihələrlə yeni beynəlxalq logistik xətt yaradır. Məhz Azərbaycan-Türkiyə əməkdaşlığının, birliyinin təminatı altında Zəngəzur dəhlizi dünyanın yeni iqtisadi aortasına çevrilmə perspektivi qazanıb. 

Avqustun 5-də Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan Soçi görüşü isə qarşıdakı dövr üçün siyasi münasibətlərin trayektoriyasını müəyyənləşdirəcək mühüm amillərdən sayılır. İndiki halda regional və Ukraynanın fonunda subregional sabitliyin əldə olunması, Qafqazın iqtisadi potensialının tam üzə çıxarılması, Yaxın Şərqin onilliklərdir davam edən problemlərinin həllində irəliləyişə nail olunması kifayət qədər bu mühüm prosesin inkişafından asılı olacaq.

Qarşılıqlı maraqlar bütün sferalarda qorunur

Soçi görüşünün ardından Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı isə yeni siyasi şəkilləndirmənin sərhədlərini və istiqamətlərini müəyyənləşdirdi. Təsadüfi deyil ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu giriş nitqində Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətlərinin və qardaşlıq əlaqələrinin xüsusi xarakter daşıdığını dilə gətirib. Türkiyəli nazir regional sabitlik məsələsinə diqqət yönəldərək vurğulayıb ki, Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik: “Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!”

Əslində bu fikirlər Türkiyənin rəsmi dövlət mövqeyi olmaqla, o cümlədən xarici diplomatiya idarəsinin rəhbərinin hər zamankı kimi dostluğa və qardaşlığa verdiyi böyük qiymətlə yanaşı bütün dünyaya çağırış idi. Nəzərə alsaq ki, konfransın auditoriyası Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarından təşkil olunmuşdu Çavuşoğlunun bu bəyanatı onların iş prinsipinin əsas tezisini təşkil edir desək, yanılmarıq. XİN rəhbərinin “Biz Ermənistana xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”, fikri yalnız rəsmi İrəvana deyil, Soçi görüşünün ardından bəzi mücərrəd iddialar ortaya qoymağa çalışan dairə və dövlətlərə də mühüm bir mesajdır.

Soçi görüşünün nəticəsi - sabitlik və inkişaf üçün səfərbər olmaq

Türkiyəli nazirin toxunduğu ən maraqlı məqamlardan biri də Azərbaycanla siyasi məsləhətləşmələr məsələsi oldu. Belə ki, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyəti dəyərləndirən natiq bildirdi ki, Ermənistan ilə ayrı-ayrılıqda həyata keçirilən normallaşma prosesini də paralel aparırıq və bir-birimizə hər mərhələdə məlumat veririk, fikir mübadiləsi aparırıq və yeri gəldiyində kritik nöqtələrdə necə addım atacağımızla bağlı birgə qərar veririk. Bu, “Şuşa Bəyannaməsi” ilə rəsmi müttəfiq statusu qazanan iki ölkənin bütün sferalarda - hətta siyasi müzakirələrdə belə qarşılıqlı maraqlarının qorunduğunu bariz şəkildə ortaya qoyur.

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin də Qarabağdakı durumla bağlı tezisləri olduqca pozitivdir: “44 günlük mübarizə nəticəsində Qarabağ öz azadlığına qovuşdu və 30 illik işğala son qoyuldu. Biz bu tarixi fürsətin boşa getməməsi üçün çox çalışırıq. Qafqazda davamlı sülh yolunda mühüm nailiyyətlər əldə etmişik. Paşinyanla çox konstruktiv görüşümüz oldu. İnanıram ki, Ermənistan çağırışlara cavab verdikdə regionumuz qısa müddətdə sabitləşəcək”.

Bu fikir qarşıdakı dövr üçün mühüm irəliləyiş anonsudur. Və bu anonsun Soçi görüşündən sonra səsləndirilməsi olduqca mühüm faktordur. Yeni dövrdə regionda sabitliyin və təhlükəsizliyin qarant altında olması üçün artıq bütün tərəflər öz gücünü tam səfərbər edəcək. 

Yeni dövr güclərin təmərküzləşməsini tələb edir

Təbii ki, Türkiyənin bu səyləri də birtərəfli deyil. Azərbaycan hər zaman, hətta, “Şuşa Bəyannaməsi”ndən öncə belə Türkiyənin maraqlarını qorumağı üstün tutur. Konfransda çıxış edən Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxışı zamanı erməni iftira və hücumlarına münasibətdə Prezident İlham Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!” sözlərini xatırlatmaqla bir daha qardaşlığın, dostluğun bir öhdəlik olmadığını, imzalarla təsdiqə ehtiyac duymadığını ortaya qoydu. Beynəlxalq ədalətin təsis olunmasında bu gün qardaş Türkiyənin səylərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramovun qeyd etdiyi fikirlər xarici siyasət platformasındakı gələcək əməkdaşlığın, birliyin istiqamətlərini  də müəyyənləşdirmiş oldu: “Əminik ki, Türkiyənin olmadığı bir platformada Azərbaycanın tətbiq etdiyi kimi, bizim olmadığımız bir yerdə səsimizin, sözümüzün eşidilməsini qardaş Türkiyənin diplomatları həyata keçirirlər. Türkiyə bir çox digər sahələrdə olduğu kimi, həm də diplomatiyada yeniliklərin ortaya çıxması və tətbiqində qabaqcıl ölkələrdən birinə çevrilmişdir”.

Yeni dövr güclərin təmərküzləşməsini tələb edir. İndiki halda Azərbaycanla Türkiyənin səyləri ilə yanaşı güclərinin də birləşdirilməsi və qonşu dövlətlərin də bu platformada iştirakının təmin edilməsi böyük iqtisadi perspektiv vəd edir. Bu, Cənubi Qafqazın XXI yüzillik üçün önəminin bir neçə dəfə artmasına yol açacaq. Başqa sözlə, “Səfirlər konfransı” regional güc mərkəzindən qlobal güc mərkəzinə inteqrasiya edən birliyimizin təqdimat mərasimi də adlana bilər.

Türkiyənin hədəfləri  - terrora yer yoxdur

“Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı həm də Türkiyə xarici siyasət kursunun mühüm istiqamətlərini və hədəflərini müəyyənləşdirdi. Onilliklərdir ki, terrorizmə qarşı mübarizə kimi qlobal bir işin öhdəsindən ustalıqla gələn rəsmi Ankara bu yolda səylərini daha da gücləndirəcəyini bəyan etdi. “Bütün dünya bilir ki, biz terror təhlükələrini aradan qaldırmaq əzmindəyik. Əməliyyatlarla separatçı terror təşkilatının belini qırdıq. Biz bütün dünyaya göstərdik ki, regionumuzun gələcəyində terrora yer yoxdur”. Bu fikirlər cənab Ərdoğanın və bütövlükdə Türkiyə Cümhuriyyətinin terrorla mübarizəsinin ən mühüm ştrixləridir. “Regionumuzda terrora yer yoxdur” notası həm Türkiyənin daxilindəki separatçılara, həm Cənubi Qafqazda təhlükəsizliyə təhdid yaradan qüvvələrə, həm də fərqli xarici dəstəklərə arxayın olan qruplaşmalara şamildir. Ən əsası isə özünü dünyada “demokratiya jandarmı” kimi təqdim etməyə çalışan bəzi dövlət və ya mərkəzlərin problem həll etmək adı altında yüzlərlə yeni problem ixrac etmək cəhdləri artıq fiaskoya uğrayacaq. Regional əməkdaşlıq və gələcək hədəflər terroru və onu dəstəkləyənləri tam şəkildə istisna edir.

Türkiyənin böyük bir coğrafi arealda həm də sabitləşdirici faktor kimi çıxış etməsi sözügedən konfransda bir daha təsdiqləndi. Prezident Ərdoğanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı “Bölgəmizdə sakitlik yaranana qədər mübarizəmizi davam etdirəcəyik” fikri mühüm elementdir. Qısa zamanda taxıl dəhlizinin formalaşdırılmasına nail olan, hətta tərəflər arasında humanitar danışıqları təmin edən rəsmi Ankara qlobal müharibələrə qarşı münasibətini də ortaya qoyur. Cənubi Qafqazda sülh uğrunda mübarizə aparan Türkiyə qlobal müstəvidə də analoji müsbət nəticələrə can atır. Prosesin inkişafı isə qardaş ölkənin buna nail olacağı ilə bağlı böyük ümidlər yaradır. Çünki Türkiyə bütün tərəflərin etimad və etibar etdiyi tək ünvandır...

Rəsmi Ankara tələb edir - verilən vədlərə əməl olunsun!

Aylardır ki, mühüm müzakirə predmetinə çevrilmiş NATO-nun şimala doğru genişlənmə planı məsələsi bir daha aktuallaşdı. Bir müddət öncə Türkiyənin şərtlərinə boyun əyərək NATO qapısını açmağa çalışan Finlandiya və İsveç imzalanan memoranduma əməl etməlidir. Əks halda... Prezident Ərdoğan öz çıxışında bu məsələni də qəti qoydu: “Verilən vədlər yerinə yetirilməsə, Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. Küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Finlandiya və İsveçlə bağlı aydın və qətiyyətli mövqeyimizi qoruyuruq. Türkiyə vədlər yerinə yetirilmədən bu iki ölkənin üzvlüyünü təsdiq etməyəcək”.

Qəti və birmənalı mövqe. Türkiyənin davranışı onun dövlət siyasəti ilə tam üst-üstə düşür - terrora qarşı mübarizə və terroru müdafiə edənlərə güzəşt etməmək. Beləliklə, NATO yenidən seçim qarşısında qala bilər. Amma şimal alyansı unutmamalıdır ki, bu dəfə müqayisə predmeti fərqlidir. Türkiyəni itirmək ən azından Yaxın Şərqi, Cənubi Qafqazı, hətta müəyyən mənada Şərqi və Cənubi Avropanı itirməkdir. Türkiyəni itirmək NATO ilə ərəb dünyası arasındakı əlaqələrə böyük zərbədir. Bu faktları daha da genişləndirmək olar. Bütövlükdə, Türkiyə bu gün istər hərbi, istərsə də siyasi platformada Avropanın ən aparıcı gücüdür - bunu unutmaq olmaz.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30