Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ və Rusiya BMT-nin çağırışına “hə” deyəcəklərmi?

ABŞ və Rusiya BMT-nin çağırışına “hə” deyəcəklərmi?

16.08.2022 [10:45]

START müqaviləsindən imtina və yaxud qlobal təhlükəsizliyin “qızıl qaydası” təhlükədə

Mübariz FEYİZLİ

Hazırda artan geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq ictimaiyyəti narahat edən ən aktual məsələlərdən biri “Nüvə müharibəsi başlayacaqmı” sualı ilə bağlıdır. Artan narahatlıqlar fonunda aydın şəkildə etiraf olunur ki, nüvə müharibəsi heç bir dövlətə, hətta geniş arsenala malik ölkələrin özlərinə belə fayda gətirməyəcək, əksinə bundan bütün bəşəriyyət miqyası təsəvvür edilməyəcək qədər böyük ziyan çəkəcək.

Belə çətin şəraitdə dünyada nüvə dövlətlərinin sayı çox olsa da, nəzərlər əsasən iki supergüc dövlətə - Amerika Birləşmiş Ştatlarına və Rusiyaya dikilib. Bu da başadüşüləndir - bəhs olunan dövlətlər böyük nüvə potensialına malikdirlər. Səbəb həm də yalnız bu deyil. Məsələ burasındadır ki, ABŞ və Rusiyanın mövqeyi bir sıra məsələlərdə tamam əks-qütblərdə dayanır. Onlar dünyada nüfuz savaşı aparırlar, bir-birləri ilə rəqabətdədirlər və bu rəqabət bir sıra hallarda açıq müstəviyə keçərək qarşıdurma səviyyəsinədək yüksəlir. Rusiya-Ukrayna müharibəsi iki supergüc dövlət arasında münasibətləri daha da sərtləşdirib. Müharibədə Rusiyaya qarşı formalaşan koalisiyanın “xaç atası” qismində məhz ABŞ çıxış edir. Bu ölkə Rusiyaya qarşı yalnız sanksiyalar tətbiq etmir, həm də müharibənin digər tərəfi olan Ukraynaya güclü silah təchizatı dəstəyi göstərir. Bu günlərdə ABŞ bəyan edib ki, bu ölkədən Ukraynaya nə qədər silah lazımdırsa, tədarük olunacaq. Bunun təsdiqi olaraq ABŞ Müdafiə Nazirliyi Ukraynaya daha 1 milyard dollarlıq yeni hərbi yardım paketinə icazə verib.

START-ı kim xilas edəcək?

Bu günlərdə Rusiya mətbuatında dünyanı, sözün əsl mənasında, lərzəyə gətirən məlumat yayıldı. Söhbət bu ölkənin ABŞ-la imzalanan strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin (START - Strategic Arms Reduction Treaty) təftiş seqmentindən müvəqqəti imtina etməsindən gedir. Rəsmi dairələrdən gələn məlumatda Rusiyanın öz nüvə obyektlərini müvəqqəti qaydada təftişlərdən kənarda saxlayacağı bildirilir.  Məlumatda belə bir addımın müvəqqəti xarakter daşıdığı vurğulansa da, nüvə fəaliyyətinin gizli davam etdirilməsi niyyəti ortadadır. Bu isə suallar, narahatlıqlar doğurmaya bilməz.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqqında ilk müqavilə 1991-ci ilin iyulunda imzalanıb. Müqaviləyə əsasən hər iki ölkə nüvə başlıqlarının və onları daşıyan texnikanın ixtisarına dair üzərilərinə öhdəliklər götürüblər. 1992-ci ildə Belarus, Qazaxıstan və Ukraynanın sözügedən müqaviləyə qoşulmasını təsbit edən əlavə protokol imzalanıb. Sonrakı mərhələdə iki dövlət arasında daha bir neçə dəfə START müqavilələri imzalanıb. Sonuncu dəfə Rusiya və ABŞ arasında START müqaviləsi 2021-ci il 3 fevral tarixində yenilənib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yenilənmiş müqavilə ilə bağlı yaydığı məlumatda vurğulanır: “Fevralın 3-də Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Səfirliyi arasında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilənin uzadılmasına dair müqavilənin qüvvəyə minməsi üçün lazım olan daxili prosedurların tamamlanması barədə nota mübadiləsi aparılıb. Müvafiq olaraq, bu müqavilə qüvvəyə minib. Beləliklə, müqavilə heç bir dəyişiklik və əlavə edilmədən 5 fevral 2026-cı il tarixinədək imzalandığı formada qüvvədə olacaq”.

İndiyədək START müqaviləsi beynəlxalq səviyyədə qlobal təhlükəsizliyin “qızıl qaydası” kimi səciyyələndirilirdi. Burada həqiqət payı da yox deyil. İnsafən, həm Rusiya, həm də ABŞ qarşılıqlı informasiya mübadiləsini həyata keçirir, nüvə başlıqlarının və onları daşıyan texnikanın ixtisarı ilə bağlı öhdəliklərinə əməl edirdilər. Hər iki ölkədə beynəlxalq səviyyəli inspektorların nüvə obyektlərində təftişlər aparmalarına da hansısa əngəllər yaradılmırdı.

Belə görünür ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-la şimal qonşumuz arasında etimad limitini tamam tükədib. İş o yerə çatıb ki, 30 illik tarixə malik START müqaviləsindən imtina olunur. Bu geridönüş isə qlobal təhlükəsizliyin “qızıl qaydası”nın özünün ciddi təhdidlərlə üz-üzə qalması anlamına gəlir. İndiyədək dünyanı nüvə təhlükəsindən xilas edən START-ı indi kim xilas edəcək?

BMT-dən çağırış

İki güclü nüvə dövlətinin münasibətlərinin açıq qarşıdurma səviyyəsinə yüksəlməsi qlobal miqyasda narahatlıqları pik həddədək artırıb. Dünya bu iki dövlətdən birinin hansısa formada nüvə düyməsini basacağından əndişələnir. İş o yerə çatıb ki, ABŞ-la Rusiya arasında qarşıdurmanın miqyasının genişlənməsindən yaranan narahatlıqlar Birləşmiş Millətlər Təşkilatı səviyyəsində də açıq mətnlə ifadə olub. Qurumun Baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak təşkilatın Rusiya və ABŞ-ı strateji hücum silahları haqqında müqavilə üzrə bütün məsələləri həll etməyə və müfəttişləri nüvə obyektləri üzrə təftişlərə buraxmağa icazə vermələrinə  çağırdığını bildirib. Xak vurğulayıb ki, ABŞ-la Rusiya arasında nüvə silahlarına nəzarət üzrə əldə olunan razılaşma dünyada sülhün, təhlükəsizliyin, nüvə silahının yayılmamasının, onun ixtisarının aparılmasının mühüm elementidir. “Hər iki ölkə bütün məsələləri həll etməli və müfəttişlərin öz işlərinə qayıtmalarına razılıq verməlidirlər”, - deyə BMT rəsmisi vurğulayıb.

Tərəflər “hazırıq” desələr də...

“ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı 3-cü müqaviləni əvəz edəcək yeni silahlara nəzarət sistemini müzakirə etməyə hazırdır. Moskva birgə işə hazır olduğunu nümayiş etdirməlidir”. Bu barədə ABŞ prezidenti Co Bayden BMT-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsində iştirak edən ölkələrin konfransının açılışında deyib. “Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan START-3-ü əvəz etmək üçün yeni silahlara nəzarət sistemi ilə bağlı dərhal danışıqlar aparmağa hazırdır. Rusiya nüvə silahlarına nəzarət üzrə ABŞ-la işi bərpa etməyə hazır olduğunu nümayiş etdirməlidir”, - ABŞ-ın dövlət başçısının bəyanatında vurğulanır.

Rusiyanın rəsmi dairələrində də nüvə silahlarının məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı müxtəlif açıqlamalar verilməkdədir. Ancaq tərəflərin strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı danışıqlara hazırıq bəyanatları vermələrinə rəğmən, bunu inkar edən davranışlar da diqqətdən kənarda qala bilməz. Son günlərdə Rusiya rəsmilərindən ABŞ-ın ünvanına Zaporojyedəki atom elektrik stansiyasına hücumlar həyata keçirən Ukraynaya dəstək verməklə bağlı ittihamlar səsləndirilir. Belə ittihamlarda xüsusi olaraq vurğulanır ki, sözügedən nüvə obyektinə hücumlar qlobal texnogen faciyəyə gətirib çıxarda bilər. Rusiya tərəfi, həmçinin ABŞ-a qarşı “bütün üçüncü ölkələrdən nüvə silahlarını geri qaytarmaq” tələbini irəli sürüb. Bildirilir ki, ABŞ-ın nüvə silahlarını digər ölkələrin ərazilərində yerləşdirməsi və saxlaması qəbuledilməzdir.

Nüvə ittihamları, həmçinin okeanın o tayından gəlməkdədir. Məsələn, Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib ki, ölkəsi Rusiyanı Ukraynadakı nüvə obyektlərinin yaxınlığında hərbi əməliyyatları dayandırmağa və bu obyektləri Kiyevin nəzarətinə verməyə çağırır. Qarşılıqlı ittihamlardan da göründüyü kimi, iki supergüc dövlət START müqaviləsindən çox uzaqlaşıblar. Bizə isə nüvə düyməsinin heç vaxt basılmamasını arzulamaq qalır.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30