Heydər Əliyev
yeni azerbaycan logo

Kuklaxana

03.05.2024 [11:00]

Henrik İbsenin “Oyuncaq ev” pyesi haqqında

Advokat Torvald Helmerin ailəsi milad bayramına hazırlaşır. Torvaldın xanımı Nora ərinə, üç övladına bahalı bayram hədiyyələri almaqla yenə tələfxərcliyə yol verib. Ancaq qadın bu dəfə əlini əsdirməyib, ürəkli tərpənib, çünki onun əri yeni ildən bank direktoru vəzifəsində çalışacaq, yaxşı donluq alacaq, ailənin ehtiyac çəkdiyi, qənaətlə yaşadığı zaman geridə qalacaq. Doğrudur, Torvaldın ilk maaşı üç aydan sonra əlinə gələcək, amma qorxusu yoxdur, ona qədər birtəhər keçinəcəklər.

Özünə isə Nora heç nə almayıb. Əri ondan ürəyindən nə keçdiyini soruşanda qadın deyir ki, hədiyyə istəmir, yaxşı olar Torvald ona pul versin.

Az keçmiş Noranın keçmiş rəfiqəsi fru Linne qapıdan girir. Nora əvvəl-əvvəl onu tanımır, aradan keçən on ildə bacılığı çox dəyişib. Məlum olur ki, fru Linne üç il qabaq dul qalıb, övladı da yoxdur. Əri işlərini yaxşı qurmadığından özündən sonra qalan sərvəti də batıb. İndi qadın ata yurduna qayıdıb ki, özünə buralarda bir iş-güc tapsın.

Bəxtəvərlikdən bərq vuran Nora özü də bu ötən illər ərzində dərd-sərsiz, qayğısız yaşamayıb. Evliliklərinin ilk ilində Torvald dolanışıq ucbatından əsas işindən əlavə işlər də götürüb, qulluqdan evə dönəndən sonra gecəyarıya qədər kabinetində çalışıb. Nəticədə onu təhlükəli xəstəlik tapıb, həkimlər xəstəni yalnız cənub iqliminin qurtara biləcəyini deyiblər.

Onlar bütöv bir ili İtaliyada keçiriblər, bu isə çox bahalı istirahətdir. Nora Torvalda səfər üçün lazım olan pulu atasından aldığını desə də, əslində, ərini aldadıb; qadın pulu bir sələmçidən götürüb, o vaxtdan hər ayın biri Nora həmin cənaba faiz ödəyir. Bu səbəbdən ərinin bazarlıq üçün verdiyi pulları qənaətlə xərcləyir, bahalı adıyla özünə ucuz paltarlar alır. Fru Linnenin ağlına ayrı şey gəlməsin deyə Nora onu inandırır ki, pulu veksellə alıb, faizini də gecikdirmir.

***

Nora rəfiqəsinə iş düzəltməyi ərindən xahiş eləyir. Torvald yaxınlarda bankda bir yerin boşalacağını deyib bacılıqları razı salır. Bu vaxt Kroqstad adlı bir cənab içəri girib advokatla (artıq direktorla!) danışmaq istədiyini bildirir. Məlum olur ki, Helmerin işdən azad eləmək istədiyi adam budur. Onun arvadı ölüb, çoxlu övladı var.

Kroqstad işində yol verdiyi saxtakarlığa görə reputasiyası korlanmış məmurdur, özü də Torvaldın uşaqlıq yoldaşıdır. Noranın illər qabaq sələmə pul götürdüyü adam da bir özgəsi yox, məhz odur. Fru Linne də onu tanıyır.

Fəqət saxtakar təkcə Kroqstad deyil, Noranın da ilişəcək yeri var. Məsələ burasındadır ki, Nora ərini İtaliyaya aparmaq üçün sələmə pul götürəndə atası ona zamin durmalıymış. Həmin ərəfədə ata ölür, onun ölümündən üç gün sonra Nora atasının yerinə sənədə qol çəkir. Bu, cinayət əməli olsa da, Nora özünü suçlu saymır; onun fikrincə, qadın can verən atasını əziyyətə salmamaq, sevimli ərini ölümdən qurtarmaq naminə qanunu pozubsa, demək, onu bu işi görməyə vadar eləyən, yaxşılığa zəncir vuran qanunlar özü pisdir. Əsas odur ki, qadın analıq, xanımlıq vəzifəsini vicdanla yerinə yetirir, boğazından kəsib borcunu vaxtlı-vaxtında ödəyir.

Amma qanun, məhkəmə, dövlət mərhəmət qanunlarıyla işləmir, onların ürəyi yoxdur, yalnız ağlı, məntiqi var. Odur ki, Nora mənəvi cəhətdən olmasa da, hüquqi baxımdan suçludur. Əgər qadın ərinə dirəşib Kroqstadın işində qalmasına yardım göstərməsə, sələmçi cinayətin üstünü açıb, yenicə hamar yola çıxmış ailəyə böyük zərbə vuracaq. Kroqstad öz tələbini tam haqlı sayır, çünki onun da balaları var, o da evinə çörək aparmaq istəyir.

Ümumiyyətlə, bu əsərdə haqsız personaj yoxdur, hamı özlüyündə haqlıdır, ona görə ki, obrazlar arasında ümumi mənəvi prinsip, ortaq əxlaqi dəyər yoxdur, hər kəs üçün yalnız eqoistik marağı, şəxsi mənfəəti var, hər kəs öz nəfinin keşikçisidir. Başqa sözlə, onlar ilahi təmas hissindən məhrumdurlar, hamısı fələyin səhnədə oynadıb bir-birinin üstünə qısqırtdığı kuklalardır.

***

Torvald uşaqlıq yoldaşını təkcə işdə yol verdiyi nöqsana görə uzaqlaşdırmaq istəmir. Ona xoş gəlməyən həm də budur ki, Kroqstad uşaqlıqdan qalma bir vərdişlə direktora ərkyana münasibət göstərir, onu adıyla çağırır, ona “sən” deyə müraciət eləyir.

Noranın yalvarışları ərini yumşaltmır, Helmer Kroqstadı işdən çıxarır. Onda Kroqstad əlacsız qalıb açıq şantaja keçir, məsələni Torvalda açacağıyla qadını hədələyir. Bundan sonra isə, bəlli ki, ailə çat verəcək.

Nora başını itirib çıxış yolu axtarır. Helmerlərin ailə dostu, hər gün onlarla birgə nahar eləyən, ölümcül xəstəliyə mübtəla olmuş kimsəsiz doktor Rankdan borc almaq istəyir. Fəqət doktor söhbət əsnasında nə zamandır onu sevdiyini deyir, bundan sonra Nora ondan pul almaq fikrindən vaz keçir.

Kroqstad bir məktub yazıb Torvaldın poçt qutusuna atır. Artıq onun iddiası böyüyüb, nə pul, nə də işinə bərpa olunmaq - əvvəlkindən daha böyük vəzifə istəyir. Noranın başı üstünü fəlakət buludu alıb, qadın intihar barədə düşünməyə başlayıb. Vəzifəsindən uzaqlaşdırılandan sonra bir az da qəddarlaşmış Kroqstad isə onu inandırmağa çalışır ki, Noranı rüsvaylıqdan ölüm də qurtara bilməyəcək, ər-arvadın onun şərtlərini yerinə yetirməkdən başqa yolu qalmayıb.

***

Bu aralar əsərdə personajların ömründən çoxdan silinmiş başqa bir səhifə açılır. Bəlli olur ki, fru Linne bir zaman Kroqstadın sevgilisi olub. Fəqət ehtiyac üzündən sevmədiyi varlı kişiyə ərə getməyə məcbur qalıb. Kroqstad var-dövlət xatirinə yaşlı kişinin təklifinə razılıq verdiyini onun üzünə vuranda Linne o vaxt başqa seçimi olmadığını, onun yetərincə qazanacağı günü gözləyə bilmədiyini, xəstə anasını, iki balaca qardaşını xilas eləmək üçün sevmədiyi insanla ailə qurduğunu söyləyir. Artıq anası ölüb, qardaşları başlarını dolandırırlar. İndi fru Linnenin kiminsə qayğısını çəkməyə ehtiyacı var, o, keçmiş sevgilisinin anadan yetim qalmış övladlarına yaxşı ana olacaq.

Kroqstad əvvəl-əvvəl rəfiqəsini xilas eləmək üçün Linnenin rola girdiyini düşünür, boşaltdığı vəzifəyə təyinat almaqla qadının ona həyatında ikinci zərbəni vurduğunu, Linnenin səmimiliyinə inanmadığını açıq dilə gətirir. Ancaq söhbət uzandıqca keçmiş sevgilisi onu doğruluğuna inandırır, belə çıxır ki, fru Linnenin alacağı donluq elə Kroqstadın balalarına xərclənəcək.

Bundan sonra Kroqstad şantaja əl atdığına peşman olur, ancaq artıq iş işdən keçib, onun məktubu Helmerin poçt qutusundadır. Düşünür ki, konvert açılmadan məktubunu geri istəsin. Ancaq fru Linne onu fikrindən daşındırır, ağıllı, tədbirli qadının fikrincə, Torvaldın hər şeydən xəbər tutması işin xeyrinədir, necə deyərlər, örtülü bazar əvvəl-axır dostluğu pozacaq.

***

Kroqstadın məktubunu oxuyanda Helmer havalanıb özündən çıxır. Bəs necə, onun iri addımlarla irəliləyən karyerası ölümcül zərbə altındadır, hamı elə biləcək Noranı bu cinayətə Torvald təhrik eləyib. Cəmiyyətin gözündə qadının yenə bəraəti var, çünki onun qanun-qaydadan başı çıxmır, fəqət bir vəkil üçün bu, ikiqat, üçqat cinayət sayılmalıdır. Bundan sonra Helmer Kroqstad kimi çirkin məxluqun hakimiyyəti altına düşəcək, onun göstərişlərini yerinə yetirməyə, ona nifrətini udmağa məcbur olacaq.

Sən demə, onun sevimli kuklası, sadəlövh ceyranı bu neçə il ərzində ərinin kürəyinin arxasında iş görür, günah, qəbahət, cinayət toxumları becərirmiş. İndi həmin toxumlar bar-bəhrə verib, bu zəhərli meyvələri yemək zamanı gəlib!

Torvald həyəcan içində çıxış yolu axtarır. Nora artıq uşaqlarla təmasda ola bilməz, belə qadına uşaqların tərbiyəsini tapşırmaq mümkün deyil. Balacalara dayə baxacaq. Cəmiyyət arasında özlərini heç nə olmamış kimi aparacaqlar. Nora ər evində oturacaq, ancaq onlar əvvəlki kimi ər-arvad olmayacaqlar, yəni otaqlarını ayıracaqlar.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31