Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / 100 illik məktublar...

100 illik məktublar...

11.08.2022 [10:41]

Əvvəli ötən sayımızda

Bəllidir ki, Azərbaycan mətbuatı ayaq tutandan sonra ədiblərimizin, fikir adamlarımızın, ictimai xadimlərimizin çoxu öz peşəsiylə yanaşı qəzetçilik fəaliyyəti, jurnalistika ilə də məşğul olub. Bu da təbiidir, çünki mətbuat onların fikirlərinin, ideyalarının geniş kütlə arasında yayılması üçün əvəzsiz bir vasitə idi. Elə qələm adamları da var ki, onların poeziyaya, nəsrə, dramaturgiyaya yolu jurnalistikadan, qəzetçilikdən keçib. Bəzi ədiblərimiz bu iki sahə ilə paralel məşğul olublar, bəzi yazıçılarımızın isə yaradıcılığı jurnalistika ilə ədəbiyyatın qovuşağında yerləşir ki, onların əsərlərində bədii sözlə publisistikanı bir-birindən ayırmaq çətin olur. Bu baxımdan böyük şairimiz Səməd Vurğun (1906-1956) da istisna deyil. Şair bədii yaradıcılığa çox erkən başlasa da, gəncliyində “Müxbir məktubları” adı altında Azərbaycanın qərb bölgələrindəki sosial-iqtisadi, mədəni-ictimai vəziyyətlə bağlı mərkəzi mətbuata vaxtaşırı qeydlər yazıb göndərib. Ölkəmizin tarixi, xalqımızın keçmişi baxımından həm maraqlı, həm də əhəmiyyətli olduğunu nəzərə alıb bu yazıları çağdaş oxucunun diqqətinə çatdırmağı qərara aldıq. Ümidvarıq bu işlər yalnız Səməd Vurğunun müxbirlik fəaliyyətini xatırlatmaqla bitməyəcək, başqa görkəmli ədiblərimizin, klassik şair və yazıçılarımızın, ictimai xadimlərimizin, fikir adamlarımızın jurnalist yazılarını da zaman-zaman oxucularımıza təqdim edəcəyik. Beləliklə,

Müxbir məktubları

Gəncə qəzasında

Şura idarələrində süründürmə artır. Aparatı işçiləşdirmək yolunda ciddi tədbirlər görülməlidir. Xəstəxana tikmək işləri üzərində kontrol qüvvətləndirilməli və yaramaz şəxslər işdən kənar edilməlidir.

Bakıda Şura aparatını işçiləşdirmək xüsusunda ciddi işlər gedirsə də, Gəncədə hələ bu barədə lazımi çarələr görülmür. Qəza icraiyyə komitəsi və qeyri idarələrə bir iş üçün müraciət edən əməkçilər saatlar, hətta bəzən günlərlə gözləməyə məcbur olurlar. Bəzi vaxt kabinə qapısı bağlanır, iş zamanı müşavirə və xüsusi söhbətlər olur. Belə hallar ərizəhalçılar arasında böyük narazılığa səbəb olur. Qəza Şura aparatında işçi və kəndlilərin sayı olduqca azdır. Bu cəhət dəxi bürokratizmin artmasına təsirsiz qalmır. Xidmət işlərindən ötrü buraxılan benzin Slavyanka və Hacıkənd yolunda xüsusi səyahətlərə dəxi sərf olunur.

Türk qəzetlərində yazılan müxbir məktubları və ciddi tənqidlərə əhəmiyyət verilmir. Qəzada varlı şəxs, qolçomaqların nüfuzu çox qüvvətlidir. Şəhərdə bəzi milliləşdirilmiş evlər köhnə sahiblərinə qaytarılır. Bu cümlədən çarıqçı Hüseyn kimi keçmişdə böyük bağ, iki-üç ev sahibi olan şəxslərə də evləri geri qaytarılır. Hal-hazırda bu şəxsin Uzan və Əttarlar küçələrində ikimərtəbəli və hərəsi 8-9 otaqdan ibarət evləri, kənddə yeri, xüsusi kənd təsərrüfat maşınları və olduqca böyük taxıl ticarəti və qeyri əmlakı vardır.

Qəzetimizin 160-cı nömrəsində torpaq qurdlarından bir neçəsinin adı yazılmışdı. Onlardan Hacı Qurban oğlu Talıb Yunis və Zağalı Qəhrəman kənd torpaqlarını mənimsəməklə kifayətlənməyərək, şəhər torpaqlarına da yiyələnməkdədirlər. Zağalı Qəhrəman iyun və iyul ayında şəhərdə üç böyük ev almışdır: birinci 4 min manata Toyuqçu məhəlləsində, ikinci 7 min manata Əzizbəyov küçəsində, üçüncü 6 min 500 manata Qasım İsmayılov küçəsində. Bu son mülk 13 otaqlı və keçmişdə milliləşmiş ev idi. Son illərdə nə cür olmuşsa sahibinə qaytarılmış və onun tərəfindən satılmışdır. Bu bina türk firqə-şura məktəbinə bitişikdir. Firqə məktəbi bina cəhətdən böyük ehtiyac içində olduğu halda, milliləşmiş bu binanın neçə yerdə mülkü olan iki xan qızına qaytarılması maraqlıdır. Kəndlilər bu mülklərə baxaraq: “Əvvəl də qəhrəman idi, indi də qəhrəman” deyirlər.

Gəncədə proletar ruhlu doktorların olmaması və səhiyyə işlərinin əksəriyyətlə köhnə ruhlu şəxslər əlində olması haqqında çox yazılmışdır.

Biz burada bir neçə dairələrdə tikilən xəstəxanalardan bəhs etmək istəyirik. Bu tikiliş işlərini bəzzaz dükanını bağlayıb “inşaat” işlərinə başlayan Məşədi Əyyub idarə edir. Bu şəxs özünü bir növlə həmkarlar ittifaqına da soxmuş və inşaat işlərinə müdir təyin edilmişdir. Bu şəxsin üzərində bir kontrol olmadığından istədiyini edir. Samuxdakı inşaat üzərində bir nəzarət olmadığından kərpicxana və 60 min kərpic məhv olub Kürə axmışdır. İki ildən bəri başlanan tikiş işləri yenə də qurtarmır. Dəliməmmədli, Dəstəfur dairələrində başlanan işlər yatır. Samux və Dəliməmmədli xəstəxanalarını keçən il oktyabr bayramında açmağı söz vermişdilər, olmadı. Sonra aprel bayramında açmağı vəd etdilər. Lakin bu fevral ili hələ gələcək oktyabrda da açmaq mümkün olmayacaqdır. Məşədi Əyyuba oraya gedib-gəlmək üçün hər dəfəsi on-on beş manat fayton pulu verilsə də, xəstəxanalar hələ açılmır. Havalar isti olduğundan indi Məşədi özünü dağa vermiş, Hacıbulaq yaylasında istirahət edir. Xəstəxana üçün materiallar Məşədinin qohum-qardaşlarının skladından gətirilir. Məşədi dostları ilə söhbət əsnasında “Şura hökumətinin atasına rəhmət oxumaqla” kef çəkir. Doktor Şahtaxtinski də artıq xərclərdən qorxmur.  Keçən il Slavyanka yaylasına gedərkən günü 20 manata bir fayton tutub, 25 gün istirahətdən sonra faytonçuya 25 günün pulunu vermişdi. Bu il də səfər başlanır. 70 min əhalisi olan şəhərdə yay zamanı xəstələrin sayı artır. Nədənsə bu poliklinikanın birisi yay zamanı münasibəti ilə bağlanmaqla xidmətçiləri və direktorları hamısı birdən məzuniyyətə buraxılmışdır. Əhali isə 10 saatlarla poliklinika qarşısında növbə gözləyir. 

Burun-qulaq xəstəlikləri doktoru məzuniyyətə getdiyi üçün onun yerində qalan bir nəfər qadın bu xəstəliklərdən heç bir şey anlamır. Bu qadın tərəfindən yazılmış reseptləri aptekdə “şəhərdə belə doktor yoxdur” deyə qəbul etmirlər.

1928

***

Səhlənkarlıq və bürokratizm bataqlığında

Gəncə qəzasında kollektiv təsərrüfatlar quruluşu və onların əhəmiyyəti barəsində çox danışılmışsa da, bu xüsusda çox az iş görülmüşdür. Qəzada müştərək təsərrüfatlar quruluşu üçün şərait olduqca yaxşıdır. Bu cümlədən Qasım İsmayılov dairəsində yeni salınmış Şura kəndinin əhalisi tamamilə kollektiv təsərrüfat üsuluna keçməyi qərara almış və bu xüsusda son iki ilin ərzində bunların müraciət etmədikləri bir idarə qalmamışdır. Bunların yazdıqları ərizələr müxtəlif  idarələrdə sürünə-sürünə gəzir. İki nəfər kənd nümayəndəsi da onun dalınca sürünürlər. Nəticədə bu il avqust ayında kollektiv təsərrüfatlar mərkəzindən gəlmiş Nağıyev yoldaş vasitəsilə burada iki artel təşkil olunur. Muzdur və yoxsul kəndlilər böyük bir sevinclə payız əkinlərinə hazırlaşmağa başlayırlar. Kəndlilər böyük bir səbirsizliklə bu artellərin tezliklə təsdiq olunması üçün çalışıb-çapalamağa başlayırlar. Kəndlilər 4 dəfə qəza torpaq şöbəsinə getdikdən sonra qəza torpaq şöbəsi müdiri nümayəndələrə belə bir cavab verir: “Canım, bu qədər başağrısı vermək olmaz ki, daha əl çəkin bizdən, gedin rahat oturun”.  Fəqət nümayəndələr əl çəkməyərək özlərinə qəti cavab verməsini xahiş edirlər. Müdir rəhmə gəlib belə cavab verir: “Gedin 3-4 yüz manat para toplayın. Yerölçənə pul lazımdır”.  Payız əkinlərinin vaxtı keçir. Artellər hələ təsdiq edilməmişlərdir. İkinci bir artel də Şəfqət kəndindədir. Bu artelin aran hissəsində torpaqla təmin etmək xüsusunda bir çarə görülmür. Səfikürd kəndində düzəlmiş maşın şirkətinin traktordan başqa bir maşını olmadığı kimi nə nizamnamə və nə də təftiş komisyonu vardır. Bircə sədr vardır ki, o da nə edəcəyini bilmir. Bunlara kömək etmək və işləri qaydaya salmaq məsələsinə kimsə fikir vermir. Bunların torpaq bölgüsü haqqında bütün müraciətlər cavabsız qalır. Kəndlərdə kollektiv təsərrüfatlarla maraqlananların sayı günü-gündən artırsa da, bu mühüm təsərrüfatlar üzərində rəhbərlik işləri hər cəhətdən axsayır.

Xalq torpaq komissarlığı tərəfindən Gəncəyə göndərilmiş qiymətli cins atların əbəs yerə minildiyini və atlara yaxşı baxılmadığını yazmışdıq. Bu yaxınlarda torpaq şöbəsi müdiri Kərim Bağırov yoldaş 2 manat avtomobilə verməyin dərdindən hökumətin 3 min manat qiymətində olan “Rast” atını minib Hacıkənd yaylağına gəzməyə gedir;  yolda atı bərk sürdüyündən at yıxılıb beli sınır və ölür. Atın necə və kim əlində tələf olmasını gizlədərək bir akt yazmaqla işin üstünü örtürlər. Kimsə məsələyə fikir vermir, “təsadüfi bir şeydir” - deyə keçirlər. Yoldaş Bağırov keçən il də qardaşının Gədəbəydən gəlinini götürməyə apardığı hökumət avtomobilini də xarab etmişdi. 

Vaxtı ilə qolçomaqlarla dostanə əlaqədə olması haqqında şiddətli tənqidə uğramış Xaçbulaq dairə icraiyyə komitəsi müdiri Qafarov kəndlilərin şikayətinə baxmamaqla kəndlilər arasında narazılığa səbəb olur. Qəza Şura aparatında bürokratizm və yaramaz ünsürlər haqqında yazılan tənqidlərə kimsə fikir vermir. Sentyabrın 5-6-da qəza icraiyyə komitəsində nə sədr, nə katib, nə təşkilat müdiri və nə də onun müavini tapılmırdı. Qapılar bağlı və otaqlar da boş idi. Şikayətə gələnlər avara qalmışdılar. Şəhərdə natəmizlik hər bir hüdudu keçmişsə də, bu xüsusda qəzetlərdə yazılan tənqidlərə kimsə fikir vermir.

Dəstəfur dairəsində məşhur quldurlar dəstəsinin ləğv edilməsi kəndli və şəhər əhalisi tərəfindən çox böyük məmnuniyyətlə qarşılanmışdır. Quldurlarla mübarizədə milislər böyük fədakarlıq göstərmişlərdir.

1928

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30