Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şuşa Bəyannaməsi: böyük Türk birliyinin simvolu

Şuşa Bəyannaməsi: böyük Türk birliyinin simvolu

15.06.2024 [09:45]

Geridə qalan 3 ildə...

XXI əsr “Türk əsri” adlandırılır. Təbii ki, bu fikrin arqumentləşdirilmiş təsdiqi həm də yaşadığımız yüzilin arxada qalan rübündə baş verənlərdir - türk xalqları arasında əlaqələrin gücləndirilməsi, dövlətlərarası münasibətlərin, xalqlararası etimad və inamın daha da yüksəldilməsi bu amili təsdiqləyir. Artıq böyük bir ailəyə çevrilmiş Türk dünyası yeni münasibətlər sistemi formalaşdırıb. Xüsusilə, iki qardaş ölkənin Azərbaycan ilə Turkiyənin arasındakı bağların möhkəmlənməsi, sarsılmazlığı, əbədiliyi çox mətləbdən xəbər verir. 

Bəli, Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsidir - bütün dünya üçün, xüsusilə Türk dünyası üçün bu nümunə sülhün - əmin amanlığın, etimadın və sevginin, ən çətin anda, ən xoş gündə yanaşı addımlamağın, çiyin-çiyinə dayanmağın etalonu kimi çıxış edir. İki ölkə arasında bütün əlaqələr: siyasi, mədəni, iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələri dostluq və qardaşlıq kimi dəyərlər üzərində güclənir. Tarixi əsasını hələ minilliklər öncədən başladan, müasir tarixdə isə Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. 1993-cü ildə məhz Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışının ardından iki ölkə arasındakı münasibətlər qardaşlıq, strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də öz xarici siyasətində hər zaman dost, qardaş ölkə olaraq Türkiyənin mənafeyini və maraqlarını qoruyur, dəstəkləyir. Qardaş Türkiyə də qəbul etdiyi qərarlarda, apardığı siyasi xətdə Azərbaycanın milli maraqlarını nəzərə alır. Tarixən eyni soy-kökə malik olan Azərbaycanın və Türkiyənin qarşılıqlı olaraq bir-birlərinin nailiyyətlərindən qürur duymaları, o cümlədən bu nailiyyətlərin davamının, inkişafının olması istiqamətində fəaliyyət göstərməsi hər zaman qeyd olunub. Azərbaycan və Türkiyə dünyada bir-birinə mənəvi-siyasi cəhətdən ən yaxın iki dövlətdir. Gücünü, siyasətini, mil?i hədəflərini, inkişaf yolunu birgə müəyyənləşdirən, birgə seçən  Türkiyə-Azərbaycan qardaşlığı bütün mənalarda sarsılmazdır...

İki qardaş xalqın bir yumruğa çevrilməsi...

Bu birliyin təməlində qardaşlıq, inam, etimad dayanır. Bu dəyərlər üzərində qurulan strateji müttəfiqlik nəinki regionda, bütövlükdə Avroasiyada yeni siyasi münasibətlər sistemi formalaşdırdı. Birliyi, həmrəyliyi sözdə yox, əməldə nümayiş etdirən Azərbaycan ilə Türkiyə ən çətin sədləri belə yanaşı keçmək qərarını verdilər - İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. İki ölkənin çiyin-çiyinə duruşu, Türkiyənin siyasi dəstəyi qələbəmizdə böyük əhəmiyyət daşıdı. Təsadüfi deyildi ki, qələbə bəyanatının imzalanmasının səhərisi, noyabrın 10-da Prezident İlham Əliyev Türkiyənin o dövrkü xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bildirmişdi ki, 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.

Bəli, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar bütün dünya tərəfindən eşidildi - bu, sadəcə iki qonşu ölkənin bir-birinə dost əli uzatması deyildi - bu, iki qardaş xalqın bir yumruğa çevrilməsi idi. Azərbaycan öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi - Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.

Milli iradə...

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi qeyd edildiyi kimi yalnız dövlətlərarası müsbət əlaqələrin mahiyyəti ilə sərhədlənmir - bu münasibətlərin dərinləşməsi, vahid hədəfə, gücə çevrilməsi həm də iki dövlət liderlərinin qarşılıqlı səmimi qardaşlıq münasibətindən qaynaqlanır. Bu amil həm də xalqlar arasındakı qardaşlığın simvoluna çevrilir. Bütün dünya bu gün beynəlxalq tədbirlərdə hər iki Prezidentin yan-yana, əl-ələ irəlilədəyini görür. Artıq qlobal miqyasda belə Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın nailiyyəti kimi qəbul edilir. Bütün beynəlxalq platformalarda bu reallıq hər kəs tərəfindən qəbul olunur - Türkiyə və Azərbaycan vahid hədəfə istiqamətlənmiş xarici siyasi kursa malikdir. Biz maraqlarımızı qarşılıqlı şəkildə dünyanın bütün tribunalarında qorumağı bacarırıq.    

Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bütün bunlar isə ölkələrarası strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini gücləndirməklə regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.

Regional təhlükəsizlik amili...

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasları sıxlaşdıran və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafını təmin edib, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.

Digər tərəfdən, ölkələrarası mövcud strateji tərəfdaşlıq münasibətləri regionda perspektiv əməkdaşlıq platformalarının gerçəkləşdirilməsini də mümkün edir. Siyasi-diplomatik münasibətlərin sabit inkişaf tempi ilə davam etməsi, iqtisadi əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verməsi, eyni zamanda, müxtəlif sahələrdə dərin əməkdaşlıq münasibətlərinin davam etdirilməsi deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətləri daimi xarakter daşıyır. Bu isə nəinki regional təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə, hətta beynəlxalq təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr bəxş edir.

Strateji müttəfiqliyin təsdiqi...

Bu qardaşlıq, bu dostluq və birgəlik özünün rəsmi təsdiqini tapdı - Azərbaycanla Türkiyə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alındı. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulandı.

Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. 

Qələbənin simvolu olan şəhər...

Qardaşlığın və birliyin rəsmi təsdiqi olan bu sənəd mədəniyyət paytaxtımız, qələbəmizin simvolu, Zəfərimizin nüvəsi sayılan Şuşada imzalanmaqla xüsusi anlam qazandı. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanı rəsmən müttəfiq etdi - Şuşada imzalanan bu tarixi əhd Türk dünyasının, Türk ailəsinin uğurlu gələcəyinin təməlidir. Şuşa Bəyannaməsi böyük Türk birliyinin təcəssümüdür. Eyni zamanda, Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini özündə tam şəkildə göstərməkdədir. Məhz bu baxımdan Şuşa Bəyannaməsini regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı belə saymaq mümkündür.

Şuşa həm də bu ilin iyulunda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısına ev sahibliyi edəcək - bu da bir simvolik xarakter daşıyır. Artıq ərazi bütövlüyü təmin edilmiş, suverenliyi bərpa olunmuş Azərbaycanla bir yerdə  Türk birliyi gələcək inkişaf konsepsiyasını Şuşada müzakirə edir...

Bəyannamənin imzalanmasından ötən dövr ərzində demək olar ki, bütün sahələrdə konkret proqramlar əsasında birgə fəaliyyət nümayiş etdirilməkdədir. Türkiyə və Azərbaycan “Şuşa Bəyannaməsi”nin imzalanması ilə xarici siyasət istiqaməti üzrə vahid hədəflər üzrə uğurlu birgə fəaliyyət nümayiş etdirməkdədir. Regionun təhlükəsizliyi, davamlı sülhün formalaşdırılması ilə bağlı hər iki dövlət vahid proqram üzrə addımlar atır. Ən əsası isə milli müdafiə sahəsində mühüm fəaliyyət nümayiş olunur. Silahlı Qüvvələrin birgə təlimlərinin keçirilməsi təhlükəsizlik seqmentinin daha da gücləndirilməsinə xidmət edir. Bu təlimlər, birgə fəaliyyət, bu sənəd isə rəsmi Türk ailəsi sayılan Türk Dövlətləri Təşkilatının gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. 

Ortaq Türk gələcəyinin Şuşa səhifəsi...

Beləliklə, ötən 3 il ərzində Şuşa Bəyannaməsinin bəndləri üzrə birgə fəaliyyət planları, vahid konsepsiyalar işlənib hazırlanır, tətbiq olunur. Xarici siyasətlə əlaqədar aparılan birgə fəaliyyət bölgə üçün çox böyük önəm daşıyır. Xüsusilə, Mərkəzi Asiyanın yeni inkişaf mərhələsinə qədəm qoyması Türkiyə - Azərbaycan birliyinin yaratdığı mühüm mənzərənin ştrixləridir. Bu birlik özlüyündə yaxın dövr üçün yeni inkişaf konsepsiyası deməkdir: Mərkəzi Asiya-Cənubi Qafqaz - Kiçik Asiya vahid siyasi-iqtisadi orqanizmə çevrilir. Türkiyə və Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi TDT üzvü dövlətləri sahib olduqları və qarşıdakı əsrin ən mühüm “sərvəti” sayılan beynəlxalq yolun üstünlüklərini özləri üçün dividendə çevirirlər. Şuşa Bəyannaməsi bu yaxınlaşmanın, birləşmənin, bütövləşmənin əsas mahiyyəti kimi çıxış edir. Türkiyə ilə Azərbaycanın nümunəsində böyük Türk ailəsi: 

- Yeni enerji siyasəti ilə qlobal enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutur;

- Geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirə bilir - burada Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə reallaşan tranzit nəqliyyat kommunikasiya xəttləri xüsusi vurğulanmalıdır;

- Sabit və təhlükəsiz daşınma xətti müəyyənləşdirir - burada da Azərbaycanın qəti qələbəsi ilə bitən Vətən müharibəsinin və lokal antiterror tədbirlərinin nəticələri xüsusi əhəmiyyət daşıyır, Şuşa Bəyannaməsi təhlükəsizliyin təminatı qismində çıxış edir;

-  Ortaq maraqları uzlaşdıraraq mədəni inteqrasiyanı gücləndirir;

- Eyni ortaq maraqların fonunda həlledici xüsuslarda razılıqları formalaşdırır - məsələn, gömrük sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, xüsusilə Ələt limanı vasitəsilə dünya bazarına çıxış əldə olunması. 

Bu kimi faktorlar yeni dövr üçün Türk dünyasını bütün qlobal cəmiyyətlər üçün diqqət mərkəzinə salır. Eyni zamanda, unundulmamalıdır ki, bütün bu üstünlüklər Şuşa Bəyannaməsinin imzalanması ilə gerçəkliyə çevrilir...

Qardaşlığın söykəndiyi dəyərlər...

Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb etməklə yanaşı, həm də regional təhlükəsizliyin qarantı qismində çıxış edir. Bu gün Azərbaycan yeni dünya çağırışlarına adekvat cavab verir - yaşıl dünya mesajı, iqlim dəyişikliyi probleminin həlli istiqamətində uğurlu fəaliyyət nümayiş etdirir. COP29-un Bakıda keçirilməsi Azərbaycan  ilə yanaşı, həm də qardaş Türkiyənin üstünlyünü ortaya qoyur - bu fakt birliyin, birgəliyin nail ola bilməyəcəyi nəticənin olmadığını göstərir. COP29 kimi böyük və məsuliyyətli bir tədbirə ev sahibliyi edəcək Azərbaycana bu işdə yenə də də ən yaxın dəstəkçi qardaş Türkiyədir - təsadüfi deyil ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində bu məsələ də müzakirə olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31