Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / BRICS-ə yaxınlaşma davam edir...

BRICS-ə yaxınlaşma davam edir...

31.08.2024 [08:20]

Çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan beynəlxalq təşkilatlarda təmsilçiliyini genişləndirməyi hədəfləyib. İndiyədək BMT, QH, TDT,  İƏT, MDB  kimi qurumlarda səmərəli fəaliyyəti ilə fərqlənən respublikamız növbəti mərhələdə BRICS-ə qoşulmaq istəyir. Ölkəmiz artıq bu təşkilata daxil olmaq üçün rəsmi müraciət edib. 

Belə görünür ki, Azərbaycanın BRICS-ə gedən yolunda hər hansı bir əngəl olmayacaq. Belə ki, təşkilata üzv dövlətlərdən ölkəmizin müraciətinə müsbət yanaşmalar ifadə olunur. Bu günlərdə respublikamızın təşkilata qoşulmaq istəyinə Rusiyadan dəstək gəlib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib ki, Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir. “Biz hesab edirik ki, bu, çox güclü namizəddir və o, BRICS-ə qoşulmaqla, şübhəsiz ki, özü ilə BRICS-ə xas olan həm əlavə dinamika, həm də unikal təcrübə, o cümlədən bir çox gündəmlər üzrə konstruktiv iş təcrübəsi gətirəcək” - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Sıraları getdikcə genişlənən BRICS

Qlobal miqyasda BRICS sıraları getdikcə genişlənən beynəlxalq təsisat kimi diqqət çəkir. Analitiklər qurumu, həmçinin yeni qlobal iqtisadi güc mərkəzi kimi də təqdim edirlər. BRICS  (BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərflərinin abreviaturasıdır) dövlətlərarası assosiasiya kimi qurulub. Təşkilat sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilir. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. 

BRICS ölkələri arasında ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. Təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. O cümlədən Braziliya - kənd təsərrüfatı məhsulları ilə zəngindir; Rusiya - dünyada ən böyük mineral resurslar ixracatçısıdır; Hindistan - ucuz intellektual resurslara malikdir; Çin - böyük əmək resurslarına, sürətlə genişlənən iqtisadiyyata sahibidir.

BRICS-də birləşən ölkələrin hökumət başçıları  2009-cu ildən etibarən illik rəsmi sammitlərdə bir araya gəlirlər. Sammitlə paralal şəkildə, xarici işlər, maliyyə və digər nazirliklərin rəhbərlərinin görüşləri də keçirilərək aktual müzakirələr aparılır.

BRICS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. Təşkilatın genişlənmə siyasəti açıqdır. Qurumun sıralarının ilk dəfə genişlənməsi Cənubi Afrika Respublikası hesabına baş verib. Bu ölkə 2010-cu ildə təşkilata qoşulmaq istəyini açıqlayıb və müvafiq prosedur qaydaları keçilməklə bu istək təmin olunub. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. Son olaraq 2024-cü ilin yanvarında daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya təşkilatın sıralarına qəbul olunub. Verilən məlumatlara görə, üzvlük üçün rəsmi müraciət edən ölkələr sırasında Əlcəzair, Banqladeş, Belarus, Venesuela, Pakistan və digərləri də var. Qrupun 2024-cü ilin sonuna kimi Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır . Ümumiyyətlə, BRICS -in əsas ideyası üzv dövlətlərin zəngin resurslarına və potensialına əsaslanmaqla güclü iqtisadi blok formalaşdırmaqdan qaynaqlanır.

Azərbaycan BRICS -ə nə verə və nə ala bilər?

Qeyd etdiyimiz kimi, BRICS sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələnir. Bu baxımdan Azərbaycanın qurumda təmsil olunmaq istəyi tam təbiidir. Ölkəmiz zəngin resurslara malikdir. Eyni zamanda, respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Bu iki amilə əsaslanmaqla Azərbaycan yüksək inkişaf templəri ilə irəliləyərək özünün iqtisadi və maliyyə imkanlarını genişləndirir. Çin, Rusiya kimi nəhəng dövlətlərin birləşdiyi təşkilat ölkəmizə yeni imkanlar qazandıra bilər. Onu da qeyd edək ki,  Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi qarşılıqlı maraqlar üzərində qurulub. Ermənistan kimi ölkələrin üzv olduqları beynəlxalq təşkilatlarda təmsilçiliyi formal xarakter daşıyır. Bu ölkə üzv olduğu təşkilatlardan ancaq umacaqlarının, ala biləcəklərinin fərqindədir. Azərbaycan isə əməkdaşlıq etdiyi təşkilatların fəaliyyətinə həm töhfələr vermək iqtidarındadır, həm də, əlbəttə ki, bundan faydalanmağa çalışır.

Azərbaycan BRICS -də təmsilçiliklə müəyyən iqtisadi və siyasi məqsədləri hədəfləyir. Ölkəmiz xarici siyasətini davamlı olaraq şaxələndirir. BRİCS-ə üzvlük bu strateji kursa maneçilik yaratmır, əksinə imkanları daha da artırır. Qurumun yaxşı cəhətlərindən biri ondan ibarətdir ki, burada üzvlük digər beynəlxalq platformalarla əməkdaşlığı inkar etmir, yəni ölkələrin qarşısına məhdudiyyətlər qoyulmur. Beləliklə də, Azərbaycan BRİCS sıralarına qatılmaqla yeni coğrafiyalarda yeni əməkdaşlıq əlaqələri qura bilmək imkanı qazanacaq.

Azərbaycanla qurumda təmsil olunan Rusiya və Çin arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Respublikamız hər iki ölkə ilə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini özündə ehtiva edən sənədlər imzalayıb. Həmin sənədlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri öz əksini tapıb.  Üç ölkə arasında siyasi dialoqun yüksək səviyyəsnə uyğun olaraq müxtəlif istiqamətlərdə iqtisadi əlaqələr də genişlənir. Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkələrdirlər. BRICS -də təmsilçilik ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirmək üçün yeni perspektivlər aça bilər. 

Ən mühüm məqamlardan biri kommunikasiyalarla bağlıdır. İndiki geosiyasi gərginliklər fonunda Avrasiyada nəqliyyat bağlantılarına maraq heç vaxt olmadığı qədər artıb. Məlum səbəblərdən ölkələr və daşıma şirkətləri yeni, daha təhlükəsiz marşrutlar axtarışındadırlar. Burada da Azərbaycanın həm təqdim edə biləcəyi imkanlar, həm də qazana biləcəyi dvidendlər kifayət qədər çoxdur. Ölkəmizin niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Söhbət qlobal Qərblə qlobal Şərq arasında əməkdaşlığın zəruriliyindən gedirsə, burada həm siyasi-iqtisadi, həm də coğrafi və nəqliyyat bağlantıları nöqteyi-nəzərindən Azərbaycan unikal mövqeyə malikdir. İlk növbədə onu vurğulamaq istərdik ki, bu gün Azərbaycan Qərblə Şərq arasında birləşdirici, sülh, barışıq yaradan bir dövlət qismində çıxış edir. Respublikamızın həm Avropa dövlətləri, həm də Asiya ölkələri, Şərq dünyası ilə çox yaxşı münasibətləri var. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, irqçiliyə, ksenofobiyaya qarşı qəti mövqe tutur və multikulturalizmi təşviq edir. Bunun nəticəsidir ki, bu gün respublikamızda milli zəmində hər hansı bir ixtilaf yaşanmır. Eyni zamanda, ölkənin daxili mühiti uzunmüddətli sabitliklə səciyyələnir. Bütün bunlar tranzit daşımaları üçün çox önəmli amillərdir. 

Azərbaycanın digər üstünlüyü isə uzun illər ərzində böyük həcmlərdə sərmayə qoyuluşu hesabına yaradılan müasir infrastrukturla bağlıdır. Ölkə ərazisindən Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, Transxəzər marşrutu (Orta Dəhliz) keçir. Bütün marşrutlar üzrə yüksəksəviyyəli yollar çəkilib, Ələtdə Xəzər sahillərində ən böyük liman inşa olunub, dəniz donanmasının maddi-texniki bazası yeni tankerlər hesabıbna möhkəmləndirlib, Bakı - Tbilisi - Qars dəmir yolu xətti çəkilib. Həmçinin ölkə rəhbərliyi perspektivdə nəqliyyat infrastrukturunun genişləndirlməsinə güclü siyasi iradə göstərir. Xüsusilə Şimal-Cənub Dəhlizi BRICS ölkələri üçün çox önəmli bir marşrutdur. İndiyədək Azərbaycanın ərazisində bu dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmizdə bəhs olunan marşrutun ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində fəal çalışmalar həyata keçirilir. Bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilmə tədbirlərinə təxminən 120 milyon dollar ekvivalentində vəsait ayrılması nəzərdə tutulub. Söhbət ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından gedir və bu, tamamilə realdır. Bundan başqa, yaradılacaq Zəngəzur Dəhlizi Transxəzər marşrutunun bir qolu kimi inkişaf etdiriləcək. Hazırda ölkəmizin ərazisində bu dəhlizin bütün seqmentləri üzrə layihələr sürətlə icra olunmaqdadır. Eyni zamanda, Azərbaycan BRICS -in üzvü olan İranla yeni nəqliyyat bağlantısı yaradır. Bu marşrut Zəngəzur Dəhlizi ilə paralel şəkildə fəaliyyət göstərəcək ki, bu da Avropa ilə Asiya arasında daşımalar üçün yeni imkanlar açacaq.

Azərbaycanın BRICS -ə üzv qəbul olmaq istəyindən bəhs edərkən digər bir vacib amili də qeyd etmək lazımdır. Bu da Türkiyə faktorudur. Qardaş ölkə də BRİCS-ə üzv olmaq niyyətindədir. Azərbaycanla Türkiyə bütün istiqamətlərdə fəaliyyələrini, o cümlədən də xarici siyasətlərini həmişə bir-biri ilə uzlaşdırırlar. Şübhə yoxdur ki, iki qardaş ölkənin BRICS -ə doğru yolu uğurlu olacaq.

Ölkəmizin güclü şəkildə dəstəklənməsi

Ölkəmiz hazırda BRICS -də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksəksəviyyəli ikitərəfli əlaqələrə malikdir. Məhz bu fakt da respublikamızın təşkilatada üzvlüyə gedən yolunu asanlaşdırır. Əsas məqamlardan biri ondan ibarətdir ki, BRICS -də böyük nüfuzu olan həm Çin, həm də Rusiya Azərbaycanın istəyinə müsbət yanaşırlar. Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.

Ölkəmizə növbəti açıq dəstəyi Rusiya verib.  Rusiya xarici işlər nazirinin müavin həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçiriləcək BRICS sammitinə dəvət edildiyini də vurğulayıb. “Möhtərəm Prezident İlham Əliyevin dəvət olunduğu Kazanda keçiriləcək sammit üçün biz keçən il Yohannesburqda keçirilən sammitdə verilən tapşırıqlara uyğun olaraq, tərəfdaş dövlətlərin siyahısını da hazırlayacağıq. Müxtəlif imkanlar, fərqli alqoritmlər var. Lakin bir daha biz Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəkləyirik”, - deyə nazir müavini əlavə edib. 

S.Ryabkovun sözlərinə görə, BRICS-in mahiyyəti təzyiq və şantajın inkar edilməsi və beynəlxalq hüququn prinsip və normalarına hörmət edilməsidir. “Bütün bunlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu ölkənin həyata keçirdiyi siyasətlə tam üstə-üstə düşür. Azərbaycanla çox gözəl münasibətlərimiz var. Düşünürəm ki, BRICS-ə doğru hərəkət və BRICS-lə yaxınlaşma davam edəcək. Lakin, eyni zamanda, qeyd etmək istəyirəm ki, BRICS-də bütün qərarlar konsensus əsasında qəbul edilir. Sədrlikdən çox şey asılıdır, amma hər şey deyil”, - deyə nazir müavini yekunlaşdırıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 411 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31