Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür

Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür

18.04.2009 [15:28]

Səmimi dostluq münasibətləri ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri qurmasına kömək edir
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşündən sonra dövlət başçılarının mətbuat konfransı olub. Prezidentlər əvvəlcə bəyanatlarla çıxış ediblər.
Rusiya Prezidenti Dmitri Medvedev söyləyib ki, ölkələrimiz arasında həqiqətən səmimi dostluq münasibətləri var və bu, heç şübhəsiz, ölkələrimizin dolğun, tamformatlı, strateji tərəfdaşlıq münasibətləri qurmasına kömək edir. Bu, indi belədir və ümid edirəm ki, gələcəkdə də belə olacaq: “Biz ikitərəfli əməkdaşlığımızın əsas məsələləri, ticarət-iqtisadi əlaqələr barədə söhbət etmişik. Əlbəttə, son vaxtlar biz, belə deyək, nəyəsə nail olmuşuq və bu, tamamilə konkret rəqəmlərlə ifadə olunur. Müxtəlif hesablamalara görə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi üç milyard dollara yaxındır. Bu, əlbəttə, çox vacibdir. Eyni zamanda, əmtəə dövriyyəsinin strukturu da vacibdir. Buraya təkcə son illərdə qiyməti müntəzəm qalxan enerji daşıyıcıları daxil deyil, - bunun hesabına əmtəə dövriyyəsinin həcmi artırdı. Bu, həm də başqa rəqəmləri, ən müxtəlif istiqamətlərdə görülən işləri, texnoloji təyinatlı məhsulların göndərilməsini, nəqliyyatı, kağız-sellüloz sənayesini, bir sözlə, ən müxtəlif istiqamətləri əhatə edir. Əlbəttə, indi ən başlıcası əldə edilmiş tempi qoruyub saxlamaq, iqtisadi problemlər nəticəsində əmtəə dövriyyəsinin azalmasına yol verməməkdir. Hərçənd, təbii ki, bu problemlər bizim iqtisadiyyatlara təsir göstərir. Eyni zamanda, həm adlarını çəkdiyim sahələrdə, həm də energetika sahəsində, qaz nəqli sahəsində əməkdaşlıq, Azərbaycan neftinin ixracı, Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqli kimi ənənəvi məsələlərdə yaxşı perspektiv imkanlar var. Bir sözlə, artıq işlədiyimiz və gələcəkdə işləyə biləcəyimiz bütün istiqamətlərdə perspektivlər var. Lakin bizim humanitar əlaqələrimiz də az əhəmiyyət kəsb etmir və son illərdə bu sahədə çox iş görülmüşdür. Mən açıq demək istəyirəm, bu sahədə, əlbəttə, Azərbaycan Prezidentinin birbaşa xidmətləri var və biz görülən işləri çox yüksək qiymətləndiririk, başa düşürük ki, bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur.
Əlbəttə, Bakıda informasiya-mədəniyyət mərkəzinin və  Moskva Universitetinin filialının açılması da xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir və ən başlıcası, onu göstərir ki,  bizi birləşdirən, bütün istiqamətlər üzrə əlaqələrin inkişafına kömək edən ümumi dəyərlərə sadiqik. Hesab edirəm ki, bu cür əlaqələrin müstəsna əhəmiyyəti var, biz indicə bu barədə danışmışıq və İlham Heydər oğlu da belə hesab edir. Ona görə də bu, nə isə mühafizəkar təmaslar, sadəcə, diplomatik protokola hörmət deyil ki, biz mədəni əlaqələri inkişaf etdiririk. Bu, həqiqətən əməkdaşlığın çox mühüm sahələridir. Bir neçə il bundan əvvəl Azərbaycanda Rusiya İli və Rusiyada Azərbaycan İli keçirilmişdir. O vaxt mən Hökumətdə işləyəndə bununla məxsusi məşğul olmuşdum. Hesab edirəm ki, bu hadisələr uğurlu olmuşdur və biz bundan sonra da humanitar, mədəni əlaqələrin möhkəmləndirilməsi ilə məşğul olmalıyıq.
Əlbəttə, biz beynəlxalq vəziyyət, regional problemlər barədə də danışdıq. Dağlıq Qarabağ probleminin həlli haqqında, əvvəllər müzakirə etdiyimiz yanaşmalar haqqında, o cümlədən burada, bizim təmaslarımızın gedişində, keçən il noyabrın 2-də Moskva Bəyannaməsinin imzalanması gedişində yaranmış fikirlərin həyata keçirilməsinin zəruri olması, cari perspektivlər barədə danışdıq. Bu mövzunun çox mürəkkəb olmasına baxmayaraq, ümid edirik ki, bu sahədə iş davam etdiriləcəkdir.
Biz vaxtımızın bir hissəsini beynəlxalq məsələlərin müzakirəsinə, iqtisadi böhranın aradan qaldırılması yollarına, bir sözlə, hazırda, demək olar ki, bütün dövlətlərin gündəliyində olan məsələlərə həsr etdik. Mən çox məzmunlu dialoqa görə İlham Heydər oğluna bir daha təşəkkürümü bildirmək istərdim. Bu dialoq həqiqətən çox səmimi ahəngi ilə səciyyələnir, biz asanlıqla dil tapırıq, haqqında söhbət etdiyimiz məsələlərin, demək olar, hamısı barədə mövqelərimiz çox yaxındır. Bu isə ölkələrimizi bir-birinə bağlayan xüsusi strateji münasibətlərin davam etdirilməsinə təminatdır”.
çıxış edən Prezident İlham Əliyev Prezident Dmitri Medvedevə dəvətə görə təşəkkür edib: “Rəhbərlər arasında münasibətlər xeyli dərəcədə ölkələr arasında münasibətləri də müəyyən edir. çox fərəhli haldır ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri prezidentlər arasındakı münasibətlərdə də müşahidə olunur. Biz hər bir görüşdən maksimum səmərəli istifadə edirik, müzakirəsi tələb olunan bütün məsələləri çox səmimi şəraitdə müzakirə edirik. Hər dəfə də əmin oluruq ki, hansısa şəkildə operativ müdaxilə tələb edə biləcək məsələlərin sayı getdikcə azalır. Bizim ölkələr arasında heç bir problem yoxdur, müzakirəsi və həlli tələb olunan məsələlər isə operativ şəkildə həll edilir. Dmitri Anatolyeviç bizim bu gün müzakirələrimizin gündəliyində duran məsələləri qeyd etdi, gündəliyimiz isə kifayət qədər geniş idi. Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsələlərdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür.
ölkələrimiz arasında münasibətlərin necə inkişaf etməsi bizi çox sevindirir. çox möhkəm siyasi və müqavilə-hüquqi baza mövcuddur və keçən ilin yayında Bakıda imzalanmış Dostluq və strateji tərəfdaşlıq haqqında müqavilə fəaliyyətin və əməkdaşlığın bütün sahələrini əhatə edir. Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar. Biz iqtisadiyyatda da yaxşı nəticələr olduğunu görürük. Böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi çox cüzi həcmdə azalmışdır. ümid edirəm ki, gələcəkdə, böhran aradan qaldırılandan sonra iqtisadi münasibətlərimizin uğurlu inkişafı davam edəcəkdir.
Biz energetika sahəsində qarşılıqlı əlaqələrə dair məsələləri çox ətraflı müzakirə etdik. Əlbəttə, neft və qaz hasilatçısı və ixracçısı kimi həm Rusiya, həm də Azərbaycan öz enerji təhlükəsizliyini və enerji maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır. Təbii ki, hasilatçılar kimi, bu istiqamətdə bizim məqsədlərimiz ümumidir.
Biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini ətraflı müzakirə etdik və ümid edirik ki, Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsi regionumuzda sülhün bərqərar olmasına gətirib çıxaracaq, bu münaqişə ATƏT-in qərarlarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, beynəlxalq hüququn prinsipləri və normaları əsasında həll ediləcəkdir.
Humanitar əməkdaşlıq münasibətlərimizin çox mühüm sahəsidir və biz bu sahədəki mövcud dinamikanı böyük razılıq hissi ilə qeyd edirik, ən başlıcası isə odur ki, qəbul olunan bütün qərarlar yerinə yetirilir. Dmitri Anatolyeviç qeyd etdi ki, Bakıda MDU-nun filialının, Rusiya Mədəniyyəti Mərkəzinin açılması həm bizim ölkə üçün və əminəm, həm də Rusiya üçün və ümumiyyətlə xalqlarımız arasında daha artıq qarşılıqlı anlaşma üçün mühüm hadisələrdir. Onu da deməliyəm ki, bir qədər əvvəl Bakıdakı Rus Dram Teatrı, demək olar, təzədən tikilmişdir. Bu teatrın çox böyük ənənələri və ölkəmizdə çox sadiq pərəstişkarları var. ümumiyyətlə, tədrisin rus dilində olduğu məktəblərin sayı humanitar sahədə münasibətləri yəqin ki, hər şeydən yaxşı səciyyələndirə bilər. Azərbaycanda yüzlərlə belə məktəb var. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə münasibət həmişə çox xeyirxah, çox səmimi olmuşdur və biz şadıq ki, bu, indi də davam edir. Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasında münasibətlərin ayrılmaz tərkib hissəsidir. ümumən, sözümü yekunlaşdıraraq, bugünkü fikir mübadiləsindən çox məmnun qaldığımı bildirmək istərdim. Əminəm ki, bu görüş münasibətlərimizin daha da inkişafına, yaxınlaşmasına kömək edəcəkdir. Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər müntəzəm xarakter daşıyır və bu, bizim münasibətlərimizin inkişafında dinamikanın saxlanmasına daim imkan yaradır”.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31