Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan və İsrail böyük yeniliklər yolunun başlanğıcındadır

Azərbaycan və İsrail böyük yeniliklər yolunun başlanğıcındadır

30.06.2009 [10:16]

İki ölkə arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm ötən il 3,6 milyard dollara bərabər olub
İyunun 28-də İsrail Dövlətinin Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfərə gəlib. Həmin gün İsrail Dövlətinin Prezidenti Şimon Peresin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, səfər uğurlu olacaqdır. Biz sizinlə ikitərəfli münasibətlərə, o cümlədən regional və beynəlxalq məsələlərə dair geniş müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri də bir-biri ilə söhbət edə biləcəklər və ikitərəfli münasibətlərimizə aid məsələləri nəzərdən keçirəcəklər. Münasibətlərimiz uğurla inkişaf edir. Əməkdaşlığımızın səviyyəsindən məmnunuq. İqtisadiyyatın müxtəlif sahələrində yaxşı imkanlar var. Humanitar sahədə məsələlər üzrə də əməkdaşlıq edirik. Siz bizə ölkənizin iş adamlarından ibarət böyük bir qrupla gəlmisiniz. Hesab edirəm ki, işgüzar dairələr arasındakı əlaqələr ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Mən sizə uğurlu səfər arzulayıram”.
İsrail Prezidenti Şimon Peres səmimi qəbul üçün təşəkkür edərək deyib: “çox sağ olun. Şəxsən öz adımdan və nümayəndə heyəti adından olduqca səmimi qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Bizə demişdilər ki, Bakıda hava çox isti olacaq. Amma əslində gördük ki, hava o qədər də isti deyil. Bizə göstərdiyiniz hərarətli qəbula görə minnətdarıq. Biz bir çox məsələləri müzakirə etdik”.
İsrail Prezidenti vurğulayıb ki, nümayəndə heyətinin tərkibində iştirak edən nazirlər də əməkdaşlığımızın vəziyyəti barədə öz fikirlərini söyləyəcəklər.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin iştirakı ilə Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və İsrailin elm və texnologiya naziri Daniel Herşkovitz, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin milli infrastruktur naziri Uzi Landau imzalayıblar.
Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Şimon Peres mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. ölkəmizə xoş gəlmisiniz. Biz bu gün bir sıra məsələlər üzrə yaxşı müzakirələr apardıq. Biz ikitərəfli əlaqələrə aid məsələləri müzakirə etdik və əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaqdır. Biz iqtisadiyyatın inkişafına dair məsələləri də müzakirə etdik. ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm ötən il 3,6 milyard dollara bərabər olmuşdur”.
Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin 2009-cu ildə də bu rəqəm civarında olacağına əminliyini vurğulayıb. Kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olduğunu birdirən dövlətimizin başçısı, ölkələrimizin bu sahələrdəki nailiyyətlərindən danışıb və müsbət meylin gələcəkdə inkişaf etdirməyin planlaşdırıldığını söyləyib.
ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. Humanitar əməkdaşlıqdan söz açan dövlətimizin başçısı Azərbaycan və İsrail xalqları arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib: “Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Bu gün müzakirə etdiyimiz kimi, Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Yəqin ki, insanlar arasında ünsiyyət cənab Prezidentin səfərindən sonra daha geniş vüsət alacaqdır. Biz, eyni zamanda, bu gün regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdik. Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir. Əminəm ki, səfərin uğurlu başlanğıcı bu gün və sabah davam edəcəkdir. Qəbul ediləcək qərarlar və əldə olunacaq razılaşmalar ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün yeni imkanlar yaradacaqdır. Cənab Prezident, bir daha xoş gəlmisiniz və diqqətinizə görə minnətdaram”.
İsrail Prezidenti Şimon Peres bəyanatla çıxış edərək deyib: “Hörmətli cənab Prezident! Xanımlar və cənablar! Əvvəlcə mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.
Xoş münasibətə, məsələləri geniş şəkildə müzakirə etmək imkanına görə Sizə səmimi qəlbdən təşəkkürümü çatdırıram. Qeyd edə bilərəm ki, ölkənizə səfərimdən öncə Azərbaycana vurğun idim. Lakin bu gün Sizinlə apardığım söhbətdən sonra anladım ki, bu sözlər hamı tərəfindən deyilə bilər”.
Prezident Şimon Peres deyib ki, ölkələrimiz arasında oxşarlıqlar var. ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir. İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirib: “İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür və Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz”.
Şimon Peres əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda yüksək tolerantlıq mühiti var. İsrail Prezidenti ölkəmizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirərək deyib: “Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar. Bu səfərə biz böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində 3 nazir var. Bundan əlavə, 50-yə yaxın nüfuzlu iş adamı da var. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq”.
Prezident Şimon Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib. Ali qonaq ona və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.
*  *  *
İsrail Prezidenti Şimon Peres iyunun 28-də Heydər Əliyev Fondunda olub. Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İsrail dövlətinin başçısını səmimiyyətlə qarşılayıblar. Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, Ulu öndərin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verib. İsrail Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Şimon Peres Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. İsrail Prezidentinə hədiyyə təqdim olunub. Dövlət başçıları və Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıblar.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
*  *  *
İyunun 28-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İsrail Dövlətinin Prezidenti Şimon Peresin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
*  *  *
Dünən İsrail Prezidenti Şimon Peres Fəxri Xiyabana gəlib. Ali qonaq xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. İsrail dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə əklil qoyub. Prezident Şimon Peresə Fəxri Xiyabanın tarixi barədə məlumat verilib.
İsrail Prezidenti Şimon Peres Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Şimon Peres Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın dövlət himnləri səslənib. AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Şimon Peres Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Dünən İsrail Prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 1230 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31