Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanla tərəfdaşlıqda maraqlıdır

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanla tərəfdaşlıqda maraqlıdır

17.07.2009 [10:33]

Prezident İlham Əliyev: Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir, öz milli maraqlarını qorumağa, tərəfdaş ölkələrlə səmərəli münasibətlər qurmağa qadirdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-dən 15-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olub.
İyulun 13-də dövlətimizin başçısı Londonda məşhur siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüş keçirib.
Prezident İlham Əliyevi binanın önündə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ser Brayn Fol qarşılayıb.
Ser Brayn Fol görüşü açaraq, Azərbaycan Prezidentini təqdim edib.
Azərbaycan Prezidentini burada görməkdən məmnun olduğunu bildirən Brayn Fol deyib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətindən danışacaq və görüş iştirakçılarını maraqlandıran suallara cavab verəcək.
Prezident İlham Əliyev görüşdə “Azərbaycan üçün xarici siyasət çağırışları” (“Foreign policy challenges for Azerbaijan”) mövzusunda çıxış edib: “çox sağ olun. Hörmətli xanımlar və cənablar! Dəvətə görə minnətdaram. Burada yenidən olmağımdan şərəf hissi duyuram. Xatirimdədir, təxminən beş il bundan əvvəl mən Chatham House-də olmuşam. Həmin vaxt mən, əsasən, planlarımız haqqında danışırdım, çünki ilk dəfə prezident seçildiyim vaxtdan cəmi bir il ötürdü. Hazırda, beş ildən sonra biz artıq nailiyyətlər haqqında danışa bilərik. Lakin ölkəmizdə görüləcək işlər hələ də çoxdur. Hesab edirəm ki, son beşillik dövr ölkənin, onun gələcəyinin inkişafı üçün olduqca mühüm olmuşdur. Həmin illər göstərdi ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir, öz milli maraqlarını qorumağa, tərəfdaş ölkələrlə səmərəli münasibətlər qurmağa qadirdir. Xüsusən də, maliyyə və iqtisadi böhran zamanı. Cari il bir daha nümayiş etdirdi ki, iqtisadiyyatımız davamlı və şaxələndirilmiş formadadır. Son beş il ərzində biz əsas diqqətimizi ölkə daxilindəki məsələlərə və xarici siyasətə aid olan məqamların həllinə yönəltmişdik. Lakin əlbəttə ki, güclü iqtisadiyyat, siyasi sabitlik və cəmiyyətdə birlik olmadan xarici siyasətdə tam müstəqilliyə nail olmaq çox çətindir. Əsas diqqət məhz iqtisadi islahatlara, iqtisadi inkişafa, enerji siyasətinə yönəlibdir. Bildiyiniz kimi, enerji siyasəti iqtisadiyyatımızın böyük hissəsidir və bu səylərin nəticələri nailiyyətlərimiz barədə bəzi rəqəmlərdə görünə bilər. Son beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə artmışdır. üç il ərzində isə Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat hesab edilmişdir. Sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4 dəfə azalmışdır. Son beş il ərzində təhsil və səhiyyə sahəsində böyük işlər görülmüşdür. Azərbaycanda 1600 məktəb tikilmişdir. İqtisadi inkişaf nəinki paytaxtı, rayonlarımızı da inkişaf etdirməyə imkan yaradır. Azərbaycanın rayonlarında sürətli inkişaf gedir. Bəzən iqtisadi göstəricilərimizi neftə və neft qiymətlərinə bağlayırlar. Lakin bu, belə deyil, çünki neft digər ölkələrdə də hasil olunur. Qonşularımızdan bir neçəsi bizdən də çox neft hasil edir. Eyni zamanda, əgər siz rayonlarımızın iqtisadi inkişafına nəzər yetirsəniz, eyni vəziyyəti görəcəksiniz. Neft rayonlarımızda deyil, Bakıda, Xəzərdə hasil edilir. Buna görə də, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dəstək və iqtisadi islahatlar yalnız neftdən asılılığı aradan qaldırır. Bu, bizim əsas məqsədlərimizdən biri olmuşdur: neftdən asılılığı azaltmaq, böhran və aşağı neft qiymətləri, hətta hasilatın azalması zamanı sabit olacaq güclü iqtisadiyyat yaratmaq. Sosial məsələlər ciddi şəkildə həll olunur. Qeyd etdiyim kimi, yoxsulluğun azaldılması, fikrimcə, Azərbaycanda ən böyük nailiyyətlərdən biridir. Bu, həmçinin onu göstərir ki, neft gəlirləri ədalətli şəkildə bölüşdürülür. Belə olmasaydı, yoxsulların sayı azalmazdı, əksinə, çoxalardı. Biz neft hasil edən bəzi digər ölkələrin təcrübəsini də bilirik. Bütün qeyd edilən amillər Azərbaycanda çox yaxşı mühit yaratmışdır. Azərbaycanın həyata keçirdiyi islahatlar Dünya Bankı tərəfindən də qeyd edilmişdir. Bu təşkilat Doing Business hesabatında 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi elan etmişdir. Bu, həmçinin gündəliyimizi çox aydın şəkildə nümayiş etdirir. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu, ölkədə islahatların aparılması üçün yeganə mümkün formatdır. 18 il bundan öncə ölkəmiz Sovet İttifaqının hissəsi olmuşdur. Bazar iqtisadiyyatı sıfır səviyyəsində idi. Bu gün iqtisadiyyatımızın 85 faizini bazar iqtisadiyyatı təşkil edir. Müstəqillikdən öncə tariximizdə bizim siyasi sistemimiz olmamışdır. Lakin bu gün siyasi sistem inkişaf edir. Buna görə də, diqqət yetirdiyimiz daxili məsələlər regionda özümüzü rahat hiss etməyə, müstəqil siyasət aparmağa imkan verir. çünki siz heç kəsdən asılı olmayanda, müstəqil siyasəti rahat həyata keçirə bilirsiniz. Belə halda, siz xalqınızın maraqlarından irəli gələn siyasəti, qarşıdurmaya deyil, əməkdaşlığa, tərəfdaşlığa, qonşularla və ənənəvi tərəfdaşlarla normal əlaqələrə yönəlmiş siyasəti həyata keçirirsiniz. Enerji siyasəti bizim mövqeyimizin mühüm hissəsi olub və ola bilsin ki, bu amil artıq nəinki Azərbaycanda, o cümlədən bölgədə mühüm rolunu davam etdirəcəkdir. Həyata keçirdiyimiz neft və qaz layihələri bu gün dünyada gələcək enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan Xəzər dənizinə xarici sərmayədarları dəvət edən ilk ölkə oldu. Strateji tərəfdaşımız BP şirkəti bizim üçün ən mühüm layihələrdə və regional inkişaf məsələlərində liderdir. Hazırda neft və qaz yataqlarında hasilatın artması, sərmayələr nəticəsində yaratdığımız boru kəmərləri, Azərbaycandakı əlverişli sərmayə mühiti və qeyri-enerji sektoruna sərmayələrin cəlb edilməsi kimi məsələlər ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində baş tutmuşdur. O, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ideyasını irəli sürdü. Bu gün isə bizim şaxələndirilmiş təchizat infrastrukturumuz var. 7 boru kəmərinə malikik. Onlardan 3-ü nefti, 4-ü isə qazı müxtəlif istiqamətlərdə nəql edir. Hasilata milyardlarla dollar sərmayə qoyulmuşdur. Bu il neft hasilatı 50 milyon tona yaxın olacaq, qaz hasilatı isə 25-27 milyard kubmetrə çatacaqdır. Aşkar olunmuş ehtiyatlar ən azı 100 il ərzində Azərbaycana beynəlxalq bazarlarda etibarlı qaz təchizatçısı olmağa imkan verəcəkdir. Yeni sərmayələr, o cümlədən BP ilə ARDNŞ arasında bu gün səhər imzalanmış Anlaşma memorandumu Azərbaycanın hətta böhran illərində, neftin qiymətlərinin aşağı düşdüyü dövrdə nə dərəcədə cəlbedici olduğunu nümayiş etdirir. Bu, onunla bağlıdır ki, ölkəmizdə çox proqnozlaşdırılan vəziyyət, siyasi sabitlik mövcuddur və bütün sərmayələrin qorunması təmin edilir. Neft şirkətləri ilə enerji əməkdaşlığımızı başladığımız vaxtdan etibarən heç vaxt hər hansı hüquqi çəkişmə və ya mübahisə, yaxud şərtləri dəyişdirmək cəhdi olmamışdır. Biz müqavilə şərtlərinə sadiqik və bütün əsas neft müqavilələri parlamentdə ratifikasiya ediləndən sonra Prezident tərəfindən imzalanır və qanun qüvvəsi alır. Beləliklə, onları heç kəs dəyişə bilməz. Bu, etimad deməkdir və həmin etimad digər sahələrə də sərmayələr cəlb etməyə imkan yaradır. Azərbaycan kimi gənc müstəqil ölkələrə sərmayələri cəlb etmək məqsədi ilə biz etimadı davamlı şəkildə möhkəmləndirməli, lazımi siyasi və iqtisadi mühit yaratmalıyıq.
Əvvəllər xülya kimi görünən Bakı-Tbilisi-Ceyhan artıq reallığa çevrilmişdir. Artıq 3 ildir, həmin boru kəməri uğurla istismar olunur və böyük həcmdə neft nəql edir. Boru kəməri işə düşdükdən sonra onunla nəinki Azərbaycan, həm də Qazaxıstan nefti nəql olunur. Bu, o deməkdir ki, gələn illər ərzində nəql olunan həcmlər artacaqdır. Belə olan halda, boru kəmərinin buraxıcılıq qabiliyyəti, ola bilsin, gündə 1,6 milyon barreldən 1,8 milyon barrelə çatdırılacaqdır. Hətta yenisi də layihələndirilib tikilə bilər. Azərbaycan Xəzərin digər sahilində yerləşən qonşuları üçün artıq tranzit ölkəyə çevrilmişdir. Biz nəhəng qaz yataqlarını aşkar etdikdən sonra qonşu ölkələrə ixraca başladıq. Bunun vacibliyi get-gedə artır və Avropa üçün hər hansı mümkün gələcək artırma və ya şaxələndirmə layihəsi Azərbaycanda yaratdığımız və qazımızı Avropa bazarlarına çıxaran mövcud infrastruktura söykənir. üstünlüyümüz ondan ibarətdir ki, biz bir təchizat marşrutu ilə məhdudlaşmırıq. Bizim müxtəlif istiqamətlərdə gedən 4 qaz kəmərimiz var: Avropaya uzadıla biləcək Bakı-Tbilisi-Ərzurum kəməri, bizi Gürcüstanla birləşdirən boru kəməri, Rusiyaya və İrana gedən boru kəmərləri, demək olar ki, hazırda onların hamısı istismar olunur, ya da ediləcəkdir. Azərbaycan özünü etibarlı təchizatçı, hüquqi öhdəliklərinə hörmətlə yanaşan tərəf və hər zaman öz vəzifələrini yerinə yetirən ölkə kimi göstərmişdir.
İndi enerji siyasətinin əhəmiyyəti daha da artır. Qeyd etmək istəyirəm ki, enerji bazarında olan vəziyyəti regionda ümumi siyasi inkişafdan ayırmaq mümkün deyil, çünki enerji məsələləri siyasi inkişafa təsir göstərir. Bəzən enerji siyasəti məsələləri prosesin siyasiləşdirilməsinə aparır. Biz bu yanaşmanın əleyhinəyik. Hesab edirik ki, hər bir iş milli maraqlara, kommersiya şərtlərinə və azad bazar prinsiplərinə, azad rəqabətə əsaslanmalıdır. Bu, bizim yanaşmamızdır. Fikrimcə, vəziyyəti təhlil etməkdə yeganə yanaşma belədir. Eyni zamanda, potensial diktə hallarının qarşısını almaq üçün hasilatçı, tranzit ölkələr və istehlakçıların maraqları arasında tarazlıq olmalıdır. Diktə etmə nəinki hasilatçı, bəzən tranzit ölkələrə və ola bilsin, istehlakçılara da aid ola bilər. Buna görə də enerji formatının bütün iştirakçıları vahid heyət kimi çalışmalıdır. Yalnız bu halda biz uğura nail ola bilərik.
Əminəm ki, gələn illər ərzində Azərbaycan öz enerji potensialını artıracaqdır. çünki mövcud potensial və həyata keçirilən kəşfiyyat layihələri 3-5 il ərzində yeni ehtiyatların tapılması ilə nəticələnəcəkdir. Bu isə enerji potensialımızı ciddi şəkildə artıracaqdır. Coğrafi mövqeyimiz və artıq mövcud olan infrastruktur bütün tərəfdaşlarımız üçün vacib olacaqdır.
Biz həmçinin nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırırıq. Coğrafi mövqeyimizi nəzərə alsaq, bu, tamamilə məntiqlidir. O cümlədən, Azərbaycanın maliyyələşdirdiyi, Avropa ilə Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi regional əməkdaşlıq məsələlərində və bölgəmizdə biznes mühitinin və imkanlarının yaxşılaşdırılmasında olduqca mühüm rol oynayacaqdır. Bizi qonşularımızla birləşdirən infrastruktura böyük sərmayələr qoyuruq. Artıq bu gün Azərbaycan nəinki neft və qaz ixracatçısına, o cümlədən qonşu ölkələrə elektrik enerjisi təchizatçısına çevrilmişdir. Bir daha qeyd etmək istəyirəm ki, bütün bu məsələlər bir-biri ilə bağlıdır və nailiyyətlərimiz özümüzü təhlükəsiz, rahat və etibarlı hiss etməyə imkan verir. Eyni zamanda, biz hər zaman qonşularımız və tərəfdaşlarımızla əməkdaşlıq etməyə, işgüzar münasibətlər qurmağa hazırıq.
Azərbaycanın xarici siyasəti olduqca aydın və proqnozlaşdırılandır. Biz bütün ölkələrlə səmərəli ikitərəfli münasibətlərin tərəfdarıyıq. Qarşılıqlı maraqlar, ortaq dəyərlər, qarşılıqlı hörmət, daxili işlərə müdaxilə etməmək prinsipinə əsaslanan və tərəfdaşlıq ruhunda olan münasibətlərin qurulması bizim üçün vacibdir. Hesab edirəm ki, bu yanaşma artıq müsbət nəticələrini nümayiş etdirmişdir. Bir daha qeyd etmək istəyirəm ki, xarici siyasətimiz müstəqildir. Bu siyasətə heç bir xarici amil təsir göstərmir. O, iqtisadi potensiala və müstəqilliyə əsaslanır.
Böyük Britaniya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu, mənim ölkənizə ikinci rəsmi səfərimdir. Bu gün səhər Baş nazir Braun ilə səmərəli müzakirələrim oldu. İkitərəfli, regional məsələləri, eləcə də sülhməramlı əməliyyatlarda göstərdiyimiz səyləri müzakirə etdik. Biz lap ilk günlərdən İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməyə başlamışıq. Əfqanıstana gəldikdə, koalisiya qüvvələrinə dəstək olaraq, biz hərbçilərimizin sayını iki dəfə artırmışıq. Biz həmçinin enerji siyasətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə aid məsələləri müzakirə etdik. Birləşmiş Krallıq bizim üçün strateji tərəfdaş, mühüm ölkə və Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk və əminəm ki, bu əlaqələr daha geniş gündəliyi əhatə edəcəkdir: siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, informasiya texnologiyaları və təhsil sahələri. Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsili üçün böyük təhsil proqramını həyata keçiririk. Bu, Azərbaycan Dövlət Neft Fondundan maliyyələşdirilən xüsusi proqramdır. Adətən, bu Fondun vəsaitləri strateji məqsədlər üçün sərf edilir. Neft Fondundan ayrılan vəsaitlər qaçqınların və məcburi köçkünlərin yeni yerlərə köçürülməsi, su kəmərinin tikintisi, Ermənistanın işğalından əziyyət çəkmiş insanların probleminin həlli, təhsil məqsədləri üçün istifadə olunur. Həmin məsələlər bizim üçün çox önəmlidir. Hazırda biz bacarıqlı, gənc, yaxşı təlim və təhsilli, geniş dünyagörüşü olan və Azərbaycana, dövlətçiliyə və gələcəyimizə sadiq şəxslərə ehtiyac duyuruq.
Müstəqil olmaq bizim üçün böyük nailiyyətdir. Azərbaycan xalqı uzun əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Buna görə də müstəqilliyin bizim üçün xüsusi mənası var. Biz müstəqilliyimizi gücləndirmək və sonrakı nəsillərə xoşbəxt gələcək təmin etmək üçün hər gün fəal çalışmalıyıq.
Birləşmiş Krallıqla əlaqələrimiz Avropa İttifaqı ilə tərəfdaşlıq məsələlərini də əhatə edir. Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramına qoşulmuşdur. üç il əvvəl Azərbaycan Avropa İttifaqının Yeni qonşuluq siyasətinə qoşulmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çox müsbət və səmərəlidir. Bu, əsl tərəfdaşlar arasında olan münasibətlərdir. NATO ilə də əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycan Fərdi tərəfdaşlıq üzrə əməliyyat planının fəal iştirakçısıdır. Biz bu əməkdaşlığı gələcəkdə də inkişaf etdirəcəyik.
Xarici siyasətimizin əsas çağırışlarından biri və ümumiyyətlə, ölkəmizin qarşısında duran əsas vəzifə Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin həllidir. Artıq 15 ildir ki, biz nə hərb, nə sülh şəraitindəyik. 1994-cü ildə atəşkəs əldə edilib, lakin həmin vaxtdan etibarən beynəlxalq ictimaiyyətin müxtəlif səylərinə baxmayaraq, biz sülhə nail olmamışıq. Düzdür, hazırda danışıqlar prosesi daha fəal, vədedici şəkildə aparılır və artıq müəyyən nəticələr var. Lakin bu, beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanan həllin tapılması və yekun razılaşma üçün kifayət deyildir.
Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu münaqişə yalnız beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərarları əsasında həll olunmalıdır. Ermənistan rəhbərliyi də buna hazırdır. Belə olmasaydı, onlar Moskva Bəyannaməsini imzalamazdılar. Orada aydın şəkildə deyilir ki, münaqişə beynəlxalq təşkilatların qətnamələri əsasında həll olunmalıdır. Həmin qətnamələrdə nə deyilir? Orada aydın şəkildə bildirilir ki, Ermənistan qüvvələri işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu barədə 4 qətnamə qəbul etmişdir. Həmçinin BMT-nin Baş Məclisinin qətnaməsi bu mövqeni dəstəkləyir. ATƏT-in, xüsusən də Lissabon zirvə görüşünün qərarlarında münaqişənin hansı yolla həll olunacağı aydın şəkildə göstərilir.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. ümumi ərazimizin 20 faizini təşkil edən zəbt olunmuş bütün torpaqlar erməni işğalından azad olunmalıdır. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkmiş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ var. Biz hər zaman - həm 1990-cı illərdə də demişik və indi də deyirik ki, Dağlıq Qarabağa suveren Azərbaycan dövlətinin hüdudları daxilində mümkün qədər ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə mümkün yanaşmadır. Hesab edirəm ki, əgər erməni tərəfi siyasi iradə göstərsə, münaqişə həll olunacaqdır. Eyni zamanda, biz Ermənistanın bəzi narahatlığını, Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqə məsələsi, təhlükəsizlik zəmanəti və sülhməramlı əməliyyatlar kimi məsələləri anlayırıq. Biz bu məsələləri konstruktiv şəkildə həll edə bilərik. Regionda sülh hamıya bir çox üstünlüklər gətirəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və insanlarımız yenidən öz doğma yerlərində, ulu babalarının torpaqlarında yaşamaq imkanına malik olacaqlar. Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Ermənistan digər suveren ölkənin ərazisini zəbt edən ölkə imicinə son qoymalıdır. Eyni zamanda, Azərbaycanın daxilində yerləşən və Ermənistanla heç vaxt əlaqəsi olmamış Dağlıq Qarabağ Ermənistana dəhliz vasitəsilə çıxış əldə edə bilər. Regiondakı bütün kommunikasiyalar açılar və tammiqyaslı regional əməkdaşlıq baş tutar. Qafqazdakı bütün ölkələr və tərəflər bundan yalnız fayda görəcəkdir. Nə hərb, nə sülh vəziyyəti münaqişənin dondurulmuş olması haqda səhv mesaj göndərir. Bu, dondurulmuş münaqişə deyil, atəşkəs Ermənistan və Azərbaycan orduları tərəfindən təmin edilir. Burada heç bir sülhməramlı yoxdur. Sülh şəraiti çox kövrəkdir. Buna görə də hazırda irəliyə doğru getmək və artıq bəlli olan məsələlər üzərində razılığa gəlmək lazımdır. çünki işğalçılıq siyasəti heç vaxt Dağlıq Qarabağın tanınmasına gətirib çıxarmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə kimi tanınmayacaqdır. Bunu gözləmək cəfəngiyatdır. Suveren Azərbaycan dövləti daxilində cəmi 60 min əhalisi olan ərazi müstəqil ola bilməz. Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ bu günə qədər heç bir ölkə tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmamışdır. Bu, aydın şəkildə onu göstərir ki, müstəqillik mümkün deyildir. Azərbaycan Dağlıq Qarabağın müstəqillik statusunu öncədən müəyyənləşdirən sülh planına heç vaxt razılaşmayacaqdır. Bu haqda söhbət belə gedə bilməz. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilmiş və hazırda müzakirə etdiyimiz təkliflər aydın şəkildə göstərir ki, müstəqilliyə nail olmaq üçün mexanizmlər yoxdur. Nəyə nail olmaq olar? Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında sülh şəraitində birgə yaşamasına nail olmaq olar. Biz keçmişdə sülh şəraitində yaşamışıq və yenə də yan-yana yaşayacağıq. Biz coğrafiyanı dəyişə bilmərik. Ona görə də biz bu cür mühüm beynəlxalq məsələnin həllinə nail olmalıyıq. Bunun dünya üçün vacibliyi bizə yardım edən ölkələrin göstərdiyi diqqətdə əks olunubdur. Mən giriş sözümü bununla yekunlaşdırıram ki, müzakirələr üçün də vaxt qalsın. Dəvətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”.
*  *  *
Brayn Fol ətraflı məlumata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı daha sonra görüş iştirakçılarının suallarına cavab verib.

Paylaş:
Baxılıb: 1215 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31