Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Latviya arasında münasibətlər çox uğurla inkişaf edir

Azərbaycan ilə Latviya arasında münasibətlər çox uğurla inkişaf edir

11.08.2009 [00:17]

Latviya Respublikasının Prezidenti Valdis Zatlers Azərbaycanda rəsmi səfərdədir
Avqustun 9-da Latviya Respublikasının Prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Valdis Zatlersin dünən rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü keçirilib.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulanıb. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə görməkdən çox məmnunam. ölkəmizə etdiyiniz rəsmi səfərə biz böyük önəm veririk. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və bu səfərdən sonra ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı davam edəcəkdir. ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqdan məmnunuq. ümid edirik ki, səfəriniz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa təkan verəcək, xüsusilə də sabah keçiriləcək və əyani nəticələrə gətirib çıxaracaq biznes forumdan böyük gözləntilərimiz vardır. Biz beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edirik. NATO və Avropa İttifaqı ilə əməkdaşlığımızda ölkənizin dəstəyini hiss edirik. ümumiyyətlə, ölkələrimiz arasındakı əlaqələr hesab edirəm ki, çox yüksək səviyyədədir. Lakin biz əməkdaşlığımızı müxtəlif sahələrdə gücləndirmək və genişləndirmək üçün çox iş görməliyik və tərəfdaşlıq əlaqələrimizin inkişafını davam etdirməliyik. Əminəm ki, səfəriniz bu istiqamətdə önəmli bir addım olacaqdır. Sizə və nümayəndə heyətinizə Bakıda uğurlu səfər arzulayıram”.
Latviya Prezidenti Valdis Zatlers səmimi qəbul üçün təşəkkür edərək deyib: “çox təşəkkür edirəm, cənab Prezident. ölkənizə səfərə dəvətinizə görə Sizə çox minnətdaram. Bu, Azərbaycana ilk səfərimdir. ümid edirəm ki, bu səfər çox uğurlu olacaqdır. Azərbaycan və Latviya arasındakı ikitərəfli münasibətləri iki ölkənin əlaqələrinin gözəl nümunəsi kimi xarakterizə edərdim. Adətən, biz bir-birimizdən məsafəcə nə qədər uzaq olduğumuzu ölçürük. Ən yaxşı ölçü təyyarə ilə birbaşa uçuş məsafəsinin nə qədər olmasıdır. Bu, 3 saat yarıma bərabərdir, güclü külək əsdikdə isə 4 saatdır, deməli, çox yaxındır. Bildiyiniz kimi, səfərim zamanı məni işgüzar adamlardan ibarət böyük bir qrup müşayiət edir. Son iki-üç, dörd-beş il ərzində ölkələrimiz arasında biznes əlaqələri sürətlə inkişaf etmişdir. Qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan və Latviyanın işgüzar adamları arasındakı əlaqələr daha da səmərəli olmuşdur. Hesab edirəm ki, biz gələcək üçün, xalqlarımız, xalqlarımızın rifahı və dövlətlərimiz üçün fayda gətirəcək bir çox yolları müəyyənləşdirməliyik. Burada olmaqdan çox şadam və nümayəndə heyəti adandan sizə bir daha təşəkkür edirəm”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Valdis Zatlers birgə Bəyannamə imzalayıblar.
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Latviyanın Patent İdarəsinin direktoru Zigfrids Aumeistars, “Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Latviyanın xarici işlər naziri Maris Riekstins, “Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın iqtisadiyyat naziri Artis Kampars imzalayıblar.
Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Latviya Prezidenti Valdis Zatlersin və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Prezident İlham Əliyev Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Prezident Valdis Zatlersə “Heydər Əliyev” ordenini təqdim edib.
Prezident Valdis Zatlers ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafındakı müstəsna xidmətlərinə görə Prezident İlham Əliyevə “üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsini təqdim edib.
Ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Valdis Zatlers mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Latviya Prezidentini ölkəmizdə bir daha salamladığını bildirən Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan Prezident Valdis Zatlersin ölkəmizə səfərini yüksək qiymətləndirir: “Hesab edirəm ki, ikitərəfli münasibətlərimiz bu səfərdən sonra birmənalı olaraq ciddi şəkildə inkişaf edəcəkdir. Hazırda əlaqələrimiz bir çox sahələrdə inkişaf edir. Bizim yaxşı siyasi əməkdaşlığımız vardır. Məhsuldar dialoq gedir. Biz iqtisadi əməkdaşlığımızı artırırıq və əminəm ki, sabah keçiriləcək biznes forum hər iki ölkənin iş adamlarına bir-birilərini daha yaxşı tanımağa və birgə layihələri həyata keçirməyə imkan yaradacaqdır.
Bizim münasibətlərimiz bir çox digər sahələri də əhatə edir. Bu gün biz informasiya texnologiyaları, turizm, mədəniyyət, nəqliyyat, energetika sahələrində əməkdaşlığı da nəzərdən keçirdik və perspektivlər haqqında danışdıq. Bu gün imzaladığımız sənədlər əminəm ki, əməkdaşlığımızın böyük qanunverici əsaslarını daha da genişləndirəcəkdir. Başqa sözlə desək, Latviya ilə Azərbaycan arasındakı münasibətlər çox uğurla inkişaf edir. Əlaqələrimizin çox yaxşı gələcəyi vardır və əminəm ki, gələn illər ərzində bügünkü sazişlərin bir çox konkret nəticələrini görəcəyik”.
Dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Prezident Valdis Zatlers aparılmış müzakirələr zamanı Latviya ilə Azərbaycanın arasında münasibətlərin əla olduğunu qeyd etdiklərini söyləyib: “Bu, həqiqətdir. çünki hazırda qlobal və regional səviyyədə mövcud olan siyasi məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Son 4-5 il ərzində iqtisadi münasibətlərimiz daha da genişlənib, ticarət dövriyyəsi 2 və hətta 3 dəfə artıb. Lakin hesab edirəm ki, xüsusən də böhran zamanı daha böyük işlər görmək üçün imkanlar vardır. Biz yaxşı tərəfdaş olmalı, faydalı müqavilələrdə iştirak etməli və beləliklə, ölkələrimiz arasında əməkdaşlığın möhkəm əsasını yaratmalıyıq”.
*  *  *
Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere dünən Heydər Əliyev Fondunda olublar. Latviya dövlətinin başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, Fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği Fondun əsas fəaliyyət istiqamətini təşkil edir.
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlereyə ümummilli liderin iş otağının interyeri, müxtəlif dövrlərdə işlədiyi zaman aldığı fəxri fərman və sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər göstərilib.
Latviya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərimizə həsr olunmuş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar. Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıblar.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Latviya Prezidentinə xatirə hədiyyəsi təqdim edib. Dövlət başçıları və xanımları Fondun fəaliyyəti haqqında filmə baxıblar. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
*  *  *
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Valdis Zatlers dünən Fəxri Xiyabana gəlib. Prezident Valdis Zatlers Azərbaycan xalqının görkəmli oğlu ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu öndərin xatirəsini ehtiramla anıb. Latviya dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül qoyub. Ali qonağa Fəxri Xiyabanın tarixi barədə məlumat verilib.
Latviya Respublikasının Prezidenti Valdis Zatlers Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Valdis Zatlers Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Latviyanın və Azərbaycanın dövlət himnləri səslənib. Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Valdis Zatlers Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
*  *  *
Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlers dünən Milli Məclisə gəlib. Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Latviya dövlətinin başçısı Milli Məclisin iclas zalına baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında Ulu öndərin xidmətləri barədə məlumat verilib.
Latviya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Latviya Prezidenti Valdis Zatlers arasında görüş olub.
Milli Məclisin sədri Azərbaycan-Latviya dostluq münasibətlərindən danışıb, bu səfərin ölkələrimiz arasındakı əlaqələrin tarixində yeni səhifə açdığını bildirib.
Səfər çərçivəsində imzalanmış sənədlərin gələcək əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığı vurğulanıb, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçılarının rolu xüsusi qeyd edilib.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edən Milli Məclisin sədri, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradıldığını bildirib, bu qrupların fəaliyyətinin daha da sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
O.Əsədov Azərbaycanın iqtisadi inkişafından danışaraq, bu inkişafa maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib, rəsmi Bakının problemin sülh yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında həllinə ümidvar olduğunu bildirib.
Latviya Prezidenti Valdis Zatlers onlara göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlıq edib. Ali qonaq bildirib ki, son beş ildə münasibətlərimiz xeyli inkişaf edib. Əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm baza var.
Latviya-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən ali qonaq, dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Latviya dövlətinin başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığının, xüsusilə də dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb, Milli Məclisə gələcək fəaliyyətində uğurlar arzulayıb.
*  *  *
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Paylaş:
Baxılıb: 1134 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31