Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar

Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar

02.09.2009 [09:26]

Prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqı binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib
Dünən Azərbaycan Bəstəkarlar İttifaqının Bakının Xaqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva mərasimdə iştirak ediblər. Mehriban xanıma və Leyla xanıma gül dəstələri təqdim olunub.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin incəsənət xadimlərinə qayğısını əks etdirən fotostendə baxıb. Dövlətimizin başçısı binanın təmir və yenidənqurmadan əvvəlki görkəmini əks etdirən şəkillərlə tanış olub.
Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyevə məlumat verilib ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulub. Bildirilib ki, əvvəllər bina dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı, sonralar isə pionerlər evi kimi fəaliyyət göstərib, 1964-cü ildə Bəstəkarlar İttifaqının istifadəsinə verilib. 1991-ci ilin avqustundan burada əvvəlcə Türkiyə Respublikasının konsulluğu, sonra isə səfirliyi yerləşib.
Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilib.
Prezident İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında” 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Bundan əlavə, ittifaqa ayrılmış 1 milyon manat vəsait hesabına musiqi alətləri, müasir texniki avadanlıq alınıb.
Təmir işlərinə ötən il avqustun sonlarında başlanılıb, bu müddətdə bütün divarlar suvanıb, qapı-pəncərələr dəyişdirilib, kommunikasiya xətləri yenidən qurulub. Binanın fasadı təmir olunarkən buradakı heykəllər də bərpa edilib. Yenidənqurma zamanı binanın əvvəlki memarlıq üslubu qorunub saxlanılıb, eyni zamanda müasir dizayn elementlərindən istifadə olunub.
Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, əsaslı təmir və yenidənqurmadan sonra burada 40-a yaxın müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxana, musiqi fondu və inzibati otaqlar istifadəyə verilib.
Təmir və yenidənqurma zamanı yerli və xarici tikinti materiallarından istifadə olunub. Binanın müasir havalandırma sistemi var. Otaqların tavanı, döşəmə yenidən qurulub, qapı və pəncərələr yeniləri ilə əvəz edilib. Birinci və ikinci mərtəbələrin arasındakı pilləkən qəfəsində görkəmli Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin heykəli qoyulub.
Binanın üçüncü mərtəbəsində 120 nəfərlik kamera musiqisi salonu fəaliyyət göstərəcək. Müasir avadanlıqla təchiz olunmuş salonda yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil ediləcək, sənət adamları ilə görüşlər keçiriləcək. Burada İttifaqın yeni yaradılmış beynəlxalq əlaqələr bölməsi və region şöbələri üçün otaqlar ayrılıb.
Prezident İlham Əliyevin İttifaqın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı Sərəncama əsasən bina müasir tələblərə cavab verən zəruri avadanlıqla təmin olunub. Yeni yaradılan böyük konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınıb. Burada ilk dəfə olaraq rəqəmsal kompyuter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılıb. Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradacaq.
Təşkilatın fondunda dahi Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulub. Yeni üslubda yaradıcılıq mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Bəstəkarlar İttifaqında sənətlə bağlı fikirlərin müzakirəsinə geniş yer veriləcək.
Burada xüsusi istedada malik uşaqların potensialının inkişaf etdirilməsi ilə bağlı müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilən dərs otaqları fəaliyyət göstərəcək. Bəstəkarlar İttifaqında gənc bəstəkarların və istedadların dövlətimizin qayğısından yararlanması, onların əsərlərinin dinlənilməsi və nümayişi üçün hər cür şərait var.
Prezident İlham Əliyev kamera musiqisi salonunda Bəstəkarlar İttifaqı katibliyinin üzvləri - Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov və Lalə Hüseynova ilə görüşüb. Gənc bəstəkarlar Əli Məmmədov və Vurğun Vəkilov öz əsərlərini fortepianoda məharətlə ifa ediblər.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tarixi binanın yenidən onların istifadəsinə verilməsini və yüksək səviyyəli təmir-bərpa işlərinin aparılmasını bəstəkarların dərin razılıq hissi ilə qarşıladıqlarını bildirib. Bu binanın bir çox tarixi hadisələrlə əlamətdar olduğunu qeyd edən F.Əlizadə Bəstəkarlar İttifaqının 1979-cu ildə keçirilən V qurultayını xatırladıb. Bildirib ki, həmin qurultayda iştirak edən Ulu öndər Heydər Əliyevin söylədiyi müdrik fikirlər, verdiyi tövsiyələr bu gün də dəyərini qoruyub saxlayır. 75 illik yubileyi ərəfəsində tarixi binanın yenidən 200-dək üzvü olan Bəstəkarlar İttifaqının istifadəsinə verilməsini onlarda ikiqat sevinc hissi doğurduğunu bildirən Firəngiz Əlizadə deyib: “Möhtərəm cənab Prezident! Əziz və hörmətli Mehriban xanım! Bu gün Azərbaycan paytaxtının mədəni, musiqi ictimai həyatında əlamatdar bir gündür. Sizin tarixi sərəncamlarınızdan sonra, gərgin və səmərəli işlər aparılmışdır və nəhayət, Azərbaycan Bəstəkarlar İttifaqı uzun keşməkeşli illərdən sonra öz doğma evinə, ocağına qayıtmışdır. Bizim bütün bəstəkarlarımız və musiqişünaslarımız, bütün musiqisevərlər Sizə dərin minnətdarlıqlarını ifadə etmək istəyirlər. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü, şəxsən Mehriban xanımın səyləri ilə Azərbaycan muğamı daim dünya səhnələrini fəth edir. Buna mart ayında keçirilmiş Birinci Beynəlxalq Muğam Festivalı parlaq bir nümunədir”.
Əlamətdar mədəni hadisə münasibətilə bəstəkarları təbrik edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək deyib: “Mən sizi Bəstəkarlar İttifaqının binasının əsaslı təmirdən sonra açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük hadisədir. Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar. Bina əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Siz qeyd etdiniz, Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər. Bu yaxınlarda Rəssamlar İttifaqının binası təmir olunaraq təhvil verildi. Bu bina ilə yanaşı yerləşən Yazıçılar Birliyinin binasını da təmir etdik. Beləliklə, Bakı gözəlləşir, Bakının bütün gözəl binaları öz tarixi simasını saxlamaqla yeniləşir, müasirləşir. Bax, bu binanın isə xüsusi taleyi olmuşdur. Yenə də qeyd etmək istəyirəm ki, təxminən 20 il ərzində bəstəkarlar başqa yerdə məskunlaşmışlar. Ancaq biz tarixi ədaləti bərpa etdik, bina yenidən bəstəkarlara qayıdır və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bütövlükdə Bakının bu tarixi ərazisində çox abadlıq işləri aparılıb. Sahil bağı yenidən qurulub. Sahil bağı tarixi bir yerdir, böyük tarixi vardır və bu yenidənqurma, abadlıq işləri nəticəsində bir tərəfdən Azərbaycan xalqına yad olan, bizim milli şüurumuza zidd olan vaxtilə qoyulmuş abidə buradan götürüldü və gözəl fəvvarələr kompleksi yaradıldı. Yəni bu həm gözəllikdir, həm bizim tarixə olan ədalətli münasibətimizdir, Azərbaycan xalqının iradəsidir və tarixi ədalətin bərpasıdır. Bax bu binanın yenidən bəstəkarlara verilməsi və ətrafda yerləşən bütün binaların bərpası bu mənanı daşıyır. Mən bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı, yeni uğurlar arzulayıram”.
Sonra dövlətimizin başçısı binanın birinci mərtəbəsində yerləşən konfrans zalı ilə tanış olub. Burada quraşdırılmış monitorda Bəstəkarlar İttifaqının sədrləri haqqında videofilmə baxıb. Bildirilib ki, binada yaradılmış hərtərəfli şərait bəstəkarların səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına imkan verəcək. Yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən tanınmış musiqi xadimləri, bəstəkarlar bunu dövlətimizin başçısının Azərbaycan musiqisinə və incəsənətinə qayğısının növbəti nümunəsi kimi qiymətləndiriblər.
Dövlətimizin başçısı Bəstəkarlar İttifaqının üzvlərinə, tanınmış incəsənət və musiqi xadimlərinə yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva yaxınlıqdakı Sahil bağını gəziblər.

Paylaş:
Baxılıb: 1120 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31