Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli Məclisin payız sessiyası öz işinə başlayıb

Milli Məclisin payız sessiyası öz işinə başlayıb

01.10.2009 [11:06]

İlk iclasda sessiyanın qanunvericilik işləri planı təsdiq olunub, Azərbaycanın bəzi ölkələrdə səfirliyinin açılması haqqında qanun layihələri qəbul edilib
Dünən Milli Məclisin payız sessiyası dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək, ölkəmizdə həyata keçirilən iqtisadi-siyasi islahatlardan söz açıb. O.Əsədov deyib ki, bu günlərdə Milli Məclisin yeni inzibati binası istifadəyə verilib və açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Yeni binanın istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələrinin bariz nümunəsidir. O.Əsədov yeni binada deputatlar üçün hər cür şəraitin yaradıldığını bildirib. Milli Məclisin sədri vurğulayıb ki, parlamentin deputatları ötən yaz və növbədənkənar sessiyalar dövründə 29 ölkədə səfərdə olub, 40-dan çox beynəlxalq tədbirdə iştirak ediblər. Sentyabrın 29-da Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının ilk ümumi iclası keçirilib. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Spiker deyib ki, payız sessiyasında 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul ediləcək.
Bundan başqa, payız sessiyasında Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edəcəyi qanun layihələrinə, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və digər qanun layihələrinə baxılacaq.
Daha sonra, millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin maddi-texniki bazasının gücləndirildiyini xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, son zamanlar millət vəkillərinin iş şərainin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Belə ki, deputatlara köməkçi ştatı verilib. Parlamentin zalı yüksək səviyyədə təmir olunub. Xüsusilə, Milli Məclisin yeni korpusunun tikilməsi millət vəkilləri tərəfindən yüksək qiymətləndirilir. “Bu, Prezident İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğının nümunəsidir. Azərbaycan parlamentində olan vəziyyət dünyanın heç bir ölkəsində yoxdur. Bu günlərdə Türkdilli ölkələrin Parlament Assambleyasına daxil olan ölkələrin nümayəndələri Bakıya gəlmişdilər və onlar Milli Məclisin binasını və şəraitini yüksək qiymətləndirdilər” - deyən H.Rəcəbli əlavə edib ki, iş şəraitinin yaxşılaşdırılması millət vəkillərinin üzərinə vəzifələr də qoyur. Onlar qanunvericilik sahəsində daha səmərəli işləməlidirlər.
Millət vəkili Cəmil Həsənli parlamentin yeni korpusunun tikilib istifadəyə verildiyinə görə, Milli Məclis rəhbərliyinə təşəkkür edib. O, bildirib ki, bu, millət vəkillərinin iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Millət vəkili Azay Quliyev parlamentdə “Sosial sifariş haqqında” və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasını təklif edib. Onun fikrincə, indiki şəraitdə bu qanunlara ehtiyac var.
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc isə çıxışında Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması istiqamətində aparılan danışıqlara münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə hökuməti Azərbaycanın maraqılarına zidd olmayan addım atmayacağını bəyan etsə də, oktyabrın 10-da Ermənistanla protokolları imzalamağa hazırlaşır. Millət vəkilinin fikrincə, belə addımın atılması yenidən cəmiyyətimizin ciddi etirazı ilə qarşılanacaq.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında millət vəkillərinin iş şəraitinin yaxşılaşdırılmasını təqdir edib. O, parlamentin spikerinin bu yöndəki fəaliyyətini yüksək qiymətləndirib. E.İbrahimov əmin edib ki, bu diqqətin qarşılığında millət vəkilləri qanunvericilik sahəsində daha effektiv fəaliyyət göstərəcəklər. Komitə sədri Naxçıvan Muxtar Respublikasındakı vəziyyətə də diqqəti cəlb edib. Onun sözlərinə görə, blokada şəraitində olmasına baxmayaraq, Muxtar Respublika inkişaf edir: “Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının 85 illiyi dövlət səviyyəsində qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev də bu mərasimdə iştirak etdi və Naxçıvanın inkişafını yüksək qiymətləndirdi. Bu fakt bir daha göstərir ki, Naxçıvanda quruculuq və abadlıq işləri böyük vüsət alıb”.
Spiker Oqtay Əsədov isə blokada şəraitində olan Naxçıvanda Türkdilli Dövlətlərin Dövlət Başçılarının sammitinin keçiriləcəyini vurğulayıb.
Millət vəkili Əli Məsimli TöPA-nın ilk toplantısının keçirilməsini yüksək qiymətləndirib. O, daha sonra sosial məsələlərlə bağlı fikirlərini bildirib.
Millət vəkili Aynur Quliyeva Dağlıq Qarabağ problemi ilə bağlı Milli Məclisdə dinləmələr keçirilməsini təklif edib.
Daha sonra, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov millət vəkillərinin qaldırdığı məsələlərə münasibət bildirib. O, deyib ki, parlamentdə iş şəraitinin yaxşılaşdırılması vacib hadisədir, bu şəraitdən istifadə edərək xalqımız və dövlətimiz üçün vacib olan qanunları qəbul etməliyik.
Onun fikrincə, Türkdilli Dövlətlərin Dövlət Başçılarının sammitinin Naxçıvanda keçirilməsi də əhəmiyyətli hadisədir: “Bu fakt blokada şəraitində olan Naxçıvanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Naxçıvanda inkişaf olsa da, dövlət başçıları görəcəklər ki, həqiqi blokadada yaşayan Ermənistandır, yoxsa Naxçıvan”.
Cari məsələlərdən sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrini müzakirə ediblər. öncə Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilib. İş planına Tikinti Məcəlləsi, dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında”, “Bələdiyyələrin hesabatları haqqında”, “Pambıqçılıq haqqında”, “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaması haqqında” qanun layihələri və digər sənədlər daxildir.
Müzakirələrdən sonra iş planı təsdiqlənib.
İclasda, eyni zamanda, ölkəmizin Oman Sultanlığında, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində, Serbiya, Livan və Estoniya respublikalarında səfirliyinin açılması barədə qanun layihələri  qəbul olunub.
İclasda, həmçinin, bir sıra dövlətlərarası sazişlər də təsdiqlənib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1111 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31