Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan qabaqcıl İKT yeniliklərini tətbiq edən ölkələr sırasındadır

Azərbaycan qabaqcıl İKT yeniliklərini tətbiq edən ölkələr sırasındadır

05.11.2009 [10:08]

Prezident İlham Əliyev “Bakutel-2009” 15-ci yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində iştirak edib
Dünən Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Bakutel-2009” 15-ci yubiley Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  mərasimdə iştirak ediblər.
Sərginin ekspozisiyaları ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verilib ki, son 15 ildə “Bakutel” sərgisi 26 ölkədən 800-dən çox şirkəti qəbul edib. Builki tədbirdə isə dünyanın 16 ölkəsindən 112 şirkət  iştirak edir. ötən illə müqayisədə iştirakçıların sayı 5 faiz artıb. Yerli şirkətlər ümumi iştirakçıların 55 faizini təşkil edir. İteca Caspian və onun tərəfdaşı Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin təşkilatçısı olduğu sərgi Xəzəryanı və Cənubi Qafqazda bu cür ən böyük tədbirdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tədbirin keçirliməsinə rəsmi dəstək verir. Bundan əlavə, BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Rabitə sahəsində Regional Birlik, İnformasiya-Kommunikasiya Texnologiyaları və İnkişaf üzrə Qlobal Alyans və digər nüfuzlu beynəlxalq təşkilatlar da  sərginin keçirilməsini dəstəkləyir.
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində bazarların təyini və biznesin inkişafı, tərəfdaş axtarışı və istehlakçılarla səmərəli əlaqələrin qurulması baxımından bu sərgi mühüm rol oynayır. Hər il bu tədbirdə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və telekommunikasiyalar, kabel rabitəsi və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank xidmətləri, elektron biznes və elektron hökumət sisteminə aid yüzlərlə yenilik təqdim olunur. Builki tədbirdə 3G və 4G texnologiyaları, həmçinin nanomaterialların istifadəsi perspektivi və bir sıra digər tədqiqatlar da geniş təqdim olunur. Sərgi neft kapitalını insan kapitalına çevirməyi qarşıya başlıca məqsəd qoyan Azərbaycan dövlətinin bu sahəyə prioritet əhəmiyyət verdiyinin göstəricisidir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və tədbirin digər təşkilatçıları dövlətimizin başçısına sərgi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sərgiyə maraq artdığından tədbirə yeni iştirakçılar da qoşulublar.
Prezident İlham Əliyev respublikamızda fəaliyyətini genişləndirən “Azərfon” şirkətinin ekspozisiyası ilə tanış olub.
Bildirilib ki, bu iqtisadi qurum 3G yeni nəsil şəbəkələrinin və digər texnologiyaların ölkəmizdə geniş tətbiqi üçün silsilə tədbirlər həyata keçirib.
Ekspozisiyada respublikamızın bölgələri arasında 3G şəbəkəsi vasitəsilə ilk videozəng təşkil olunub.
Prezident İlham Əliyev “Azərfon”un Naxçıvan şəhərindəki satış üzrə meneceri Natiq Paşayevlə videozənglə əlaqə yaradıb.
Natiq Paşayev: Hörmətli cənab Prezident, Sizi Naxçıvan şəhərindən mən Natiq Paşayev salamlayıram. “Azərfon” şirkəti böyük fəxrlə elan edir ki, 3G şəbəkəsi artıq Naxçıvan şəhərində də quraşdırılmış və yaxın zamanlarda abunəçilərin istifadəsinə veriləcəkdir. Cənab Prezident, Bakı və Naxçıvan şəhərləri arasında baş tutmuş ilk videozəng münasibətilə hamını təbrik edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ ol, səni də təbrik edirəm. Bu yenilik əslində Azərbaycanda bu sahədə gedən inkişafı göstərir. Mən çox şadam ki, bir il bundan əvvəl mənə verilən vədlər yerinə yetirildi və bu gün biz səninlə videogörüntü ilə danışırıq. Bütün naxçıvanlılara mənim salamlarımı çatdır.
Natiq Paşayev: Təşəkkür edirəm, cənab Prezident!
“AZEDUNET”in ekspozisiyası zənginliyi ilə diqqəti cəlb edirdi. Prezident İlham Əliyevə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqram”ı çərçivəsində görülən işlər, həmçinin Təhsil Nazirliyinin məlumat və resurs mərkəzi haqqında ətraflı məlumat verilib.
Buradan orta məktəblərin biri ilə birbaşa videoəlaqə yaradılıb.
Videoəlaqə zamanı dövlətimizin başçısı məktəbliləri salamlayaraq deyib: “Sizə uğurlar arzulayıram. Yaxşı oxuyun”.
Məktəblilər Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Qeyd edilib ki, hazırda respublikamızda təhsil sistemində  informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən layihələr ardıcıllıqla reallaşdırılır. Bu baxımdan yeni yaradılan DATA mərkəzi elektron təhsil sisteminə əsas töhfələrdəndir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi də işini ən müasir standartlara uyğun qurur. Prezident İlham Əliyevə bu qurumun ekspozisiyasında “Dilmanc” sistemi nümayiş etdirilib. Məlumat verilib ki, bu texnologiya telefon vasitəsilə danışıq zamanı nitqin Azərbaycan dilindən ingilis dilinə və əksinə tərcüməyə, Azərbaycan dilində mətnlərin səsləndirilməsi və digər nadir imkanlara malikdir. “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan dilində nitqin tanınması ilə bağlı ilk sistem yaradılıb. Nitqin tanınması sistemi dedikdə mikrofona deyilən sözləri kompyuterdə yazıya çevirən proqram nəzərdə tutulur. Nitqin tanınması sistemi gələcəkdə sinxron tərcümə sisteminin yaradılmasına imkan verəcək. Sonra “Dilmanc” tərcümə imkanları nümayiş etdirilib.
Nazir Əli Abbasov “Aztelekom”un ekspozisiyasında “Transavrasiya Super İnformasiya Magistralı” ilə bağlı dövlətimizin başçısına məlumat verərək bildirib ki, respublikamızın təşəbbüsü ilə yaradılacaq bu magistral Avropa və Asiyanın 20 ölkəsini əhatə edəcək. Həmin layihə ilə bağlı müzakirələr 2007-ci ildən aparılır. İndiyədək dünyada cəmi 2 belə supermagistral xidmət göstərir. Bu fiber-optik layihə Azərbaycanın regionda informasiya texnologiyaları  marşrutunun mərkəzinə çevrilməsində əvəzsiz rol oynayacaq. Bildirilib ki, hazırda layihənin BMT tərəfindən siyasi dəstəklənməsi üzrə konkret tədbirlər görülür.
Prezident İlham Əliyevə nanotexnologiyalarla bağlı respublikamızda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqində öncüllər sırasında olan “Azərcell”in pavilyonu ilə tanışlıq zamanı dövlətimizin başçısına ən son elmi-texniki nailiyyətlərə əsaslanan 3G və 4G yeni nəsil şəbəkələrinə dair yeniliklər təqdim edilib.
Bildirilib ki, 4G yeni nəsil şəbəkəsinin tətbiqi Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyevə istənilən yaşayış məntəqəsindən televiziyalar vasitəsilə operativ və canlı bağlantı yaradılmasına imkan verən avadanlıq da nümayiş etdirilib. Qeyd edilib ki, “Azərcell” müştəri xidmətlərini də mütəmadi təkmilləşdirir.
Dövlətimizin başçısına bildirilib ki, Bakıda keçirilən bu sərgiyə dünyada böyük maraq var və informasiya və kommunikasiya texnologiyaları üzrə qabaqcıl iqtisadi qurumlar Azərbaycanla sıx əməkdaşlığa can atırlar.
ABŞ-ın “Orbital” şirkətinin ekspozisiyası ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu şirkət dünyada süni peyk istehsalı üzrə ən böyük qurumlardan biridir. Azərbaycanın kosmosa buraxılacaq süni peyklərini də həmin şirkət hazırlayacaq. Azərbaycanın ilk süni peyki orbitə 2011-ci ilin sonu və ya 2012-ci ilin əvvəllərində buraxılacaq. Həmin peyk Malayziyanın orbital mövqeyində olacaq və orbitə bu ölkənin “Measat” şirkətinin peyki ilə birgə çıxarılacaq.
Azərbaycanın peykini zenit qurğuları vasitəsilə kosmosa çıxaracaq ölkələrin müəyyənləşdirilməsi üzrə iş davam edir. Namizədlər sırasında Ukrayna da var. Dost ölkənin belə qurğuları dövlətimizin başçısına nümayiş etdirilib.
çinin dünyada tanınan ZTE şirkəti də bu sərgidə geniş  təmsil olunub. Bu şirkət planetin 140-dan çox ölkəsində fəaliyyət göstərir və əməkdaşlarının sayı 70 mini üstələyir. Həmin şirkət respublikamızda “Azərfon” və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Sərgidə ZTE şirkətinin geniş imkanlara malik 2G, 3G və 4G stasionar stansiyaları və digər avadanlığı nümayiş etdirilir.
Azərbaycanın informasiya və kommunikasiya bazarında mühüm rol oynayan şirkətlərdən biri də “Delta Telekom”dur. Şirkətin pavilyonu ilə tanışlıq zamanı bildirilib ki, “Delta Telekom” dövlətlərarası tranzit kanallarının verilməsini həyata keçirən müvafiq supermagistralda əlavə tədbirlər görür. Bakı-Gürcüstan və Bakı-Rusiya arasında bu şəbəkə tam ehtiyatda saxlanılır. Bakı-Rusiya şəbəkəsi üzrə Şamaxı-Quba fiber-optik kabel strukturu yaradılıb. Şəbəkənin ümumi gücü yaxın illərdə Azərbaycanı regionda ən güclü tranzit imkanları olan dövlətə çevirəcək. Şirkət yeni data mərkəzini də istifadəyə verib. Həmin mərkəz indiki tutumu ilə 100 min internet resursunun burada yerləşdirilməsinə imkan yaradır və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. “Delta Telekom” alternativ genişzolaqlı internet xidmətlərindən istifadəyə imkan verən WIMAX texnologiyası əsasında yeni şəbəkə yaradıb.
Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub. Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev tədbir iştirakçılarına uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
AzərTAc

Paylaş:
Baxılıb: 1168 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31