Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bu gün Azərbaycanın bölgələrinə yatırılan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir

Bu gün Azərbaycanın bölgələrinə yatırılan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir

30.04.2010 [10:12]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfər edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfər edib. Son illər Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun inkişafı ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub və həmin işlər indi uğurla icra edilir. ötən il rayonda bir çox yeni layihələr həyata keçirilib, ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata çatıb. Bu dövrdə sənaye məhsulunun həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 4,1 dəfə artıb. Rayonda sosial və istehsal təyinatlı obyektlərin inşası aparılıb, təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq məktəb tikintisi davam etdirilib. Son illərdə 2220 şagird yeri olan 13 yeni məktəb binası, 540 şagird yerlik 27 əlavə sinif otağı tikilib, 14 məktəbdə əsaslı təmir işləri aparılıb. 2003-2009-cu illərdə 9896-sı daimi olmaqla 12312 yeni iş yeri açılıb. Cari ilin birinci rübündə Salyanda sosial məsələlərin həlli istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrəti göstərir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir. Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin yenidən qurulması layihəsi də bu qəbildəndir.
Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Azərbaycan Prezidentinin ölkədə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması işləri çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi, Bakı-Quba-Rusiya Federasiyasıyla dövlət sərhədi və Ələt-Astara avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən Nəqliyyat Nazirliyinin sifarişi ilə Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 9-31-ci kilometrlik mənzili də yenidən qurulub. Layihəyə dair saziş Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 2006-cı ilin mayında imzalanıb və Nazirlər Kabineti tərəfindən 2006-cı il iyulun 4-də təsdiq edilmiş kredit sazişi çərçivəsində maliyyələşdirilir. Kredit sazişinin dəyəri 265 milyon dollardır. Bu məbləğin 65 milyon dolları Azərbaycan hökumətinin payına düşür, 200 milyon dolları isə kredit şəklindədir.
Dövlətimizin başçısına məlumat verilib ki, tikintisinə 2006-cı ilin dekabrında başlanmış yolun yenidən qurulan hissəsinin uzunluğu 22 kilometrdir. 1b texniki dərəcəli yolun eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4, hər bir zolağın eni isə 3,75 metrdir. Yolun 2 hərəkət hissəsi var. Ayırıcı zolağın eni isə 5 metrə çatır. Magistralın üzərində iki yolötürücü, Şirvan kanalı üzərində isə 54 metr uzunluğunda bir körpü inşa olunub. Yol boyu 4 düzbucaqlı boru, 36 dairəvi boru, 4 mal-qara keçidləri tikilib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib.
Prezident İlham Əliyev yolun tikintisində çalışan inşaatçılarla söhbət edərək deyib ki, bu yol bizim üçün çox vacibdir: “Bütün yollar vacibdir. Amma bu yol həm iqtisadi inkişaf, həm nəqliyyatın daha da yaxşı səviyyədə tənzimlənməsi, qonşu İranla aramızda iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu yol Cənub istiqamətində yerləşən bütün rayonlarımızı Bakı ilə daha da yüksək keyfiyyətlə birləşdirir. Beləliklə, Cənub bölgəsində yaşayan bütün insanlar paytaxtla və Azərbaycanın digər şəhərləri ilə daha da rahat əlaqə saxlaya biləcəklər. Yəni görülən bütün işlər bu məqsədləri güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, yaşamaq üçün də əla, yaxşı şərait yaradılsın”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak edib. Məlumat verilib ki, tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunub. Kənd təsərrüfatı məhsullarının uzunmüddətli istifadə üçün keyfiyyətinin saxlanılması məqsədi ilə yaradılan kompleksin anbar hissəsinin sahəsi 9 min kvadratmetrdir. Ərazidə inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalar inşa olunub. Kompleksdə çeşidləmə bölməsi, iki gözləmə kamerası, o cümlədən ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera var. Kompleksdə ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur. Kompleksdə 10 min tona qədər digər kənd təsərrüfatı məhsullarının saxlanmasına da imkan var.
Burada 150 nəfərin daimi, 300 nəfərin isə mövsümi işlə təmin olunması üçün bütün şərait yaradılıb.
Bildirilib ki, soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlara da xidmət göstərəcək. Kompleksdə 10 min tonluq müsbət və 500 tonluq mənfi temperaturlu rejimdə işləyən saxlanma sistemi fəaliyyət göstərir. Müsbət temperatur rejimli kameralarda meyvə və tərəvəz, mənfi temperatur rejimli kameralarda isə ət, toyuq və balıq məhsulları saxlanılacaq. Meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının yerləşdirildiyi kameralar hər bir məhsulun saxlanma temperaturuna uyğun müəyyən edilir. Gün ərzində 100 ton məhsul qəbul etmək imkanında olan kompleksə gətirilən meyvə-tərəvəz əvvəlcə birinci gözləmə zalında müsbət 15 dərəcədə 24 saat saxlanılır. Sonra çeşidləmə bölməsində hər bir məhsul keyfiyyətinə görə bir neçə növə ayrılır. Burada bir dəfəyə 4 növ məhsulun çeşidlənməsi aparılır. Kompleksdə hər bir məhsul 90-180 gün saxlanıla bilir. Bütün bunlar Salyan və qonşu rayonlarla yanaşı, digər bölgələrdə sahibkarlıqla məşğul olan iş adamlarına əlavə imkanlar yaradır.
Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Salyanda soyuducu anbar kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq deyib ki, yeni, gözəl soyuducu anbarın fəaliyyətə başlaması böyük hadisədir: “Əminəm ki, fermerlər bu gözəl imkandan çox səmərəli şəkildə istifadə edəcəklər, rayonun kənd təsərrüfatı imkanları daha da böyüyəcək, genişlənəcək və beləliklə, rayon iqtisadi baxımdan daha da sürətlə inkişaf edəcəkdir”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, bütün bölgələrdə quruculuq işləri aparılır, Azərbaycan inamla irəliyə gedir: “Qarşıda duran bütün vəzifələr icra olunur. Bütün investisiya layihələri icra edilir. Bütün sosial məsələlər öz həllini tapır. Mən istəyirəm ki, daha da sürətlə inkişaf olsun. Baxmayaraq ki, bu gün Azərbaycandan daha sürətlə inkişaf edən ölkə yoxdur. Nəinki bu gün, son 5-6 il ərzində dünyada ən yüksək templə inkişaf edən ölkə Azərbaycandır. Bu bizə imkan verdi ki, problemlərin böyük hissəsi həll olunsun. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi məsələ çoxdur. ölkəmizin bütün problemləri həll olunmalıdır”.
Rayon ictimaiyyəti və sahibkarlar adından çıxış edən Həziran Usubov dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda elektrik yarımstansiyanın və yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına həyata keçirilən inşaat işləri və bu energetika qurğularının əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 220 və 330 kilovoltluq yüksəkgərginlikli hava xətlərinin inşasına 2006-cı ildə başlanıb. Beş hektar ərazidə yerləşən bu obyektin bünövrəsi Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. “Salyan” yarımstansiyası və yüksəkgərginlikli hava xətləri Azərbaycan Prezidentinin təsdiq etdiyi 2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inşa olunub. Başlıca məqsəd respublikamızın cənub bölgəsinin elektrik enerjisi təchizatını həm kəmiyyət, həm də keyfiyyətcə yaxşılaşdırmaq, həmçinin, Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarını artırmaqdır.
Dövlətimizin başçısının Azərbaycanın inşaat sektorunda beynəlxalq səviyyəli layihələrə yerli iqtisadi qurumların geniş cəlb edilməsi barədə tövsiyə və tapşırıqlarına uyğun olaraq “Salyan” yarımstansiyasının və yüksəkgərginlikli hava xətlərinin inşasını “AZENKO” şirkəti həyata keçirib.
Qeyd olunub ki, burada hər birinin gücü 125 meqavoltamper olan iki avtotransformator, 220 və 110 kilovoltluq paylayıcı qurğular, digər müasir qurğu və avadanlıq quraşdırılıb. Müasir dizaynı ilə seçilən inzibati  binada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Layihə çərçivəsində çəkilən yüksək gərginlikli 330 və 220 kilovoltluq beş hava xəttinin ümumi uzunluğu 360 kilometrə qədərdir. “Salyan” yarımstansiyası və yüksəkgərginlikli hava xətlərinin çəkilişi Azərbaycan ilə İran arasında enerji mübadiləsinin həcmini indiki 200 meqavatdan 700 meqavata çatdırmağa imkan verəcək. Bundan başqa, burada inşaat-quraşdırma işlərinin başa çatması Rusiyadan İrana və İrandan Rusiyaya da elektrik enerjisinin ötürülməsi üçün texniki imkanlar açacaq. Bu isə yaxın gələcəkdə üç dövlətin enerji sistemlərinin paralel işləməsinə zəmin yaradacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Dövlətimizin başçısı stansiyanı işə salıb.
Bununla da Prezident İlham Əliyevin Salyan rayonuna səfəri başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Biləsuvar rayonuna gəlib. Cari ilin birinci rübündə rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdən tutmuş, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, tikinti, ticarət və xidmət sahələrində müsbət irəliləyişlər qeydə alınıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 3 milyon manat və ya 101 faiz yerinə yetirilib, əhalinin gəlirləri 19,4  milyon manat olub. Gəlirlərin adambaşına düşən məbləği 217,2 manat, orta aylıq əmək haqqı isə 169 manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin ilk rübündə ümumi məhsul buraxılışının həcmi artaraq 13,2 milyon manata çatıb. Bu dövrdə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,7 faiz artaraq 21 milyon manat olub.
Son illərdə isə ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə artaraq 101 milyon 200 min manata çatıb. Artım kənd təsərrüfatı, sənaye məhsulları istehsalı sahələrində, habelə əsas kapitala yönəldilən investisiyalarda qeydə alınıb. Rayonda sahibkarlığın inkişafı diqqətdə saxlanılır. İş adamlarına yaradılan şərait yeni müəssisələrin açılmasına imkan verib. Son illərdə rayonda 16921 yeni iş yeri açılmışdır ki, onlardan da 12237-si daimidir. Prezident İlham Əliyev əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin  Biləsuvar rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarların və verdiyi tapşırıqların icrası ilə əlaqədar regionlarda avtomobil yollarının tikintisi, yenidən qurulması layihələri uğurla icra olunur. Belə layihələrdən biri də cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayan və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi Biləsuvar şəhərinin dairəvi avtomobil yolunun tikintisidir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısının diqqətinə çatdırıb ki, Biləsuvar dairəvi avtomobil yolu Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələrinin Biləsuvar şəhərinə girmədən hərəkətini davam etdirməsi məqsədi ilə inşa olunub. Yolun inşasına 1990-cı ildə başlansa da, torpaq yatağının bir hissəsi tikildikdən sonra maliyyə çatışmazlığı səbəbindən işlər dayandırılmışdı. Yolun bu hissəsi uzun müddət yararsız vəziyyətdə olduğu üçün burada tez-tez qəzalar qeydə alınırdı. Yolun strateji əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı 2008-ci ildə Nəqliyyat Nazirliyinə tikinti işlərinə başlanması barədə tapşırıq verib. Təsadüfi deyildir ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindən sutkada 7300-dən çox avtomobil keçir.
Məlumat verilib ki, uzunluğu 10,6 kilometr olan yol ikinci dərəcəlidir. Asfalt-beton örtüklü yolda hərəkət hissəsinin eni 9 metrə, iki hərəkət zolağının hər birinin eni isə 3,75 metrə çatır. Yolun 3-cü kilometrində Bulqarçay üzərində, 9-cu kilometrində Əzizbəyov kanalı üzərində uzunluğu 52 metr, eni 10 metr olan 2 körpü tikilib.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olub. Təməli 2009-cu ildə qoyulan Biləsuvar regional ana və uşaq mərkəzinin tikintisi bir il ərzində davam etdirilib. Müasir üslubda tikilən mərkəzin yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək inşa edilib. Müəssisənin tikintisi müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda səhiyyə işinin daha yaxşı təşkilinə geniş imkanlar açıb. ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində görülən işlər keçmişdə ciddi narahatlıq doğuran problemlərin də həllinə imkan yaradıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin köklü həllinə yönəlib.
Səhiyyə ocağı ilə tanışlıq zamanı bildirilib ki, Biləsuvar regional ana və uşaq mərkəzinin üçmərtəbəli binası 32 çarpayılıqdır. Burada üç cərrahiyyə bloku, rentgen otağı, poliklinka, bərpa, ginekologiya, ana və uşaqların sağlamlığı, o cümlədən müalicə şöbələri var. Artıq mərkəz üçün tibbi avadanlığın alınması ilə bağlı sifarişlər verilib. Mərkəz tam fəaliyyətə başladıqdan sonra burada 42 həkim çalışacaq.
Prezident İlham Əliyev mərkəzin kadr potensialı və texniki təchizatı ilə bağlı tapşırıqlarını verərək deyib: “İndi əsas odur ki, burada yaxşı tibbi xidmət göstərilsin, yaxşı mütəxəssislər olsun, çünki müasir avadanlıq quraşdırılacaqdır. Görürəm ki, tikinti çox böyük keyfiyyətlə və zövqlə həyata keçirilir. Əsas odur ki, burada istismar müddətində bütün lazımi qaydalar qorunsun. İndi yerli həkimlər buna nə dərəcədə hazırdırlar, siz gərək ona baxasınız. Yəqin ki, burada müəyyən treninqlər, təlim kursları keçirilməlidir. Birinci mərhələdə Bakıdan, bəlkə də başqa ölkələrdən mütəxəssislər gətirilməlidir ki, işə başlanandan sonra dərhal yüksək xidmət göstərilsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvara səfəri çərçivəsində “Azərsun” Holdinqin “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını həratələ qarşılayıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub. Məlumat verilib ki, son illərdə Biləsuvarda da yeni müəssisə, zavod və fabriklərin istifadəyə verilməsi davamlı xarakter alıb. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətə davamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. “Azərsun” Holdinqin “Natural Green Land” kənd təsərrüfatı müəssisəsi və konserv zavodu da bu qəbildəndir. Zavod İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Azərsun” Holdinqin vəsaiti hesabına inşa edilib. Müəssisənin 3450 hektar əkin sahəsi var ki, onun da 2839 hektarı suvarılan sahələrdir. Müəssisədə 250 nəfər işlə təmin olunub. Lakin mövsümlə əlaqədər 2500-ə yaxın işçi qəbul edilir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilib, müasir suvarma sistemi yaradılıb və əkin üçün yararlı vəziyyətə gətirilib. Suvarma avadanlığı xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanıb. Sahələrdə əsasən müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Bu sahələrdə yetirişdirilən məhsullar konserv zavoduna ötürülür. Zavodun ümumi ərazisi 19 min kvadratmetrdir. Burada 600 nəfər işlə təmin edilib. Müəssisədə Türkiyə, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb.
Bu il 99,6 hektar ərazidə 50 minə yaxın nar, 5,8 hektar ərazidə 3 minə yaxın heyva ağacının əkilməsi planlaşdırılıb. Əkin sahələrini becərmək üçün müəssisə müasir texnika ilə tam təmin olunub.
Müəssisənin inzibati binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun” Holdinqin müəssisələrdə olmasından bəhs edən fotolardan ibarət guşə yaradılıb.
İstehsal sahələri ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada yüksək səviyyəli məhsul almaq üçün bütün şərait yaradılıb. Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətləri var. Müəssisənin illik gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanılması və inkubasiyası üçün 3 anbar da var. Onların ümumi sahəsi 7200 kvadratmetrdir. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür.
Prezidentin diqqətinə çatdırılıb ki, iş vaxtı əmək təhlükəsizliyi məsələsinə də xüsusi önəm verilir və bu məsələ daim diqqətdə saxlanılır. Müəssisədə əsasən peşəkar kadrların işləməsinə üstünlük verilir. Bundan başqa, xaricdən dəvət olunan mütəxəssislər yerli kadrlara kurslar keçir. ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən məhsullar ekoloji saflığı və keyfiyyəti ilə seçilir və onlara əlavə konservat qatılmır. Zavodun laboratoriyalarındakı müasir avadanlıq məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir. Prezident İlham Əliyev müəssisənin əkin sahələrində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, müəssisədə yüksək məhsuldarlıq əldə etmək üçün şoran torpaqların yararlı vəziyyətə gətirilməsi üçün bir sıra tədbirlər görülür. Dövlətimizin başçısı müəssisədə istifadə olunan müasir kənd təsərrüfatı texnikalarına da baxıb. Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev Biləsuvarda yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub. Prezident İlham Əliyev gömrük buraxılış məntəqəsində kinoloqların təlim prosesini izləyib. Dövlətimizin başçısı sərnişin xəttində yüklərin yoxlanmasına baxdı, Biləsuvar, Samur, “Sınıx körpü”, Astara və Mazımçay sərhəd keçid məntəqələrinin əvvəlki və müasir vəziyyətini əks etdirən fotolara baxıb. Gömrük buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib. Bununla da Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfəri başa çatıb.
Dünən Prezident İlham Əliyev Cəlilabad rayonuna gəlib. Dövlətimizin başçısı burada bir sıra sosial və istehsal təyinatlı obyektlərin açılışında iştirak edib.

Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31