Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bizi güclü edən həmrəyliyimiz!

Bizi güclü edən həmrəyliyimiz!

31.12.2022 [10:00]

Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!

Heydər Əliyev

Mübariz FEYİZLİ

Hazırda dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız 31 Dekabr - Dünya  Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük coşqu ilə qeyd edirlər. Tarix elə gətirib ki, imperialist güclərin maraqları bütöv coğrafiyamızı və xalqımızı Arazın o tayı və bu tayı deyilən iki hissəyə bölüb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz xalqımızın birləşmək istəyini simvolizə edir. Bu gün dünyada yaşayan 50 milyon azərbaycanlının inam və ümid anıdır.

Tarixi qərar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bəri bütün dünya azərbaycanlıları bu günü bayram kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın mənəvi-ideoloji cəhətdən bütövlüyünə nail oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Liderimizin dünya azərbaycanlılarının qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Bu gün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, bu dəyərlərin daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diaspor qurumları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan ulu öndər Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs Azərbaycanın dövlət siyasətinin yeni bir istiqamətinə çevrildi. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Müasir mərhələdə həyata keçirilən tədbirlər

Müasir mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsini Prezident İlham Əliyev diqqət mərkəzində saxlayır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda baş tutan növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir başlanğıcın əsasını qoydu və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın  təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Yeni tarixi şəraitdə yeni ideya

İti axan zaman yeni tarixi şərait formalaşdırıb və uzun illər ərzində şüurlarda, qəlblərdə yaşadılan ideyanı real müstəviyə çıxardıb. Söhbət taleyin gərdişi, qonşuluqda yerləşən imperiyaların maraqları və sövdələşmələri nəticəsində ikiyə bölünən Azərbaycanın və azərbaycanlıların uzun sürən ayrılıqdan sonra talelərini birləşdirmək kimi milli ideyanın hər ötən gün daha çox zərurətə çevrildiyinin zamanının gəlməsindən gedir.

Bəhs olunan ümummilli ideyanın üzərindən tozu silən, onu gündəliyimizə çıxardan və 50 milyonluq dünya azərbaycanlılarının şürunu yeniləyən, bizləri haqqımız olan birliyimizə doğru getməyə cəsarətləndirən Lider Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun dövlət başçısı kimi 19 il bundan qabaq ilk dəfə and içərkən söylədiyi “Mən 50 milyonluq dünya azərbaycanlılarının Prezidentiyəm” tezisi bu çətin, lakin labüd olan, başqa variantları istisna edən yolda bir başlanğıc oldu. Ötən 19 ildə tamam fərqli mənzərə və mühit formalaşıb. Bir tərəfdən, İlham Əliyevin gündəmə gətidiyi milli ideya bizim xəyallarımızdan real həyat arzumuza, devizimizə çevrilib. Əgər bir zamanlar bu istək xəyalımızın bir küncündə qalmışdısa, indi onu tez-tez səsləndiririk, bununla bağlı müzakirələr aparırıq, “niyə də yox” sualını veririk. Prezident İlham Əliyevin davranışları, ideyaları, yüksək tribunalardan verdiyi mesajlar inamımızı və cəsarətimizi artırıb.

Birləşməyimiz, sərhədlərimizin bütövləşməsi üçün yaranan tarixi fürsət həm də dünyada yeni bir düzənin formalaşması prosesinin başlaması ilə bağlıdır. İndi dünyada tamam fərqli mənzərə formalaşmaqdadır. Yavaş-yavaş olsa da, imperiyaların süqutu, tarixi ədalətin bərpası prosesi gedir. O taya, bu taya bölünən Azərbaycan və azərbaycanlılar nə üçün bu proseslərin içində olmasınlar?

Bu gün  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Bu coğrafiyada müxtəlif sahələrdə inteqrasiyanın dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Ancaq Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında Türk dünyasının daha geniş anlamda qəbul edilməsinin mesajını verib. İndi Türk Dövlətləri Təşkilatının missiyası yalnız Türk dövlətlərinin məsələləri ilə məşğul olmaqla məhdudlaşa bilməz. Azərbaycanın dövlət başçısı bu missiyanı daha geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Arazın o tayında qalan azərbaycanlılar Prezident İlham Əliyevin qədim Türk torpağı olan Səmərqənddə ifadə etdiyi narahatlıqları bilavasitə öz həyatlarında yaşayırlar. Onların sayı təxminən 40 milyon nəfərdir. Ancaq rejim bu sayda soydaşlarımızın milli kimliklərini ortaya qoymaq kimi fundamental hüquqlarını tanımaq istəmir. Halbuki qonşu ölkədə bir ovuc erməninin milli dildə təhsil almaq, qəzet və jurnallar dərc etmək hüquqları tam təmin edilib. Qonşu ölkədə nə üçün Azərbaycan dilində məktəblərin açılması əngəllənir? Rejim nədən qorxur, nədən ehtiyatlanır?

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28