Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni sosial hədəflər...

Yeni sosial hədəflər...

30.08.2023 [10:00]

Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi dərin məzmunlu sosial siyasətə uyğun olaraq bu sahədə daha bir mühüm sənəd qəbul olunub. Belə ki, Prezident İlham Əliyev 28 avqust 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçid

Ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində ehtiyacı olan vətəndaşlara göstərilən sosial xidmətlərin əhatə dairəsi getdikcə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində 2023-cü ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib. Bu dövrdə həmin şəxslərə qurumun müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.

Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə  reabilitasiya xidmətləri göstərilib. Onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.

Paralel şəkildə səyyar sosial reabilitasiya xidmətlərinin də əhatə dairəsi genişləndirilir. Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. O cümlədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən indiyədək 723 nəfər əlilliyi olan şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib. Mərkəzlər tərəfindən səyyar formada göstərilən reabilitasiya xidmətlərinə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, eləcə də əmək terapiyası daxildir. Səyyar xidmətdən yararlanmaq istəyən əlilliyi olan şəxs və ya onun qanuni nümayəndəsi nazirliyin “142 Çağrı Mərkəzi”nə və yaxud yaşayış yeri üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir. Şəxsin reabilitasiya potensialını müəyyən etmək məqsədi ilə müvafiq mərkəzin ixtisaslı həkim və psixoloqlarından ibarət səyyar briqada tərəfindən onun yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirilmə aparılır, diaqnoz və göstərişlərə uyğun olaraq səyyar xidmətə dair rəy verilir. Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda mütəxəssislər tərəfindən fərdi reabilitasiya proqramı tərtib edilir, icra olunacaq prosedurların tarixi, sayı və müddəti müəyyən edilir. Səyyar xidmətin əsas məqsədi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxslərə evdə reabilitasiya xidmətinin göstərilməsi, reabilitasiya xidmətlərinə əlçatanlılığın artırılması, həmçinin, reabilitasiya prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, növbəliliyin azaldılmasıdır.

Dinamik inkişaf templərinə malik olan Azərbaycan ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsini daha da keyfiyyətli və əlçatan səviyyəyə çatdırmağı hədəfləyib. Təsdiqlənən Dövlət Proqramı da məhz bu məqsədi güdür. Respublikamızın geniş imkanları və sosial sifarişlər nəzərə alınmaqla hazırlanan Dövlət Proqramı ölkədə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi, əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması yeni Dövlət Proqramının əsas hədəf göstəriciləridir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də  müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək.

Həmçinin Dövlət Proqramı üzrə görüləcək tədbirlər xidmət təklifinin artması ilə rəqabət mühitinin güclənməsinə səbəb olacaq. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının ildən-ilə artırılması, innovativ texnologiyaların tətbiqi ilə sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması da nəzərdə tutulur.

E-xidmətlər şəbəkəsinin inkişafı

Azərbaycan müasir dövlət kimi inkişaf edir. Ölkəmiz Dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. İşğaldan azad olunmuş ərazilər Prezident İlham Əliyevin təşəbbüsü əsasında yeni yanaşmalar, “ağıllı kənd” və “ağıllı şəhər” konseptləri ilə qurulur. Şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədilə dövlət xidmətlərinin göstərilməsində innovativ texnologiyalardan geniş istifadə olunur. Deyə bilərik ki, respublikamızda bu sahədə öndə gedən dövlət qurumlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirliyin ayrı-ayrı qurumları vətəndaşlara müxtəlif növ sosial xidmətlərin göstərilməsini sırf proaktiv qaydada təmin edir. Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı növbəti uğur əldə edərək, bu günlərdə ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyası üzrə “Platinium” kateqoriyasında qalib seçilib. Müsabiqənin saytında bu barədə, habelə nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilməklə, e-sosial.az portalına birbaşa keçid (“Unified Social Registry - e-sosial.az”) imkanı yaradılıb. Saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir.

Yaradıcılıq və rəqəmsal ünsiyyətdə mükəmməlliyi müəyyən edən “dotCOMM Awards” müsabiqəsi internetin inkişaf edən alətlərini (interaktivlik, məzmun, dizayn, sosial media, video, proqramlar, bloqlar, saytlar, marketinq və reklam kampaniyaları) əhatə edir. 80-dən çox ölkənin iştirak etdiyi müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, İtaliya, Almaniya, Çin, Səudiyyə Ərəbistanı və s. ölkələrdəki rəqəmsal alətlər qaliblər sırasında yer alıb.

Bundan əvvəl də e-sosial.az portalı (həmçinin 2022-ci ildə işə salınan “Əmək və Məşğulluq” altsistemi) Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə e-sosial.az portalını qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edib. 2019-cu ildən istifadəyə verilən e-sosial.az vətəndaşlara onlar barədə sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir. Təkcə bu ilin 7 ayında portaldan 4,6 milyon dəfə istifadə qeydə alınıb.

Yeni Dövlət Proqramı ilə sosial xidmət sahəsində elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və s. nəzərdə tutulur.

Bəhs olunan Dövlət Proqramının mühüm müddəalarından biri də “Sosial işin idarə edilməsi” sisteminin elektron versiyasının yaradılması ilə bağlıdır. Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2024-2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılmasını, ilkin olaraq, əlilliyi olan və ahıl şəxslərlə sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmaqla həmin altsistemin test edilməsini və bütün kateqoriyalardan olan çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmasını təmin etməlidir.

Müasir infrastruktur quruculuğu, kadr hazırlığı

Təbii ki, zəruri infrastruktur qurulmadan ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsində yüksək keyfiyyət göstəricilərinə nail olmaq da mümkün deyil. Son illərdə həm paytaxt Bakıda, həm də regionlarda bir tərəfdən dövlət vəsaitləri hesabına, digər tərəfdən isə Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı sosial xidmət müəssisələri yaradılaraq istifadəyə verilib. Hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Təsdiqlənən yeni Dövlət Proqramında dövlət sosial xidmət müəssisələrinin (o cümlədən yeni yaradılan müəssisələrin) infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcək. Sosial xidmət sahəsində fəaliyyətinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılacaq və fəaliyyəti təşkil olunacaq.

Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2024-2025-ci illər ərzində sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması, çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı fəaliyyətin həyata keçirilməsində sistemliliyin, operativliyin və səmərəliliyin artırılmasını təmin etməlidir.

Eyni zamanda, sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizmi müəyyən ediləcək. Proqrama əsasən, Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə birlikdə 2024-2025-ci illər ərzində sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin hazırlanmasını, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.

Dövlət Proqramında uşaqların zərərli informasiyadan qorunmasının təmin edilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılması nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mütəmadi olaraq RİNN və ETN ilə birgə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılması və həmin mərkəzin beynəlxalq şəbəkələrə inteqrasiyasını təmin etmək tapşırılıb.

Sənəddə də bildirildiyi kimi, sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün yeni peşə və kvalifikasiya standartları hazırlanacaq. Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2024-2025-ci illər ərzində “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları layihələrinin hazırlanmasını, Peşə və kvalifikasiya standartları layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını, Peşə və kvalifikasiya standartlarının təsdiq edilməsini təmin etməlidir.

Heydər Əliyev Fondunun “Məzun evi” layihəsi...

Ölkəmizdə Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında genişmiqyaslı sosial layihələr reallaşdırır. Fond indiyədək paytaxt Bakıda və bölgələrdə çoxlu sayda məktəbin, uşaq bağçasının, səhiyyə müəssisəsinin yüksək keyfiyyətlə tikilərək istifadəyə verilməsinə nail olub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan sosial layihələrdən biri də “Məzun evi” layihəsidir.  Layihə çərçivəsində dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclər yaşayış sahəsi ilə təmin olunurlar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün inşa olunan ilk bina Nizami rayonunda tıkilib və  2013-cü ilin sentyabrında istifadəyə verilib. Daha belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib.  “Məzun evi” kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.

Dövlət başçısının imzaladığı Sərəncamla təsdiqlənən Dövlət Proqramına əsasən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan layihə daha da genişləndiriləcək. Belə ki, Dövlət Proqramı çərçivəsində sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31