Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gənclərə qayğı - gələcəyə qayğıdır

Gənclərə qayğı - gələcəyə qayğıdır

02.02.2024 [10:00]

Sağlam əqidəli, vətənpərvər, milli köklərə bağlı olan, eyni zamanda yüksək təhsilli və intellektual səviyyəli gəncliyin formalaşdırılması uğurlu dövlət formulunu şərtləndirən ən mühüm məqamlardan biridir. Zaman ötür, nəsillər dəyişir. Bu günün gəncləri sabahın müəllimləri, həkimləri, hüquqşünasları, diplomatları və digər peşə sahibləridirlər. Buna görə də çox doğru olaraq gənclərə göstərilən diqqət ölkənin, xalqın gələcəyinə göstərilən qayğı anlamında qəbul olunur. Müstəqillik yolunda inamlı addımlar atan və son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün əsas ümummilli ideyalarının, prioritet hədəflərinin reallaşdırılmasına nail olan Azərbaycan uğurlu gənclər siyasəti həyata keçirir. Gənclərimiz də onlara göstərilən hərtərəfli dövlət qayğısından bəhrələnməklə yüksək fəallıq nümayiş etdirir və bütün istiqamətlərdə ölkəmizin inkişafına özlərinin sanballı töhfələrini verirlər.

MDB və Şərqi Avropa məkanında bir ilk

Bu gün Azərbaycanda gənclər üçün özəl bir bayramdır - respublikamızda Gənclər  Günü qeyd olunur. Bunun əsası isə ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamla qoyulub. Həmin vaxtdan etibarən 2 fevralın MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə başlanıb.

Gənclər Gününü təsis etməsi Ulu Öndərimizin gənclərə olan xüsusi münasibətinin ifadəsidir. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu görüş açıq dialoq şəraitində keçdi, gənclər problemlərini dilə gətirdilər, arzu və istəklərini bildirdilər. Sonrakı illərdə Heydər Əliyevin  imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Prezident Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli ?ərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin gənc nəslə qayğının təzahürü kimi ötən əsrin 70-80-ci illərində Onun tərəfindən əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsi bərpa edildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayırdı. Onun göstərişi ilə təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Respublikamızda gənclər forumlarının keçirilməsi ideyası da Heydər Əliyevdən gəlib. Onun 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının təşkil edilməsinə start verildi.1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Prezident Heydər Əliyev gənc nəslə həssas yanaşmasının təzahürü olaraq 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” ayrıca Fərman imzaladı. Bu sənədlə ölkədə gənclərin inkişafı üçün daha əlverişli şəraitin yaradılması təmin edildi. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları məhz bu Qanunla  tənzimlənir.

Gənclərə qayğı davamlı prosesə çevrilib

Azərbaycanın siyasətində varisliyin təmin olunması ölkəmizin böyük üstünlüyüdür. Son 20 ildə Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, gənclər siyasətinin də ardıcıllığını yüksək səviyyədə təmin edib. Bəhs olunan dövrdə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bu sahədə normativ hüquqi baza müasir dövrün tələblərinə uyğun və dünyada mövcud müsbət təcrübəyə əsaslanaraq təkmilləşdirilib, gənclərə xidmət göstərən, müasir standartlara cavab verən infrastrukturun yaradılması və inkişaf etdirilməsi təmin olunub.

Ötən 20 ildə paytaxtda və regionlarda 32 “Gənclər evi” sosial xidmət müəssisəsi tikilib, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunub, onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilib. İdmana, idmançılara göstərilən diqqət və qayğı sayəsində təkcə Olimpiya medalçılarının sayı 47 nəfərə çatıb. Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

Ölkəmizdə bacarıqlı gənc kadrların irəli çəkilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı  ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olub. Verilən məlumatlara görə 44 günlük müharibədə Ermənistanın silahlı qüvvələrində təxminən 11 min fərari qeydə alınıb - onlar silah və sursatlarını qoyaraq döyüş mövqelərindən qaçıblar. Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərarilik etməyib. Gənc əsgər və zabitlərimiz “Arxada Vətəndir” deyib daim irəli getməyə, torpaqlarımızı son qarışınadək işğaldan azad etməyə can atırdılar. Həmin hərbiçilər Heydər Əliyev və İlham Əliyev dövründə formalaşan sağlam əqidəli, vətənpərvər gəncliyi təmsil edirdilər.

Gənclər üçün yüksək səviyyəli təhsil mühiti

Yüksək səviyyəli təhsil mühitinin yaradılması Azərbaycanın gənclər siyasətinin çox mühüm istiqamətlərindən birini təşkil edir.  Məlumdur ki, ötən 20 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Həmin Dövlət proqramları ilə qarşıya qoyulan əsas hədəflərdən biri də gənclərin təhsilə əlçatanlığının artıırlması ilə bağlıdır. Son 20 ildə respublikamızda gənclər siyasəti ilə bağlı təsdiqlənən  mühüm Dövlət proqramları aşağıdakılardır:

- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

-“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”.

Sonuncu Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsili təmin ediləcək.

Növbəti yeddi il üçün hədəflər

Respublikamızda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında inkişaf etdirilən uğurlu gənclər siyasəti növbəti yeddi ildə də eyni ardıcıllıqla davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının ölkə prezidentliyinə namizədi, partiyanın Sədri İlham Əliyevin seçki platformasında bununla bağlı aşağıdakı konkret müddəalar yer alıb:  

* Gənclər və idman sahəsində infrastrukturun daha da təkmilləşdirilməsi;

* Gənclərin elmə və təhsilə həvəsləndirilməsi;

* Gənclərin idmana və sağlam həyat tərzinə bağlılığının artırılması;

* Gənclərin sahibkarlıq bacarıqlarının daha da inkişaf etdirilməsi;

* Gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılması;

* Könüllülük hərəkatının bütün ölkəni, o cümlədən işğaldan azad olunmuş əraziləri və orada yaşayan gəncləri əhatə etməsi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31