Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qardaşlıq nümunəsi...

Qardaşlıq nümunəsi...

22.02.2024 [10:35]

Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik

Tarixi ənənələr, milli-mənəvi dəyərlər baxımından bir-birinə çox yaxın olan Azərbaycan və Türkiyə iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərini uğurla inkişaf etdirir. Xüsusilə də liderlərin - Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin bir-birinə əsl qardaşlıq münasibətləri sərgiləmələri ikitərəfli əlaqələrin əhatə dairəsinin genişlənməsinə güclü impuls verir.

İlk növbədə təbii amillərə, möhkəm tarixi zəminə, xalqların istəyinə, dövlətlərin siyasi iradəsinə, liderlərin qardaşlığına əsaslanan ikitərəfli əlaqələr son vaxtlarda həmçinin yeni bir istiqamətdə - hərbi müstəvidə də uğurla inkişaf etməkdədir.  “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”, - deyə Prezident İlham Əliyev bugünlərdə Türkiyəyə baş tutan növbəti uğurlu səfəri çərçivəsində mətbuata verdiyi Bəyənatında vurğulayıb.

Keyfiyyətcə yeni səviyyəyə yüksələn münasibətlər

Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral seçkilərindən sonra yenə də ənənəsinə sadiq qalaraq xarici ölkələrə ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə reallaşdırdı. Səfər çərçivəsində keçirilən tədbirlərdə, liderlərin mətbuata verdikləri bəyanatlarda ikitərəfli münasibətlərin gündəliyində dayanan müxtəlif məsələlərə münasibət bildirilib və liderlər öz prinsipial mövqelərini ortaya qoyublar. Səfər çərçivəsində baş tutan tədbirlərdə həmçinin 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub.

Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır.

Müttəfiqlik məqamı...

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb. Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Daha bir əməkdaşlıq platforması - COP29

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, 2024-cü ildə dünya ölkələrinin təmsilçilərini Bakıda bir araya gətirəcək COP29 tədbiridir. Bununla bağlı qərar Birləşmiş Ərəb Əmirliklərində uğurla baş tutan COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

COP BMT-nin ən genişmiqyaslı dövlətlərarası tədbirlərindən biridir. Sonuncu COP28 ötən il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 konfransı çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.

Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı COP29-un miqyasının da kifayət qədər böyük olacağı gözlənilir. O cümlədən Prezident İlham Əliyevin qardaş Türkiyəyə uğurla baş tutan səfəri çərçivəsində keçirilən tədbirlərdə səsləndir?lən fikirlərdən belə bir qənaət hasil olur ki, COP29 Azərbaycan və Türkiyə arasında yeni bir beynəlxalq əməkdaşlıq platforması olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan geniş tərkibli görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının

29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi edəcəyindən böyük məmnunluq duyduğunu bildirərək bu münasibətlə ölkəmizi təbrik edib. Həmin görüşdə dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30