Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

01.11.2024 [12:22]

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıq inflyasiya 3,5 faiz, ərzaq malları üzrə inflyasiya 2,9 faiz, qeyri-ərzaq malları üzrə 1,9 faiz, xidmətlər üzrə 5,7 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik baza inflyasiya isə 2,9 faiz təşkil edib.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. İlin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 10 ayında 4,9 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5,2 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5,3 milyard dollar, 2025-ci ilə isə 5,5 milyard dollar olacağı gözlənilir.

Cari ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib. Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bununla belə ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon dollar məbləğində xüsusi satış olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon dollar azalıb. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2,1 milyard dollar həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlılığı dəstəkləyir.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb. Oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7,48 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 milyon manat olub.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır. Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində və beynəlxalq daşımalarda fasilələr hələ də davam edir. Bu şəraitdə beynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxal inflyasiyasının artması riskləri yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 9 ayında ö.i.m.d.n. 8,4 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19,9 faiz, o cümlədən biznes kredit portfeli 19,3 faiz artıb.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5,1 faiz, 2025-ci ildə isə 5,8 faiz olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2024-cü il dekabr ayının 18-də ictimaiyyətə açıqlanacaq.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Sülhə nə qaldı?

07 Dekabr 10:37

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Şənbə üçün NƏZM

07 Dekabr 09:09  

Sosial

Səma şahinləri...

07 Dekabr 08:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31