Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın sosial siyasəti...

Azərbaycanın sosial siyasəti...

12.01.2023 [10:26]

Dövlətin niyyətini və gücünü göstərir

Prezident: Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir

Mübariz ABDULLAYEV

Hazırda dünya miqyasında bir sıra arzuolunmaz proseslərin getdiyini müşahidə edirik. Xüsusilə geosiyasi şərtlərin dəyişməsi, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq bazarına təhdidlərin artması ölkələr üçün sosial sfera ilə bağlı qarşıya yeni çağırışlar çıxarıb.

Biz müşahidə edirik ki, ayrı-ayrı ölkələr qlobal pandemiyadan sonra meydana çıxan yeni təhdidlərin yaratdığı çətinlikləri qarşılamaqda çətinlik çəkirlər və bu səbəbdən də hətta sosial proqramlarını belə ixtisara salmaq məcburiyyətində qalırlar. Pandemiyadan və 44 günlük ağır müharibədən çıxan Azərbaycanda isə tamam fərqli sosial siyasət həyata keçirilir.

İqtisadi və sosial islahatlar paralel aparılır

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sosial siyasət Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə aparılan məqsədyönlü siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Respublikamızda nə pandemiya və müharibə dövründə, nə də indiki mərhələdə hər hansı bir sosial layihə təxirə salınmayıb, əksinə əhalinin rifah halının yaxşılaşmasına hesablanan dəstək tədbirlərinin miqyası ardıcıl qaydada genişləndirilir. Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq diqqətə çatdırıb. “Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Respublikamızda sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin ediləcək. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Cari ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən biri də məhz sosial sfera ilə bağlıdır. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənəd Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda  son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Azərbaycanın sosial siyasətini fərqləndirən daha bir cəhətə diqqət yetirək. Biz ayrı-ayrı ölkələrin timsalında əhalinin bir sıra hallarda iqtisadi islahatlardan əziyyət çəkdiyinin şahidi oluruq. Azərbaycanın tətbiq etdiyi model isə ölkə vətəndaşlarını, ələlxüsus da həssas qruplardan olan aşağı gəlirli insanları iqtisadi islahatlar nəticəsində baş verən dəyişikliklərin mənfi təsirlərindən qoruyur. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “İqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.

Orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq

Respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Bəhs olunan müsahibədə bildirildiyi kimi, postmüharibə dövründə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ölkənin ordu potensialını gücləndirmək Azərbaycanın əsas xərc istiqamətlərini təşkil edir. Bu iki əsas istiqamət respublikamız üçün hələ uzun illər prioritet kimi qalacaq. Bununla belə, Azərbaycan dövləti insanların gəlir imkanlarının genişlənməsini, o cümlədən də əməkhaqlarının mütəmadi qaydada artırılmasını diqqət mərkəzində saxlayır. Respublikamızda artıq tarixə dönən 2022-ci ildə reallaşdırılan sosial məzmunlu islahatlardan təxminən 3 milyon 400 min insan faydalanmaq imkanı qazanıb. O cümlədən üçüncü sosial paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb.

Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunacaq. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Bütövlükdə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 700 min vətəndaşımızı əhat edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilə bilməz. “Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.

Pensiyalarda yeni artımlar

Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.

Ötən ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub.

Respublikamızda pensiyaların artırılması ənənəsi 2023-cü ildə də davam etdiriləcək.  Respublikamızda pensiyaların artırılmasının da müntəzəm atılan addım olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq”.

Cari ildə pensiyalar fərqli təqaüdlər üzrə fərqli qaydada artırılacaq. Belə ki, 2023-cü ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla ölkəmizdə 2023-cü ildə minimum pensiyanın artırılması hədəflənib. Bununla bağlı Nazirlər Kabineti 10 gün ərzində dövlət başçısına təkliflər təqdim edəcək. Nəticədə, minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı

Sosial sahə çoxşaxəli olması ilə səciyyələnir. Azərbaycanın bu istiqamətdə sosial ədalət prinsipinə əsaslanan siyasəti də cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yəni, ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Məsələn, Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, burada müəyyən kateqoriyalardan olan ailələr ünvanlı sosial yardım proqramı ilə əhatə olunublar. Son vaxtlarda ünvanlı sosial yardımların verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə bir sıra pozuntular törədilib. Belə ki, ehtiyacı olmayan insanlara da təmənna qarşılığında sosial yardımlar verilib. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Dövlət başçısının tapşırığı ilə bu sahədə geniş təftiş işi aparıldı və günahkarlar cəzalandırıldı. Bu gün respublikamızda 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. 2023-cü ildə bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsində olacaq və imkanlar yarandıqca daha da artırılacaq.

Birinci və ikinci Qarabağ müharibələrində Azərbaycanın igid oğul və qızları ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını Vətən torpağı uğrunda fəda ediblər. Azərbaycan dövləti belə gənclər yetişdirən ailələr qarşısında mənəvi borcunu onlara dəstək durmaqla, qazilərin sosial qayğılarını təmin etməklə ödəməyə çalışır. Ölkəmizin sosial siyasətində bir istiqamətin də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlı olduğunu bildirən Prezident İlham Əliyev deyib: . “Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək”.

Məlumat üçün bildirək ki, indiyədək 13 min ailə bu imkanlardan faydalanıb. Dünyada müharibələr yaşayan ölkələrin sayı çoxdur. Ancaq müharibələrdən çıxan ölkələrin heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və müharibə əlillərinə dövlət vəsaiti ilə tikilən mənzillər verilmir.  Məsələn, işğalçı Ermənistanda bəhs olunan kateqoriyadan olan ailələrə və insanlara nəinki imtiyazlı qaydada mənzillər, heç daxma da verilmir. Azərbaycan isə bu sahədə də dünyaya nümunə təqdim edir.

Sosial dövlət olan Azərbaycanda müharibədə müxtəlif dərəcədə əlillik qazanmış soydaşlarımızın yüksək səviyyəli protezlərlə təmin edilməsini hədəfləyən proqram da uğurla reallaşdırılır. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir”, - deyə bildirib.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28