Milli Musiqimizin Günü...
18.09.2024 [07:23]
Qədim tarixə zəngin mədəniyyətə malik xalqımız çox qədim musiqi ənənələrinə malikdir. Böyük inkişaf yolu keçən xalqımızın mədəniyyəti, musiqisi də getdikcə inkişaf edərək yeni ənənələr qazanıb, gün keçdikcə zənginləşib. Qədim musiqimiz haqqında ilkin məlumatlara Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində rast gəlinir. Həmçinin milli soykökümüzün əzəmətli söz abidəsi olan “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eyni zamanda, Nizami, Füzuli, Əbülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilir.
Şübhəsiz ki, Azərbaycan musiqisində köklü dönüş yaradaraq yeni mərhələnin və çoxşaxəli musiqi irsinin əsasını qoyan sənətkar Üzeyir Hacıbəylidir. Dahi bəstəkar təkcə Azərbaycan deyil, həm də Şərq musiqisinin inkişafında, genişlənməsində mühüm rola malikdir.
Bu gün dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi gündür. Milli təqvimimizdəki bir sıra özəl şəxsiyyətlər kimi Ü.Hacıbəylinin də doğulduğu gün özünəməxsus şəkildə yer tapıb. Nakam şair Mikayıl Müşfiqin doğulduğu günü “Şairlər günü”, 20 Yanvar şəhidlərimiz İlhamla Fərizənin toy günlərini “Sevgililər günü” olaraq qeyd edən xalqımız Ü.Hacıbəylinin dünyaya gəldiyi günü də Milli Musiqi Günü kimi qutlayır.
Qədirbilən xalqımız və dövlətimiz Üzeyir Hacıbəyli adını və ənənələrini əbədiləşdirmək, bütün dünyaya tanıtmaq üçün onun doğulduğu tarixi Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edir. Çünki milli mədəniyyətimiz, milli musiqimiz öz inkişaf zirvəsinə görə məhz dahi bəstəkara borcludur.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Lakin böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.
Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də, Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.
Mədəniyyət Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirir? Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.
“Bakı Metropoliteni” QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.
2009-cu ildən etibarən isə Mili Musiqi Günündə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Fesivalı keçirilir. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, başqa ölkələrdən olan ifaçılar da iştirak edirlər.
Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları, dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi operalar yazmaqla, Azərbaycan milli opera sənətinin zənginləşməsinə və inkişafına öz misilsiz töhfələrini verib.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Bütün ömrü boyu Azərbaycan milli musiqisinin inkişafı uğrunda çalışan Ü.Hacıbəylinin xalqımız üçün ən önəmli və misilsiz xidmətlərindən biri, bəlkə də birincisi həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin musiqisinin məhz dahi bəstəkara aid olmasıdır. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran və Ü.Hacıbəyli dünyasından süzülüb gələn ilk himni biz bu gün yenə də qürurla, fəxarətlə və sonsuz sevgi ilə səsləndiririk.
Milli Musiqi Günü Ü.Hacıbəyli dühasının və onunla bahəm, çoxşaxəli, zəngin, qədim Azərbaycan musiqi mədəniyyətinin bütün dünyaya təbliği və tanıdılması yönündə çox mühüm addım olmaqla yanaşı, gələcək nəsillər üçün əvəzsiz mirasdır.
Bu gözəl bayram münasibəti ilə Azərbaycan musiqisi sənətinə xidmət edən, milli sərvətimizi yaşadan, ucaldan bütün fədakar musiqiçiləri və milli musiqisevərləri təbrik edirik!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

