Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Üzeyir və Müslüm - şöhrəti sabahlarda yaşayan iki dahi

Üzeyir və Müslüm - şöhrəti sabahlarda yaşayan iki dahi

18.09.2024 [11:02]

Böyük bəstəkarın xatirəsi qəlblərdə əbədi yaşayacaqdır

Heydər Əliyev

Sentyabrın 18-i Milli Musiqi günüdür. Həm də iki böyük Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğulduqları tarix kimi dəyərlidir.

Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində təkrarsız istedadı ilə xüsusi yer tutan dəyərli simalardan biridir. Onun qısa və narahatlıqla keçən ömür yolu, mühit nadanlarına və şiddətli xəstəliyinə qarşı göstərdiyi mübarizə əzmi dəyərli sənətkarı yolundan sapdırmamış, çoxyönlü yaradıcılıq nümunələrinin ərsəyə gəlməsinə mane olmamışdır.

Əlli iki illik bir zaman çərçivəsinə sığan ömürdən bəzi ştrixlərə diqqət edək: yaradıcılığa başladığı dönəmlərdə dostu və qohumu Üzeyir Hacıbəylinin yaratdığı teatr truppasının rəhbəri olmuş, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq etmişdir. Müslüm Maqomayevin ilk irihəcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. “Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs sayılır. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə etmişdir. Müslüm Maqomayevin ilk tamaşası, 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.

Müslüm Maqomayev “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərlərinin, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havalarının, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” kimi mahnıların müəllifidir.

O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

Xalq yazıçısı Anar yazır: “Musiqi tariximizin görkəmli xadimi mövqeyində dayanan Müslüm Maqomayev bəstəkar, dirijor, şəxsiyyət, fərd, insan kimi - yaşadığı illərin, dövrün məhsuludur, bəhrəsidir. Həm də bu dövr - uçurumla aralanmış iki parçaya bölünüb - inqilabdan əvvəlki və sonrakı illər. Müslüm Maqomayev ömrü- nün inqilabdan qabaqkı səhifələri - Qori seminariyası, Üzeyir Hacıbəyovla tanışlıq, dostluq. Əyalətdə müəllimlik, Bakıya gəlib qəti surətdə musiqi aləminə daxil olması, dirijorluq fəaliyyəti və nəhayət, bir bəstəkar kimi başıbəlalı debütü - “Şah İsmayıl”.

Böyük bəstəkarın yaradıcılığının əsas inkişafı Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonraya təsadüf etmişdir. Müasir musiqi mədəniyyətimiz səviyyəsində duran “Nərgiz” operasının, bir çox simvolik və vokal əsərlərini müəllif məhz, həmin ideologiyasının təsiri ilə yaradıb. Opera tamaşaya qoyularkən bəstəkar yazmışdı: “Mən süjet seçərkən əfsanəvi, xəyali süjetdən tamamilə imtina etmiş və canlı şahidi olduğum bizim günlərin həqiqəti üzərində dayanmışam”.

1935-ci ildə yatağa düşən M.Maqomayevə əcəl aman vermir, 1937-ci ilin məşum havası bir çox qüdrətli Azərbaycan aydınlarını repressiya dalğasında yox edərkən, Müslüm Maqomayev də bədənini sarmış amansız xəstəlikdən dünyasını dəyişir. 

Sənət insanlarına yüksək qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyev 1995-ci ildə böyük bəstəkarın anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam  (16 sentyabr 1995) imzalayır.  Düz bir il sonra 1996-cı ildə reallaşan bu yubiley tədbirində Heydər Əliyev özü də iştirak edir və “Böyük bəstəkarın xatirəsi qəlblərdə əbədi yaşayacaqdır” kimi fikirlərlə bu şəxsiyyətin mənəvi haqqının əbədi bərpasına nail olur. Bəstəkarın yaradıcılığına eyni dəyərli və müstəsna münasibət on il sonra verilən yeni bir qərarla -  Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin (20 sentyabr 2005) Sərəncamı ilə gerçəkləşir. Silsilə məqalələr, dissertasiyalar, sistemli yanaşmaların nümunəsi olan kitablar yazılmağa başlayır. Müslüm Maqomayev irsi çağdaş tarixin və sənətin əbədi hərəkətdə olan dövriyyəsinə qatılır. 

Qori Müəllimlər Seminariyası, Üzeyir Hacıbəyli ilə başlanan əbədi dostluq. “İstedadlı musiqiçi, qabiliyyətli bəstəkar, pedaqoq və ictimaiyyətçi Müslüm Maqomayev Azərbaycan incəsənəti tarixində haqlı olaraq fəxri yer tutur”, - dahi bəstəkar Üzeyir bəy Hacıbəyli belə yazır, belə müəyyənləşdirir qaynar və çoxcəhətli həyatının 30 ilini Azərbaycan mədəniyyətinə və maarifinə həsr etmiş unudulmaz bəstəkarın mövqeyini. Üzeyir bəy “Bəstəkarın yaradıcılığı” adlı məqaləsi bu bənzərsiz sənətkarın həyat və yaradıcılığının bütöv mənzərəsini bitkin ştrixlərlə göz önünə gətirən ilk zəngin və tutarlı qaynaqdır. Oxuduqca, Üzeyir bəyin yazdıqları ilə tanış olduqca Müslüm Maqomayevin bir sənətkar, şəxsiyyət kimi mədəniyyət tariximizdə qapsadığı özəl ərazinin sınırları çevrələnir yaddaşımda. Bu çevrənin ərazisi çox böyük, sonsuza qədərdi.

Üzeyir bəy “Bəstəkarın yaradıcılığı” məqaləsinin başlanğıcında M.Maqomayevin Qori müəllimlər seminariyasında təhsil aldığı illərlə bağlı təəssüratlarını yazır. Gələcəyin böyük sənətkarları, ayrılmaz dostları (və bacanaqları) ilk dəfə məhz həmin seminariya təhsili illərində tanış olmuşdular. Seminariyada şagirdlərə əsas fənlərlə yanaşı, musiqi sahəsində də ibtidai bilik verilirmiş. Xüsusilə, skripka və nəfəsli alətlərdə çalmağı öyrənmək məcburi imiş. Bu illərlə bağlı hər iki sənətkarın unudulmaz xatirələri var. Üzeyir bəy anladır ki, Müslüm seminariyanı bitirdikdən sonra əvvəlcə Lənkəranın, 1911-ci ildən isə Bakının Sabunçudakı xalq məktəblərində müəllim işləmişdir. Amma 1905-ci ilin sentyabrından başlayaraq 6 il ərzində Lənkəranda dərs deməmişdən öncə Müslüm Qroznı şəhərinin (Şimali Qafqaz) yaxınlığında olan Bekoviç kənd məktəbində də bir il müəllimlik etmişdi. Və o, bir illik Bekoviç həyatının yeknəsəq günləri, həftləri, ayları barədə Qoridəki seminariya müəlliminə, ilk musiqi ustadına göndərdiyi məktubda belə yazırdı: “Tale məni uzaq bir kəndə salmışdır. Burada yeganə sevincim sizin mənə verdiyiniz taxta parçasıdır...”

Müslümün “taxta parçası” - deyə nişan verdiyi nəsnə seminariyanı əla qiymətlərlə başa vurması münasibətilə musiqi müəlliminin öz sevimli şagirdinə bağışladığı skripka idi. Zaman gələcəkdi, Üzeyir bəy unudulmaz dostunun seminariya təhsil aldığı illəri belə xatırlayacaqdı: “M.Maqomayev hələ seminariyada oxuyarkən istedadlı musiqiçi kimi tanınmışdır. O, seminaristlərin orkestrində baş musiqiçi hesab olunmuş və çox vaxt dirijoru əvəz etmişdir...”

Yazacaqdı ki, Azərbaycan operasının  ilk təşəbbüskarları, o cümlədən onların arasında görkəmli yer tutan M.Maqomayev hədsiz çətinliklərə, təqib və təhqirlərə məruz qalsalar da, öz şərəfli işlərini cəsarət və inamla davam etdirmişlər... Müslüm Maqomayev təkcə gözəl təşkilatçı deyil, həm də istedadlı dirijor və bəstəkar olduğunu göstərmişdir. Buna qədərsə hər anı bir tarixə dönən, zəngin araşdırma mövzusu olan günlər, aylar, fəsillər yaşamışdı. Məsələn, 1900-cü ilin avqust ayının 29-da Qoroznı dağlılar məktəbinin baxıcısı bir məktub - təqdimat göndərmişdi Qori müəllimlər Seminariyasına. Seminariya rəhbərliyinə acizanə şəkildə bildirmişdi ki, mənim idarə etdiyim məktəbi bitirmiş azyaşlı Əbdül Müslüm Maqomayevi sizə təqdim edərək ilk imtahan qarşısında onu idarə etdiyiniz Seminariyanın pansonerləri sırasına qəbul etmənizi Siz zati-alilərdən xahiş etməyi özümə şərəf bilirəm.

Bu, o zaman idi ki, gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli həmin Seminariyanın hazırlıq kursunda oxuyurdu... Yollar və arzular eyni məkana götürmüşdü onları - Üzeyir bəyi və Müslüm Maqomayevi. Burada dostlaşmış, bir-birinə inanmış və fikir, əqidə qardaşlarına çevrilmişdilər. Dörd il sərasər eyni seminariyanın divarları arasında eyni duyğuların əsiri olmuşdular. Tale oxşarları, əkizləri kimi; hər ikisi eyni ilin eyni günündə dünyaya göz açmışdı - 18 sentyabr 1885-ci ildə. Düz 14 il sonra Qori Müəllimlər Seminariyasında üz-üzə gəlmişdilər. Tələbə yoldaşlığı dostluğa, qardaşlığa, sonra qohumluğa çevrilmişdi. İllər sonra Üzeyir bəy və Müslüm Maqomayevlə yaxın qohum olan Əli Terequlov o unudulmaz seminariya illərini xatırlayıb yazacaqdı: “Avazla oxumaq və skripkada çalmaq dərsləri Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, mənim və bir sıra başqa yoldaşlarımızın xüsusilə xoşuna gəlirdi. Biz təkcə skripka ilə kifayətlənməyib, nəfəs alətlərində də çalmağı öyrənmək qərarına gəldik. Üzeyir baritonu seçdi, Müslüm klarneti. Bizim məşğələlərimiz müvəffəqiyyətlə keçdi. Altı-yeddi aydan sonra bizi seminariyanın orkestrinə qəbul etdilər”.

Görünür, Üzeyir Hacıbəyli Müslüm Maqomayevə doğmalarından daha artıq dəyər verir, diqqət göstərirmiş. Bu da Üzeyir bəyin doğmaları arasında birmənalı qarşılanmır, onu tənə və qınaqlara tuş edirmiş. Bu fikri bizə söyləməyə əsas verən Ceyhun Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyliyə yazdığı məktubların mətnidir. Həmin məktublarda Ceyhun Hacıbəyli Müslüm Maqomayev haqqında qəzəb və qıcıqla bəhs edir. Bu bir həqiqətdir ki, hələ 1912-1914-cü illərdə Üzeyir bəy öz musiqi təhsilini artırmaq məqsədilə Moskvada və Peterburqda yaşayarkən teatr məsələsi bütünlükdə “üçlüyə” - Hüseynqulu Sarabskiyə, M.H.Terequlova (Müslüm bəyin qaynı) və Müslüm Maqomayevə tapşırılmışdı. “Bu üçlüyün mərkəzində Müslüm bəy dururdu”.

Lənkəranda Müslüm Maqomayev öz vəzifəsini təkcə dərs deməklə bitmiş hesab etmədi; “Nəfəsli orkestr”, “Balalayakaçılar orkestri”, “Xor qrupu”, “Dram dərnəyi” yaratdı. Bu barədə Müslüm Maqomayevin yaxın dostu, tarixçi alim Qubad Qasımovun xatirələri var.  M.Maqomayev Lənkəranda 1911-ci ilə qədər işləmişdir. Həmin il köçmüşdü Bakıya. Bir müddət Sabunçu qəsəbəsində dərs demişdi. Artıq üç bacanağın üçü də - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və bir də Qubad bəyin əmisi oğlu, Seminariyada Üzeyir və Müslümlə bir yerdə təhsil almış Pənah Qasımovla bir yerdədilər. Tez-tez görünürlər. Ailə məclislərində Üzeyir bəy üzünü tutur bacanağı Pənaha ki, “Sən bu Müslümün özünü belə sakit, fağır aparmağına baxma... Saman altdan su yetirməkdə heç də səndən geri qalmaz. Ömrü boyu məni təqib edib. Baxın, görün, mən 1885-ci ildə sentyabrın 18-də anadan olmuşam, Müslüm də həmin ildə, həmin ayda və həmin gündə təvəllüd etmişdir. 1899-cu ilin avqustunda Zaqafqaziya saminariyasına daxil olub, 1904-cü ilin iyununda seminariyanı bitirib müəllimliyə başlamışam, Müslüm də belə edib. Mən milli opera sənətimizin təməlini qoyarkən Müslüm mənə dayaq olmuş və teatrımızın inkişafı yolunda biliyini, bacarığını heç də məndən az əsirgəməmişdir. Nəhayət evlənmək məsələsində də. Yox! Bu işdə mən onu təqib etmişəm. Baldızı ilə evlənmişəm...”

Xatirələrdə Müslüm Maqomayevin çox çalışqan, zəhmətkeş olmasından, gözəl şəkil çəkməsindən, fərqli musiqi alətlərində çala bilməsindən bəhs olunur. Həm də gözəl nitq sahibi, natiq imiş... Skripkada, pianoda çalmağı, rəsm çəkməyi daha çox xoşlarmış. Müslüm bəyin yaxın dostu, bacanağı Polad Qasımovun qızı Adilə xanımın xatırladıqlarıdı: “Bir də görürdük ki, Müslüm əmi, Üzeyir bəy və bir də Hüseyn Cavid durub gəldilər evimizə. Müxtəlif mövzularda uzun-uzadı söhbətlər edərdilər. Yaradıcılıq planlarından danışardılar... Biz uşaqlar Müslüm əmini çox sevərdik”.

“Şah İsmayıl” operası: ilk böyük uğura aparan yol. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına dolğun qiymət verənlərdən biri ümummilli lider Heydər Əliyev olmuşdur: “Müslüm Maqomayevin bu mövzuya müraciət edərək belə gözəl opera yazmasının incəsənət üçün əhəmiyyəti böyükdür, həmçinin böyük tarixi, siyasi əhəmiyyəti var”. Bəs bu qüdrətli sənət nümunəsi meydana çıxması bəstəkara hansı çətinliklər və mənəvi üzüntülər hesabına başa gəlmişdi? 

Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov Müslüm bəyə “Səadət” məktəbində onunda birgə işləyən bir nəfər haqqında söz açır. Bu, ara-sıra şeir də yazan Mirzə Qədir İsmayılzadə (Mikayıl Müşfiqin atası) idi. Opera yazmaq həvəsinə düşübmüş. Hənəfi Terequlov görüşdürür onları. Danışıb razılığa gəlirlər. “Şah İsmayıl” operasının bünövrəsi belə qoyulur...

Mirzə Qədirlə aralarında bağlanan müqavilə şərtləri barədə düşünəndə həmişə dodaqları qaçır, mənalı-mənalı gülümsünürmüş Müslüm bəy. Bütün şərtlərini qəbul edibmiş. Hətta o şərtini ki, bu barədə özünün maraqlı qeydləri var: “Danışıqlardan sonra Mirzə Qədirin təkidi ilə təxminən belə bir qərara gəldik ki, operanın hər tamaşası üçün o, 25, birinci tamaşadan isə 50 manat alacaq. Nəşr etmək hüququ mənə keçir, ancaq Mirzə Qədirin müəlliflik hüququna bunda da zəmanət verilirdi”.

Müslüm bəy işin lap başlanğıcınaa Mirzə Qədir üçün çox sərfəli bir müqavilə imzalayıbmış. Bu barədə özünün qeydləri var: “Müqaviləni iki nüsxədə hazırladıq. Bundan sonra da qardaş kimi işləyəcəyimizə söz verib ayrıldıq. Mirzə Qədir məmnun halda çıxıb getdi.

1919-cu ilin sentyabr ayının 27-də Mirzə Qədirin qaynı Rzaqulu Həsənov gəlir Müslüm bəyin yanına. Bildirir ki, Mirzə Qədir dünyasını dəyişib. Ailəsi ağır vəziyyətdədi. Xahiş edir ki, Müslüm bəy onun vaxtilə yazdığı librettodan istifadə etsin, bəlkə Mirzə Qədirin balalarına da qəpik-quruş düşə.

Məsələdən halı olan Müslüm bəy deyir: “Yaxşı!” Və aralarında belə bir müqavilə imzalanır: “1919-cu il sentyabrın 27-də biz aşağıda imza edənlər - Bakıdakı müsəlman operasının dirijoru Müslüm bəy (Müslüm Maqomayeviç Maqomayev) və Mirzə Əbdül Qadir İsmayılzadənin yetimlərinin əmlakına qəyyumluq edən Rzaqulu Həsənov bu müqaviləni bağladıq”...

Bu razılaşmadan Müşfiq ailəsinə pay düşəcək, ailənin maddi vəziyyəti az da olsa yaxşılaşacaqdı. “Şah İsmayıl” operası tam hazır olan zaman - 1916-cı ildə Müşfiqin 7 yaşı vardı. Repressiya tufanına tam 30 il qalırdı. Ancaq bu da taleyin bir qəribə yazısıydı ki, Müslüm bəy də, hələ 7 yaşının içində dünyanın gəliş-gedimindən yeni-yeni baş açmağa başlayan Müşfiq də 37-nin güdazına gedəcəkdi. Müslüm bəyi uzun illərin xəstəliyi, Müşfiqi bir qurşun aparacaqdı.

“Şah İsmayıl” səhnə təcəssümü tapana qədər Müslüm Maqomayevə dəyən mənəvi zərbələr az olmamışdır. 1916-cı ilin dekabrıdır. Müslümün gözlədiyi an gəlib yetişib. “Şah İsmayıl” yaxın günlərdə oynanılacaq. Tağıyev teatrında operanın ilk tamaşasının olacağı barədə afişalar artıq küçələri bəzəyir. Az, lap az vaxt qalır. Sevinir Müslüm bəy. Əsərin uğurlu alınması barədə əvvəlcədən tərif dolu məqalələr çap olunur. Bax elə bu məqamda sarsıdıcı xəbər qapını döyür: “Tağıyev teatrı yanıb!”...

Aradan 3 il keçir. 1919-cu ildi; martın ilk günləridi. “Şah İsmayıl”ın premyerasına barmaqla sayılacaq qədər günlər qalıb. Yenə də sevinc içindədi Müslüm bəy. Ancaq yaxın ətrafına, dost-tanışa əvvəlcədən xəbər belə çatdırmayıb. Elə bil ürəyinə damıb ki, həlledici, lap son məqamda nəsə xoşagəlməz bir hadisə baş verəcək... Elə də olur. Xəbər gətirirlər ki, Hüseyn Ərəblinski qətlə yetirilib. Bütün cismi, düşüncələri, ruhu sarsılır Müslüm bəyin. Ərəblinskinin qətl xəbəri onu dərin sarsıdır.

Tamaşanın premyerası ləğv edilmir... Premyera başlar-başlamaz bir nəfər səhnəyə çıxıb təklif etdi: “Ağalar, rica edirəm ayağa qalxıb böyük aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Rafael Hüseynovun “Yaşıl yarpaq” əsərində oxuyuruq:: “Bütün salon qalxır ayağa. Müslüm onsuz da ayaq üstədir; pult arxasında dayanıb. Martın 7-dir. Bu gün Hüseyn

Ərəblinskini torpağa tapşırıblar. Bu gün “Şah İsmayıl”ın premyerasıdır”.

Müslüm bəy özünün yaratdığı “Şah İsmayıl”a hədsiz dərəcədə vurğun imiş. Çox sevirmiş bu əsəri və həmişə özü dirijorluq edərmiş. Hələ 1924-cü ildə “Kommunist” qəzetində dərc edilən “Bizim incəsənətimiz” və “Türk operası haqqında” adlı məqalələrində Müslüm Maqomayev yazırdı ki, bizim operamız zəifdir, ibtidai bir haldadır: “Türk səhnəsində musiqi əsərləri vermiş türk işçilərindən heç birisi heç vaxt öz əsərlərinin kamil olduğunu idda etməmişdir, onlar deyirlər ki, bu bizim birinci addımlarımızdır. Zənnimcə, biz doğru yol ilə gediyoruz; sadədən ağıra...”

Üzeyir bəy M.Maqomayevin “Şah İsmayıl” operasından bəhs edərkən qeyd edir ki, gözəl musiqi materialı və süjetin dramatik ifadəliliyi əsərin böyük şöhrət qazanmasına səbəb olmuşdur: “Şah İsmayıl” Azərbaycanın o zamankı musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür”.

Belə... əsl sənət mücadiləsi başlanmışdı və Müslüm bəy də bu mücadilənin önündə gedənlərdən biri idi; daha böyük əzmkarlıqla çalışırdı. Xüsusilə “Şah İsmayıl” üzərində yenidən işləyirdi. Nəticə belə oldu ki, 1924-cü ilin aprelində “Şah İsmayıl” iki-üç illik fasilədən sonra yenidən tamaşaya qoyuldu. Quruluşçu rejissor A.M.Şərifzadə idi.

1929-cu ilin 9 dekabr günü. Həmin tarixli sayında “Zarya Vostoka” qəzeti bu deyilənləri bir az da doğmalıqla, obyektiv nəzərlə isbatlayacaqdı: “Müslüm Maqomayevin “Şah İsmayıl”ı türk operası səhnəsində bir daha göstərildi. Azərbaycan xalq musiqi eposu fonunda cərəyan edən məzmunlu süjet əlvanlıqla doludur və bu operanı türk operasının məhdud repertuarında ən yaxşı əsərlər sırasına aid etməyə imkan verir. Dördsəsli xorun varlığı və tardan az istifadə edilməsi “Şah İsmayıl”ın partiturasını Avropa nümunələrinə yaxınlaşdırır...”

“Nərgiz” operası. “Nərgiz”lə bağlı ilk rəsmi sənəd 1934-cü il iyunun 11-də bağlanıb. Maqomayev və M.S.Ordubadi Dövlət Opera teatrı üçün türk dilində “Nərgiz” operası yazmağı öhdələrinə götürürlər. Musiqisi Maqomayevin, libretto Maqomayev və Ordubadinin, mətnin ədəbi işləməsi Ordubadinindir.  “Nərgiz” operası dramaturji baxımdan yüksək səviyyəli sənət əsəridir. Burada ənənə və novatorluq prinsipləri sıx vəhdət təşkil edir. Bu əsərin diqqətəlayiq xüsusiyyətlərindən biri o illərin milli operası üçün yeni olan musiqi dilinin intonasiya obrazlı quruluşudur ki, bu da ondan əvvəl yaranmış əsərlərdən fərqlidir. Bu əsərdən bəhs edənlər birmənalı şəkildə qeyd edirlər ki, “Nərgiz” əsərində bəstəkarın xalq musiqisi incilərinə yaradıcı münasibətinin şahidi oluruq. Belə ki, M.Maqomayev xalq musiqi materialını opera formalarına tətbiq edərək, musiqi dilinin yeni, ifadəli, səciyyəvi xüsusuyyətlərini üzə çıxarmışdır. Bütün bunlar Azərbaycan operasının inkişafında, onun dinamik yüksəlişində və bəstəkarların yaradıcılıq axtarışlarında olduqca böyük əhəmiyyət kəsb etmişdir.

Üzeyir bəyin “Bəstəkarın yaradıcılığı” məqaləsində “Nərgiz”lə bağlı oxuyuruq: “...Nərgiz” operası formaca milli, məzmunca sosialist Azərbaycan incəsənətinin tarixi qələbələrinin parlaq ifadəsi idi”. Üzeyir bəyin “Nərgiz”ə olan münasibəti bu idi. Bu aydın münasibət dostluqları boyunca kimsəyə Üzeyir bəylə Müslüm Maqomayevin arasına girməsinə imkan vermir.  Müslüm bəy 1912-ci ildə Üzeyir bəyin “Əsli və Kərəm” operasına dirijorluq etmişdir. “Üzeyir bəy Peterburda konservatoriyada oxuduğu illərdə əsərlərinin səhnəyə qoyulmasında Müslümün müstəsna xidmətləri olmuşdur. O illərdə Üzeyir bəyin Müslümə yazdığı məktubları oxuyanda adam onların dostluğunun böyüklüyünə, ülviliyinə heyran qalır” (Mustafa Çəmənli).

Belə olub bu iki görkəmli sənətkarın, yaxın qohumun bir-birinə münasibəti. Unudulmaz Niyazi də xatirələrində hər iki görkəmli bəstəkarın bir-birinə doğma münasibətini qeyd edir: “Müslüm bəyi ilk dəfə nə vaxt gördüm sualına cavab vermək mənim üçün çox çətindir. Çünki gözünü açandan, ağlım söz kəsəndən onu evimizə gəlib-gedən görmüşəm; ya da mən onlara getmişəm, balaları ilə uşaqlıq dostu olmuşam. Bilirsiniz ki, həm Üzeyir bəy, həm də Müslüm bəy sentyabrın 18-də anadan olmuşdular. Adətən hər il sentyabrın 18-də gündüz xörəyə Müslüm bəygilə gedərdik, axşam ziyarət Üzeyir bəygildə davam edirdi”.

Ömrə vida: sayılı günlər, son anlar. Azacıq rahatlıq, təskinlik tapan kimi yalnız yaradıcılıq planları haqqında düşünürdü; Abxazıstanın Gülripş  qəsəbəsində! Müalicəsini davam etdirmək üçün gəlmişdi buradakı sanatoriyaya. Baldızı qızı Nigar xanımın xatirələrindəndi: “Son görüşümüz 1937-ci ildə oldu. Atamızla getmişdik. Müslüm əmi çarpayıda uzanmışdı “ağır-ağır nəfəs alır, yavaş səslə danışırdı...”

Nigar xanım atası Pənah Qasımovla Müslüm bəyin son görüşlərini ürək ağrısı ilə xatırlayır: “Atam iyulun 15-də getdi. Müslüm əminin vəfatından 13 gün əvvəl. Müslüm əmi Həsəniyyədə idi o vaxt. Bu xəbəri Müslüm əmiyə çatdırmadılar...”

Bu xəbəri - yəni Pənah Qasımovun xalq düşməni adı ilə həbs edildiyini. Pənah bəyin adı ondan sonra istintaq materialllarından keçir. Bir də unudulmaz Mişkinaz xanımın xatirələrindən. Sürgünə göndərilməmişdən əvvəl, son görüşlərində Cavid əfəndi sevimli zövcəsinə Pənah Qasımovun ağır durumundan söz açmışdı. Öz qədərini Pənah bəyin timsalında anlatmışdı: “Gözləməyin məni... Mələk kimi Pənahın qabırğalarını qırdılar...”

Pənah Qasımov Üzeyir bəyin, Müslüm bəyin bacanağıydı. Demək olar ki, bir ailəydilər. Üzeyir bəy də, Müslüm Maqomayev də yeni hökumətin - Sovet quruluşunun alovlu təbliğatçıları idi, ən yuxarı darələrdə sayılıb-seçilirdilər. Amma bu böyük, tarixi şəxsiyyətlərin yaxın qohumu, ailə üzvü olan Pənah Qasımova aman yox idi, repressiya cəlladları belə görkəmli insanların ən yaxın ətraflarını məhbəsə atmaqla elə bil Üzeyir bəyə “göz ağardır”, dərs verirdilər. Maqomayevin xətrini çox istədiyi Pənah Qasımvoun həbsindən xəbəri olmur. Daha doğrusu, ona bu barədə bildirmirlər. Onsuz da öz dərdi özünə bəs idi...

Ölümün soyuq üzünü hiss etdikcə ailəsi üçün normal bir ev qoyub gedə bilməyəcəyinin acısını yaşayırdı. Çox götür-qoydan sonra Mərkəzi Komitəyə mənzil problemi ilə bağlı müraciət edir: “...İndi - Moskva dekadası ərəfəsində səhhətimin bərpa olunması mənimçün həlledici əhəmiyyət daşıyarkən, rəhbər yoldaşların mənə mütləq mənzil verəcəyi barədə 1 il 4 aylıq qəti vədlərindən sonra yenə qalmışam heçnəsiz.

...Bilirəm mən belə münasibətə nəyin hesabına hədəf olmuşam? Bu daha vicdanlı iş olardı ki, əvvəldən deyəydilər, mənzil alacağıma ümid bağlamayaydım. Mənzil isə mənə ifrat rahatlıq və zənginlik üçün yox, sağlamlığımı bərpa etmək üçün gərək olan ən vacib şərtlərdən biri kimi lazımdır...

Axır ki, bu istəyi müsbət qiymətləndirilir. Mənzil verilir Müslüm bəyə. Nə yazıqlar ki, bu mənzildə yaşamaq, yazıb-yaratmaq, heç olmasa bircə gecəlik mehman olmaq qisməti deyilmiş.

1937-ci ildə 52 yaşında əbədiyyətə qovuşdu Müslüm Maqomayev. Yarımçıq arzuları, gerçəkləşdirmək istədiyi ideyaları qaldı; böyük şairimiz Hüseyn Cavidin “İblis” faciəsinə opera yazmaq istəyirdi. Əcəl imkan vermədi. Yaşasaydı da həyatdakı iblislər imkan verməyəcəkdilər. “Xalq düşməninin əsərinə opera yazır” damğası vuracaqdılar.

***

Müslüm bəyin sevimli oğlu, həmişə Mamus deyə əzizlədiyi Maqomed 1942-ci il avqustun 17-də cəbhədə oğlunun doğulması xəbərini aldı. Uşağa babasının - görkəmli bəstəkar Müslüm Maqomayevin adını qoydular. Amma döyüşçü Maqomedə gələcəyin böyük müğənnisi, görkəmli bəstəkarı olacaq övladının üzünü görmək qismət olmadı. Faşizm üzərində çalınan qələbəyə 9 gün qalmış amansız gülləyə tuş gəldi. Amma baba Müslümün təkrarsız musiqi istedadı nəvəyə keçməklə qorundu və yaşandı.  Dünya musiqi tarixində yeni bir möcüzə səs - Müslüm Maqomayev planeti  doğuldu.

***

Sənətşünaslıq doktoru İmruz Əfəndiyeva Müslüm Maqomayevin 2011-ci ildə çap olunmuş biblioqrafiyasına yazdığı ön sözdə bəstəkarı belə səciyyələndirir: “Azərbaycanda ilk professional qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış mahnıların müəllifi Ü.Hacıbəylidirsə (“Qızıl əsgər” marşı), M.Maqomayev ilk zəhmət mahnılarının müəllifidir”. Xalq artisti, bəstəkar Tofiq Quliyevin, musiqişünas Nərgiz Şakirzadənin də  qeyd etdiyi kimi, hansı janrda yazırsa-yazsın bəstəkar həmişə Azərbaycan xalq musiqisinə arxalanmış, xalq melodiyalarından bəhrələnmişdir. Bu sahə onun yaradıcılığında xüsusi bir yer tutur.

Üç yüzdən artıq mahnı və xalq melodiyası toplamışdı Müslüm Maqomayev. “Gözəlim”, “Əsgərani”, “Ceyranı”, “Turacı”, “Şur təsnifi”, “Gəl-gəl”, “Mahüzər” və s. bu sıradandır. Kimlər oxumayıb bu mahnı və melodiyaları?.. Unudulmaz Bülbül “Küçələrə su səpmişəm”, “Durna” mahnılarını oxuyub.

Dinləyirik və çox vaxt bilmirik ki, bu unudulmaz xalq mahnısına yeni nəfəs, yeni ömür verən Müslüm Maqomayev olub. Ya elə Hüseynqulu Sarabskinin sevə-sevə oxuduğu “Qalalı” mahnısı... Müslüm bəy qoymamışdı unudulsun bu mahnı. Sonralar dünya şöhrətli müğənni Rəşid Behbudovun ifasında lentə alınmışdı. İndi radio dalğalarında, mavi ekranda tez-tez Rəşid Behbudovun dilindən eşidirik. Özünəməxsus bir şuxluqla oxuyur görkəmli müğənni: “Qalalıyam ey, qalalı...”

Xalq mahnılarını toplamaq, xanəndələrin səsində lentə almaq və sonradan onların üzünü köçürmək işində onun yaxın köməkçiləri ustad tarzən Qurban Pirimov, Əhmədxan Bakıxanov olmuşdur.

Şəxsi arxivində saxlanan və Xalq maarif komissarlığına ünvanladığı bir məktubunda belə yazır Müslüm Maqomayev: “Türk xalq mahnı və melodiyalarına xüsusi əhəmiyyət verilməlidir. Bu məsələ hələ də donuqdur. Unutmaq olmaz ki, türk milli harmoniyası məhz elə bu məsələdən çox-çox asılıdır...”

Ötüb keçmiş hər şey... Arxada qalmış! Ancaq o işləri ki, Üzeyir Hacıbəyli və Müslüm Maqomayev görmüşdür, şöhrəti sabahlarda yaşayır.

ELNARƏ AKİMOVA,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30