Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Vətən” kinoteatrından dünyaya açılan yol...

“Vətən” kinoteatrından dünyaya açılan yol...

18.01.2023 [11:18]

Görkəmli bəstəkarın oğlu, babasına ata deyən kinorejissor - Eldar Quliyev

MÜŞFİQƏ

Şaxtalı bir qış günündə dünyaya gəlmişdi. Öz gəlişi ilə Quliyevlər ailəsinin ocağını yandırmış, könlünü isitmişdi. Kim deyərdi ki, bu körpə vaxt gələcək Azərbaycanın kino tarixində şəfəq kimi doğacaq, xalqın beynində və ürəyində kök salacaq.

“Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərlərin müəllifi, kinorejissor Eldar Quliyevin anadan olmasından 82 il ötür.

Uşaqlığı Böyük Vətən müharibəsi dövrünə təsadüf etmişdi. Bir çox evin ocağını söndürən müharibə balaca Eldarı da babasız qoymuşdu: “Babam həkim idi (doktor Adıgözəlov). Müharibəyə getdi və qayıtmadı. Mən onun ilk nəvəsiydim. Babamın divardan asılmış şəklini görüb elə hesab edirdim ki, mənim atamdır. Hamıya da belə deyirdim”. 

Amma Eldar doktor Adıgözəlovun yox, bəstəkar Tofiq Quliyevin oğlu idi. Özünün təbirincə desək, atası ilə yolları sənət dünyasında heç vaxt kəsişməsə də, lap bələkdən musiqinin sehirli sədaları altında böyümüşdü. Hacıbəyov, Çaykovski, Qarayev melodiyaları ilə sakitlik tapmışdı. Lakin bir təsadüf onun bütün həyatını dəyişdi. Bu təsadüfün adı isə kino idi... Onu harada axtarsan, gəlib “Vətən” kinoteatrında tapa bilərdin. Kino vurğunu olan Eldar hər gün kinoteatra gəlir, kinonun sirlərinə yiyələnməyə can atırdı. Artıq kim olacağına 10-cu sinifdə qərar vermişdi. Bu qərarını evlərində bildirəndə hamını mat qoysa da, heç kəs gənc Eldarı fikrindən döndərməyə çalışmadı. 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağladı və ömrünün sonunadək burada çalışdı. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqlədi və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoydu.

O vaxtlar Moskvada qalıb işləmək üçün Eldar Quliyevə təklif olunsa da, razılaşmadı. Azərbaycanda yaşayıb yaratmaq istədiyini dedi. Yarım əsrdən çox bu sənətdə külüng vurdu. Kinoya olan sonsuz sevgisi özünün bir parçası sandığı filmlərinə hopdu. Ona görə də xalq qəhrəmanı Babəkə həsr edilən “Babək” filmini kim çəkəcək sualı ortaya çıxanda Eldar Quliyevin adı çəkildi. Ustad gözləntiləri doğrultdu. Film o qədər bəyənildi ki, 52 ölkəyə satıldı. “Vətən” kinoteatrından başlayan yaradıcılıq yolu dünyanın bir çox ölkələrinə qədər uzandı.

Qarabağ müharibəsi mövzusuna Eldar Quliyev kinorejissor kimi laqeyd qala bilməzdi. Beləliklə, 2005-ci ildə “Girov” filmi ekran üzü gördü. Sözügedən tarixdə sənətkar “Unudulmuş qəhrəman” adlı filmini isə müharibə dövründəki Bakıya həsr etdi.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Ustad sənətkarı film çəkməyə həvəsləndirən bu tükənməz enerji təkcə kinoya olan sonsuz məhəbbətlə ölçülmürdü. O, Azərbaycan kinosunun gələcəyinə böyük inamla baxırdı. Gəncləri çox sevirdi. Öz bilik və təcrübəsini “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi cavanlara ötürməyi, istedadlıların qolundan tutmağı özünə borc bilirdi. Gənclərin bir qismi bu gün sənətdə uğurlarına görə onu minnətdarlıq hissi ilə yad edir. Artıq 2 ildir ki, Azərbaycan kino sənəti Eldarsız qalıb. Əminliklə deyə bilərik ki, onu sevən xalq və ekranlaşdırdığı sənət əsərləri Eldar Quliyevi daim yaşadacaq.

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Dövlətin memarı

08 İyun 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30