Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Şükriyyə” taleyim, şükür xudaya

“Şükriyyə” taleyim, şükür xudaya

19.10.2023 [16:32]

Müşfiqə BAYRAMLI
 
Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşası növbəti dəfə nümayiş olunub. Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa sayca dördüncü dəfədir ki, izləyici qarşısına çıxır. “Yeni Azərbaycan” olaraq biz də tamaşanı seyr edənlər sırasında öz yerimizi aldıq.
Əvvəlcə sənət əsəri barədə qısa məlumat verim... Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
Kaş Zöhrəni dinləyəydin, Şükrü...
Tamaşa ilk dəqiqələrdən insanı özünə çəkməyi bacarır. Fonda “Çox keçmişəm bu dağlardan” mahnısının sədaları gəlir. Ardınca Zöhrə görünməyə başlayır. Bu qadın “dəli” cildinə girmiş bir qoruyucu mələk imiş sən demə... Sanki Şükriyyəni bütün müsibət və bəlalardan qorumaq üçün bu dünyaya gəlmişdi. Zöhrənin tamaşanın əvvəlində “Hələ başınız çox müsibətlər çəkəcək” sözləri qulaqlarda cingildəyirdi, insanın canına üşütmə salırdı. Görəsən, Zöhrə nəyi nəzərdə tuturdu?- deyə düşünmədən dura bilmirdin. Əslində, yaxın gələcəkdə yaşanılan bəlanın xəbərçisi idi. Bu rola həyat verən Əməkdar artist Mehriban Xanlarovanın ifası isə sözlə ifadə olunmayacaq dərəcədə gözəl idi. Zöhrənin duyğusunu biz tamaşaçılara keçirə bilmişdi. Özünü dəliliyə vurmuşdu, axı başqa çıxış yolu yox idi. Bir missiyası vardı. Şükriyyəni yolundan döndərmək... Döndərə bilmədi... Görəsən, Şükriyyə Zöhrəni dinləsəydi, sonluq necə olardı? Bu barədə bir qədər sonra...
Səhnə getdikcə zəngin hal almağa başlayırdı. Dekorasiya, işıqlar, tamaşaya reallıq qatmağı bacarmışdı. Sanki həqiqətən də dindirilmə anının ortasında özünü tapırdın. Dindirilmə səhnəsinin isə bir yox, iki qəhrəmanı vardı. Budur, Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç) aktyorluq məharəti ilə səhnədə öz yerini almışdı. Zal bu anı nəfəs belə almadan izləyirdi. Fyodor Alekseyeviç: “Dünən bir şair gətiriblər. Min əzab veriblər. O isə sadəcə mən əzilən bir millətin haqq bağıran səsiyəm, deyir”.
Bu cümlə sanki, Əhməd Cavadın timsalında bir çox istiqlal şairlərimiz üçün deyilmişdi. Cavid Zeynallının nəfis qələminin seyrinə qapılırdıq ki, Şükriyyə də səhnədə görünməyə başladı. Dindirilmə zamanı dəfələrlə ondan soyadından imtina edilməsi və Əhməd Cavaddan boşanması təklif edildi. Əks halda, sürgünə yollanacaqdı. Şükriyyə nə sözündən, nə özündən döndü. Özüm dedi! Özüm deyərkən də Cavad bəyi nəzərdə tuturdu. “Cavada görə soyadımdan, Vətənimdən imtina etmişəm. Cavadı heç kimə dəyişmərəm” dedi və sürgün edildi. 3 azyaşlı balasından uzaq qaldı. Körpəsinə həsrət qoydular Şükriyyəni...
Qaranlıq tamaşaya Günəş kimi doğan Lali...
Hər qaranlıq gecənin bir səhəri, bu qaranlıq tamaşanın isə bir Günəşi vardı. Onun adı Lali idi. Bu qızcığazın obrazını isə Aylin Həşimova canlandırırdı. Sapsarı saçları ilə sürgün həyatına nur saçırdı. Anası ilə birgə sürgün edilmişdi 4 yaşlı gürcü qızı.  Hər şeydən-sürgündən xəbərsiz “klas-klas” oynayır, gəlinciyini dizlərində yelləyib yatızdırırdı. Anası Lalini, o isə gəlinciyini himayə edirdi. Arada bir qizlənqaç oynayırdı. Qorxanda isə masa altına gizlənib, sakit-sakit ağlayırdı. Axı qaçmağa başqa yeri yox idi. O masa onun yeganə sığınacağı, bəlkə də atası idi. Çox sözləri olmasa da, varlığını azacıq səslə öskürərək bildirirdi. “Ana mənə soyuqdur” deyimi ürək sızladırdı. Sanki bütün zal Lali ilə birgə üşüyürüdü. Səhnəyə qaçıb qızı qoynuna basıb isitmək keçirdi ağıllarından. Sürgün həyatında ona ikinci zərbəsini vurdular. Anasından qopardılar. Tamaşanın sonuna qədər Lalinin taleyindən xəbərsiz qaldıq. Görəsən, Laliyə nə etdilər? Yoxsa, onu da digər sürgündəkilər kimi qətlə yetirdilər? Yox... Düşüncəsi belə insanın qanını dondururdu... Bəs Lali harada idi?
Tamaşanın ilk hissəsində zənnimcə, ən təsirli səhnələrdən biri də Şükriyyə ilə atası Süleyman bəyin xəyali söhbəti idi. Xalq artisti Əli Nurun “balam” deyə fəryadı bütün zalı göz yaşlarına qərq eləmişdi. Əli Nur bu ifası ilə bir atanın hayqırtısını bizə çatdırmışdı. Qısa bir səhnə bir çox ürəkləri dağlamışdı. Dəyərli sənətkarımız sözün əsl mənasında, bizə seyr zövqü yaşatmışdı.
İkinci hissəyə keçid... Bu hissə həm də sürgündəkilərə iztirablar yaşadan, min-bir əzablar verən Fyodor Alekseyeviçin iç dünyası ilə tanışlıq idi. Oğlu İsa dünyaya gəldikdən sonra Fyodor çox dəyişmişdi. Sanki oğlu ilə birlikdə o da yenidən doğulmuşdu. Şükriyyə ilə söhbət etdikləri zaman bir çox mətləblərin üstü açılmışdı. Sən demə, Fyodor əslində tatar imiş. Nə bu ad, nə də soy ad ona məxsusuymuş. Tamaşada Fyodrun timsalında tatarların sürgün həyatına da diqqət çəkilmişdi. O, Şükriyyədən bağışlanmağını istəyirdi. Bu anda Şükriyyə körpəsi Yılmaz üçün toxuduğu, 8 ildir göz-bəbəyi kimi qoruduğu əlcəyi Fyodrun oğluna hədiyyə etmişdi. Bu, Şükriyyə xanımın ürəyinin böyüklüyündən xəbər verirdi. Bu qədər əzablara baxmayaraq, ona işgəncə verəni bağışlaya bilmişdi. Lakin Fyodordan bir şərti vardı. Ona Lalinin yerini deyəcəkdi... Bəli, Lali sağdır. Fyodor uşağı öldürməsinlər deyə anasından oğurlayıb onu uşaqlar evinə yerləşdirmişdi. Bəlkə də, illərdir övladı olmayan Fyodor ilk dəfə o an atalıq hissini duymuşdu. Bir uşağın həyatını xilas etdiyi üçün Tanrı ona uzun illər sonra övlad payı vermişdi.
Qovuşma səhnəsi...
Nəhayət, Lali anasına qovuşdu. Balaca əlləri ilə anasının göz yaşlarını silirdi. “Ana, səni çox axtardım” deyib boynuna sarılması tamaşanın kuliminasiya nöqtəsi idi. Bütün zal ayaq üstə onları alqışlayırdı.
Bəs, Şükriyyə? O da övladlarına qovuşacaqdımı? 8 il ötdü. Yenə Zöhrə səhnədə peyda oldu. İkinci hissənin əvvəlində Şükriyyəni Fyodrun əlindən xilas etmək üçün, indi isə müjdəli xəbəri vermək üçün gəlmişdi. “Balaların səni gözləyir. Get balalarına qovuş, Şükrü” sözləri ilə tamaşa başa çatdı. Fonda isə bətəkar Eldar Mansurovun “Taleyim” bəstəsi səslənirdi. Bütün yaradıcı heyət səhnəyə toplaşıb alqışları, sevgi selini qəbul edirdi. Xüsusilə də quruluşçu rejissor əməkdar incəsənət xadimi Bəhram Osmanovun əməyini qeyd etmədən keçə bilmərik. Bəhram Osmanov sayəsində bütün zal tamaşanın sehrinə qapılmışdı.
“İlk tamaşamdır”
Tamaşadan sonra yazıçı Cavid Zeynallı ilə söhbətləşib onu təbrik etmək imkanımız oldu. Yazıçı öz təəsüratlarını “Yeni Azərbaycan”a bölüşüb: “Bu, mənim Akademik Milli Dram Teatrının səhnəsində qoyulan ilk tamaşamdır. Əlbəttə, tamaşanın təəsüratları və xatirələri istər mənim həyatım, istərsə də bioqrafiyam üçün unudulmaz olaraq qalacaq. Şükriyyə xanımın sürgün həyatı ilə bağlı ən vacib və maraqlı faktları qeyd etməyə çalışmışam. Çox sevinirəm ki, tamaşamın quruluşçu rejissoru Bəhram Osmanovdur. İlk əsərimdə bizim böyük və tanınmış aktyorlarımız, sənətkarlarımız Nurəddin Mehdixanlı, Münəvvər Əliyeva, Mehriban Xanlarova, Əli Nur, Vəfa Rzayeva, Rada Nəsibova və digərləri iştirak etdilər. Öz rollarının öhdəsindən çox məharətlə gəldilər. Tamaşaçıların böyük marağına səbəb oldu. İnsanlar ayaqüstə alqışladılar. Azyaşlı aktrisamız Aylin Həşimovanın da bu tamaşada rolu böyük maraqla qarşılandı. “Zəfər yolu” tamaşasında da rol aldığı üçün səhnə təcrübəsi vardı. Əgər davam etdirmək istəsə, inanıram ki, gələcəkdə özünü istedadlı bir aktrisa kimi təsdiq edə biləcək”.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31