Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Kiminsə yaxın adamı nəşriyyat sahibidirsə, ona kitab dərci sərfəlidir

Kiminsə yaxın adamı nəşriyyat sahibidirsə, ona kitab dərci sərfəlidir

22.12.2021 [11:59]

Bir nəfər intellektsiz gülümsəmişdi ki, siz ya fədakarsınız, ya da başdanxarab...

Söhbətləşdi: İlhamə Rəsulova    

Bu günlərdə ard-arda keçirilən kitab sərgiləri, təqdimat mərasimləri belə təəssürat yaradır ki, ədəbiyyatımızda canlanma var və insanların kitablara qarşı itən sevgisi geri dönür. Kitablar sosial şəbəkələrlə mübarizədə məğlub olsalar da, “ağ bayraq” qaldırmırlar.

Yazıçı-jurnalist Azər Qismətlə ədəbiyyatımızın bu günü, yeni nəsil yazarlar, yazıçılarımızın rastlaşdıqları problemlər barədə söhbət edirik. Söhbətimizi  “nə isə” deyərək başa çatdırır. Əslində, bir kəlmə “ nə isə”nin içərisində deyilməmiş o qədər söz var ki...

Nə isə çatışmırdı...

- Azər, Azərbaycan ədəbiyyatında yeni nəsil yazarlar 80-ci illərdəki ədəbi dalğanı, kitabları əl-əl axtarılan məşhur yazıçıların uğurlarını  təkrarlaya bilirlərmi?

- Sual verin ki, heç onları oxumaq istəyirlərmi... SSRİ dağılandan sonra o dövrün yazıçılarına qarşı kampaniya başladı ki, onlar sovet rejimindən yazıblar, qəbul etmək olmaz və s. Deyirdin ki, axı içində bədiilik də, təsvirlər də var, onlara fikir verin. Yox, qəbul etməyəcəyik, vəssalam. Belə düşünürdülər ki, mövzu cəhətdən tamam azadlıq yaranandan sonra təxəyyülü ortaya qoymaq mümkün olacaq. Lakin nə isə çatışmırdı. Sizcə nə çatışmırdı?

Əvvəlcə gizli oxudular, sonra...

- Söz bazası?

- Düz tapdınız. Söz bazası imkan vermirdi ki, mövzu geniş əhatə olunsun. Sizi inandırıram ki, “klassikləri bəyənmirəm” deyənlər onların kitabını gizli şəkildə alıb evlərində sətirbəsətir oxumağa başladılar. Bu barədə köhnə bukinistlər söhbət edirdilər. Əvvəlcə gizli oxudular, sonra bir-iki nəfərin cəsarətindən sonra onlar da etiraf etdilər ki, köhnə dövrün nasirlərinin dil bazası zəngin olub. Bir növ, yenidən onlara qayıtmağa məcbur qaldılar. Mənə elə gəlir ki, texnoloji yeniliklər söz bazasının inkişafına imkan vermədi. Təşəkkür “tşk” kimi yazıldı, salam “slm” kimi. Sanki, kontura qənaət söz bazasını unutdurdu.

Ciddi əsər beyin gimnastikasıdır

- Kontura qənaət demişkən, kitablara həvəsin azaldığı bir zamanda yazıçı olmaq maddi və mənəvi baxımdan asandırmı?

- Əgər ciddi əsər yazılırsa, heç də sərfəli deyil. Adamlar hələ “facebook”dakı ciddi statusları az oxuyurlar, nəinki ciddi əsər ola. Halbuki ciddi əsər beyin gimnastikasıdır, zövqün formalaşmasıdır. Hərdən adama elə gəlir, adamlar o qədər ciddi əsərlər oxuyublar ki, indi daha çox əyləncəyə üstünlük verirlər. Həm də indi ciddi və çoxsəhifəli kitablar oxumağa səbr qalmayıb. Daha o halda olan adam qalmayıb ki, uzun qış gecələrində, isti sobanın yanında Tolstoyun qalın kitablarını səbrlə oxusun.

Kitab yalnız bəzi yazıçılara sərfəlidir

- Bir dəfə demişdiniz ki, indiki ədəbiyyat birdəfəlik stəkan kimi yalnız bir dəfə istifadəyə yararlı haldadır. Bu sözünüzdən çıxış edərək deyim ki, Böyük Britaniyada sorğu keçirmişdilər. İngilislər müsahibə zamanı deyirdilər ki, onların 2-3 səhifədən artıq nəyisə oxumağa səbrləri yoxdur. Səbir demişkən, “kitab dərci nasirlərin maddi vəziyyətini düzəldirmi” sualıma cavab almadım. Əgər nəyisə demək istəmirsinizsə, yenə baxın, öz seçiminizdir...

- Gizlətməli nə isə yoxdur. Kitab yalnız bəzi yazıçılara sərfəlidir. Kiminsə yaxın adamı nəşriyyat sahibidirsə, ona kitab dərci sərfəlidir. Yaxud sevgi-məhəbbət və detektiv əsərləri sərfəlidir. Təəssüf ki, sevgi mövzusu da “sənə göydən kəpənək tutaram” səviyyəsində qalıb. Yəni hər mövzuda yazmaq olar, amma fərqli olmalıdır. Dünyada işlənməyən mövzu qalmayıb. Sevgi, xəyanət,  məişət və s. mövzular. Hamısı işlənib. Baxır yazıçı ona necə yanaşacaq.

Ölkədə kitab industriyası inkişaf etmir

- Konkret olaraq kitab nəşri nədə sərf etmir?

- Baxın, 150 tirajlıq kitab nəşr etdirirəm. Nəşriyyatla danışmışam ki, təqdimata gələnlərdən nə pul yığılsa, pulunuzu verəcəyəm. Razılaşdılar. Operator 80 manat, fotoqraf 50 manat, yer pulu 150 manat. İndi hesablayın. 900+150+80+50. Təqdimat gününü həyəcanla gözləməyə məcburam ki, görəsən dəvət etdiklərin gələcəkmi? Onlara dua edirsən ki, xəstələnməsinlər, əzilməsinlər, həmin gün Tanrının istəkli bəndələri olsunlar ki, kosmosdan enerji alıb o təqdimata gəlsinlər. Gülməyin, bu, doğrudan, belədir. Ortada da maddi xeyir yox. Ona görə yazırıq ki, nə isə iz qalsın. Bir nəfər intellektsiz sahibkar gülümsəmişdi ki, siz ya fədakarsınız, ya da başdanxarab. Əlbəttə, intellektsiz sahibkarların bol olduğu cəmiyyətdə ancaq mənəviyyatsız verilişlərə sponsorluq edirlər. Kitab oxumayıblar axı. Kaş, bizdə sahibkarların çoxu kitab oxuyan olsun ki, bu sahəyə də pul ayrılsın.  Bu, hələ güzəşt edən nəşriyyatda dərc edilmiş kitabdır. Kitab mağazaları deyir ki, kitabınızı 40 faizlə satarıq. Yəni 40 faiz bizim olacaq. Yazıçı da məcburdur ki, kitabını 10 manatdan aşağı verməsin ki, bütün xərclərini qarşılasın. Bu yandan oxucular da narazılıq edir ki, 10 manat bahadır. Məhz buna görə deyirəm ki, ölkədə kitab industriyası inkişaf etmir. Nasir yalnız yazmalıdır. Satış, reklam işləri və s. bununla başqa adamlar məşğul olmalıdırlar.

Kitabı səhv axtarmaq üçün oxuyurlar

- Kimsə kiminsə kitabını oxuyur?

- Bir neçə dəfə fikir vermişəm, Azərbaycan nasirləri sağ qalan nasirlərin kitabını xofla oxuyurlar. Bilirsiniz də, bir usta evə gələndə əvvəlki ustanı pisləyir, bir həkim də digərini. Deməli, kitabı nəsə səhv axtarmaq üçün oxuyurlar. Oxuyur, haradasa ona anlaşılmaz cümlə görəndə tez onun ucundan tutub, ucuzluğa gedir. Heç qalan hissələri oxumur. Bizdə nasirlər bir-birini gözdən salmaq üçün ya deyirlər ki, filankəsin üslubunda yazıb, ya da deyirlər redaktə zəifdir. Bizim nasirlər yalnız dünyasını dəyişmiş nasirlərin əsərlərini obyektivliklə oxuyurlar. Daha rəhmətə gedib, rəqabət aparası deyil ki. Ya da xarici yazıçının əsərini oxuyur ki, görüm onlar nə cür yazıblar ki, dünyada belə qəbul ediliblər. Yaxud bir-iki cümləsini tez əzbərləyib sosial şəbəkəyə çıxarırlar ki, bax mən Markesi oxuyuram, Saramaqonu əzbər bilirəm. Hətta bir dəfə bir yazıçı yazmışdı ki, “Uliss” əsərini üç gün ərzində oxuyub qurtardım. Ceyms Coysun “Uliss” əsəri dünyada qəbul edilmiş ən mürəkkəb əsərdir. Onun oxunma texnikası üçün ayrıca kitab da nəşr edilib. Bizim yazıçı da yazıb ki, üç günə oxuyub qurtardım, tamamilə cəfəngiyyatdır. Adamların da çoxu kitab oxumur axı, rəylərdə yazıblar ki, afərin, bərəkallah.

Yalnız 35 yaşdan sonra insan dolğun əsər yaza bilər

- Yazıçı olmaq üçün mütləq həyat təcrübəsi lazımdır, ya istedad yetərlidir? Axı hər əsərdən nələrsə öyrənməliyik, öyrənirik. Hansı yaşlarda insanın əsərləri daha dolğun ola bilər?

- Yalnız 35 yaşdan sonra insan dolğun əsər yaza bilər. O yaşa qədər gözəl əsər nümunəsi ortaya qoya bilər. Gözəl cümlələr, səhnələr. Amma oxuyacaqsan ki, nəsə çatışmır, nəsə yarımçıqdır. Təcrübə olmalıdır. İstedad yetərli deyil.

Ömür boyu iki əsərin olsun, amma mükəmməl çıxsın

- Bu, bir növ, meyvəni kal və ya yetişmiş şəkildə yemək nümunəsini xatırladır. Çox gənc bir insan istedadlı olsa belə, həyat təcrübəsi yoxdursa, əsəri bitkin ola bilməz, məncə.

- Tamamilə düz qeyd etdiniz. Sanki, kal armud təsiri bağışlayır.  Son vaxtlar qəribə nəsnə də ortaya çıxıb. Necə deyərlər, mürəkkəb qurumamış tez nəşr edilməyə verirlər. Sanki, bəhsəbəhs yaranıb ki, filankəsin kitabı çıxdı, mən geri qaldım. Eybi yox, ömür boyu iki əsərin olsun, amma mükəmməl çıxsın. Rəhmətlik Vidadi Məmmədov 4 hekayə yazıb. Keçən dəfə görürəm ki, publisist Nicat Həşimzadə onun dörd əsərini tərifləyir ki, az yazıb, lakin necə ustalıqla ifadə edib.

İcazə verin, ad çəkməyim

- Müasir Azərbaycan ədəbiyyatında kimləri oxumağı tövsiyə edirsiniz? Kimlərə yeni nəfəs demək olar?

- Yeni nəfəs çoxdur. Yeni üslublar, yeni yazı, yeni yanaşmalar. Lakin icazə verin, ad çəkməyim. Bilirsiz də inciklik yaranır. Yazı adamları çox həssas olur, kiminsə adı çəkilməyəndə incik düşürlər, hətta üstündən xətt çəkirlər. Amma XXI ərin nasirləri yetişməkdədir və dünya səviyyəsinə çıxarılası adamlarımız var.

Yarımçıq qalan əsərlərimi tamamlayacağam

- Hansı əsərlər üzərində işləyirsiniz?

- “İlbizlər” romanımı başa çatdırdım. Dekabrın 29-da təqdimatı olacaq. Yeni ildən yeni yarımçıq qalan əsərlərimi tamamlayacağam. Görək də. Planlar çoxdur.

İnkişaf etmiş ölkələrdə daha çox mən yaşda olanları efirə çıxarırlar

- Bir zamanlar insanlar sizi teleparıcı kimi tanımışdılar. Yenidən izləyicilərin qarşısına eyni amplu­ada çıxmaq istəyərdiniz?

- İstərdim, amma indi mən yaşda adamları artıq köhnəliyin qalığı kimi qəbul edirlər (gülümsəyir).

- Nə mənada?

- Orta yaşlı adamları çox da veriliş aparmağa çıxarmırlar. Deyirlər ki, ancaq gənclər olmalıdır. Halbuki inkişaf etmiş ölkələrdə daha çox mən yaşda olanları efirə çıxarırlar ki, deməyə sözü olsun. CNN-in aparıcısı Lari Kinqin az qala 90 yaşı vardı, amma aparıcılıq edirdi. Nə isə...

- Teleaparıcı olduğunuzu xatırlatdıq, amma bu gün də jurnalist fəaliyyətindəsiniz. Azər Qismət üçün hansı daha doğmadır?  Cənablara gülümsəməyi tövsiyyə edən jurnalist Azər Qismət, yoxsa yazıçı Azər Qismət?

- İstər yazıçı Azər olsun, istər jurnalist, lap fəhlə, bənna Azər olsun, fərq etməz, o yenə də insanlara gülümsəməyi tövsiyə edəcək. Gülümsəyin, cənablar.

 

Paylaş
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31