Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Biz daha modern yol seçmişik

Biz daha modern yol seçmişik

12.01.2022 [10:48]

Məmur həmkarlarımız

Kütləvi smart tipli sayğaclara keçid nəzərdə tutulmayıb

Nicat Dilqəmli

“Yeni Azərbaycan” qəzeti yeni layihə ilə oxucuların görüşünə gəlir. “Məmur-jurnalistlər” layihəsinin ilk qonağı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevdir.

Etimadı doğrultdum

- Neçə ildir jurnalistika sahəsindəsiniz?

- 1997-ci il sentyabrın 21-də ANS telekanalının xəbərlər departamentində təcrübəçi-müxbir olaraq əmək fəaliyyətinə başlamışam. 3 ay təcrübəçi olduqdan sonra qərar verilib ki, məni xəbərlər xidmətinə müxbir vəzifəsinə götürsünlər. Bir neçə il müxbir kimi çalışmışam, sonra məni xəbərlərin gündüz buraxılışının aparıcısı kimi sınamaq istədilər. Və sonrakı gedişat göstərdi ki, mən etimadı doğrultdum. Çünki sonradan mənimlə əməkdaşlıq fəaliyyətini daha da genişləndirdilər. ANS telekanalında yayımlanan, demək olar ki, bütün ictimai-siyasi verilişlərin aparıcısı olmuşam. Uzun illər xəbərlərin ana buraxılışının, həmçinin Azərbaycan teleməkanında bu gün də xatırlanan “Nəzər nöqtəsi” tok-şousunun aparıcısı olmuşam. Bir həftə Qənirə Paşayeva aparırdı, bir həftə mən. Eyni zamanda, bir neçə il “Əhatə dairəsi”nin aparıcılığını etmişəm. Bundan əlavə, bir neçə televiziyaya dəvət almışam və həmin kanallarda müxtəlif vəzifələrdə çalışmışam.

- Quruma mətbuat xidməti təyin edilməyiniz barədə xəbəri necə qarşıladınız?

- Bu mənim heç sevmədiyim bir işdir. Bu təyinata qədər bir neçə nazirlikdən mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifələri təklif olunmuşdu, ancaq düşünmədən imtina etmişdim. Mən hətta bir dəfə bu barədə sosial şəbəkədə paylaşım etmişdim. Orada qeyd etmişdim ki, bəzi mətbuat xidmətlərinin rəhbərlərini çıxmaq şərtilə siz mətbuat xidmətinin rəhbəri deyilsiniz, mətbuatdan mühafizə xidmətinin rəhbərisiniz. Yəni bu qədər sevmədiyim bir şeydir. Mən indi də elə fikirdəyəm ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri yalnız və yalnız birmənalı olaraq çalışdıqları qurumun mənafeyini qorumaqla məşğuldurlar. Mənə elə gəlir ki, mətbuat əlaqələndiricisi ədalətli olmalıdır, çalışdığı qurumla vətəndaşlar arasında olan narazılıqları, təklifləri həmin qurumun rəhbərliyinə çatdırmalıdır, həllində müəyyən mənada rol oynamalıdır. Mən də işimi məhz bu istiqamətdə qurmağa çalışıram. Çalışıram ki, həm media, həm də ictimaiyyət tərəfindən mənə ünvanlanan narazılıqları, təklifləri, tərifləri “Azəriqaz” İB rəhbərliyinə çatdırım. Həlli ilə isə artıq rəhbərlik məşğul olur. Mənim işim yalnız onları məlumatlandırmaqdan ibarətdir. Vəzifəmin adına adekvat olmağa çalışıram.

Peşəkar, ədalətli və sadə olmaq

- Sizcə, yaxşı mətbuat katibi olmaq üçün 3 əsas məqam nədir?

- Birinci növbədə peşəkarlıq. İstər jurnalistika, istərsə də əlaqələndirmə sahəsində peşəkarlıq olmalıdır. Əgər peşəkarsansa, digər kiçik detallar öz yerini tapacaq. İkinci məqam isə ədalətli olmaqdır, mütləq ədalətli olmalısan. Peşəkarlıq, həm də ədalət əmsalı ilə ölçülür.  Ədalətli deyilsənsə, deməli, balansı qorumayacaqsan. Balansı qorumayacaqsansa, istər jurnalistikanın, istər mətbuat katibi vəzifəsinin qızıl qaydalarını pozacaqsan. Ədalətli olduqda sən yalan danışmayacaqsan. Nə öz rəhbərinə məmur kimi yalan deyəcəksən, nə də mətbuat nümayəndələrinə, hansı ki, sənin peşə məsləkdaşların olublar. Belə olduğu halda, sən seviləcəksən və hansısa bir yanlışlığın olanda istər rəhbərin, istərsə də media nümayəndələri tərəfindən bağışlanılacaqsan. Onlar biləcəklər ki, sən bu səhvi düşünülmüş şəkildə etməmisən. Üçüncü isə sadəlikdir. Dində də var bu. Təkəbbürlülük Allahın sevmədiyi keyfiyyətlərdən biridir. Elə Allahın yaratdığı insanlar da təkəbbürlü insanları sevmirlər. Peşəkar, ədalətli və sadə olmaq...

Özümü biznesdə yoxlamaq istəmişəm, amma...

- Ümumiyyətlə, jurnalist, yoxsa məmur - hansı daha yaxşıdır?

- Bu dünyada ən yaxşı bacaracağım iş jurnalistikadır. Mən xırda məişət problemlərinin əlində aciz qala biləcək bir adamam. Məsələn, evdə adi bir işıq lampası xarab olduğu halda, mən bunu özümə problem edirəm. Hətta belə xırda məsələlər üçün usta çağırıram və buna görə saatlarımı itirməli oluram. Dəfələrlə özümü biznesdə yoxlamaq istəmişəm, amma hər dəfə minimum 20 min manat ziyanla qurtarmışam. Deyilənə görə, məndə jurnalistika pis alınmır. Görünür, ən çox sevdiyim üçün ən yaxşı gördüyüm iş budur.

Abonentlərin hamısı ödənişi vaxtında etmir

- Digər xidmət sahələrindən fərqli olaraq niyə bildirişlər ayda iki dəfə verilir?

- Ayın 15 günündə verilən bildiriş xəbərdarlıq məqsədi daşıyır. İkinci bildiriş isə kontrol üçündür. Abonentlərin hamısı ödənişi vaxtında etmir axı. Həm də bir növ xatırladırıq, abonenti bir az da məsuliyyətli olmağa dəvət edirik ki, heç olmasa, 30 günün tamamında yığıma nail ola bilək. 15 gündən sonra xəbərdarlıq bildirişi verilməsinin ardınca  abonent ödənişi etmirsə, mavi qazın verilişi dayandırılmır, 30 günün tamamında dayandırılır.

- Smart tipli sayğaclarla bağlı vəziyyət nə yerdədir, ölkə üzrə tam keçid nə vaxta planlaşdırılır?

- Əvvəla, “smart tipli” deməyiniz məni sevindirdi. Niyə sevindirdi? Çünki artıq xeyli müddətdir abonentlərə izah etməyə çalışırıq ki, Azərbaycanda smart sayğaclar - ağıllı sayğaclar olmayıb. Sadəcə olaraq əvvəlcədən ödənişli olduğuna görə bu sayğaclara “smart tipli” sayğaclar deyilir.

2021-ci ildə təxminən 40 min smart tipli sayğac quraşdırmışıq. Effektini də görürük. Ölkə üzrə 2 milyon 400 minə yaxın abonentimiz var. Hər il abonentlərimizin sayı təxminən 80 min nəfərə qədər artır. Onlardan təxminən 1 milyon yarımı mexaniki, yəni sonradan ödənişli sayğaclardır və təxminən 900 mini smart tiplidir. Nədənsə abonentlərdə sonradan ödənişli, yəni mexaniki sayğaclara qarşı az da olsa, inamsızlıq var, smart tipli sayğac istəyirlər və bu, abonentin öz istəyilə olan bir şeydir. Biz heç vaxt kütləvi smart tipli sayğaclara keçidi nəzərdə tutmamışıq. Biz daha modern yol seçmişik. Təxminən iki ay əvvəl Gəncə Cihazqayırma Zavodu ilə “Azəriqaz” İB arasında memorandum imzalandı. Bu memorandumla Gəncə Cihazqayırma Zavodu ilə Almaniyanın məşhur bir şirkəti müştərək sayğacın istehsalına başlayacaq. Artıq “Azəriqaz” İB olaraq 10 min bu tip sayğacın istehsalını sifariş vermişik. Bu sayğaclar sonradan ödənişlidir, smart tipli deyil. Amma burada nə var? Biz həmin o sayğaclara xüsusi cihaz yerləşdirəcəyik. O cihazın üzəri şüşə ilə bağlanacaq, dörd bir tərəfdən plomblanacaq. Nəticədə nə bizim əməkdaşlarımızın, nə də abonentlərin müdaxiləsi mümkün olacaq. Bu cihaz vasitəsilə həm abonentin sərfiyyatını görə biləcəyik, həm də borclu olduğu halda verilən müddət bitdikdən sonra Nazirlər Kabinetinin qərarına uyğun olaraq qaz verilişi avtomatik dayandırılacaq. Bu da “Azəriqaz” İB əməkdaşları ilə vətəndaşlar arasındakı birbaşa kontaktı aradan qaldıracaq, belə olduğu halda, xoşagəlməz hallar yaşanmayacaq. Abonent ödənişini etdiyi halda yenidən qazın verilişi avtomatik bərpa olunacaq. Eyni zamanda, bu qurğu vasitəsilə ödənişi onlayn keçirməyə də nail olacağıq. İndi müqayisə edək, smart tipli daha yaxşıdır, yoxsa bizim sifariş verdiyimiz həmin o cihazlar?

Sizi həmin ərazilərlə tanış da edə bilərəm

- Arxada qoyduğumuz ildə qurumun əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?

- Mən 6 aydır ki, bu qurumla birlikdə çalışmaq şansını qazandım. Mənim üçün çox xoş oldu. Çünki bu qurumun rəhbər heyətinin işindəki şəffaflığı, sağlam yanaşma tərzini gördükdən sonra qərar verdim və bunu ona görə şans kimi dəyərləndirdim.

6 ay ərzində sevə-sevə proseslərin içində oldum. Fəaliyyətə başladığım gündən bir həftə sonra “Açıq mikrofon” aksiyası keçirilməyə başladı. Bu aksiya istər xidmət sahələri olsun, istərsə də digər dövlət qurumları üçün bir sıçrayış oldu. Bunu sadə vətəndaşlarımızın və medianın reaksiyasından görə bilərik. Biz vətəndaşın ayağına getdik. Elan etdik ki, yaxınlaşın bizim mobil səyyar qəbul otağına və nə varsa, deyin. Beş ay yarım ərzində 36 aksiya keçirmişik, bunların 30-da iş bitib. Sizi həmin ərazilərlə tanış da edə bilərəm.

Baş direktorumuzun təşəbbüsü ilə “Açıq qapı” aksiyasına start verdik. Bu aksiyada media nümayəndələrinin onlayn iştirakı nəzərdə tutulurdu, sonradan QHT-lər, sıravi vətəndaşlar da bu prosesə qoşuldular. Şəxsən baş direktorun özü iştirak edir. İstənilən jurnalist bizim konfrans zalına yaxınlaşıb öz sualına cavab ala bilər. Orada əvvəlcədən hazırlanmış sual-cavabları görə bilməzsiniz. Məqsəd o idi ki, Birliklə vətəndaş cəmiyyəti arasındakı bariyeri götürək.

Sayğaclaşma ilə bağlı böyük işlər görülüb. 55 kənd və yeni yaşayış massivlərinin qazlaşması prosesini Birliyimizin daxili imkanları hesabına həyata keçirmişik. 2021-ci ilə kimi bizə dövlət büdcəsindən vəsait ayrılırdı, amma artıq qurum öz daxili imkanları hesabına bunu həyata keçirir. Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, qurum bir çox işlər üçün çox böyük xərc çəkir. Hesab edirəm ki, bu il daha mobil, daha çevik işləyə biləcəyik.

Mən də istəyərəm ki, limit çox olsun və ya ləğv edilsin

- Paytaxtda və regionlarda eyni limitin tətbiq edilməsi nə dərəcədə doğrudur?

- Az öncə dediyim ədalətlik prinsipini rəhbər tutaraq bu suala, ilk növbədə, abonent olaraq, sonra mətbuat xidmətinin rəhbəri kimi cavab vermək istəyirəm. Mən də istəyərəm ki, limit çox olsun və ya ləğv edilsin, dağlıq rayonlarda limit daha çox olsun. Amma mətbuat xidmətinin rəhbəri olaraq deyim ki, “Azəriqaz” İB limitin artıb-azalması barədə qərar verə bilmir. Biz xidmət sahəsi olaraq yalnız verilən qərarların icrası ilə məşğuluq.

Qaza hava vurulması ilə bağlı fikirlər əsassızdır

- Qaz təzyiqinin artıb-azalması göz qabağındadır, qeyd edilir ki, qaz gəldiyi halda artma-azalma olur, hava vurulur...

- Bu yaxınlarda sosial şəbəkələrdə gənc oğlan aqressiv şəkildə guya “Azəriqaz” İB-nin qaz əvəzinə hava satması ilə bağlı video paylaşmışdı. Qaza hava vurulması ilə bağlı fikirlər əsassızdır, həqiqəti əks etdirmir. Hansısa qurumun qazıntı işləri nəticəsində və ya digər səbəblərdən qaz borularına dəyən texniki zərər nəticəsində borunun içərisinə su kütləsi daxil ola bilir və orada yığılıb qalır. Onu oradan təmizləmək üçün isə yüksək təzyiqli hava vurulur ki, həmin maye oradan çıxsın. Prosesin icrası zamanı təhlükəsizliyin təmin edilməsi üçün əhatə dairəsində olan, yaxınlıqdakı ünvanlara qazın verilişi dayandırılır. Yalnız təmir işləri başa çatdıqdan sonra cüzi miqdarda, bir neçə saniyəlik hava gələ bilər. Bu da heç nəyə təsir etmir. Və ən əsas məqamı qeyd etmək istərdim ki, “Azəriqaz” İB bu qədər ciddi təhlükənin altına girməz.

Qazlaşmanın səviyyəsi 96 faizin üzərindədir

- Ölkə üzrə ümumi qazlaşma səviyyəsi neçə faizdir?

- Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, qazlaşmanın səviyyəsi 96 faizin üzərindədir. Sual yaranır ki, Lerikin 8 kəndində, Ağcabədinin 6 kəndində, İmişlinin 4 kəndində qaz olmadığı təqdirdə, qazlaşmanın səviyyəsi necə 96 faiz ola bilər? Bu, əhalinin sayına görədir. Çünki kənd var ki, 6 evdən ibarətdir. Azərbaycanda 900-ə yaxın kənddə qaz yoxdur, onun 400-də ümumiyyətlə, heç vaxt qaz olmayacaq. Çünki relyef baxımından bu mümkün deyil. Bundan digər nazirlik və qurumlar da xəbərdardır.

Bu problemin həlli üçün müəyyən müzakirələr aparılır. Məsələn, düşünülür ki, hansısa daşına bilən qaz qurğuları aparılsın və həmin abonentlərimiz bu qaydada qazla təmin edilsin. Başqa variantlar da var. Hələ ki, bu barədə bir neçə variant var, müzakirələr gedir.

Düşünmürəm ki, indi ölkəmizdə hansısa evdə şəkil çəkmək üçün mobil telefon olmasın

Oxuculardan gələn suallar:

“Limitin sıfırlanması üçün biz şəkil çəkib atmamışıq... Bu, nə oyundur əhalinin başına açırlar?”

Bu, tələb deyil, sadəcə xahişdir. Və nəzərə alsaq ki, bu, bir neçə saniyə vaxt tələb edir, başa düşmürəm ki, burada nə problem var axı? İnsanlar mənə müraciət edirlər ki, göndərmişəm, cavab gəlməyib. Əgər göndəribsənsə, sən öz öhdənə düşəni etdin, qalanı bizim əməkdaşlarımızın üzərinə düşür.

Düşünmürəm ki, indi ölkəmizdə hansısa evdə şəkil çəkmək üçün mobil telefon olmasın.

Hər bir sayğacın istifadə müddəti var

“Abonentə xəbər vermədən elektron, kartla olan sayğacların mexaniki köhnə sayğaclarla dəyişdirilməsi qanunsuz olduğu halda, niyə hələ də buna davam edirlər? 10 yanvardır, hələ də sayğaclar sıfırlanmayıb. Cibimizə niyə girirlər?”

Hər bir sayğacın istifadə müddəti var. Müddət bitdikdən sonra yoxlanılmağa aparılır. Hansısa problem olduğu halda, sayğac yanlış yazır, az yazır. Bu da abonentin öz xeyrinə olduğu üçün bizə xəbər vermir. Amma fakt aşkarlandıqdan sonra abonentin işlətdiyi qazın ödənişi borc olaraq hesablanır.

Artıq proses bitib

“Mexaniki sayğac istifadəçiləri arasında müxtəlif səbəblərdən sayğacın şəklini çəkib göndərə bilməyənlər varsa, onlar nə etməlidirlər? (Qeyd - vaxt 19 yanvarda bitir)”

Heç bir problem yaranmayacaq, biz sadəcə kömək məqsədilə bunu istəmişdik. Artıq proses bitib.

Yanvarın sonunda bildirişlər göndəriləcək

“Ayrı-ayrı rayonlar üzrə sərfiyyat, xərclər, abonent sayı haqda datalar nə vaxt açıqlanacaq?”

Yanvarın sonunda bildirişlər göndəriləcək.

“Nəyə görə borc bildirişi təqdim edib, ödəmə müddəti təyin etmədən gəlib qazı kəsirlər? Lakin borcu ödədiyim halda qazı bərpa etmirlər, hələ bir sayğacın “vintil”ini söküb aparırlar. Borc ödəyəndən sonra mən nəyə görə xəbər verməliyəm ki, gəl qazı aç?”

Belə bir hal qətiyyən ola bilməz.

 

 

 

Paylaş
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31