Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sığorta xidmətlərinə inam sığorta ödənişlərindən keçir

Sığorta xidmətlərinə inam sığorta ödənişlərindən keçir

14.09.2022 [10:51]

Məmur tribunası

Günel ABBAS

“Yeni Azərbaycan” qəzeti yeni layihə ilə oxucularının qarşısındadır. Rubrikamız çərçivəsində məmur-vətəndaş münasibətlərinə yeni pəncərə açmaq məqsədilə dövlət orqanlarında çalışan vəzifəli şəxslərlə söhbətlər aparacağıq. Müsahibələrimizdə təkcə dövlət siyasətindən yox, vətəndaşları maraqlandıran digər məsələlərdən də danışacağıq.

Layihəmizin ilk qonağı Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanovdur. V.Qurbanovla söhbətimizə də elə sığorta sahəsindəki yeniliklərdən, ölkəmizdəki sığorta mexanizminin inkişaf dinamikası və vətəndaşlar üçün mahiyyətinin təftişi ilə başladıq:

- “Yeni Azərbaycan” qəzetinə bu gözəl layihəyə görə minnətdarlığımı bildirirəm. İnanıram ki, layihə qısa zamanda geniş oxucu kütləsinin marağını özünə cəlb edəcək. Sualınıza gəlincə isə, gündəlik həyatımızda maddi itkilərə səbəb olacaq risklərlə üzləşirik. Bu risklərə olan həssasiyyətimiz onlara öyrəşmiş olmağımızdan, bu risklərdən qaçmaq metodlarımızdan və ya onların gerçəkləşməsi halında zərərlərimizin həcmini doğru şəkildə proqnozlaşdıra bilməməyimizdən asılı olaraq azalır. Təbii ki, risklərdən qaçmaq və ya risklərin baş verməsi ehtimalını anlayaraq tədbirli olmamağımız risklərin baş verməyəcəyi anlamına gəlmir. Təəssüf ki, risk baş verdiyi halda şəxsin risk həssasiyyəti ən yüksək səviyyədə olur, qarşılaşdığı maddi zərərin gətirdiyi fəsadların fərqinə varır və bu halda müvafiq sığorta təminatı yoxdursa, maliyyə sabitliyinin qorunması artıq mümkün olmur. Qeyd etdiyimiz hallarda şəxslərin maliyyə sabitliyinin qorunması üçün ən faydalı mexanizm sığortadır. Sığorta risklərin ötürülməsi və bölüşdürülməsinə əsaslanan, sığortalıların maliyyə sabitliyini qoruyan mexanizmdir. Belə ki, sığortalılar gündəlik həyatda qarşılaşa biləcəyi risklər nəticəsində üzləşdikləri maliyyə itkilərinin qarşılanması öhdəliyini müəyyən olunmuş müddət üzrə və müəyyən bir haqq qarşılığında sığorta şirkətlərinə həvalə edirlər. Sığorta şirkətləri bu riskləri qəbul edərkən onları təhlil edir və müraciət edən şəxsləri sığorta təminatına alırlar. Beləliklə, şəxsin təminat altına alınan riskin gerçəkləşməsi halında maddi itkilərinin ödənilməsini sığorta şirkəti həyata keçirir. Sığorta təzminatı sığortalını sığorta hadisəsi baş verməmişdən əvvəlki maliyyə vəziyyətinə qaytarır və nəticədə sığortalının maliyyə sabitliyi qorunmuş olur.

- Sığorta sahəsində əhalinin maarifləndirilməsi əhəmiyyətli faktorlardan biridir. Bu istiqamətdə atılan addımlar barədə məlumat verərdiniz...

- Sığorta əhatəliliyinin genişləndirilməsi məqsədilə əhali və biznes subyektlərinin risk və sığorta haqqında maarifləndirilməsinə zərurət var. Bildiyiniz kimi Cənab Prezidentin sığorta üzrə əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif tapşırıqları olmuşdu. Mərkəzi Bank qeyd olunanları diqqətə alaraq genişmiqyaslı maarifləndirmə layihəsinə start verib. Layihəmiz Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu ilə birlikdə həyata keçirilməkdədir. Təbii ki, burada medianın da rolu çox böyükdür. İlkin olaraq maariflənmə səviyyəsinin  ölçülməsi məqsədi ilə sözügedən layihə çərçivəsində əhali və hüquqi şəxslər arasında sorğu keçirilib. Bu sorğu əsasında maarifləndirmənin istiqamətləri, tərkibi, kommunikasiya vasitələri və digər meyarlar müəyyən edilərək əhalinin və biznes subyektlərinin risklərə qarşı həssaslığını artırmaq məqsədi ilə xatırlatmaların həyata keçirilməsi, maddi zərərlərlə qarşılaşa biləcəyi anlarda sığorta mexanizminin onlara necə dəstək olacağı ilə bağlı məlumatların verilməsinə başlanılıb. Bu, uzunmüddətli bir layihədir. Müəyyən müddətdə görülən tədbirlərin nəticəsində maarifləndirmə səviyyəsindəki dəyişmələrin yoxlanılması məqsədilə yenidən sorğuların həyata keçirilməsi nəzərdə tutulur. Düşünürük ki, digər layihələrimizlə yanaşı, əhaliyə və biznesə həm risklər, həm də sığortaya aid maarifləndirmə layihəmizlə onların maliyyə sabitliyinin qorunmasına xidmət edən sığorta əhatəliliyinin genişlənməsinə nail olacağıq.

- Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Özünün obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risklər də istisna edilmir. Bu mənada bazar davranışlarına beynəlxalq prinsiplər əsasında nəzarətin formalaşdırılması istiqamətində hansı addımlar atılır?

- Sığorta mexanizmində əsas faktorlardan biri xoş niyyətdir. Sığortanın yaranması tarixçəsinə də baxsaq, bir şəxsin qarşılaşa biləcəyi risklərin gerçəkləşməsi zamanı digər şəxslərin əvvəlcədən yaratdığı bir daxıla vəsaitlərin toplanması vasitəsi ilə ona dəstək olunması əsas məqam olmuşdur. Təbii ki, risklərin ötürülməsində münasibətlər sığorta müqaviləsi bağlananadək başlayır. Sığorta şirkəti şəxsin qarşılaşacağı riskləri təminat altına alması üçün sığortalı ilə intensiv dialoqlarda olur. Bu dialoqlar hər iki tərəfə - həm sığortalıya, həm sığortaçıya məsuliyyətli olmağı zəruri edir. Belə ki, şəxs sığortalamaq niyyətində olduğu predmet və baş verməsi ehtimal olunan risklər haqqında sığorta şirkətinin məlumat almaq imkanını maksimum dərəcədə təmin etməlidir. Sığorta şirkətləri bu məlumatlar əsasında riskləri təhlil edir və təklif edəcəkləri sığorta təminatının şərtlərini sığortalıya çatdırırlar. Bu proses zamanı sığortalını tam məlumatlandırmaq sığorta şirkətinin vəzifəsidir. Müvafiq sığorta təminatı haqqında oxunaqlı və anlaşılan şərtlərin sığortalanmaq arzusunda olan şəxsə tam izah olunması mütləqdir. Bildiyimiz kimi sığorta xidmətlərinə inam əsasən sığorta ödənişlərindən keçir və sığorta xidmətlərinin keyfiyyəti əsasən bu meyarla ölçülür. Sığorta müqaviləsi bağlandıqdan sonra sığorta şirkətləri vətəndaşlara hadisə baş verdiyi halda sığorta ödənişini ədalətli rəftar edərək çevik şəkildə edirsə, vətəndaşda da sığortaya inam artır.

Sığorta hadisələri vaxtı zərərlərin ədalətli qiymətləndirilməsi də çox önəmlidir. Çünki sığorta hadisəsi baş verdiyi halda sığortalının maliyyə vəziyyəti hadisədən əvvəlki vəziyyətə qaytarılmalıdır. Sığortalının özünün hüquq və vəzifələrini tam mənimsəməsi sığorta müqaviləsi bağladıqdan sonra tərəflər arasında meydana çıxa biləcək anlaşılmazlıqların da həllində preventiv tədbir kimi çox önəmlidir. Sığorta şirkətləri isə bu hüquq və vəzifələri potensial sığortalılara çatdırmaq öhdəliyi daşıyırlar. Qeyd olunanları diqqətə alaraq sığorta şirkətlərinin və ya vasitəçilərin sığorta müqaviləsi bağlananadək və müqavilə bağlandıqdan sonra təminatın qüvvədə olması müddəti ərzində sığortalıların hüquqlarının qorunması, göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən  mübahisələrin çevik və ədalətli həll edilməsini əhatələndirən layihəmiz əhəmiyyətli dərəcədə fayda verəcək. Mərkəzi Bank üçün sığortaçıların bu istiqamətdə bazar davranışlarının beynəlxalq prinsipə uyğunlaşdırılması məsələsi çox önəmlidir. Yuxarıda qeyd etdiyimiz istiqamətlərdə ciddi islahatlar həyata keçirilməkdədir. Hüquqi bazanın formalaşdırılması ilə yanaşı əlçatan elektron mexanizmləri də sığortalılarımızın ixtiyarına təqdim etməyi hədəfləmişik. 

- Sığortada yeni kadrların yetişdirilməsində yerli mütəxəssislərlə yanaşı, dünya təcrübəsindən də istifadə edilir. Dünya təcrübəsindən istifadə Azərbaycanın sığorta sistemində hansı trendlərin formalaşmasına səbəb ola bilər?

- Mərkəzi Bankın həyata keçirdiyi önəmli layihələrindən biri də sığorta sahəsində kadr potensialının genişləndirilməsi ilə bağlıdır. Bu layihəyə sığorta şirkətinin əməkdaşlarının, satış nümayəndələrinin, aktuarlarının, rəhbər şəxslərinin və digər kateqoriyalarda olan əməkdaşlarının beynəlxalq səviyyədə təlimlərə cəlb olunaraq bilik və bacarıqlarının artırılması məqsədi ilə start verilib. Layihəmizin ilk hissəsinə vətəndaşlarla ünsiyyətdə olan satış nümayəndələri və sığorta vasitəçilərini təlimə cəlb etməklə başladıq. Çünki ilkin mərhələdə vətəndaşı sığorta və risklərlə məhz həmin şəxslər tanış edir. Məlumdur ki, sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində aktuar sahəsi çox önəmli bir rola malikdir. Bunun üçün aktuarların bilik və bacarıqlarının artırılması məqsədilə də beynəlxalq səviyyədə təlimlərə start verilib. Sığortaçılarda anderraytinq və təkrarsığorta sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün də təlimlərimiz həyata keçirilib. Mərkəzi Bank sığortaçıların mütəmadi olaraq müxtəlif kateqoriyalar üzrə mövcud əməkdaşlarının bilik və bacarıqlarının artırılmasını bu layihə ilə diqqət mərkəzində saxlamaqdadır. Həmçinin sığorta sektorunda fəaliyyət göstərmək arzusunda olan potensial namizədlərə sektorun müxtəlif sahələri üzrə beynəlxalq səviyyəli təlim proqramına başlanılıb. Hesab edirik ki, mövcud kadrların bilik bacarıqlarının artırılması ilə yanaşı yeni mütəxəssislərin bu sahəyə cəlb olunması kadr potensialının genişləndirilməsinə imkan yaradacaq.

- Sığorta sistemində hansı ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqini məqsədəuyğun hesab edirsiniz?

- Mərkəzi Bank həyata keçirdiyi bütün layihələrdə qabaqcıl beynəlxalq təcrübələrə istinad edir. Sığorta üzrə ölkəmizdə  tətbiq olunacaq hər hansı yeni mexanizmin beynəlxalq təcrübədə necə tətbiq olunması və sınaqdan necə keçdiyi tam araşdırılır. Qabaqcıl təcrübənin ölkəmizə adaptasiyası üçün mental olaraq yaxın olan region ölkələrinin də təcrübəsi nəzərə alınmaqdadır.

- Hazırda bütün dünyada, eləcə də ölkəmizdə rəqəmsallaşma dövrüdür. Sığorta sahəsinin rəqəmsallaşdırılması ilə bağlı hansı yeniliklər var?

- Mərkəzi Bankın layihələrindən biri də “Sığorta fəaliyyətinin rəqəmsallaşdırılması” layihəsidir. Mexanizmlərin rəqəmsallaşdırılması həmin xidmətlərə əlçatanlığın təmin olunmasına da dəstəkdir. Hazırda texnologiyanın sürətlə inkişaf edən dövrüdür. Bunun üçün də müxtəlif dijital mexanizmlərlə vətəndaşların dijital sığorta xidmətlərindən istifadəsi imkanlarının genişləndirilməsini hədəfləmişik. Prioritet istiqamətimiz icbari sığorta növlərinin tam elektronlaşması və həm icbari, həm könüllü sığorta xidmətlərinin dijital platformalarda vətəndaşlara təqdim olunmasıdır. Bu istiqamət üzrə icbari sığorta xidmətlərinin elektronlaşmasını əhatələndirən qanunvericilik layihəsi tam hazırdır. Yaxın müddətdə bütün icbari sığorta növlərinin elektron formada həyata keçirilməsi əsas məqsədlərimizdən biridir.

- Bəzi icbari sığorta növləri üzrə icra vəziyyətinin aşağı səviyyədə olması nə ilə bağlıdır?

- Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da sığorta xidmətləri həm könüllü, həm də icbari formada həyata keçirilir. Mərkəzi Bankın əsas məqsədi sığorta əhatəliliyini genişləndirmək, əhalinin və biznesin qarşılaşa biləcəyi riskləri sığorta ilə təminat altına almaqdır. Mərkəzi Bank sığorta əhatəliliyinin genişləndirilməsini əhalini və biznesi maarifləndirməklə yanaşı yuxarıda qeyd etdiyimiz tədbirləri də həyata keçirməkdədir. Müəyyən sığorta növləri var ki, onların icbari olması və dövlət tərəfindən sığortalanmaya nəzarət edilməsi əhalinin və biznes subyektlərinin sosial rifahının qorunması məqsədi ilə vacibdir. Bu, həm də genişmiqyaslı itkilərə səbəb olan risklərin gerçəkləşməsi halında dövlət yükünün artmasının qarşısının alınmasına da xidmət edir. İcbari sığorta növləri sığorta xidmətləri ilə vətəndaşları tanış etmə üsuludur. Bu sığorta növlərində maarifləndirmə ilə yanaşı sığortalanmaya nəzarət mexanizmlərinin effektivliyi də əhəmiyyətli faktordur. Məlumdur ki, müəyyən icbari sığorta növlərində elektron nəzarət mexanizmləri qurulub. Məsələn, avtonəqliyyat vasitələrinin icbari sığortasında bu, nəqliyyat hərəkətində istifadə olunan radarlardır. Qeyd etdiyimiz kimi, effektivliyin artırılmasında elektron və digər mexanizmlərin rolu görünməkdədir. Eləcə də sığorta şirkətləri icbari sığorta növləri üzrə xidmət səviyyəsini yüksək tutduğu halda vətəndaşların sığortaya olan inamı artır və könüllü sığorta növlərinə də üstünlük verilir. Ona görə də həyata keçirilən layihələr çərçivəsində sığorta şirkətlərinin xidmət səviyyəsinin artırılmasına, maarifləndirmənin gücləndirilməsinə, sığortaya nəzarət mexanizminin effektiv şəkildə qurulmasına xüsusi diqqət ayrılır. 

- Ölkəmizdə müvafiq qanunvericilik bazasının, hüquqi tənzimlənmə mexanizmlərinin formalaşması ilə bağlı nə deyə bilərsiniz?

- Bütün sığorta mexanizmi üzrə tənzimləmələr qanunvericilik normativləri əsasında həyata keçirilir. Hər hansı mexanizmin hüquqi bazası qurulur və ondan sonra qanunvericiliyə uyğun olaraq elektron arxitekturası yaradılaraq bu sahədə addımlar atılır. Yekun etibarilə qanunvericiliyin mütəmadi olaraq günün tələblərinə cavab verməsi, daha işlək formada olması üçün Mərkəzi Bankda mütəmadi işlər aparılır. Bütün layihələrimiz qanunvericilik üzrə tənzimləmələrin təkmilləşdirilməsinə fokuslanıb.

- Risk yönümlü nəzarət mexanizminin formalaşdırılması da strateji inkişaf layihələri arasındadır...

- Beynəlxalq təcrübədə nəzarət rejimlərində risk əsaslı tənzimləmə və nəzarət mexanizmlərindən istifadə olunmaqdadır. Təbii ki, Mərkəzi Bank da ölkəmizdə risk əsaslı tənzimləmə və nəzarət rejiminin tətbiq edilməsi üçün addımlar atmaqdadır. Sığortaçıların maliyyə dayanıqlığının risk əsaslı ölçülməsi və nəzarət edilməsi, onların korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, ictimaiyyətə açıqlanan məlumatların çərçivəsinin modifikasiya olunması layihə çərçivəsində həyata keçiriləcək. Bu addımlar təbii olaraq sığorta xidmətlərindən istifadə edən sığortalılarımıza da öz müsbət təsirini mütləq göstərəcək.

- Avto-icbari sığorta növündə dəyişikliklərin olmasına aid məlumatlar səsləndirilir. Tariflərin dəyişilməsi ilə bağlı yeniliklər varmı? Bu məsələ barədə nə deyə bilərsiniz, nə dərəcədə və hansı istiqamətdə dəyişikliklərə ehtiyac var?

- Avtonəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə Mərkəzi Bank müəyyən dəyişiklik etdi. Əsas məqsəd sığortalılara göstərilən xidmət səviyyəsinin artırılmasıdır. Bunun üçün sığorta hadisələrinin baş verməsi  zamanı tənzimləmələrin effektivliyini artıran qaydaların tətbiq edilməsi üçün qərar qəbul edildi. Həmçinin üçüncü şəxslərə vurulan zərərlər üzrə zərərvurma ehtimallarına görə müəyyən əmsalların tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri ehtiva edən sığorta haqlarının müəyyən edilməsi qaydasında yeniliklər həyata keçirildi.  Dəyişikliyə uyğun olaraq üçüncü şəxsə zərərvurma ehtimallarına görə, sürücünün yaşı, onun sürücülük təcrübəsi, nəqliyyat vasitəsinin istismar müddətinə, nəqliyyat vasitəsinin idarə olunduğu ərazi və nəqliyyat vasitəsini idarə edən şəxslərin sayına görə əmsallar tətbiq olunacaq. Eləcə də bu sığorta növü üzrə tarixçəsində üçüncü şəxslərə zərər vurmuş şəxslərin malus əmsalları real vaxt rejimində hesablanaraq sərtləşdirilib. Məqsədimiz nəqliyyat vasitələrini idarə edərkən təhlükəsizliyin təmin edilməsi və üçüncü şəxslərə zərərvurma hallarının minimuma endirilməsinə çağırış etməkdir.

- Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanan qaydalar da təsdiqlənib...

- Yeni qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin öz sığorta şirkətinə birbaşa müraciət edərək sığorta ödənişini almasını müəyyən edir. Əvvəl bu mexanizm bir qədər fərqli idi, zərərçəkən şəxsin hadisəni törədən tərəfin sığorta şirkətinə müraciət etməsi ilə sığorta ödənişinin alınması həyata keçirilirdi. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. Qeyd edim ki, yeni qaydalar 1 noyabr tarixindən etibarən baş verən sığorta hadisələrinə şamil edilir.

- AMB-dən KİV-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı 51 sığorta agentinin lisenziyasını müvəqqəti dayandırmış, 2-ni ləğv edib. Lisenziyaların müvəqqəti dondurulması və ləğvinin səbəbi nədir?

- Mərkəzi Bank müxtəlif layihələr çərçivəsində sığorta vasitəçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi addımlar atmaqdadır. Paralel olaraq qanunvericilikdə dəyişikliklər aparılır və sığorta vasitəçiləri öz potensiallarını bu dəyişikliklərə uyğunlaşdırmalı olurlar. Normativlərə cavab verə bilməyən vasitəçilərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Nəzarət orqanı bu sahənin inkişafı ilə bağlı nəzarət və islahatlar tədbirlərini davam etdirir. Məlumdur ki, bu tədbirlər öz nəticələrini göstərməkdədir. Bununla yanaşı bəzi agentlər könüllü formada öz lisenziyalarının ləğvi üçün müraciət edirlər.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30