Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa Siyasi Birliyində fəal təmsil olunur

Azərbaycan Avropa Siyasi Birliyində fəal təmsil olunur

30.12.2025 [11:53]

Ölkəmiz bu platformada hər zaman arzuolunan tərəfdaş hesab edilir

Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

2028-ci ildə Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil dövlətimizin beynəlxalq təşkilatlarda təmsilçiliyində də mühüm rol oynayır. Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Ölkəmizin nüfuzu müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də xüsusi vurğulanır. Eləcə də ölkəmizə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün etimad göstərilir.

Yeri gəlmişkən, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısı Azərbaycanda keçiriləcək. Bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, cari ildə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq istiqamətində müsbət dinamika müşahidə olunub: “Hazırda yeni saziş üzrə iş aparılır. Azərbaycan Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşdır”. Azərbaycan Avropa İttifaqı  ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb.

Xatırladaq ki, Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinə ev sahibliyi edəcəyi ilə bağlı qərar bu ilin may ayında elan olunub. Belə ki, mayın 16-da Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyin 6-cı Zirvə toplantısı keçirilib. Toplantıdan bir neçə gün sonra Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçiriləcəyini bəyan edib. O, sammitin 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini vurğulayıb.

Ölkəmizlə Aİ arasında münasibətlər inkişaf edir

Qeyd edək ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir. Belə ki, Prezident İlham Əliyevin Tiranada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, bu görüşlərdə səmimi münasibətlər və dialoqlar Azərbaycanla “köhnə qitə” arasında münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirib. Tiranada Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu da diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayında Kopenhagen şəhərində keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında iştirakı da  ölkəmizin qlobal və regional diplomatiyadakı fəal rolunu bir daha nümayiş etdirib. Bu formatda keçirilən tədbir yalnız siyasi baxımdan deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıqların qurulması üçün strateji platforma olaraq çıxış edir. Dövlət başçısının bu sammitdə də  apardığı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlar arasında artan nüfuzunun və ona olan marağın bariz nümunəsinin təsdiqidir.  Prezidentin İtaliya, Fransa Niderland, Ukrayna, Moldovanın dövlət və hökumət başçıları, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərində Azərbaycanın vacib və etibarlı tərəfdaş olması xüsusi vurğulanıb.

Avropa Siyasi Birliyi nə məqsədlə yaradılıb?

Qeyd edək ki, Avropa Siyasi Birliyi  nisbətən gənc beynəlxalq platformadır.  2022-ci ildə yaradılan bu platformanın əsas məqsədi Avropanın siyasi məkanında həm Avropa İttifaqına üzv, həm də üzv olmayan dövlətləri ortaq dəyərlər, təhlükəsizlik və enerji məsələləri ətrafında birləşdirməkdir. Yaranan gündən etibarən qurum aktual mövzuların müzakirəsini ön planda tutur - Ukrayna müharibəsi, enerji böhranı və Avropada artan geosiyasi parçalanma fonunda Avropa Siyasi Birliyi bir növ “siyasi dialoq və həmrəylik platforması” kimi meydana çıxıb. Platforma Avropanın sərhədləri daxilində demokratiya, təhlükəsizlik, enerji müstəqilliyi və geosiyasi sabitlik məsələlərinin müzakirə olunduğu ən geniş siyasi platforma hesab olunur. Qurumun ilk toplantısı 2022-ci ilin oktyabrında Praqada keçirilib. Azərbaycan kimi mühüm tərəfdaşların iştirakı isə bu platformalara real məzmun qazandırır. Çünki Azərbaycan bu gün mühüm bir coğrafiyada formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqlarla Avrasiyanın yeni gündəmini yaradır. Yeni regional təhlükəsizlik arxitekturası qurmaqla, Zəngəzur dəhlizi (TRİPP) ideyasını gerçəkləşdirməklə, Orta Dəhlizin diversifikasiyasını həyata keçirməklə, Şərq-Qərb kontenti üzrə əlaqələrin inteqrasiyasına yeni bir nəfəs verməklə Azərbaycan qlobal cənub ilə Qlobal Şimal, Şərq ilə Qərb arasında körpü rolunu oynayır.

Azərbaycan bu platformada hər zaman arzuolunan tərəfdaş və etimada layiq qonaq kimi iştirak edir. Avropa Siyasi Birliyinin təşkilatçılarının Bakını bu müzakirələrə dəvət etməsi Azərbaycanın regionda sabitləşdirici və birləşdirici roluna verilən qiymətin təzahürüdür. Prezident İlham Əliyevin Zirvə toplantılarında iştirakı zamanı qarşı tərəfin təşəbbüskarlığı, Avropa liderlərinin görüşlərə xüsusi maraq göstərməsi diqqətçəkicidir. Avropa liderləri anlayırlar ki, Qafqazda sülh və enerji təhlükəsizliyi məsələləri Azərbaycanın iştirakı olmadan həll edilə bilməz. Bakı enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik məsələlərində Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilib.

Eyni zamanda, Azərbaycan bu platformada öz milli maraqlarını qorumaqla yanaşı, regionda dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqinə mühüm töhfə verir. Bu gün Avropa ölkələri üçün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də sülh və sabitliyin qarantı kimi dəyərləndirilir. Azərbaycanın müstəqil siyasət aparması, qərarlarını xarici təzyiqlərdən asılı olmadan verməsi Avropada hörmət və etimadla qarşılanır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31