Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqının yaxın dostu - Eduard Şevardnadze

Azərbaycan xalqının yaxın dostu - Eduard Şevardnadze

11.07.2014 [10:07]

Eduard Şevardnadze: ...Heydər Əliyev ölkəmizin tarixində, bizim iki xalqın münasibətləri tarixində böyük dost, dostluğun və qardaşlığın təcəssümüdür
Xəbər verildiyi kimi, SSRİ-nin keçmiş xarici işlər naziri, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze iyulun 7-də Tbilisidə vəfat edib. Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstan SSR Lançxuti rayonunun Mamati kəndində anadan olub. Tbilisidə tibb texnikumunu və Kutaisidə A.Sulukidze adına Kutaisi Pedaqoji İnstitutunu bitirib. 1965-1972-ci illərdə Gürcüstanın daxili işlər naziri, 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi vəzifələrində işləyib. 1985-ci ildə SSRİ xarici işlər naziri təyin edilib. 1985-1990-cı illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü olub. SSRİ dağılandan sonra Eduard Şevardnadze Gürcüstana qayıdıb, 1992-ci ildə ölkə parlamentinin sədri seçilib. 1995-ci ildə Gürcüstanın prezidenti seçilib və 2003-cü ilin noyabr ayına qədər həmin vəzifədə çalışıb. 2006-cı ildə Eduard Şevardnadzenin “Keçmiş və gələcək haqqında fikirlər” adlı memuarları gürcü dilində nəşr edilib.
Eduard Şevardnadzenin gürcü xalqı qarşısında böyük xidmətləri olub. Belə ki, Gürcüstan vətəndaş müharibəsinin cəngində can verəndə, ölkə dağılma təhlükəsi ilə üz-üzə qalanda o, xalqının köməyinə çatıb və gürcü xalqını bu ağır vəziyyətdən çıxarıb. Buna qədər isə E.Şevardnadze SSRİ kimi superdövlətin xarici siyasət idarəsinin rəhbəri olaraq, XX əsrin II yarısında qlobal miqyasda baş verən proseslərdə - “Soyuq müharibə”nin başa çatdırılmasında, Almaniyanın vahid dövlət halında birləşməsində, Əfqanıstandan sovet qoşunlarının çıxarılmasında aktiv iştirak edib. Heç şübhəsiz, almanlar üçün də Şevardnadzenin yeri ayrıdır. Çünki o, Şərqi və Qərbi Almaniyanın birləşməsində əhəmiyyətli bir rol oynayıb. Eduard Şevardnadze 1990-cı ildə SSRİ xarici işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin inkişafında tarixi rolu olub.
Gürcüstanın Abxaziya və Osetiya problemi olduğuna görə ölkəmizin haqlı mövqeyini başa düşən Eduard Şevardnadze, demək olar ki, bütün müsahibələrində, keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.
Beləliklə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmlənərək qarşılıqlı dostluq və qardaşlıq müstəvisinə yüksəlib. Belə ki, ölkələrarası diplomatik münasibətlər qurulandan sonra Ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Ölkələr arasındakı ikitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan dövlət başçısı Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.
Beləliklə, Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.
Xatırlatmaq yerinə düşər ki, 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan Prezidenti Eduard Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verib.
Eyni zamanda, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” Sazişin imzalanması da region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım kimi səciyyələndirilir.
Bütün bu məsələlərlə yanaşı, Ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına hər zaman xüsusi önəm verib. Yeri gəlmişkən, uzun illər Ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan Eduard Şevardnadze öz memuarlarında Ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq yazırdı: “...Heydər Əliyev enerji daşıyıcılarının əsas marşrutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft borusu tez bir zamanda, 6-7 ay ərzində inşa olundu... Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı”.
Eyni zamanda, mərhum Eduard Şevardnadze öz memuarlarında Ulu öndər Heydər Əliyevlə bağlı çox mühüm mətləblərdən söz açırdı: “Tale elə gətirdi ki, Heydər Əliyev və mən 10 il ərzində öz ölkəmizə rəhbərlik etdik. Bu illər mükəmməl dostluq və qardaşlıq illəri idi. Moskvada olduğumuz zaman biz ailəvi yaxın idik - mənim həyat yoldaşım Nanuli Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın xətrini səmimi-qəlbdən istəyirdi. O, çox gözəl insan, həkim və professor idi... Xatırlatmaq istəyirəm ki, Heydər Əliyevə Öz kurasiyasından başqa, tez-tez digər məsələlərlə birgə, müxtəlif regionlarda xarici-siyasi əlaqələrin həllini də tapşırırdılar, O da bunu özünəməxsus məsuliyyətlə yerinə yetirir və böyük nailiyyətlər əldə edirdi. Möhkəm iradəli və olduqca müdrik bir dövlət xadimi idi. Tezliklə bütün ittifaq miqyasında nüfuzu artdı...”.
Yaxud 2003-cü ilin mart ayında Tbilisidə keçirilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri sənədlər paketinin imzalanma mərasimində çıxış edən Eduard Şevardnadze bu müqavilələrin Gürcüstan üçün böyük əhəmiyyətini vurğulayaraq deyirdi: “Bu gün mən dostum, qardaşım Heydər Əliyevin, - Ulu Tanrıdan Ona cansağlığı diləyirəm, - xüsusi rolunu, Onun böyük xidmətlərini, özünəxas istedadını bir daha qeyd etməyə bilmərəm. Bunu təsadüfi demirəm, qoy heç kəs düşünməsin ki, bu tranzit marşrutlar yalnız Gürcüstandan keçə bilərdi. Digər marşrutlar da vardı, əməlli-başlı mübarizə gedirdi: Qərb istiqamətində, yoxsa başqa istiqamətdə? Qərb istiqaməti Gürcüstan idi. Bilavasitə Heydər Əliyevin təkidi və böyük səyləri sayəsində məhz bu istiqamət seçildi. Buna görə də bir daha qeyd etmək istəyirəm ki, cənab Heydər Əliyev ölkəmizin tarixində, bizim iki xalqın münasibətləri tarixində böyük dost, dostluğun və qardaşlığın təcəssümüdür”.
Öz növbəsində, Ümummilli lider Heydər Əliyev də Eduard Şevardnadzenin fəaliyyətini, həmçinin, Gürcüstanın bir dövlət kimi var olmasında göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir: “Biz qonşu gürcü xalqının bu gününə, gələcəyinə dost münasibəti bəsləyən bir xalq kimi, Gürcüstanın bir neçə il bundan əvvəl düşdüyü ağır vəziyyətdən çox narahat idik. Eyni zamanda, çox sevindik ki, Eduard Şevardnadze Gürcüstana qayıtdı, çox ağır vəziyyətdə olan Gürcüstanın mövcud problemlərinin həlli ilə məşğul oldu və Gürcüstanı vətəndaş müharibəsindən, qardaş qırğınından, müxtəlif fəlakətlərdən xilas etdi”.
Və son olaraq bildirmək yerinə düşər ki, Eduard Şevardnadze Gürcüstan - Azərbaycan münasibətlərinin, eləcə də xalqlarımız arasındakı sıx dostluq əlaqələrinin inkişafına müstəsna töhfələr verdiyi üçün onun xatirəsi hər zaman yaddaşlara əbədi olaraq yaşayacaqdır. O, sözün əsl mənasında, Azərbaycan xalqının dostu idi.
Oktay

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31