Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir

Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir

17.03.2016 [10:05]

Prezident İlham Əliyev: Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq
Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqaz regionunun lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Uğurlu regional əməkdaşlıq nümunəsi, dostluq və qardaşlıq örnəyi
Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir.
Tərəflər arasındakı qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir.
Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən digər başlıca strateji əsas məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir.
İki ölkə münasibətlərinin əhəmiyyətini xarakterizə edərkən onu da vurğulamaq gərəkdir ki, Azərbaycanla Türkiyə bölgədə və dünyada mədəniyyətlərarası dialoqun, dinlər və məzhəblərarası sülhün dərinləşməsinə birgə töhfələr verir, islamofobiyaya qarşı birgə mübarizə aparırlar.
Azərbaycan daim qardaş Türkiyənin yanındadır!
Bakı-Ankara xəttində qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Türkiyə Respublikasına işgüzar səfəri bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Çünki bu səfər ikitərəfli münasibətlərin inkişafı baxımından müstəsna önəm daşımaqla yanaşı, özündə daha böyük mənəvi-siyasi komponenti ehtiva edir. Belə ki, həmin tarixdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Bakıda keçirilməsi üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri gözlənilirdi. Amma bir neçə gün öncə qardaş Türkiyənin paytaxtı Ankarada növbəti qanlı terror aktı baş verdi. Belə olan halda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Beləliklə, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində dövlətimizin başçısının martın 15-də Türkiyə Respublikasına işgüzar səfəri Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq, həmrəylik prinsipləri əsasında inkişaf etdiyini, ölkəmizin daim qardaş ölkənin yanında olduğunu göstərdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında çıxışı zamanı bu məsələyə toxunaraq deyib: “Millətimizin və ölkəmizin bu çətin günündə - Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı, həqiqətən, çox ciddi terror aktı - terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yaşayaraq bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm”.
Türkiyə Prezidenti Azərbaycana minnətdarlıq edərək əlavə edib ki, “Biz vətəndaşlarımızın təhlükəsizliyinə qəsd edən, ölkəmizi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu məsələdə Azərbaycanın bizi dəstəklədiyini bilirik. Bu gün buraya gələrək bunu sübut etdiniz. Həm də əsl dostluğun və qardaşlığın nə demək olduğunu bizə göstərdiniz. Millətimiz bunu heç vaxt unutmayacaq...”
Türkiyəyə işgüzar səfəri zamanı Prezident İlham Əliyev də terror aktını qətiyyətlə pisləyib və Azərbaycanın türk xalqının yanında olduğunu bəyan edib: “Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz”.
Ümumiyyətlə, Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olub, öz səmimi və əməli dəstəyini ifadə edib.
Türkiyə ictimaiyyəti mürəkkəb vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstəyini yüksək qiymətləndirir
Bütövlükdə, Türkiyə ictimaiyyəti, KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Ankarada keçirilməsi təklifini, mürəkkəb vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstəyini yüksək qiymətləndirib. Çünki Prezident İlham Əliyev bu qərarı ilə Azərbaycan xalqının yaxşı günlərdə də, ağır günlərdə də hər zaman türk xalqı ilə birlikdə olduğunu nümayiş etdirdi. Və Azərbaycan növbəti dəfə etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi.
Türkiyənin mövqeyi dəyişməzdir
Öz növbəsində, Türkiyə də regional və beynəlxalq müstəvidə daim Azərbaycanın mövqeyini dəstəkləməkdədir. Bu kontekstdə Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunur. Öncə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.
Bütövlükdə, Ankara Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində olduqca prinsipial mövqe tutur. Türkiyə rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və təhlükəsizlik mühitinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi lazımdır. Türkiyə rəsmiləri xarici ölkələrə etdiyi bütün rəsmi və işgüzar səfərlərində, eyni zamanda, beynəlxalq təşkilatlarda etdiyi çıxışlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrlı şəkildə vurğulayır və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd edirlər. Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.
Beləliklə, Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir”.
Tərəflər arasında imzalanan sazişlər əməkdaşlığın inkişafında müstəsna rol oynayacaq
Bu səfərin əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, tərəflər arasında imzalanan sazişlər əməkdaşlığın inkişafında müstəsna rol oynayacaq. Xatırladaq ki, martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u isə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar. Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıblar. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i isə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzalayıblar.
Beləliklə, Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış sənədlər, aparılan danışıqlar bir daha iki ölkə arasında olan sıx birliyi nümayiş etdirib.
Azərbaycan-Türkiyə münasibətləri pozitiv regional işbirliyi nümunəsidir
Səfər çərçivəsində ifadə olunan reallıqlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək.
Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə enerji sahəsində yaxından əməkdaşlıq edirlər. 2012-ci ildə məhz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin tikintisi barədə qərar qəbul edilib və bununla da “Cənub Qaz Dəhlizi”nin əsası qoyulub, bu layihə həyata keçirilməyə başlanıb. Nəqliyyat sahəsində Azərbaycan və Türkiyənin birgə icra etdikləri layihə - Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi qitələri birləşdirir və hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açır. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında çıxışı zamanı bununla bağlı qeyd edib ki, bizim əlaqələrimizin gələcək inkişafı üçün bütün imkanlar vardır: “Bu gün birgə icra etdiyimiz layihələr bizi daha da möhkəmləndirir. Enerji sahəsində, qeyd etdiyiniz kimi, TANAP layihəsinin icrası artıq reallaşıb və əminəm ki, vaxtında icra ediləcək. Biz TANAP layihəsinə Sizinlə bərabər 2012-ci ildə İstanbulda start verdik. Ondan sonra TANAP layihəsi əsasında “Cənub Qaz Dəhlizi” layihəsi də yaranmışdır”.
İki ölkə arasında strateji xarakterli işbirliyindən bəhs edərkən o da qeyd edilməlidir ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması da əlaqələrin inkişafına yeni stimul verir. Buna əsas kimi Türkiyənin başqa ölkələrlə bu formatda qurduğu əlaqələrin nəticələri və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşıması göstərilir. Bir sözlə, görünən odur ki, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu iki qardaş ölkə arasında əməkdaşlıq isə bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimuldur.
Bəhs olunan səfər çərçivəsində də iki ölkə münasibətlərinin uğurlu inkişafı diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir: “Biz bir çox sahələr üzrə ciddi fəaliyyət göstəririk. Siz qeyd etdiyiniz kimi, təhlükəsizlik, terrora qarşı mübarizə sahələrində, enerji, nəqliyyat, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığımızın çox gözəl tarixi var və əminəm ki, bu əməkdaşlıq getdikcə daha da dərinləşəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir: “Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir”.
Regional təhlükəsizlik və əməkdaşlığa strateji töhfə...
Beləliklə, Türkiyə-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Türkiyə regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Türkiyə-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır. Dolayısıyla, Bakı-Ankara münasibətləri konstruktiv və pozitiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələrin strateji əsası qismində çıxış etməkdədir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri regional əməkdaşlıq və təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir.
İqtisadi və hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur
Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında iqtisadi və hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur. Ümumilikdə, iqtisadi əməkdaşlıq sürətlə genişlənir və bu həm iki ölkənin maraqları, həm də regionun gələcəyi baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir. Bütövlükdə, iki ölkə arasında ticarət dövriyyəsinin, qarşılıqlı sərmayə qoyuluşunun daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulur.
Digər tərəfdən, hərbi sahədə mövcud olan əlaqələr bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı daha da dərinləşdirirlər.
Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb edir. Tərəflər arasındakı münasibətlər regional miqyaslı, qlobal xarakterli strateji əməkdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim aramızdakı əlaqələr, demək olar ki, bütün sahələri əhatə edir. Bir daha qeyd etmək istəyirəm, - mən hesab edirəm və əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, - bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31