Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ABŞ-a və digər dövlətlərə hərbi məhsullarını ixrac edəcək

Azərbaycan ABŞ-a və digər dövlətlərə hərbi məhsullarını ixrac edəcək

01.06.2010 [11:50]

Amerika şirkətləri ölkəmizin istehsal etdiyi hərbi sənaye məhsullarının NATO standartlarına tam cavab verdiyini bəyan edirlər
Azərbaycanda güclü hərbi sənaye kompleksinin yaradılması və müdafiə sənayesi sektorunda ən müasir döyüş sursatlarının, hərbi təyinatlı məhsulların istehsal olunması, onların çeşidlərinin və texniki göstəricilərinin ilbəil artması xarici dövlətlərin ölkəmizlə bu sahədə əməkdaşlığının güclənməsinə səbəb olub. Avropanın və Asiyanın müdafiə sənayesi sektorunda tanınmış nüfuzlu şirkətləri respublikamızla birgə əməkdaşlıq layihələrində iştirak etmək niyyətlərini bəyan ediblər. Xarici dövlətlər respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin sayının artmasını və onların maddi-texniki bazasının yenidən qurulması, modernləşdirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsini nəzərə alaraq Azərbaycana məxsus  müasir silah, sursat və digər avadanlıqları əldə etmək istəyirlər.
Azərbaycanın hərbi qüdrətinin artması respublikamızın müdafiə sənayesi sahəsində istehsal olunan məhsulların böyük ixracatçısına çevrildiyini şərtləndirmiş olur. Artıq bir çox dövlətlər ölkəmizə məxsus snayper və tapançaları əldə etmək üçün sifariş veriblər. Azərbaycan istehsalı olan “İnam”, “Zəfər” və “Zəfər-K” tapançalarına maraq göstərən xarici şirkətlərin sifarişlərini alan ölkəmiz ixracla bağlı yaxın vaxtlarda öz qərarını verəcək.
İordaniyanın paytaxtı Əmmanda keçirilən “SOFEX-2010” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edən Azərbaycanın nümayiş etdirdiyi hərbi məhsulların böyük maraq doğurması isə respublikamızla əməkdaşlıq edən dövlətlərin sayının əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb. “SOFEX” sərgisi respublikamız üçün həddindən artıq uğurlu olub və Azərbaycanın müdafiə sənayesinə aid olan texnika və məmulatlar yüksək qiymətləndirilib. 34 dövlətin 350-dən artıq şirkətinin iştirak etdiyi bu tədbirdə respublikamıza məxsus 55-dən çox müdafiə təyinatlı məhsul nümayiş etdirilib. ABŞ, İordaniya, Türkiyə, Böyük Britaniya, Fransa, çexiya və Rusiyanın müdafiə sektorunun nəhənglərindən hesab olunan “Orange”, “NP Aerospace”, “CNS Primus”, “FLİR”, “Northrop Grumman”, “General Dynamics” və “Raytheon” kimi şirkətlərinin iştirak etdiyi sərgidə Azərbaycanın ən son nəsil texnologiyalarla hazırlanmış hərbi məhsullarına daha çox diqqət yetirilib. Belə ki, ölkəmizə məxsus “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iri çaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsullar, zirehli texnikalar, radioelektron məmulatları, elektron çap lövhələri, “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrində istehsal edilmiş ən modern və analoqu olmayan hərbi təyinatlı məhsulların texniki imkanlarını qiymətləndirən xarici şirkətlər Azərbaycanla əməkdaşlıq barədə təkliflərini irəli sürüblər.
Həmin tədbirdə respublikamız bir sıra dövlətlərlə hərbi məhsulların birgə istehsalı və ixracı barədə razılaşma əldə edib. Sərgi çərçivəsində bir sıra şirkətlərlə niyyət protokolları da imzalanıb ki, onların sırasında ABŞ şirkətləri xüsusi yer tutur. Amerika Azərbaycandan 82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də, qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı əldə etmək istəyir və artıq yaxın vaxtlarda silahın ixracına başlanacaq.
Amerika şirkətləri Azərbaycanın istehsal etdiyi minaatanların, PKM pulemyotlarının, snayper və tapançaların, eyni zamanda, çaplı minaatanlar üçün döyüş sursatları və qumbaraatanların, eləcə də, digər hərbi məhsulların NATO standartlarına tam cavab verdiyini və respublikamızla müdafiə sənayesi sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bəyan edib. ABŞ-ın yüksəkixtisaslı hərbi ekspertləri hesab edirlər ki, Azərbaycan hazırda hərbi məhsulların istehsalına və texniki parametrlərinə görə, ən sürətli inkişaf yolunu keçən dövlətlərdəndir. Amerika şirkətləri ölkəmizlə birgə müxtəlif çaplı snayperlərin istehsalına maraqlı olduqlarını bildiriblər.
Digər bir ölkə- qardaş Türkiyənin ən nəhəng hərbi müəssisələrindən olan “Aselsan” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, “Alov” zavodunda termal silah durbinlərinin birgə istehsalı həyata keçiriləcək. Bununla yanaşı, tərəflər “Cihaz” zavodunda zirehli transportyorların termal nişangahlarla təchiz edilməsi layihələrinin təfərrüatları üzərində iş aparır. “Aselsan”la bərabər, Türkiyənin məşhur “Roketsan” və digər şirkətləri ilə digər sahələr üzrə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. ölkəmiz Türkiyə ilə birgə vertolyot istehsalına başlamağı da planlaşdırır.
Onu da qeyd edək ki, “SOFEX-2010” sərgisində Azərbaycanla İordaniya arasında da hərbi sənayenin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq sazişi imzalanıb. Respublikamız İordaniya ilə birgə zirehli mühafizə köynəkləri və dəbilqələrin istehsalına başlayacaq. Bundan başqa,  digər hərbi məhsulların istehsalı barədə də danışıqlar davam etdirilir. İsrail şirkətləri ilə əldə olunmuş razılaşmaya əsasən isə, yaxın vaxtlarda Azərbaycan bu ölkə ilə pilotsuz uçan təyyarələrin istehsalına dair müqavilə imzalayacaq.
Azərbaycan Pakistanla da hərbi sahədə birgə fəaliyyət planlarını müzakirə edir və hər iki ölkə bu sahədə yeni istiqamətlərin konturlarını müəyyənləşdirmək niyyətindədir. Xatırladaq ki, Azərbaycanda müdafiə sənayesi yaradıldığı gündən bu sahədə ilk əməkdaşlığa başlayan ölkə də Pakistan olub. Bu ölkənin indiyədək ən yüksək hərbi rütbəli nümayəndə heyətləri bir neçə dəfə ölkəmizə səfər edib və müdafiə sənayesi sektorunda perspektiv layihələrin təfərrüatlarını nəzərdən keçiriblər. Son 2 ildə pakistanlı hərbiçilərin ölkəmizə səfərləri daha intensiv xarakter alıb. Pakistanla bərabər, Polşa, çexiya, Macarıstan, Cənubi Koreya, Belarus, Ukrayna, özbəkistan da Azərbaycanla müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın yaradılması istiqamətində intensiv işlər aparır.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30