Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-Azərbaycan münasibətləri yeni keyfiyyət mərhələsində

ABŞ-Azərbaycan münasibətləri yeni keyfiyyət mərhələsində

09.06.2010 [13:54]

Azərbaycanın qətiyyətli mövqeyi və diplomatik uğurları supergüclərin diqqətini Dağlıq Qarabağ probleminin həllinə yönəldir
ABŞ-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyması son günlər gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu da səbəbsiz deyil. çünki söhbət dünyanın aparıcı söz sahiblərindən biri olan ölkə ilə Cənubi Qafqaz regionunun lideri olan dövlət arasındakı münasibətlərdən gedir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə bərabərhüquqlu münasibətlərinin formalaşmasına zəmin yaradıb. Eyni zamanda, dünyada əsas söz sahibi olan aktorlarla əməkdaşlıqda Azərbaycanın milli maraqlarının və mənafeyinin rəhbər tutulması, beynəlxalq təşkilatlarda, həmçinin, dünya düzənində baş verən qlobal proseslərdə ölkəmizin rolunun artması, respublikamızın regional və qlobal əhəmiyyətli layihələrin reallaşması istiqamətində əsas söz sahibinə çevrilməsi xarici siyasət strategiyamızın uğurlarından xəbər verir.
Məhz bu uğurların nəticəsidir ki, dünyada əsas söz sahibi olan ölkələrdən biri kimi ABŞ Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur. ABŞ prezidenti Barak Obamanın müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda əks olunan fikirlər isə rəsmi Vaşinqtonun ölkəmizlə əlaqələrə xüsusi önəm verməsini bir daha təsdiqləyir.
ölkələrimiz arasında tərəfdaşlığı yüksək dəyərləndirən Barak Obama regional və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verdiyi mühüm töhfənin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Prezident Barak Obama, həmçinin, ümidvar olduğunu bildirib ki, qarşıdan gələn aylar ərzində münasibətlərimizi genişləndirmək və dərinləşdirməyə qadir olacağıq.
Bir sıra mühüm məsələlərin də öz əksini tapdığı məktubda Barak Obama, həmçinin, ABŞ-Azərbaycan münasibətlərində həll edilməsi gərəkən müəyyən məsələlərin olduğunu da etiraf edib. ABŞ prezidenti əmin olduğunu bildirib ki, tərəflər həmin məsələləri həll edə bilər.
Beləliklə, bu məktub, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini və yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu təsdiqləməklə yanaşı, yuxarıda qeyd edilən məqamla da bağlı ekspertlərin diqqətini cəlb edib. Ehtimallara görə, Barak Obama həll edilməsi gərəkən məsələlər dedikdə məhz 2008-ci ildən etibarən okeanın o tayında atılan bəzi addımları və həmin addımların Azərbaycanda doğurduğu haqlı narazılıqları nəzərdə tutur. Bəs, bunlar, daha konkret desək, ABŞ-la Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmayan həmin addımlar hansılardır?
BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul edilən qətnamə və ABŞ-ın sərgilədiyi mövqe
Həmin addımlar sırasında ilkin olaraq 2008-ci ilin martında BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” haqqında qətnamənin səsverməsi prosesini göstərmək olar. Məlum olduğu kimi, “Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altında qoymasından və Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlığın” ifadə olunduğu həmin sənədin səsverməsi zamanı ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin, yəni, Rusiya, Fransa və ABŞ-ın nümayəndələri Baş Assambleyanın üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırışına dəstək verməmişdilər. Bu azmış kimi BMT Baş Assambleyasının iclasında ATƏT-in Minsk qrupu həmsədrləri adından çıxış edən ABŞ nümayəndəsi Alexandro Vulff bildirmişdi ki, onlar bu qətnaməni dəstəkləmir. Təbii ki, Azərbaycan tərəfindən Qarabağ nizamlanması üçün mühüm sənəd kimi qiymətləndirilən qətnamənin həmsədr ölkələr, xüsusilə də, ABŞ tərəfindən dəstəklənməməsi rəsmi Bakı tərəfindən haqlı narazılıqla qarşılanmışdı. çünki bu, başda ABŞ olmaqla, sənədi dəstəkləməyən ölkələrin bir növ Ermənistanın işğalçılıq siyasətinə dəstəyi kimi dəyərləndirilirdi.
Sürix protokollarının imzalanmasında ABŞ-ın oynadığı rol
Gözlənilirdi ki, rəsmi Vaşinqton gələcəkdə bu istiqamətdə atılan addımları ən azı korrektə edəcək. Lakin təəssüflər olsun ki, bu gözlənti reallaşmadı. Əksinə, 2009-cu il oktyabrın 10-da İsveçrənin paytaxtı Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan protokollar imzalandı ki, bu da Azərbaycanın okeanın o tayındakılardan inciməsinə kifayət qədər əsaslar verdi. çünki heç kəsə sirr deyildi ki, bu sənədin imzalanmasının ssenari müəlliflərindən, baş ideoloqlarından biri, əslində isə, birincisi məhz ABŞ idi.
Rəsmi Bakı haqlı olaraq bunu mənfi hal kimi dəyərləndirdi. İstər ölkə rəsmiləri, istər ayrı-ayrı partiyaların rəhbərləri, istərsə də ictimaiyyətin mövqeyi bundan ibarət oldu ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir.
Eyni zamanda bir daha açıq şəkildə bəyan edildi ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlanıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər.
ABŞ-ın sərhədlərin açılması istiqamətində Türkiyəyə təzyiqi arzuolunmaz idi
Yeri gəlmişkən, bu sazişdən sonra qardaş ölkə Türkiyənin rəsmilərinin də Azərbaycanla eyni mövqe sərgiləmələri və işğalçı Ermənistanın istəyinin reallaşmaması ABŞ-ın növbəti addımları ilə müşahidə edildi. Vaşinqtonun sözügedən istiqamətdə Ankaraya təsir və təzyiqlər göstərməsi isə Bakıda bir daha ABŞ-la Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmayan addımlar kimi dəyərləndirildi. Azərbaycan bəyan etdi ki, Minsk qrupunun həmsədri kimi bizim ABŞ-dan gözləntilərimiz var. Əgər ABŞ Azərbaycanı strateji tərəfdaş hesab edirsə, Dağlıq Qarabağ məsələsində ədalətli olmalıdır.
O da vurğulandı ki, Ermənistan, hətta əvvəllər razı olduğu məsələlərdən geri çəkilir. Bu isə o deməkdir ki, artıq ABŞ və Minsk qrupunun digər həmsədri olan ölkələrin Ermənistanı bilavasitə dəstəkləməsi belə vəziyyət yaradıb. Ermənistan siyasi cığallıqla məşğuldur.
ölkəmizin təmsilçiləri tərəfindən səsləndirilən bəyanatlarda “Biz müstəqil siyasət aparırıq. Azərbaycan o dövlətlərlə əməkdaşlıq edəcək ki, o dövlətlər Azərbaycanın milli maraqlarına zidd addımlar atmasın. Əgər bizim milli mənafeyə zidd siyasət aparılsa, kimsə bizə göstəriş verməyə çalışsa, əlbəttə, biz ona sərt reaksiyamızı bildirəcəyik” sözlərinin əks olunması isə Azərbaycanın öz maraqlarından bir addım belə geri dönməyəcəyini bir daha təsdiqlədi.
Konqresmenlərin qondarma “erməni soyqırımı” haqqında qərarı və...
Nəhayət, bu ilin martında ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu sadalanan istiqamətdə daha bir arzuolunmaz addım sayıla bilər. Bu qərarı qəti şəkildə pisləyən Azərbaycan tərəfi bəyan etdi ki, konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır. Həmin vaxt mətbuata açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan etdi ki, Azərbaycan Hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və antitürk mahiyyəti daşıdığını diqqətə çatdırır: “Hesab edirik, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq”.
Məsələlərin həlli istiqamətində mühüm addım
Bütün bunları xatırlatmaqla, onu da vurğulmaq yerinə düşər ki, yuxarıda sadalanan addımların hər biri ölkəmiz tərəfindən haqlı etirazla qarşılandı. Eyni zamanda, başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan iqtidarı ölkəmizin maraqlarına zidd olan hər hansı qərarın və addımın qəbul edilməyəcəyini, ölkəmizlə təzyiq dili ilə danışmağın qeyri-mümkün olduğunu bütün beynəlxalq qurumların və xarici ölkələrin diqqətinə çatdırdı. Azərbaycan tərəfi bir daha onu da bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər və bu sülh yolu ilə mümkün olmasa, o zaman ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.
Təbii ki, bu müddətdə ölkəmiz balanslaşdırılmış xarici siyasət kursunu, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə bərabərhüquqlu əməkdaşlığı davam etdirməklə mövqelərini daha da gücləndirib. ölkəmizin həm Cənubi Qafqazın lider dövləti olması, həm Avropanın enerji təhlükəsizliyindəki oynadığı mühüm rol, həm Barak Obamanın məktubunda da qeyd edildiyi kimi, respublikamızın beynəlxalq təhlükəsizlik sahəsində atdığı addımlar, həm də Azərbaycanın öz haqlı mövqeyindən bir addım belə geri çəkilməməsi isə sonda Vaşinqtonun etirafı və ABŞ-ın Azərbaycanla yeni keyfiyyətdə əlaqələr qurmaq istəyinin ortaya çıxması ilə nəticələndi.
Onu da deyək ki, Azərbaycanın qətiyyətli mövqeyi və diplomatik uğurları supergüclərin diqqətini Dağlıq Qarabağ probleminin həllinə yönəldir. Hər halda Barak Obamanın məktubunda “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır” sözlərinin öz əksini tapması da deyilənləri təsdiqləyir.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30