Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hərbi Doktrina Azərbaycanın milli maraqlarına tam cavab verir

Hərbi Doktrina Azərbaycanın milli maraqlarına tam cavab verir

10.06.2010 [02:04]

Sənəddə təkcə hərbi sahədə deyil, siyasi, iqtisadi, humanitar sahələrdə də müdafiə sisteminin əsasları öz əksini tapıb
Məlum olduğu kimi, Milli Məclisin iyunun 8-də keçirilən iclasında Azərbaycan Respublikasının Hərbi Doktrinası birinci oxunuşda qəbul edilib. Bu sənədin uzun müddətdir gündəmdə olduğunu nəzərə alsaq, deyə bilərik ki, sənəd Azərbaycan cəmiyyətinin diqqətində olan xüsusi məsələlərdəndir. 8 fəsil 75 maddədən ibarət olan Hərbi Doktrina Azərbaycanın milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsidir. Doktrina Azərbaycanın milli və dövlət maraqlarına tam cavab verir. Zəruri və səmərəli müdafiə yetərliyi prinsipinə əsaslanan bu sənəddə təkcə hərbi sahədə deyil, siyasi, iqtisadi, humanitar sahələrdə də müdafiə sisteminin əsasları öz əksini tapıb. Sənəddə əks olunan əsas məqamlardan biri şəxsiyyət, cəmiyyət və dövlətin vəhdət şəklində mühafizəsinin təmin olunmasıdır. çünki hüquqi dövlətdə, ilk növbədə, şəxsiyyət, cəmiyyət və dövlətin mühafizəsi çox önəmli yer tutur. Diqqətçəkən digər maraqlı cəhət isə Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərinin və prinsiplərinin aydın əks etdirilməsidir.
Sənəddə qeyd olunur ki, Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların üzvü olmaq etibarilə sülhsevər dövlətdir, heç bir dövlətin ərazisinə göz dikməyib və işğalçılıq siyasətini pisləyir. Doktrinanın 1-ci fəslinin 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının Hərbi Doktrinası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir”.
Hərbi Doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
Sənəd, həmçinin, Azərbaycan Respublikasının təhlükəsizlik mühitini və milli maraqların həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amilləri təhlil edir. Hərbi Doktrina milli təhlükəsizliyin hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin vəzifələrini, onların hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyən edir.
Qeyd olunur ki, Hərbi Doktrinanın hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ-hüquqi aktları, Milli təhlükəsizlik konsepsiyası, milli təhlükəsizlik sahəsində digər konseptual sənədlər, habelə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Doktrinanın 2-ci fəsli isə Azərbaycanın təhlükəsizlik mühitinə dair məsələləri özündə ehtiva edir: “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti qlobal və regional səviyyələrdə hazırda mövcud olan və gələcəkdə meydana çıxa biləcək müxtəlif qarşılıqlı əlaqəli amillər ilə müəyyən edilir. Milli təhlükəsizlik konsepsiyasında əks olunmuş müasir meyllər real və potensial təhdidlərin, o cümlədən, hərbi sahədə milli təhlükəsizliyə təhdid və risklərin spektrini formalaşdırır, dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən onların qabaqlanması, zərərsizləşdirilməsi və aradan qaldırılması üzrə fəaliyyətin xarakterinə təsir göstərir”.
ölkəmizin yerləşdiyi regionun təhlükəsizlik mühitinə təsir edən amillər də sənəddə xüsusi yer tutur. Bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı, Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mənfi təsir göstərən əsas amildir.
Sənədin 3-cü fəsli Azərbaycanın hərbi təhlükəsizliyinə təhdidlərlə bağlıdır. 4-cü fəsil isə ölkəmizin müdafiə siyasətinin əsas məqamlarını özündə əks etdirir: “Müdafiə siyasəti dövlətin hərbi təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi, siyasi, iqtisadi və sosial tədbirlər əsasında formalaşır və Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidmət edir. Müdafiə siyasəti qeyri-hərbi xarakterli tədbirlərin (qonşu və digər dövlətlərlə dostluq, tərəfdaşlıq və ya müttəfiqlik münasibətlərinin qurulması, inkişafı və möhkəmləndirilməsi) döyüşə hazır müdafiə potensialının qorunub-saxlanması və inkişaf etdirilməsi ilə uzlaşdırılması vasitəsilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı hərbi və digər təhdidlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması, məhdudlaşdırılması və zərərsizləşdirilməsinə yönəlmişdir”.
Hərbi Doktrinanın 5-ci fəsli Azərbaycanın hərbi təhlükəsizliyin hərbi-strateji əsaslarını, 6-cı fəsil Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələrini, 7-ci fəsil isə hərbi quruculuğun inkişaf perspektivlərini özündə əks etdirir.
Sonuncu - 8-ci fəsildə isə yekun müddəalar verilir. Bu fəsildə qeyd olunur: “Azərbaycan Respublikası Hərbi Doktrinanı bəyan edərək ümumi qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsiplərinə riayət etdiyini bir daha təsdiq edir.
Milli təhlükəsizlik konsepsiyasında və Hərbi Doktrinada insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması üçün müəyyən edilmiş strateji məqsəd və vəzifələrə uyğun olaraq, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturunu, fərdi təyinatını, vəzifə bölgüsünü, səmərəli döyüş və müdafiə qabiliyyətlərinin inkişafı üçün tələb olunan ehtiyatları təhlil edən və qiymətləndirən Strateji Müdafiə İcmalı və digər konseptual sənədlər hazırlanacaqdır.
Hərbi Doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir”.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30