Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Britaniya və Çin Azərbaycanın yanında

Böyük Britaniya və Çin Azərbaycanın yanında

26.10.2021 [10:38]

Son həftələrdə İranla Azərbaycan arasında ciddi gərginlik yaşandı. Hazırda bu ölkələr arasında qarşılıqlı güzəştlərə söykənən anlaşma müşahidə olunmaqdadır. Gərginliyin yumşalması, kompromisə söykənən variantların tapılması hər iki ölkənin xeyrinədir. Bu tendensiya şübhəsiz ki, təqdir olunmalıdır. Ancaq bir çox məsələlərə yanaşmada İran ilə Azərbaycan arasında ciddi mövqe fərqi var. Bəzən bu fərq ziddiyyət kimi ortaya çıxır. Tərəflərin maraq fərqi Zəngəzur dəhlizi ilə bağlı məsələdə daha qabarıq şəkildə görünür. Bu məsələ isə bir çox ölkələr üçün strateji xarakter daşıyır. Yəni söhbət təkcə Azərbaycan və Türkiyədən getmir. Dünyanın siyasi güc mərkəzlərindən ən azı dördü bu dəhlizlə bağlı Türkiyə-Azərbaycan-Pakistan birliyinin yanaşmasına tərəfdar çıxır. Bu barədə aşağıda daha ətraflı danışacağıq.

Zəngəzur mahalının Sünik mərzinə İran ordusunun yeridilə biləcəyi ilə bağlı bu yaxınlarda Qərb mediasına istinadən yazmışdım. Bəzi dostlarımız bu məsələyə təbəssümlə yanaşdı.

Qərb mediası yazmışdı ki, İran Azərbaycana qarşı hərbi əməliyyat aparmaqdan çəkinir. Çünki bu, Quzey Azərbaycan faktorundan dolayı İranı ciddi təhlükə ilə üz-üzə qoya bilər. İran nədən Sünik mərzinə qoşun yeritmək istəyir? Çünki rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını istəmir. Azərbaycana hərbə-zorba gəlməklə İran bu prosesin qarşısını ala bilmədi. Məqbul variant kimi vurğuladığımız ssenari ortaya çıxdı.

İndi bu məsələ ilə bağlı Ermənistan mətbuatı da yazır. Qeyd edirlər ki, Ermənistan Müdafiə Nazirliyi İrəvan və Tehranın İran qoşunlarının Sünik mərzinə yeridilməsi ilə bağlı razılığa gəlib-gəlməməsi ilə bağlı suala birmənalı şəkildə “yox” demir.

Ermənistan mətbuatı yazır ki, “Avi Pro” adlı rusdilli sayt hələ oktyabrın 3-də Ermənistan və İrandakı adının açıqlanmasını istəməyən mənbələrə əsasən bu barədə xəbər vermişdi. Həmin xəbərdə deyilirdi ki, bu məsələ ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Ermənistan İran ordusunun köməyi ilə Sünik mərzini nəzarətə almaq istəyən Azərbaycan ordusunun qarşısına “Çin səddi” çəkmək fikrindədir.

Maraqlıdır, Ermənistanda Rusiyanın hərbi bazaları var. Nədən Ermənistan bu məsələ ilə bağlı Rusiya ilə yox, İranla anlaşmağa çalışır? Çünki Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Deməli, Rusiya bu işə yaramır. Ona görə də Ermənistan İran variantına əl atır.

Hadisələrin gedişi göstərir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Artıq bu məsələ ilə bağlı Nikol Paşinyan da bəyanat verib. İlham Əliyev də bu işdə razılaşmanın olmasına işarə vurub.

Buna baxmayaraq, Ermənistan bu məsələni gündəmə daşıyır. Məqsəd aydındır. Müharibədə biabırçı məğlubiyyətlə üzləşmiş Ermənistan Azərbaycan və Türkiyə ilə aparacağı danışıqlar zamanı diplomatik düşərgədə daha münasib nəticələrə sahib olmaq əzmindədir. Yəni İran söhbətindən rəsmi İrəvan Türkiyə və Azərbaycana qarşı təzyiq kimi istifadə etmək xəyalındadır.

Orasını da deyim ki, İranla Ermənistan arasında da ciddi ziddiyyətlər var. Məsələn, bu günlərdə erməni siyasi təhlilçilərdən biri yazmışdı ki, İran balaca Ermənistandan qorxur. Çünki Ermənistan elə bir ölkədir ki, son dərəcə önəmli siyasi məsələlərlə bağlı hər həftə fikrini dəyişir.

Orası da aydındır ki, Rusiya İran qoşunlarının Sünik mərzinə girməsinə imkan verməz. Bu, onun dövlət maraqlarına zidd olardı. Buna baxmayaraq, Ermənistan və İran bu kimi planlar üzərində baş sındırır.

Bölgədə Türkiyə-Azərbaycan-Pakistan alyansı var. Arxa planda İsrail, Böyük Britaniya və Çin kimi dünya gücləri də yer alır. Bu ölkələr Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Rusiyanın da bu dəhlizin açılmasında maraqlı olması fakt kimi ortadadır.

Böyük Britaniya və Çinin Azərbaycana verdiyi dəstəklə bağlı istər yerli, istərsə də beynəlxalq mətbuatda az yazılır. Ancaq bu, verilən dəstəyə hər hansı şübhənin yaranmasına rəvac vermir. Çünki bu, qəti mövqedir. Məsələn, ABŞ-ın beyin mərkəzlərindən olan “nationalinterest.org” saytı bu məsələ ilə bağlı belə yazır: “British Petroleum”un Azərbaycanın enerji bazarına olan marağı səbəbindən Birləşmiş Krallıq Azərbaycanı beynəlxalq forumlarda müdafiə edir. Çinin Azərbaycanla ticarət tarixi Böyük Britaniya ilə müqayisədə xeyli azdır. Ancaq Pekinin Azərbaycandakı ambisiyaları sürətlə böyüyür ki, bu da Çin və Böyük Britaniyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycana görə bir araya gətirir”.

Dünyanın siyasi məkanında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ən ali orqan hesab olunur. Həmin Şuranın 5 daimi üzvündən (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) ikisi ən həssas məqamlarda Azərbaycana dəstək verir. Biz bu dəstəyi 44 günlük müharibə zamanı aydın şəkildə gördük.

Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı hər bir ölkənin öz marağı var. Ancaq bu fərqli ölkələrin Zəngəzur dəhlizi məsələsində bizimlə ortaq maraqlara sahib olması işimizə yarayır.

Ermənistan və İran məsələsinə isə ciddi yanaşmaq lazımdır. Çünki bu ölkələrə dəstək verən Hindistan da var. Oktyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan hindistanlı həmkarı Subramayam Jaishankarı qəbul etdi. Son 30 ildə ilk dəfədir ki, bu ölkələrin xarici işlər nazirləri bir araya gəlir. Hindistanlı nazir Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Hindistan Ermənistanla əlaqələrini dərinləşdirməkdə maraqlıdır.

Düzdür, 2017-ci ilin aprelində Hindistanın vitse-prezidenti Mohammad Hamid Ansari İrəvanda rəsmi səfərdə olmuşdu. Həmin səfər daha çox tanışlıq xarakteri daşıyırdı.

Ermənistan rəsmi Dehliyə təklif edir ki, Hindistan Ermənistan üzərindən öz mallarını Rusiyaya və Qara dənizə çıxarsın. Söhbət üzərində 20 ildir ki, iş gedən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizindən gedir. Bu dəhlizin əsas təşəbbüskarları Rusiya, İran, Hindistan və Ermənistandır. Bu layihədə Azərbaycan və Əfqanıstan da var. Ancaq əsas rolun ifaçıları sırasında onların yeri yoxdur. Bütövlükdə isə bu layihədə 13 ölkə yer alır. Xatırladaq ki, bu dəhliz Süveyş kanalına alternativ kimi maraq kəsb edir.

“Thediplomat.com” saytı yazır ki, 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaranıb. Türkiyə-Azərbaycan-Pakistan hərbi-siyasi ittifaqına qarşı Hindistan İran və Ermənistanla bərabər əks müvazinət yaratmağa çalışır.

Ermənistan bəyan edib ki, İranın dəniz limanlarından gələn mallar Ermənistan üzərindən Gürcüstanın dəniz limanlarına ötürüləcək.

Fars körfəzi-Qara dəniz dəhlizi köhnə söhbətdir. Azərbaycan da bu danışıqlarda iştirak edib. Bu dəhlizin gələcəkdə Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyasını özündə əks etdirən “Kəmər və Yol Təşəbbüsü”nə qoşulacağı gözlənilir.

Gördüyünz kimi, Hindistanın Ermənistana xüsusi diqqət ay??ması təsadüfi deyil. Türkiyənin Pakistanla əlaqələrinin güclənməsi, Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməsi, rəsmi Bakının da Kəşmir problemindən dolayı rəsmi Dehlini ittiham etməsi Hindistanı Ermənistana tərəf boylanmağa təhrik edir. Yəni Hindistanın Ermənistanla yaxınlaşmasının arxasında iqtisadi maraqlarla yanaşı, siyasi maraqlar da var. O da maraqlıdır ki, Hindistan təkcə Ermənistanla yaxınlaşmır, həm də Yunanıstanla münasibətlərini dərinləşdirir. Bu yaxınlaşma da eyni səbəbdən-Kəşmir problemi ilə bağlı Türkiyə və Azərbaycanın mövqeyindən qaynaqlanır.

Bəllidir ki, dünyanın nəhəng ölkələrindən olan Çin və Hindistan arasındakı münasibətlər yaxşı deyil. Təkcə bir faktı deyək ki, 2020-ci ildə bu ölkələrin sərhədində baş vermiş münaqişə zamanı hər iki tərəf onlarla itki vermişdi. Bu ölkələrin nüvə silahına malik olması isə bu kimi münaqişələri dünya üçün böyük təhlükəyə çevirir.

Gördüyünüz kimi, Hindistan və Çin arasında mövcud olan və düşmənçilik xarakteri ilə seçilən rəqabət Cənubi Qafqazda da özünü göstərir. Hindistan Ermənistanın, Çin isə Azərbaycanın yanında yer alır. 2030-cu ildə Çinin ABŞ-ı arxada qoyaraq dünyanın iqtisadi liderinə çevriləcəyi gözlənilir. Azərbaycan olaraq ciddi münasibətlər qura bildiyimiz Çinin iqtisadi, siyasi və hərbi imkanlarından maksimum şəkildə yararlanmağa, bu imkandan ölkəmizin maraqları naminə səmərəli istifadə etməyə çalışmalıyıq.

Elbəyi Həsənli, Sürix

 

 

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31