Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dondurulmuş meyvələr...

Dondurulmuş meyvələr...

14.01.2026 [08:52]

Nə dərəcədə sağlamdır?

Son zamanlar qurudulmuş və dondurulmuş meyvələr həm evlərimizdə, həm də restoran və şənlik süfrələrində geniş yayılıb. Bu məhsullar “faydalı qəlyanaltı” kimi təqdim olunur, onların hansısa faydasının olub-olmaması isə müəyyən fikir ayrılıqları yaradır.  Bəzi araşdırmalara görə, dondurma prosesində qidaların iy, dad və ya qida dəyərində heç bir dəyişiklik olmadığı üçün qidaları saxlamaq üçün ən yaxşı üsullardan biri dondurmaq hesab olunur. Dondurulmuş qidaların müsbət cəhətləri kimi bunlar əsas gətirilir: Təbii halda qorunduqları üçün daha faydalıdır. Lazımi şərtlər yerinə yetirildikdə uzun müddət saxlamaq mümkündür. Yuyulub, təmizlənmiş halda olduğu üçün istifadə edərkən çox vaxt sərf edilmir.

Lakin dondurulmuş qida qurupunda ən böyük nisbəti meyvə və tərəvəzlər tutsa da, ən tez xarab olan da bu qurupdakı qidalardır. Səbəbi isə tərkiblərindəki su miqdarıdır. Meyvə və tərəvəzlərin tərkibində olan su lazımi şərtlər yerinə yetirilmədən dondurulduğu zaman mikrorqanizmlərin geniş mənbəyi kimi qidaların xarab olmasına gətirib çıxarır.

Quru meyvələrin dondurulması vakuumda dondurma-qurutma prosesi vasitəsilə hazırlanır. Əvvəlcə meyvə -30 ilə -40 dərəcə Selsi arasındakı temperatura qədər dondurulur və qidanın içərisində çoxsaylı kiçik buz kristalları əmələ gəlir. Daha sonra hava çıxarılır, təzyiq azalır və buz kristallarının sublimasiyasından əmələ gələn su buxarı davamlı olaraq çıxarılır. Bir neçə saatdan sonra qida tamamilə quruyur.

Şəkərli diabet və hipertoniya xəstələri üçün fəsadlar

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dondurularaq qurudulmuş meyvələr son zamanlar dəbdə olsa da, əgər bu keyfiyyətli məhsuldursa, mənşəyi bəlli olan yerdə istehsal olunursa, eləcə də saxlama qaydalarına əməl olunursa və mütləq şəkildə porsiyaya diqqət olunaraq qəbul olunursa, çox faydalıdır: “Çünki bir çox meyvələr təbii şəkildə dondurularsa, onların qidalanma dəyəri, vitamin və mineralları olduğu kimi qalır. Sadəcə nəmlik dərəcəsi və maye hissəsi azalır, amma vitamin və minerallar qalır. Xüsusilə, mövsümi olmayan meyvələri belə saxlamaqla, onları başqa fəsildə də qəbul etmək olar. Təbii şəkərlə və liflərlə zəngin olduqları üçün sağlamlıq baxımından faydalıdır. Lakin porsiya nəzarəti çox önəmlidir. Çünki insanlar yüngül və praktik olduğu üçün bu meyvələri həddən artıq qəbul edirlər. Bu isə əlavə şəkər və kalori qəbuluna, xüsusilə də şəkərli diabet və hipertoniya xəstələri üçün fəsadlara səbəb ola bilər. Tövsiyə olunur ki, bir ovucdan çox olmamaq şərti ilə qəbul edilsin. Böyük paketlərdən çəkilərək satılması zamanı temperatur rejimi pozularsa, məhsul xarab ola bilər. Bundan əlavə etiket oxunmalı, tərkibində konservant, dadlandırıcı, aromatizator kimi əlavələr varsa diqqət edilməlidir. Alergiyası olanlar, azyaşlılar və yaşlılar daha ehtiyatlı olmalıdır. Sanitar-gigiyena qaydalarına riayət olunması vacibdir. Satıcının əl təmizliyi və istifadə olunan alətlərin təmizliyi nəzərə alınmalıdır. Əks halda fiziki çirklənmə səbəbindən həzm sistemində problemlər yarana bilər”.

Gigiyenik baxımdan təhlükə

Ekspert əlavə edib ki, problemin böyük hissəsi bazarda satılan məhsulların keyfiyyəti ilə bağlıdır. Küçələrdə, bazarlarda günəş altında açıq halda satılan dondurulan meyvələr gigiyenik baxımdan təhlükəlidir: “Toz yığılır, milçək qonur, havadakı çirk sporları məhsulun üstünə çökür. Belə məhsulu sağlam qida hesab etmək olmaz. Biz quru meyvə yox, mikrob yığını almış oluruq. Hazırda satışda olan qurudulmuş meyvələrin əksəriyyəti təbii üsulla hazırlanmır. Bir çox hallarda meyvələr şəkərlə qarışdırılır, karamelizə edilir, qızardılır, sonra isə “qurudulmuş meyvə” adı ilə satılır. Bu artıq meyvə deyil, şəkər yığınıdır. Həm də qeyri-təbii rəngləndiricilərdən istifadə olunur. Bu maddələr allergiya yarada, tənəffüsü çətinləşdirə bilər”.

Təhlükəsiz və düzgün hazırlanmadığı halda...

M.Hüseynova qeyd edib ki, istehlakçılar məhsulu alarkən xüsusilə diqqətli olmalıdır: “Gigiyenik şəraitdə satılan məhsullara üstünlük verilməli, tərkibində şəkər, karamel və rəngləndirici olmayan məhsullar seçilməli, məhsulun rəngi həddindən artıq parlaqdırsa, bu, əlavə kimyəvi maddələrdən xəbər verə bilər. Təhlükəsiz və düzgün hazırlanmadığı halda qurudulmuş meyvə fayda yox, ciddi risk yaradır”.

İkinci dəfə dondurmaq olar?

Ekspert meyvə-tərəvəzlərin və digər qida məhsullarının ikinci dəfə dondurulması məsələsinə də toxunub: “Ət və zülal tərkibli məhsullar dondurulduqda onların donu yalnız 1 dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda zəhərlənməyə səbəb ola bilər”.

Ekspert meyvə və tərəvəzlərin, həmçinin ət məhsullarının donunun açılma üsulları barədə də məlumat verib: “Meyvə və tərəvəzlərin və ət məhsullarının donunun açılması bir-birindən fərqlidir. Tərəvəzləri bişirərkən suya donu açılmadan atılmalıdır. Əgər donu açılaraq bişirilərsə, hüceyrə quruluşları pozulur və qida dəyəri azalır. Donmuş tərəvəzlərin bişmə müddəti təzəyə nisbətdə 3 dəfə azdır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31