Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kütləvi tədbirlərin keçirilməsi yeni növ koronavirus infeksiyasına yoluxma riskini artırır

Kütləvi tədbirlərin keçirilməsi yeni növ koronavirus infeksiyasına yoluxma riskini artırır

22.08.2020 [00:27]

Ekspertlərin fikrincə, vətəndaşları adi günlərdə olduğu kimi “Aşura” günündə də karantin rejimi qaydalarına ciddi riayət etməlidirlər

Azərbaycan dövləti vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bu tədbirlər sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması xüsusi yer tutur. O cümlədən, hazırda pandemiya şəraitində məscidlərdə də dini ayinlərin keçirilməsinə müvəqqəti olaraq icazə verilmir. Çünki məscidlərdə dini ayinlərin yerinə yetirilməsi zamanı kütləvilik yaşanması COVID-19-a yoluxma riskini artırmış olar.

Yeri gəlmişkən, avqustun 21-də Hicri təqvimi ilə Məhərrəmlik ayı başlayıb. Bəlli olduğu kimi, Məhərrəm ayında ənənəvi olaraq “Aşura” mərasimləri təşkil olunur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası müraciət qəbul edib və bu müraciətdə bildirilir ki, “Aşura” günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər. Bu baxımdan QMİ bütün vətəndaşları karantin rejimi qaydalarına riayət etməyə çağırıb.

Məsələ ilə bağlı KİV-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi Qazılər Şurasının üzvü Hacı Sədi Axundzadə bildirib ki, bu il Məhərrəmlik ayı və “Aşura” mərasimləri yeni koronavirus infeksiyasının dünyanı ağuşuna aldığı bir dövrə təsadüf edir. Ölkəmizdə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə ibadət yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığını vurğulayan Q.Axundzadə, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlərin insanların sağlamlığının qorunmasına xidmət etdiyini diqqətə çatdırıb: “Biz möminlər Azərbaycan dövlətinin yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, onu dəstəkləyir, bu sahədə görülən işləri yüksək qiymətləndiriririk. “Aşura” günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyası ilə mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, xüsusi karantin rejiminin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Ona görə də hər birimiz daha diqqətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara düzgün riayət etməliyik”.

QMİ-nin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı müraciət qəbul etdiyini deyən Q.Axundzadə Məhərrəmlik ayı ərzində təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılmasının Allaha xoş gedən, bəyənilən əməl, həmçinin Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin ən münasib əzadarlıq nümunəsi olduğunu bildirib: “2001-ci ildə Məhərrəm ayında Bakıda keçirilən qanvermə aksiyasına lənkəranlılar ilkin qoşulanlardan olub. Koronavirus pandemiyası ilə əlaqədar bu il qanvermə aksiyası məscidlərdə deyil, Respublikanın Qan Bankının filiallarında, o cümlədən Lənkəran filialında keçiriləcək. Məhərrəm ayında, həmçinin sosial şəbəkələrdə maarifləndirmə tədbirlərinin keçirilməsi də nəzərdə tutulur”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrini alqışladığını bildirib. Onun sözlərinə görə, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və ənənəyə çevrilən qanvermə aksiyaları İslam dininin humanist mahiyyətinin olduğu kimi təqdim və qəbul edilməsində müstəsna əhəmiyyətə malikdir: “Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının Məhərrəmlik ayı ilə bağlı müraciətində bu ənənənin davam etdirilməsi üçün qanvermə aksiyalarının pandemiya səbəbindən məscidlərdə deyil, Qan bankının paytaxtda və bölgələrdəki filiallarında keçirilməsi tövsiyəsini bir vətəndaş olaraq dəstəkləyirəm. Hesab edirəm ki, yoluxma hallarının artmaması üçün bu aksiyalar kütləvi şəkildə keçirilməməli, sosial məsafə gözlənilməli, virusdan qorunmaq üçün gərəkli olan bütün qaydalara əməl edilməlidir. Əks təqdirdə dinimizin humanizm prinsiplərindən çıxış edərək, ehtiyacı olanlara qan verdiyimiz halda, günahsız insanların, müsəlman qardaş və bacılarımızın təhlükəli virusa yoluxmasına zəmin yarada bilərik ki, bu da heç bir halda məqbul sayıla bilməz. Yəni öz qanımızla bir insanı bəladan xilas etmək niyyəti güddüyümüz halda, günahsız insanları koronavirusa yoluxdurmaqla, özümüz də istəmədən dinimizin və Məhərrəm ayında həyata keçirilən ayinlərin mahiyyəti ilə ziddiyyət təşkil edən əmələ yol verə bilərik. Qənaətimə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah belə halların baş verməməsi üçün xüsusi qaydalar və mexanizmlər hazırlamalı, həyata keçirilməsinə ciddi nəzarət etməlidir”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31